Məhkəmə qərarları › İş №2(103)-3063/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3063/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3063/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1855/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 6 saylı evin 28 saylı mənzilinə ¼ hissədə mülkiyət hüququnun tanınması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 6 saylı evin 28 saylı mənzilinə köçürülməsi və mənzildən istifadə ilə bağlı məhdudlaşdırıcı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir Qətnamədən maraqlarına toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsi apellyasiya şikayəti verərək qətnamənin xx.xx.2022-ci il tarixdə verilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 53.4 kv.metr fərdi yaşayış evinin və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə Cavabdeh 2/4 hissədə pay müəyyən edilən çıxarış onun 1/8 hissəsinə münasibətdə etibarsız hesab edilməsi hissəsinin ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-605/2024 saylı qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(103)-7169/2023 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməklə, mülki işin apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır Həmin qərardadda həmçinin göstərilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1855/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin apellyasiya şikayəti ilə müraciət edərkən qətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz İdarəsinin hansı maraqlarına (hüquq və vəzifələrinə) toxunub-toxunmaması nəzərə alınmamışdır. Belə ki, bu məsələni yoxlamadan birbaşa apallyasiya instansiyası məhkəməsinə göndərilmiş şikayət apellyasiyanın mümkünlüyünə dair qərardadın ləğv olunmasına səbəb olmuş və Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1855/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri tərəfindən aparılır. Belə olan halda qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Nəzərdən qaçırmaq olmaz ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə, həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsiplərinə əsaslan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. İdarənin hazırkı iş üzrə 357.1-ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırkı mülki işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Belə olan halda onun MPM-in 357.2-ci maddəsinə əsasən istinad olunan məhkəmə qətnaməsindən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə desək, qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hazırkı mülki iş materiallarından da açıq-aşkar göründüyü kimi İdarə iş üzrə tərəf olmamışdır, eləcə də yuxarıda sadalanan maraqlı şəxslər kateqoriyasına aid deyil, yəni bu şəxslərin dairəsinə düşmür. Bununla yanaşı, İdarə də öz apellyasiya şikayətində qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğunu, məhkəmə aktının hansı hissədə onun maraqlarına zidd olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə, analoji işlərdə məhkəmə qətnaməsi ilə hansısa icra orqanına müəyyən (müvafiq şəhadətnamənin verilməsi, paylara müvafiq çıxarışın verilməsi və s.) hərəkətin edilməsinin nəzərdə tutulması öz-özlüyündə həmin orqanların bu qətnamələri mübahisələndirmələri üçün əsas ola bilməz. Çünki məhkəmə qətnaməsində belə bir göstərişin olub-olmamasından asılı olmayaraq, müvafiq icra orqanı həmin hərəkətləri həyata keçirməyə qanuna əsasən borcludur. Məsələn, oturuşmuş məhkəmə praktikasına görə mirasın qəbul edilməsi faktını müəyyən edən məhkəmələr bir qayda olaraq qətnamənin nəticə hissəsində müvafiq şəhadətnamənin verilməsinin notariat orqanına həvalə olunması barədə də (göstəriş) qeyd edirlər. Və yaxud başqa bir misal, ər-arvadın daşınmaz əmlakdakı paylarını müəyyən edən məhkəmələr bir sıra hallarda daşınmaz əmlakın reyestr xidmətinə müəyyən etdiyi paylara müvafiq yeni çıxarışın verilməsinə dair vəzifə həvalə edirlər. Qüvvədə olan qanunvericiliyə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi notariat orqanının, daşınmaz əmlakla bağlı hüquqların qeydə alınması isə müvafiq icra orqanınındaşınmaz əmlakın dövlət reyestr xidmətinin ərazi idarələrinin vəzifəsidir. Belə olan halda aydın olur ki, məhkəmə qərarlarında müvafiq göstərişlərin qeyd edilibedilməməsindən asılı olmayaraq, həmin məhkəmə aktlarından irəli gələn hərəkətlərin müvafiq icra orqanları tərəfindən, həm də mütləq qaydada yerinə yetirilməsi qanunun tələbidir. Demək ki, məhkəmə aktlarındakı göstərişdən asılı olmayaraq, həmin orqanlar məhkəmə aktlarından irəli gələn müvafiq hərəkətləri etməyə borcludurlar. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1855/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı qanuni və əsaslı olaraq qəbul edilmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1855/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar