Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3062/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.065,86 manat məbləğində borcun abonentin hesab kodundan silinməsi və həmin borca əsasən ondan qeyri-qanuni tutulmuş 83,70 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 2, ev 4 iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən iddiaçıya məxsus olan həmin fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********00041 nömrəli abonent kodu verilmişdir. xx.xx.2018-ci il tarixdə Birliyin əməkdaşları iddiaçının məlumatı olmadan akt tərtib etmişlər ki, guya iddiaçıya məxsus evdə qazdan qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməklə istifadə edilir. Buna görə iddiaçıya 1.412,80 manat borc yazılmışdır. xx.xx.2023-cü il tarixdə isə Birliyin əməkdaşları iddiaçının məlumatı olmadan akt tərtib etmişlər ki, guya iddiaçıya məxsus evdə qazdan qeyri-qanuni, yəni sayğacdan kənar qaz xətti vasitəsi ilə istifadə edilir. Buna görə iddiaçıya 725,76 manat borc yazılmışdır. İddiaçı həmin aktları və aktlar əsasında hesablanmış borcu əsassız hesab edir. Belə ki, iddiaçı, sayğacdan kənar qaz xətti vasitəsi ilə və ya qaz sayğacına müdaxilə etməklə təbii qazdan istifadə etməyib, onun ünvanında qanunsuz qaz xətti olmamışdır. İddiaçı daha sonra bildirir ki, ona 2 akt əsasında cəmi olaraq hesablanmış 2.138,56 manat borcdan 83,70 manat Birlik tərəfindən əsassız olaraq ondan tutulmuşdur. Aktlar əsassız olduğundan aktlar əsasında hesablanmış borc da əsassızdır. Belə olan halda qeyd edilən məbləğin tutulması da əsassız hesab edilməli və həmin məbləğ ona qaytarılmalıdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
4. Cavabdeh Birliyin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Birliyin əməkdaşları xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirən zaman müəyyən etmişlər ki, qaz sayğacına müdaxilə edilmişdir. Bu səbəbdən də akt tərtib edilmiş və iddiaçıya borc hesablanmışdır. xx.xx.2023-cü il tarixdə isə tarixdə iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman Birliyin əməkdaşları müəyyən etmişlər ki, sayğacdan əvvəlki hissədə qaz xəttinə qoşulma olmuş və təbii qazdan sayğacdan kənar çəkilmiş boru vasitəsi ilə istifadə edilir. Bu səbəbdən də akt tərtib edilmiş və iddiaçıya borc hesablanmışdır. Buna görə də, Birlik tərəfindən iddiaçıya borcun hesablanması və həmin borcun ödənilməsi məqsədi ilə 83,70 manatın tutulması qanuni hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 2.055,86 manat borcun silinməsini, 82,07 manat məbləğində pul vəsaitinin isə iddiaçıya geri qaytarılmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini, dövlət rüsumunun əvəzi olaraq 41,39 manat məbləğində pulun cavabdeh Birlikdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, ondan 83,07 manat çıxıldığını bildirsə də, iş materiallarından görünür ki, iddiaçıdan 83,70 manat deyil, 82,07 manat məbləğində pul tutulmuşdur. Bundan başqa iddiaçı, 2 akt əsasında cavabdeh Birlik tərəfindən ona 2.149,56 manat məbləğində borcun hesablanmasını, ondan 83,07 manat çıxıldıqdan sonra qalan borcun 2.065,86 manat məbləğində olmasını bildirir. Lakin adi riyazi hesablama nəticəsində görünür ki, 2 akt əsasında iddiaçıya (1.412,80 + 725,76=) 2.138,56 manat məbləğində borc hesablanmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh Birlik, onun əməkdaşlarının iddiaçının ünvanı ilə bağlı tərtib etdikləri xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda göstərilən halların həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bunu və iddia ərizəsində göstərilən hesablamanın qüsurlu olmasını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 2.055,86 manat borcun silinməli, 82,07 manat məbləğində pul vəsaiti isə iddiaçıya geri qaytarılmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə və sayğaca müdaxilə edilmiş, bu fakt Birliyin əməkdaşları tərəfindən aşkar edilmiş, bu barədə müvafiq aktlar tərtib edilmişdir. Bundan sonra müvafiq araşdırmalar aparılmış və ziyanın məbləği hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat
9. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. f) işdə olan sənədlər barədə məlumat
12. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev iddiaçıya məxsusdur. İddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən iddiaçıya məxsus olan həmin fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********00041 nömrəli abonent kodu verilmişdir.
13. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, həmin akt ona görə tərtib edilmişdir ki, Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana aid olan qaz xəttinə və qaz sayğacına həmin tarixdə baxış keçirərkən sayğacın çıxış borusunun kənar təsir nəticəsində deşilməsi faktını aşkar etmişlər.
14. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2018-ci il tarixli “İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan” görünür ki, iddiaçıya aid ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub m/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 89 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 91 gün; Kombinin maksimal saatlıq qaz sərfi 3 kub m/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 89 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 91 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi cəmi 7.064 kub metr hesablanmışdır.
15. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” həmin akt ona görə tərtib edilmişdir ki, Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana aid olan qaz xəttinə və qaz sayğacına həmin tarixdə baxış keçirərkən müəyyən etmişlər ki, sayğacdan əvvəlki hissədə qaz xəttinə qoşulma olmuş və təbii qazdan sayğacdan kənar çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilir.
16. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 126 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi cəmi 6.048 kub metr hesablanmışdır.
17. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli akta əsasən Birlik tərəfindən iddiaçıya 1.412,80 manat, xx.xx.2023-cü il tarixli akta əsasən 725,76 manat məbləğində borc hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı isə iddiaçıdan 82,07 manat tutulmuşdur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
18. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
19. Bunu nəzərə alan Məhkəmə Birliyin əməkdaşlarının xx.xx.2018-ci il tarixdə tərtib etdikləri aktla bağlı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
20. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
22. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin Birliyin əməkdaşlarının xx.xx.2018-ci il tarixdə tərtib etdikləri aktla bağlı hissəsinin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək sübut (məsələn: fotoşəkilləri, video yazıları, şahidləri və sair) cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Bu isə həmin aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirlməsini qeyri-mümkün edir.
24. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
25. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsini bu nəticəsinə aid dəlili əsassızdır.
26. Birliyin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə tərtib etdikləri akta gəldikdə isə nəzərə alınmalıdır ki, “Qaz təchizatı” haqqında Qanunun tələblərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
27. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğacdan kənar xətt vasitəsilə təbii qazıdan istifadə edildiyi qeyd edildiyindən, cavabdeh Birlik yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetirməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talanmasını sübuta yetirmədən yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun ödənilməsini iddiaçıdan tələb etmişdir.
28. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi həmin akt əsasında da hesablanmış borcun silməsini qət etməkdə haqlı olmuşdur.
29. Apellyasiya şikayətinin Rayon Məhkəməsini bu nəticəsinə aid dəlili əsassızdır.
30. Qeyd edilən aktlar əsasında Birlik tərəfindən iddiaçıya hesablanmış borcun əsassız olması müəyyən edildiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 82,70 manat məbləğində pulun iddiaçıdan tutulması da əsassız olmuşdur.
31. Apellyasiya şikayətinin Rayon Məhkəməsini bu nəticəsinə aid dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.