Məhkəmə qərarları › İş №2(103)-3062/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3062/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3062/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta müqaviləsi üzrə kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta müqaviləsi üzrə kompensasiyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 01 iyul 2022-ci il tarixli SS-09285347 saylı Səfər Sığortası şəhadətnaməsinə əsasən sığortaçı Cavabdeh Sığorta Şirkəti və sığortalı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Səfər sığortası qaydaları”na uyğun olaraq səfərin məqsədi səyahət göstərilməklə sığorta məbləği 30000 Avro, sığorta müddəti xx.xx.2022-xx.xx.2022-ci il olmaqla, platinium paket sığorta müqaviləsi bağlamış, sığortalının Sığorta şəhadətnaməsində Səfər qaydaları ilə tanış olduğu və orada yazılan şərtlərlə razılaşdığı qeydi edilmişdir.

2. Cavabdeh Sığorta Şirkəti ASC-nin İddiaçı Hadi qızına ünvanlanmış 01 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Sığorta Şirkətinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər araşdırılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, o, xx.xx.2022-ci il tarixində Belçika Krallığına səfər etmiş, səfərdə olarkən səhhətində yaranan şikayətlər səbəbindən xx.xx.2022-ci il tarixində həkimə müraciət etmiş, kardiologiya şöbəsinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixində ona açıq ürək əməliyyatı icra olunmuş ve xx.xx.2022-ci il tarixinə qədər stasionar müalicə almış, xx.xx.2022-ci il tarixində yenidən xəstəxanaya müraciət etmişdir. Bununla bağlı o, tibbi və tibbi daşınma xərcləri ilə əlaqədar ümumilikdə 30.840.00 EUR dəyərində qəbzlər təqdim etmişdir. "xxxx" Sığorta Şirkəti ilə bağlanılmış SS-09285347 saylı Səfər Sığorta Şəhadətnaməsinin (bundan sonra Sığorta Şəhadətnaməsi) ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 9.1-ci maddəsinə uyğun olaraq kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı keçirilən təxirəsalınmaz tədbirlərə görə tibbi müayinə ve müalicə xərcləri Sığorta Şirkəti tərəfindən qarşılanır. Bundan başqa, Qaydaların 10.1 bəndinə əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil edir. Beləliklə, Qaydalara əsasən 5000 Avro məbləğində tibbi müayinə və müalicə xərclərinin manat ekvivalenti şərtsiz azadolma məbləği tətbiq olunmaqla onun hesabına köçürülmə yolu ilə ödənilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirir ki, "xxxx" Sığorta Şirkəti xx.xx.2023cü il tarixli müraciəti üzrə ona geri ödənilmiş xidmətlərin dəyəri istisna olmaqla, sadalanan xərclərə dair sığorta ödənişinin verilməsindən imtina edilir.

3. 03.05.2023-cü il tarixli 11658 saylı ödəniş tapşırığına əsasən "xxxx" Sığorta Şirkəti tərəfindən İddiaçı Hadi qızına 12349 saylı sığorta aktına əsasən 9306.64 manat ödəniş edilmişdir.

4. "xxxx" Sığorta Şirkətinin həkim-mütəxəssisi N.V.Əlizadə tərəfindən iş materiallarında olan tibbi sənədlər əsasında verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə görə Səfər sığortası üzrə sığorta olunan səfərdə olarkən səhhətində yaranmış şikayətlə bağlı həkimə müraciət etmiş, müayinə və müalicə olunduğu Saint-Jan Klinikası tərəfindən tərtib edilmiş epikrizlər, qan analizinin nəticələri barədə sənədlər tərəfindən tədqiq edilmişdir. Tibbi sənədlərə əsasən, 28.07.22-ci il tarixində döş qəfəsində ağrı şikayətləri ilə X2 Yardım şöbəsinə müraciət etmişdir. Yüksək troponin analizinin nəticəsi və miokard infarktı şübhəsi ilə həmin klinikanın kardiologiya şöbəsinə qəbul olunmuşdur. Xəstəxanaya qəbul edilərkən müayinə protokoluna əsasən, əlavə analiz və müayinələr keçib. Tibbi sənədlərdə İddiaçı Hadi qızı Covid19 virusuna uyğun şikayətlər, ağırlaşmalar və müalicə ilə bağlı qeydlər yoxdur. Yalnız, xəstəxanaya müsbət Covid-19 testi fonunda müraciət etdiyi, avqustun 1-i testin neqativ olduğu qeyd olunub. Epikrizdə Covid-19 virusunun müsbət olması barədə qeyd olunsa da bunu müəyyən edən analiz nəticələri və aparılan müalicələrə dair sənədlər mövcud deyil. İş materiallarında olan döş qəfəsinin Kompyuter Tomoqrafıyası (KT) nəticəsində xəstənin ağ ciyərlərində heç bir patologiya aşkar olunmayıb. Keçirilən müayinələr nəticəsində xəstəyə Miokard İnfarktı STelevasiyasız diaqnozu qoyulub. Xəstəyə xx.xx.2022-ci il tarixində “Miokardial revaskularizasiya” əməliyyatı icra olunmuşdur. Xəstənin anamnezində 4-5 aydır ağrılarının olduğu qeyd olunub.

5. Saint-Jean Klinikasının xərclər smetasına əsasən xx.xx.2022-ci il tarixdə nağd qaydada 17360 Avro, xx.xx.2022-ci il tarixdə 28310 Avro, xx.xx.2022-ci il tarixdə 12 000 Avro, xx.xx.2022-ci il tarixdə 30840 Avro, xx.xx.2022-ci il tarixdə 1710 Avro ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ona sığorta şirkəti tərəfindən 44390 avro məbləğində kompensasiya ödənilməsi, Respublika Sığorta fonduna və Maliyyə Nazirliyinin Sığortaya nəzarət idarəsinə xəbərnamə xarakterli vəsatət qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini belə əsaslandırmışdır ki, Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin viza mərkəzi olan Visametric-dən Schengen vizasına tələb olunan sənədləri verərkən orada yerləşən "xxxx" ASC-nin nümayəndəsindən C02902125 nömrəli xarici pasportu əsasında Atəşgah sığortanın mövcud tariflərinə görə ən üstün Platinum paket SS09285347 nömrəli səyahət sığortası şəhadətnaməsini əldə edərək 26 iyul 2022-ci il tarixində, qardaşı Nümayəndə1 Hadi oğlu ilə birlikdə turizm məqsədilə Almaniyaya səyahətə çıxmışlar. Həmin tarixdə birbaşa Bakı-Berlin uçuşunu tapmaqda çətinlik yarandığı üçün İstanbul üzərindən Belçikaya və oradan sonra Berlinə getməyi planlaşdırmışlar. Bakı İstanbul-Belçikaya getmiş və oradan da qatarla Berlinə getmək istəyərkən, Belçikanın ərazisində şiddətli atəşi qalxmış, ürək bulanması və təzyiqdən əziyyət çəkdiyi üçün təcili yardım çağırılmış, o, Belçikada xəstəxanaya yerləşdirilmişdir. Orada ona koronavirus diaqnozu ilə xəstəlik vərəqəsi açılmış, müalicə reanimasiyada gedərkən kəskin ürək çatışmazlığından çoxlu sayda aparatlardan və analizlərdən keçəndən sonra və ürək ağrılarından aparatda baxılarkən həyat üçün təhlükəli məqam yaşandığından təcili anjioqrafiya edilmiş, stend qoymaq mümkün olmadığından, bir gün sonra təkrar anjioqrafiya edilmiş və açıq ürək əməliyyatı edilməsinin qaçılmaz olduğu aşkarlamışlar. Bir neçə və səhəri günü həyatı üçün təhlükəli kritik vəziyyət yarandığından, əməliyyat otağına aparıldı və ürəyindən açıq əməliyyat olundu. Həyatda yaşamaq mübarizəsi yaşadı, əməliyyatdan 15-20 gün keçdikdən sonra döş qəfəsində açıq əməliyyat aparılan zaman sümük bitişmədiyindən təkrar əməliyyat edilməsi məcburiyyətini də yaşadı. Anjioqrafiya və əməliyyatın kompüter disk görüntüləri xəstəlik kağızına əlavə edilmişdir. Bütün edilən analiz və aparatların və xəstəxanada qaldığı palata baxım ödəmə haqqını hər gün hesablaşmalı olduğunu xatırladırdılar. Çox böyük məbləğ olduğundan sığorta müqaviləsini xəstəxananın sığorta şöbəsinə təqdim etmiş, orada Atəşgah sığortanın Belçikadakı ortaqları, təmsilçiləri Avropada əməkdaşlıq etdiyi nümayəndəsi Remed Assistance ilə əlaqə saxladılar, nümayəndələri gəlib xəstəlik kağızı ilə tanış oldular və ödəmələri özləri ödəyəcəklərinə söz verdiklərinə baxmayaraq ödəniş etmədilər. Qardaşı Nümayəndə1 gördü ki, xəstəxana ödəmələr olmadan heç bir hərəkət və diqqət göstərmirlər, Atəşgahın nümayəndəsinin ödənişlərindən sonra, Bakı mərkəz ofisindən bütün ödənişləri sonda ödəyəcəklərini razılaşandan sonra, məcbur qalıb xəstəxananın kassasına nağd şəkildə birinci dəfə 20000 avro, ikinci dəfə 17360 avro və 12000 avro pul ödəmişdir. Bunlar Belçikadakı sığorta nümayəndələrinin şahidliyi ilə olmuşdur və demişlər ki, Bakıda əvəzi Atəşgah sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Bunlara əsasən dəfələrlə Atəşgah sığorta şirkətinə yazılı sənəd və sübutlarla təqdim edilməsinə baxmayaraq aylarla süründürərək 4970 avro ödəniləcəyinə dair məktub verdilər və qalan pulları ödəməyəcəkləri barədə xx.xx.2023-cü il tarixli, O-A-2023-054 nömrəli tarixli məktubla xəbər vermişlər.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X8 X3” X7 xx.xx.2024-cü il tarixli, 948/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı Hadi qızının mütəxəssis müayinəsinə əsasən, onda hal-hazırda “Ürəyin işemik xəstəliyi. Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Arterial hipertoniya İ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Ürəkdamar sistemində qeyd olunan patoloji dəyişikliklər uzun sürən xroniki gedişli olub, koronar arteriyaların stenozu səbəbindən sonda açıq ürək əməliyyatının aparılmasına səbəb olmuşdur. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Hüseynova X4 şəhəri “Kliniek SİNT JAN” xəstəxanasına xx.xx.2022-ci il tarixdə daxil olarkən onda “COVİD-19” virusun pozitiv olduğu qeyd edilsə də, xx.xx.2022-ci il tarixdə təkrar müayinə zamanı PCR SARS mənfi olduğu müəyyən edilmişdir. Yanaşı olaraq “COVİD-19” virusunun immunoloji analizləri aparılmamış və döş qəfəsinin instrumental müayinəsində ağciyərlərdə patoloji dəyişikliklər qeyd edilməmişdir. İddiaçı Hadi qızının adına Belçika şəhəri “Kliniek SİNT JAN” xəstəxanasından təqdim edilmiş tibbi sənədə əsasən, ona “NSTEMİ tipli miokard infarktı” diaqnozu təyin edilmişdir. Qeyd edilən diaqnoz aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Koronar arteriyaların stenozları səbəbindən aorto-koronar şuntlama əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. İddiaçı Hadi qızının müayinəsi zamanı onda əməliyyata qədər qeyd olunan “COVİD-19” virusu pozitiv olmuş və 3 gün sonra təkrar müayinədə inkar edilmişdir. Tibbi sənəddə “COVİD-19” virusunun yaradan fəsadları haqqında hər hansı bir qeydiyyat yoxdur və miokard infarktının həmin virusa səbəb olması inkar edilir. Miokard infarktının baş verməsinin əsas səbəbi koronar arteriyaların aterosklerozudur, bu da bir çox xroniki xəstəliklərin əlavə təsirləri nəticəsində formalaşır. İddiaçı Hadi qızının üzərində icra edilmiş aorto-koronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçı Hadi qızında “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2024-cü il tarixli 2(009)-87/2024 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir.

10. Məhkəmə göstərmişdir ki, iddiaçı keçirdiyi əməliyatın baş verməsini Covid 19 virusuna yoluxması ilə əlaqələndirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əsaslandırdığı halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X8 X3” X7 xx.xx.2024-cü il tarixli, 948/KEŞ saylı ekspert rəyindən də görünür ki, İddiaçı Hadi qızının üzərində icra edilmiş aorto-koronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçı Hadi qızında “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.

11. “Səfər sığortası Qaydaları”na əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5.000 ABŞ dolları/Avro təşkil etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırığına əsasən iddaçıya 9306.64 manat sığorta ödənişi edilməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə qanunvericiliyin tələbini, tərəflər arasında bağlanmış müqavilə şərtlərini işin faktiki halları ilə müqayisəli şəkildə araşdıraraq və təqdim edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, iddiaçının iddiasını əsaslandığdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 899.1, 922.1, 925.1, 926.1, 911.2, 912.1, 935.1.6, 935.1.8 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər sadalanamaqla qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

18. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır.

19. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

20. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

21. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

22. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır.

23. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göründüyü kimi tərəflər arasında 01 iyul 2022-ci il tarixdə (səfər) sığorta müqaviləsi bağlanmışdır.

33. İddiaçı 26 iyul 2022-ci il tarixində, turizm məqsədilə Almaniyaya getmək üçün Belçikaya getmiş, Belçikada tibbi müayinə, müalicə və əməliyyat olunmuşdur.

34. Hazırki tələbində isə xarici ölkədə olduğu zaman Covid 19 virusuna yoluxduğu üçün kardioloji sahədə səhhətində problem yarandığını və əməliyyat olunduğuna istinad edərək aralarında bağlanmış səfər sığortası müqaviləsinə əsasən çəkilən xərclərin - 44390 avro məbləğində sığorta ödənişinin ödənilməsini tələb etmişdir.

35. İddiaçının tələbini əsasını təşkil edən hal onun Covid 19 virusuna yoluxması səbəbindən səhhətində problem yarandığı və buna görə əməliyyat olunduğu təşkil edir. Lakin bu hal iş materialları ilə təkzib edilmişdir.

36. Keçirilmiş ekspertiza nəticəsində İddiaçı Hadi qızının üzərində icra edilmiş aortokoronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçı Hadi qızında “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır.

37. Göründüyü kimi iddiaçının keçirdiyi əməliyatın baş verməsinin Covid 19 virusuna yoluxması ilə əlaqəli olması təsdiq edilməmişdir.

38. Digər tərəfdən cavabdehlə aralarında bağlanmış Səfər Sığortası Şəhadətnaməsindən görünür ki, Sığortalı yerləşdirilmiş QR kod vasitəsi ilə müvafiq sığorta qaydaları ilə tanış olub və onlarla razıdır.

39. “Səfər sığortası Qaydaları”nın 10.1-ci bəndinə əsasən Sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği başa düşülür. Ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil edir.

40. Göründüyü kimi tərəflər arasında bağlanmış Səfər Sığorta Şəhadətnaməsində nəzərdə tutulmuş sığorta qaydalarına əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə konkret sığorta məbləği müəyyən edilmiş və həmin məbləğ müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil etmişdir.

41. Cavabdeh tərəfindən isə müvafiq olaraq ödəniş tapşırığına əsasən iddaçıya 9306.64 manat sığorta ödənişi edilmişdir.

42. Odur ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının iddiasını əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Cavabdehin sığorta ödənişinin verilməsindən qismən imtinası tərəflər arasında bağlanmış səhayət sığortası müqaviləsinin şərtlərinə və müvafiq Qaydalara uyğun olmuş, tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələblərinin pozulması halına yol verilməmişdir.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2024 nömrəli iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar