Məhkəmə qərarları › İş №2(103)-3075/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3075/2025

23.04.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3075/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X7” Hospitalına qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh “X7” Hospitalına qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024- cü il tarixli, e-2(007)-2222/2024 nömrəli qətnaməsindən cavabdeh “X7” Hospitalı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı azyaşlı övladının “X7” hospitalının həkimlərinin səhlənkarlığı nəticəsində onun səhhətinin pozulması ilə əlaqədar olaraq iddiaçıya dəymiş 100000 manat maddi ziyanın və 100000 dəyərində mənəvi zərərin, ümumilikdə 200000 manat məbləğində pul vəsaitinin cavabdeh “X7” Hospitalından iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “X7” Hospitalından 51448,82 manat məbləğində dəymiş maddi ziyan və 5000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 259,35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdeh “X7” Hospitalı apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2025-ci il tarixli 2(103)-2077/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığındən cavabdeh “X7” Hospitalı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2025-ci il tarixli 2(103)-2077/2025 nömrəli qərardadına əsasən cavabdeh “X7” Hospitalı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab olunarkən qərardadın 8-ci bəndində “iş materiallarının apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi” qeyd olunsa da, məhkəmə tərəfindən bu göstərişə əməl olunmamış, yenidən müddət ötürülməklə verilmiş apellyasiya şikayəti iş materiallarına əlavə olunaraq yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Bundan başqa, 3-cü cildinin 76-cı vərəqəsində cavabdeh “X7” Hospitalının nümayəndəsi Vəkil3 tərəfindən verilmiş ərizədə müddətin ötürülməsini üzrlü səbəb kimi qiymətləndirilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi tərəfindən bu ərizəyə də münasibət bildirilməmişdir.

8. Birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin, həmçinin, qanunun imperativ göstərişlərini diqqətə almamış, şikayəti qaytarmalı və ərizəyə baxaraq münasibət bildirməli olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi, müddətin ötürülməsi ilə bağlı ərizəyə münasibət bildirilmədən və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyrimümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(007)- 2222/2024 nömrəli qətnaməsindən cavabdeh “X7” Hospitalının apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İş materialları apellyasiya şikayətinin geri qaytarılması və prosessual müddətlə bağlı ərizəyə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar