Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-307/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” barədə iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-1013/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üzrə X4 adına verilmiş xx.xx.2000-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, 12 saylı Dövlət Notariat Kontoru tərəfindən ünvan 1 ünvanda yerləşən mənzil üzrə Cavabdeh adına verilmiş xx.xx.2015-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X18 tərəfindən ünvan 2 ünvanda yerləşən mənzil üzrə Cavabdeh adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş et-miş-lər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən mənzil iddiaçıların atası X7 adına olmuşdur. X13 1974-cü il tarixdə vəfat etmişdir. Evdə ailə üzvləri yaşamışlar. Mübahisənin predmeti sayılan üç otaqdan ibarət mənzilin ümumi sahəsi 65,4 kv.m, yaşayış sahəsi 46,8 kv.m olmaqla ünvan 2 ünvanda yerləşir. Həmin mənzil xx xxxxxxx 1960-cı il tarixdə 06272 saylı orderlə 5 nəfər ailə üzvü olmaqla iddiaçıların məhrum ataları X7 adına verilmişdir. Həmin orderdə İddiaçı1, İddiaçı2 və X4 adları qeyd olunmuş və həmin mənzildə yaşamaqla iddiaçılar mübahisəli mənzildə qeydiyyatda olmuşlar. İddiaçılar mübahisəli mənzildə mərhum ataları ilə daimi bir yerdə yaşamışlar, faktiki olaraq orada qalıb yaşamış, ataları ilə birlikdə ümümi təsərrüfat işləri aparmışlar. Atalarının ölümündən sonra da və hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla İddiaçı1 yaşayır. Mənzilin kommunal xərclərini hər zaman iddiaçılar ödəmişlər. Mənzildə atalarının ölümündən sonra da İddiaçı1 və qardaşı X8 qeydiyyatda olmuşlar. Mərhum X1 Bakı şəhəri, Oktyabr Rayon Məhkəməsinin 36-2-853 saylı xx.xx.1974-cü il tarixli qətnaməsi ilə 3 otaqlı mənzilin 17,0 kv.m olan bir otağı 4 nəfər ailə üzvü ilə birlikdə mərhumun oğlu İddiaçı2 verilmişdir. X13 1974-cü il 01 noyabr tarixində vəfat etdikdən sonra ailə üzvləri həmin mənzildə yaşamışlar. Mənzil-kommunal şöbəsinin verdiyi xx xxxx 1981-ci il tarixli arayışdan da görünür ki, atasının ölümündən 7 il sonra oğlu X8 mərhum atasının adında olan, sahəsi 29,8 kv.m olan 2 otaq barədə yeni müqavilə bağlamışdır. Bu müqavilənin bağlanmasından digər ailə üzvlərinin xəbəri olmamışdır. X8 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Həsənov Mübarizin ikinci həyat yoldaşı Cavabdeh 12 saylı notariat kontoruna müraciət edərək xx.xx.2015-ci il tarixli 2V-01-100 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun əsasında xx.xx.2015-ci il tarixdə Cavabdeh adına həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X18 tərəfindən çıxarış verilmişdir. Həmin vaxt iddiaçılara məlum olmuşdur ki, onların məlumatları və razılıqları olmadan mərhum qardaşları Həsənov Mübariz ünvan 2 ünvanda yerləşən mənzili öz adına ilkin qeydiyyata aldırmış və mənzilə dair xx.xx.2000-ci il tarixdə çıxarış almışdır. Həsənov Mübariz 1997-ci ildən Cavabdeh ilə faktiki nikahda olmuş, 2000-ci il tarixdə ailə qurmuş və köçərək onun ünvan 4 ünvanda yerləşən mənzilində yaşamışdır. Onlar 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həsənov Mübariz ömrünün sonuna kimi İrinaya məxsus mənzildə yaşamış və həmin mənzildə də vəfat etmişdir. Mübahisəli mənzildə isə hər zaman İddiaçı1 yaşamış və hal-hazırda da yaşayır. Həsənov Mübariz atasının ölümündən sonra evi adına keçirərkən 4 nəfər ailə üzvü göstərilmişdir. “Şəxsi hesabın adını dəyişdirmək barədə” mənzilə dair kirayəçi qrafasında özü (2014-cü ildə vəfat etmiş), arvadı (1997-ci ildə vəfat etmişdir), anası (vəfat etmiş), bacısı (sağdır) göstərmişdir. Mübahisəli mənzil özəlləşdirilərkən iddiaçıların hüquqları pozulmuşdur, mənzildə qeydiyyatda olan varislərin (iddiaçılar Elmira və Simurqun) razılığı alınmamışdır. Mübahisənin predmeti sayılan mənzil məhrumun oğlu X4 adına xx.xx.2000-ci il tarixdə qeydə alınmışdır və ona görə də həmin vaxt qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1013/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsasızdır. Qətnamə maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması, düzgün tətbiq edilməməsi, iş üzrə mühüm əhəmiyyəti olan faktların araşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir. Mənzil özəlləşdirilərkən iddiaçıların hüquqları pozulmuş, İddiaçı1 buna dair razılıq ərizəsi verməmiş, təqdim edilən ərizə saxta olmuş, məhkəmədə bu hallar araşdırılmamışdır. Mərhum qardaşı Mübariz Həsənov ilə mənzilin 2 otağına dair kirayə müqaviləsi bağlanmış, mənzilin 1 otağı isə digər qardaşa məhkəmə qərarı ilə verilmişdir. O otaq barədə isə müqavilə bağlanmamışdır. İddiaçı2 1978-ci ildən mənzildən köçüb getsə də, mənzilin 1 otağı onun olmuşdur. Mübariz Həsənov vəfat etdikdən sonra cavabdeh notariat kontoruna müraciət edərək xx xxxx 2015-ci il tarixdə vərəsəlik şəhadətnaməsi, xx xxxx 2015-ci il tarixdə isə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin vaxt iddiaçılar bilmişlər ki, mənzil onların xəbəri və razılığı olmadan özəlləşdirilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər 12 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhəri Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 ekspert rəyinə etiraz etməyərək və apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X12 izahatında bildirdi ki, mübahisəli mənzil 1960-cı ildə iddiaçıların atasına verilsə də, 2000-ci ildə özəlləşidirilərək Mübariz Həsənovun mülkiyyətinə verilmişdir. Mənzil özəlləşdirilən zaman İddiaçı2 mənzildən köçüb getməsi və İddiaçı1 isə razılıq ərizəsi nəzərə alınmışdır. Buna görə də mənzilin özəlləşdirilməsinin etibarsızlığı üçün əsas yoxdur. O cümlədən mərhum Mübariz Həsənovun birinci növbə vərəsəsi olan arvadı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə və evə dair çıxarış almasında da heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də cavabdehin nümayəndəsi və vəkili ekspert rəyi ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlarla müəyyən olunur ki, xx.xx.1960-cı il tarixli 06272 nömrəli order ilə üç otaqdan ibarət mənzilin ümumi sahəsi 65,4 kv.m, yaşayış sahəsi 46,8 kv.m olmaqla, Bakı şəhəri, 7-ci Xrebtovı küçəsi, məhəllə 523, ev 16 a, mənzil 3 beş nəfər ailə üzvü olmaqla X9 verilmişdir. xx.xx.1974-cü il tarixdə mənzilin 1 otağı barədə “Seymur Həsənov” ilə, xx.xx.1981-ci ildə mənzilin 2 otağı barədə Mübariz Həsənov ilə kirayə müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 523, ev 16a, 3 saylı mənzil X10, X3, X7 sözügedən ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı və İddiaçı2 sözügedən ünvandan köçməsi ilə bağlı arayışlarına, İddiaçı1 razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. İddiaçı1 sözügedən razılıq ərizəsi ilə bildirmişdir ki, o, mübahisəli mənzilin qardaşı X4 adına özəlləşdirilməsinə etiraz etmir. Həmin mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı notariat kontorunun notariusu H.Y.Vəliyev tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də qeyd olunur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi həyat yoldaşı Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak mərhum X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 523, 16a nömrəli binada yerləşən 3 nömrəli mənzildən, mərhum X6 məxsus QSC “Bank Standard” –ın “VİP” filialında **********29165401 nömrəli və **********29165401 nömrəli hesablarda olan USD məbləğindən və onların faizlərindən ibarətdir. xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Mənzildə İddiaçı1 pasport qeydiyyatındadır. Hazırda iddiaçılar mübahisəli mənzilin mərhum qardaşları X4 adına özəlləşdirilərkən onların hüquqlarının pozulduğuna və İddiaçı1 buna dair razılıq ərizəsi vermədiyinə, təqdim edilən ərizənin isə saxta olmasına istinad edərək Mübariz Həsənovun adına verilmiş xx.xx.2000-ci il tarixli çıxarışın, onun əsasında Mübariz Həsənovun həyat yoldaşı Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin və müvafiq çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər, lakin onların iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunun 8-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə etməli olduğu sənədlərdən biri də mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzildən daimi köçüb getmiş İddiaçı2 həmin mənzilə dair hüquqları olmamış, mərhum Mübariz Həsənovun adına özəlləşdirilən mənzildən istifadə hüququ olan İddiaçı1 isə razılıq ərizəsi təqdim edilmişdir. Həmin razılıq ərizəsinin əlyazma mətni və orada olan imzanın İddiaçı1 aid olması apellyasiya şikayətində mübahisələndirildiyi üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 27638 saylı ekspert rəyi ilə müəyyən olunmuşdu ki, mənzilin Mübariz Həsənovun adına özəlləşdirilməsinə dair xx.xx.2000-ci il tarixli (ekspert rəyində texniki səhv olaraq həmin ərizənin tarixi xx.xx.2000-ci il kimi göstərilmişdir) razılıq ərizəsinin kserosurətinin əlyazma mətni və ərizənin sonundakı imza – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 523, ev 16a, 3 saylı mənzilə istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır və mülkiyyətçinin dəyişməsi onun əmlakdan istifadə hüququna xələl gətirmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırki işdə Cavabdeh mərhum ərinin qanuni vərəsəsi kimi ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almış, miras qalmış əmlaka dair mülkiyyət hüququnu qeydə aldırmışdır. Həmin sənədlərin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir. Yəni, onların tətbiqi üçün cavabdehin müddətin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Həmin müddətlərin keçməsi müəyyən olunduğu halda, məhkəmə əqdlərin etibarsızlığına dair tələbi təmin etməməlidir. Hazırkı iş üzrə iddiaçılar özləri apellyasiya şikayətində bildirirlər ki, 2015-ci il tarixdə cavabdeh vərəsəlik şəhadətnaməsi və çıxarış aldıqdan sonra mənzilin onların razılığı olmadan özəlləşdirilməsi, vərəsəlik qaydasında cavabdehin adına keçirilməsi barədə məlumatlı olmuşlar. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar əqdin etibarsızlığı üçün qanunvericiliyin müəyyən etdiyi 1 illik kəsici müddəti 2015-ci ildən hesab edilməklə ötürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan MPM-nin 385.2ci maddəsinin tələbləri baxımından ləğv edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması ilə bağlı düzgün hüquqi nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1013/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 5 (beş) manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-307/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-307/2020
10.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver