Məhkəmə qərarları › İş №e-2(007)-292/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-292/2025

11.04.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-292/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (Alıcı) Cavabdeh MMC (Satıcı) arasında xx.xx.2022-ci il tarixində bağlanan B-146-AAE22 №-li avtomobilin alqısatqısı üzrə ödənilmiş 34533 (otuz dörd min beş yüz doxsan üç) Azərbaycan manatı məbləğində pul vəsaitinin, eyni zamanda onun etibarından sui-istifadə edərək və aldatma yolu ilə əmlakıələ keçirildiyi üçün üçün maddi və mənəvi olmaqla ümumilikdə 5000 Azərbaycan manatı məbləğində vurulmuş ziyanın, ümumilikdə 39533 (otuz doqquz min beş yüz otuz üç) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan İddiaçı ilə (Alıcı) Cavabdeh MMC (Satıcı) arasında xx.xx.2022-ci il tarixində bağlanan B-146-AAE-22 №-li avtomobilin alqı-satqısı üzrə ödənilmiş 34533 (otuz dörd min beş yüz doxsan üç) Azərbaycan manatı məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçının etibarından sui-istifadə edərək və aldatma yolu ilə əmlakı ələ keçirildiyi üçün üçün maddi və mənəvi olmaqla ümumilikdə 5000 Azərbaycan manatı məbləğində vurulmuş ziyanın, ümumilikdə 39533 (otuz doqquz min beş yüz otuz üç) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla (Alıcı) Cavabdeh MMC (Satıcı) arasında xx.xx.2022-ci il tarixində bağlanan B-146-AAE-22 №-li avtomobil alqı-satqısına görə, satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan UNİ K, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A4NA707073, Qara metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda onun istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş avtomobili qəbul edərək onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürüb. Məhkəmənin nəzərinə çatdırır ki, müqavilənin şərtlərinə əsasən, avtomobilin qiyməti ƏDV daxil 107.910 (yüzyeddi min doqquz yüz on) Azərbaycan manatı müəyyən edilib. 6990 (altı min doqquz yüz doxsan) Azərbaycan manatı məbləğində ilkin ödəniş, qalıq borc sayılacaq 100.920 (bir yüz min doqquz yüz iyirmi) Azərbaycan manatı məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1682 (bir min altı yüzsəksən iki) Azərbaycan manatı ödənilməli idi. Belə ki, onun tərəfindən 6990 (altı min doqquz yüz doxsan) məbləğində ilkin ödəniş edilib. Daha sonra **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil nömrəsi üçün 2000 (iki min) AZN, 12 ay ərzində hər ay 1700 (min yeddi yüz) AZN olmaqla, ümumilikdə 20400 (iyirmi min dörd yüz) AZN məbləğində pul vəsaitləri ödənilib. Daha sonra Cavabdeh MMC ilə "xxxx" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti arasında modeli Changan UNİ K, buraxılış ili 2022-ci il olan (VİN: LS4ASE2A4NA707073, Qara metalik) avtomobilin 5 illik kasko siğortası ilə bağlı müqavilə imzalanıb. Qeyd edir ki, sözügedən avtomobilin sığortası üçün ümumilikdə 5143 AZN məbləğində pul vəsaiti onun tərəfindən ödənilib. Gördüyünüz kimi, xx.xx.2022-ci il tarixli müqavilə üzrə o, öhdəliklərini lazımınca və vaxtında yerinə yetirib. Bundan sonra o, Cavabdeh MMC-yə artıq maddi vəziyyəti ucbatından aylıq 1700 AZN pul vəsaitinin ödəmək iqtidarında olmadığını bildirib, sonuncu isə dərhal Changan UNİ K, buraxılış ili 2022-ci il olan avtomobili geri gətirməsini bildirərək, yaxın müddətdə tərəfindən ödənilən pul vəsaitlərinin geri qaytaracaqları barədə yalan vədlər verərək etibarından sui-istifadə edib, bununla da sözügedən B-146- AAE-22 №-li müqaviləyə birtərəfli qaydada xitam verib. Belə ki, tərəflər arasındakı şifahi razılığa, eyni zamanda adıçəkilən alqı-satqı müqaviləsinin 3.2.5-ci maddəsinin tələblərinə əsasən, müqaviləyə birtərəfli qaydada xitam verilərsə bu halda avtomobil, onun ani likvid dəyərilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği alıcıya ödəməlidir. Diqqətə çatdırır ki, əldə etdiyi məlumatlara əsasən həmin avtomobil artıq 3 aydan artıq müddətdir ki, üçüncü şəxsə X1. Lakin cavabdeh tərəfindən onunla heç bir əlaqə yaradılmayıb, geri qaytarılmalı olan pul məbləği ödənilməyib.

Cavabdehin etirazı və ona dəlilləri:

4. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır. İddiaçı ilə cavabdeh arasında avtomobilin alğı-satqısına dair xx.xx.2022-ci il tarixli, B-146-AAE- 22 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə cavabdeh) “Changan UNİ- K” markalı (VİN: LS4ASE2A4NA707073), **-AZ-*** d.q.n.lı avtomobili dəyəri tam ödənilənədək alıcının (iş üzrə iddiaçı) sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürüb. Müqavilənin qiyməti 107.910 (bir yüz yeddi min doqquz yüz on) manat, müqavilə üzrə ilkin ödəniş 6990 (altı min doqquz yüz doxsan) manat müəyyən edilməklə, yerdə qalan 100920 (bir yüz min doqquz yüz iyirmi) manat pul vəsaitinin xx.xx.2023-cü il tarixindən başlayaraq 60 (altmış) ay müddətinə, ayda 1682 (bir min altı yüz səksən iki) manat olmaqla satıcıya ödənilməsi razılaşdırılıb. Lakin alıcı müqavilə üzrə aylıq ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, bir neçə dəfə ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliyini lazımınca icra etməyib. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilərək öhdəliyin lazımınca icra edilməsi tələb olunub. Lakin cavabdeh aylıq ödənişləri gecikdirməkdə davam etdiyindən xx.xx.2024-cü il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilib və avtomobil alıcıdan təhvil alınıb. Cavabdeh şirkətin aidiyyəti struktur bölməsi tərəfindən tərtib olunmuş arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, B-146-AAE-22 nömrəli alğı-satqı müqaviləsi üzrə ödəmiş olduğu ümumi məbləğ ilkin ödəniş istisna olmaqla 20.400 (iyirmi min dörd yüz) manat, gecikmələrə görə hesablanmış dəbbə pulu nəzərə alınmadan qalıq borc isə 80520 (səksən min beş yüz iyirmi) manat təşkil edir. Avtomobil alıcıdan təhvil alınan günə mövcud olmuş cari və əsaslı xərcləri satıcının hesabına aradan qaldırıldıqdan sonra yenidən satışa çıxarılıb. Bundan sonra cavabdehlə alıcı X6 arasında avtomobilin alğısatqısına dair xx.xx.2024-ci il tarixli, A-235-AAE-24 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə cavabdeh) “Changan UNİ-K” markalı (VİN: LS4ASE2A4NA707073) avtomobili (satış gününə olan yürüş məsafəsi 51700 km) alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya (iş üzrə cavabdeh) ödəməyi öhdəsinə götürüb. Müqavilənin qiyməti 41.500 (qırx bir min beş yüz) manat müəyyən edilməklə alıcı tərəfindən tam şəkildə ödənilib və avtomobil alıcının mülkiyyətinə keçirilib. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-146-AAE-22 nömrəli alğı-satqı müqaviləsinin 3.2.6-cı yarımbəndinin “c” bəndinə əsasən alıcı müqavilə üzrə ödənişlərini tam və vaxtında ödəmədikdə və ya ödəməkdən boyun qaçırdıqda; “d” bəndinə əsasən alıcı eyni öhdəliyini 2 dəfə və ya daha çox pozması; “e” bəndinə əsasən alıcının öz öhdəliyini pozması ilə bağlı satıcının alıcıya etdiyi xəbərdarlıqda nəzərdə tutulan qaydada və müddətdə pozuntunu aradan qaldırmaması halı əhəmiyyətli pozuntu hesab edilir və satıcıya alıcıya əvvəlcədən xəbərdarlıq etmədən müqaviləyə xitam vermək hüququ verir. Həmin müqavilənin 3.2.7-ci yarımbəndinə əsasən bu müqaviləyə həmin müqavilənin 3.2.6-cı yarımbəndində göstərilmiş əsaslardan biri və ya bir neçəsi ilə xitam verildikdə satıcı avtomobili geri götürmək və satışa çıxarmaq hüququna malikdir. Avtomobil satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ alıcıya qaytarılır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Qanunvericiliyin və bağlanmış müqavilənin istinad olunan normalarına uyğun olaraq nəzərinizə çatdırırıq ki, iddiaçı bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilmiş, avtomobil iddiaçının sahibliyindən götürülmüş və yenidən satışa çıxarılaraq üçüncü şəxsə satılıb. Avtomobil ikinci dəfə daha aşağı qiymətlə satıldığından müqavilə şərtlərinə uyğun olaraq iddiaçının birinci müqavilə üzrə qalıq borcunu tam bağlamayıb, 39020 manat (80520- 41500=39020) borc ödənilməmiş qalmışdır. Bu səbəbdən müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçıya hər hansı vəsait qaytarmalı deyil. Eyni zamanda, iddiaçı ödənişləri gecikdirdiyindən həmin müddətlər üçün dəbbə pulu hesablanmış və bu məbləğ də iddiaçı tərəfindən ödənilməyib. Nəticə etibarilə, qeyd olunan müqavilə üzrə cavabdehin iddiaçıya deyil, əksinə, iddiaçının cavabdehə ödənilməmiş borcu qalıb. Qeyd edilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

5. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü ildə vermiş olduğu etirazında əlavə olaraq qeyd etmişdir ki, avtomobilin ilkin nağd satış qiyməti 69900 manat, ikinci nağd satış qiyməti isə 41500 manat müəyyən edilmişdir. İddiaçı birinci alğı-satqı müqaviləsi üzrə ilkin ödəniş qismində 6990 manat, müqavilənin aylıq ödənişləri qismində 20400 manat olmaqla (aylıq 1700 manat, cəmi 12 ay ödəyib), ümumilikdə 27390 manat pul vəsaiti ödəmişdir. Birinci və ikinci alğı-satqı müqavilələri arasındakı fərqin 28400 manat olduğu nəzərə alınarsa (69900-41500=28400) bu məbləğin iddiaçının birinci alğı-satqı müqaviləsi üzrə qalıq borcunu bağlamadığı, 1010 manat vəsaitin ödənilməmiş qaldığı müəyyən olunur (28400-27390=1010). Bu səbəbdən müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçıya hər hansı vəsait qaytarmalı deyil. Eyni zamanda, iddiaçı ödənişləri gecikdirdiyindən həmin müddətlər üçün dəbbə pulu hesablanmış və bu məbləğ də iddiaçı tərəfindən ödənilməmişdir. Nəticə etibarilə, qeyd olunan müqavilə üzrə cavabdehin iddiaçıya deyil, əksinə, iddiaçının cavabdehə ödənilməmiş borcu qalmışdır.

İş materialları:

6. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli B- 146-AAE-22 saylı “avtomobil alqı-satqısı üzrə” müqavilədən görünür ki, 1.1. Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan UNİ K, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A4NA707073, Qara metalik) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. 2.1. Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 107.910 (yüz yeddi doqquz yüz on) Azərbaycan Manatı müəyyən edilir. Alıcı 6.990 (altı min doqquz yüz doxsan ) Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 100.920 (bir yüz min doqquz yüz iyirmi) Azərbaycan manatı məbləği xx.xx.2022-ci tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1.682 (bir min altı yüz səksən iki) Azərbaycan Manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Alıcı avtomobilin borcunu 24 (iyirmi dörd) ay müddətinədək bağladığı təqdirdə avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 88.254 (səksən səkkiz min iki yüz əlli dörd) Azərbaycan Manatı müəyyən ediləcək. 3.2.5 a) Alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”ya ödənəlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir, b) Hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman X5 və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman Satıcı yalnız Avtomobil, onun ani likvid dəyəri satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”nın borcunu tam bağladıqda, yerdə qalan bu Müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi də “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir, d) Müqaviləyə xitam verildiyi təqdirdə, yuxarıda göstərilənlərdən başqa, Alıcıya hər hansı vəsait qaytarılmır.

7. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində olan “Changan UNİ K” markalı 2022-ci il buraxılışlı, LS4ASE2A4NA707073 ban nömrəli, qara metalik rəngli avtomobil sığortalanmışdır. Ümumi sığorta haqqı 5014. Sığorta müqaviləsinin müddəti: xx.xx.2022 00:00-dan xx.xx.2027 23:59-dək.

8. Cavabdeh MMC tərtib edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan 90AZ680 dövlət nömrə nişanlı Changan UNİ K markalı avtomobilin idarə edilməsini İddiaçı (sürücülük vəsiqəsi seriya: AD № 044954 Dərəcəsi: B, C) elibar edir. Etibarnamə verildiyi tarixdən xx.xx.2022-ci il (saat 23:59) tarixə qədər etibarlıdır. Hazırki etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməz.

9. Cavabdeh MMC tərtib edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Azərbaycan Avtomobil Evi“ MMC-nin mülkiyyətində olan 90AZ680 dövlət nömrə nişanlı Changan UNİ K markalı avtomobilin idarə edilməsim İddiaçı (sürücülük vəsiqəsi seriya: AD № 044954 Dərəcəsi: B, C) etibar edir. Etibarnamə verildiyi tarixdən xx.xx.2022-ci il (saat 23:59) tarixə qədər etibarlıdır. Hazırki etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməz.

10. Cavabdeh MMC tərtib edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan 90AZ680 dövlət nömrə nişanlı Changan UNİ K markalı avtomobilin idarə edilməsini İddiaçı (sürücülük vəsiqəsi seriya: AD № 044954 Dərəcəsi: B. C) etibar edir. Etibarnamə verildiyi tarixdən xx.xx.2023-cü il (saat 23:59) tarixə qədər etibarlıdır. Hazırki etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilməz.

11. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı “avtomobil alqı-satqısı üzrə” müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən aralarında imzalanmış həmin müqaviləyə xx.xx.2023-ci il tarixdə birtərəfli qaydada xitam veriləcəyinin nəzərə alınması və cərimə məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi tələb olunub.

12. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli B- 146-AAE-22 saylı “avtomobil alqı-satqısı üzrə” müqaviləyə xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada xitam verilmişdir.

13. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onunla və Cavabdeh arasında Avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı Müqavilə bağlanmış və Changan UNİ K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A4NA707073) nəqliyyat vasitəsi tam saz vəziyyətdə onun istifadəsinə verilmişdir. Bildirirlər ki, xx.xx.2023-cü il tarixindən etibarən tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmiş və bnunla müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona edilən şifahi və yazılı formada ünvanına göndərilən xəbərdarlıqlara baxmayaraq tərəfindən heç bir tədbir görülməməsi səbəbindən müqavilə şərtlərinə əsasən və qanunvericiliyə uyğun olaraq B-146-AAE-22 saylı müqaviləyə xx.xx.2023-cü il tarixində tərəflərindən birtərəfli qaydada xitam verilmiş və bu barədə məktubu onun ünvana göndərilmişdir.

14. Satıcı Cavabdeh MMC ilə alıcı X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli A- 235-AAE-24 saylı “avtomobil alqı-satqısı üzrə” müqavilədən görünür ki, 1.1. Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli CHANGAN UNİ-K, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A4NA707073, (51.700 km) Rəng: Qara metalik) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. 2.1. Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 41,500 (qırx bir min bes yüz) Azərbaycan Manatı müəyyən edilir.

15. Cavabdeh MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, B-146-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə 100.920 manat ödəniş etməlidir, ödənilən məbləğ 20.400 manat, qalıq borc isə 80520 manat təşkil edir.

16. Məhkəməyə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı “avtomobil alqı-satqısı üzrə” müqavilə üzrə edilmiş ödənişlərə dair qəbzlərin surəti təqdim edilmişdir.

17. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/271 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2022-ci il buraxılışlı, qara metallik rəngli, LS4ASE2A4NA707073 ban nömrəli,1998 sm3 mühərrik həcmli, “Changan Uni-K” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən və təqribən 46900,00 manat müəyyən edilir.

18. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 208,60 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hesab edir ki, avtomobil dəyərindən aşağı məbləğə satılıb. Ekspert rəyi ilə həmin tarixə avtomobilin dəyəri 46900 manat müəyyən edilib. İddiaçı avtomobili təhvil veriləndə aldalıdıb, ona etdiyi ödənişlərin qaytarılacağı deyilib. Tərəflər arasında qarşılıqlı razılıq olduğu üçün iddiaçı avtomobili təhvil verilib. İddiaçı kasko sığortası üzrə ödənişi özü edib, sadəcə avtomobil cavabdehin mülkiyətində olduğu üçün iddiaçı avtomobili qaytaranda həmin məbləğ ona qaytarılmayıb. İddiaçı avtomobil üzrə 30000 manatdan çox vəsait ödədiyi üçün avtomobil ikinci dəfə həmin məbləğə satılıb.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazların dəlillərinə uyğun izahat verərək bildirdi, ekpsert rəyi ilə razıdır, ağlabatan məbləğdir. Avtomobil ilkin olaraq satılmış məbləğə yaxın olsa idi, iddiaçının tələbi əsaslı olardı və ona mümkün qədər ödəniş edilə bilərdi, lakin sonra əmlak ani likvid dəyəri ilə satılıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.

İşin faktiki halı:

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı “avtomobil alqı-satqısı üzrə” müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan UNİ K, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A4NA707073, Qara metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürüb. 2.1. Müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 107.910 (yüz yeddi doqquz yüz on) Azərbaycan Manatı müəyyən edilib, alıcı 6.990 (altı min doqquz yüz doxsan) Azərbaycan manatı ilkin ödəniş edir, qalıq 100.920 (bir yüz min doqquz yüz iyirmi) Azərbaycan manatı borc isə xx.xx.2022-ci tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1.682 (bir min altı yüz səksən iki) Azərbaycan Manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürüb. İddiaçı birinci alğı-satqı müqaviləsi üzrə ilkin ödəniş qismində 6990 manat, müqavilənin aylıq ödənişləri qismində 20400 manat olmaqla (aylıq 1700 manat, cəmi 12 ay ödəyib), ümumilikdə 27390 manat pul vəsaiti ödəyib. İddiaçı aylıq ödənişləri vaxtında edə bilmədiyindən avtomobili cavabdehə qaytarıb və tərəflər arasında bağlanmış müqavilə ləğv edilib. Hazırda iddiaçı cavabdehdən ödənilmiş 34533 (otuz dörd min beş yüz doxsan üç) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçının etibarından sui-istifadə edərək və aldatma yolu ilə əmlakı ələ keçirildiyi üçün üçün maddi və mənəvi olmaqla ümumilikdə 5000 manat məbləğində vurulmuş ziyanın, ümumilikdə 39533 (otuz doqquz min beş yüz otuz üç) AZN pul vəsaitinin ödənilməsi xahiş edir. 34533 manat məbləği iddiaçının müqavilə üzrə ödədiyi 27390 manat, 5143 manat sığorta haqqı və avtomobilin dövlət qeydiyyat nişanı üçün ödədiyi 2000 manatdan ibarətdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

19. Belə ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı “avtomobil alqı-satqısı üzrə” müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh “Changan UNİ K” markalı, 2022-ci il buraxılışlı, LS4ASE2A4NA707073 ban nömrəli, qara metalik rəngli avtomobili dəyəri tam ödənilənədək texniki saz halda iddiaçının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə təhvil verilmiş avtomobili qəbul etməyi və 107.910 manat məbləğini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürüb. İddiaçı müqaviləyə əsasən ilkin olaraq 6.990 manat, qalan borcu isə xx.xx.2022-ci tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1.682 manat olmaqla ödəməyi öhdəsinə götürüb. O, alğı-satqı müqaviləsi üzrə ilkin ödəniş qismində 6990 manat, müqavilənin aylıq ödənişləri qismində 20400 manat olmaqla (aylıq 1700 manat, cəmi 12 ay ödəyib), ümumilikdə 27390 manat pul vəsaiti ödəyib. Lakin xx.xx.2023-cü il tarixdə sonuncu ödənişi etdikdən sonra aylıq ödənişləri vaxtında etməyib və bununla bağlı cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilib, bundan sonra isə tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada cavabdeh tərəfindən xitam verilib. İddiaçı tələbində müqavilənin 3.2.5-ci maddəsinə istinad edərək, avtomobilin cavabdeh tərəfindən başqa şəxsə satıldığından ona cavabdeh tərəfindən ödəniş edilməli olduğunu, məhkəmə araşdırması zamanı isə avtomobilin dəyərindən aşağı qiymətə satıldığına istinad etmişdir. Həmçinin, cavabdeh tərəf müqavilənin müvafiq şərtlərinə istinad edərək, iddiaçıya müqavilə üzrə heç bir vəsait ödənilməli olmadığı qeyd etmişdir.

20. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” yarımbəninə əsasən alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən Alıcı bu Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir; “b” yarımbəndinə əsasən hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman X5 və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman Satıcı yalnız Avtomobil, onun ani likvid dəyəri satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”nın borcunu tam bağladıqda, yerdə qalan bu Müqavilənin 3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi də “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir, “d” yarımbəninə əsasən müqaviləyə xitam verildiyi təqdirdə, yuxarıda göstərilənlərdən başqa, Alıcıya hər hansı vəsait qaytarılmır.

21. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçı edilmiş ödənişin qaytarılması üçün qayda müəyyən edilib. Həmin qaydaya əsasən avtomobil onun ani likvid dəyəri ilə cavabdeh tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği iddiaçının borcunu tam bağladıqda cavabdeh yerdə qalan məbləği iddiaçıya geri qaytarmalıdır. Cavabdeh MMC ilə alıcı X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli A- 235-AAE-24 saylı “avtomobil alqı-satqısı üzrə” müqaviləsinə əsasən cavabdeh “Changan UNİ K” markalı, 2022-ci il buraxılışlı, LS4ASE2A4NA707073 ban nömrəli, qara metalik rəngli avtomobili 41500 manata alıcıya satıb. Həmçinin, müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cəmi 20400 manat ödəniş edildiyindən, müaqavilə üzrə qalıq borc 80520 manatdır. Belə olan halqa, müqavilənin 3.2.5-ci bəndinin şərtləri nəzərə alınsa da, iddiaçıya ödədiyi məbləğ üzrə heç bir məbləğ qaytarılmamalıdır.

22. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən avtomobilin X4 dəyərindən aşağı satıldığına istinad etdiyindən iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib və keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/271 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2022-ci il buraxılışlı, qara metallik rəngli, LS4ASE2A4NA707073 ban nömrəli,1998 sm3 mühərrik həcmli, “Changan Uni-K” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən və təqribən 46900,00 manat müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

24. Məhkəmə tərəfindən ekspert rəyinin şübhə altında alacaq hallar müəyyən edilmədiyindən ekpsert rəyini mötəbər sübut kimi qəbul edilir. Göründüyü kimi, xx.xx.2024cü il tarixli A-235-AAE-24 saylı “avtomobil alqı-satqısı üzrə” müqaviləsində göstərilən avtomobilin satış qiyməti ilə ekspert rəyində göstərilən məbləğ arasında kəskin fərq yoxdur.

25. Məhkəmə tərəfindən arasında razılaşdırılaraq, onların qarşılıqlı hüquq və vəziflərini müəyyən edən, müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı müqavilənin 3.2.5-ci bəndinin şərtləri nəzərə alaraq hesab edir ki, iddia tələbi ödənilmiş 27390 manat pul vəsaitinin qaytarılması hissəsinə əsassızdır və təmin edilməməlidir.

26. İddiaçı, həmçinin avtomobilin dövlət qeydiyyat nişanı üçün 2000 manat və avtomobilin kasko sığrtası üçün 5143 manat ödədiyini qeyd edərək, həmin məbləği mübahisələndirmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli B-146-AAE-22 saylı müqavilənin 2.3-cü bəndinə istinad edərək, iddianı həmin hissədə də əsassız hesab edir. Belə ki, müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutlan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar müqaviənin ümumi dəyərinə daxil deyildir. Bu səbəbdən iddiaçının müqavilədə göstərilməyən çəkdiyi əlavə xərclərə görə ödədiyi pul vəsaitilərinin cavabdehdən tələb etməsi məhkəmə tərəfindən haqlı hesab olunmur və məhkəmə hesab edir ki, iddia həmin hissə təmin edilməməlidir.

27. Məhkəmə iddianın “5000 manat maddi və mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini aydın ifadə etməmiş, ona dəymiş maddi ziyanın nədə ifadə olunduğunu göstərməmişdir.

28. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

29. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 30 Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

31. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.

32. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

33. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməyib. İddiaçı cavabdeh tərəfindən onun etibarından suiistifadə edildiyini, tərəflər arasında şifahi razılaşma olduğunu qeyd etsə də, həmin hallar öz təsdiqini tapmayıb. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “maddi və mənəvi ziyana görə 5000 məbləğində pul vəsaitinin ödənilməsi” hissəsində təmin edilməməlidir.

Nəticə:

34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixində bağlanan B-146-AAE-22 №-li avtomobilin alqı-satqısı üzrə ödənilmiş 34533 (otuz dörd min beş yüz doxsan üç) Azərbaycan manatı məbləğində pul vəsaitinin, eyni zamanda onun etibarından sui-istifadə edərək və aldatma yolu ilə əmlakı ələ keçirildiyi üçün üçün maddi və mənəvi olmaqla, ümumilikdə 5000 Azərbaycan manatı məbləğində vurulmuş ziyanın, ümumilikdə 39533 (otuz doqquz min beş yüz otuz üç) AZN pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

35. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

36. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/271 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

37. İddiaçının tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixində bağlanan B-146-AAE-22 №-li avtomobilin alqı-satqısı üzrə ödənilmiş 34533 (otuz dörd min beş yüz doxsan üç) Azərbaycan manatı məbləğində pul vəsaitinin, eyni zamanda onun etibarından sui-istifadə edərək və aldatma yolu ilə əmlakı ələ keçirildiyi üçün üçün maddi və mənəvi olmaqla, ümumilikdə 5000 Azərbaycan manatı məbləğində vurulmuş ziyanın, ümumilikdə 39533 (otuz doqquz min beş yüz otuz üç) AZN pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar