Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3077/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: əmlakların naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılaraq dəyərlərinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 81 nömrəli yaşayış evinin 14 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi ev 81 ünvanındakı 66.6 kv.m olan qeyri-yaşayış sahəsi X2 adına qeydiyyata alınmışdır. X6 və X8 21 dekabr 1994-cü il tarixdə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1997-ci il tarixdə İddiaçı1 anadan olmuşdur. X3 daha öncəki nikahından isə üç övladı, cavabdehlər - Elman, Elnur və Elmar adlı uşaqları dünyaya gəlmişdir. xx.xx.2022-ci il tarixində X6 vəfat etmiş və vərəsəlik işi açılmışdır.
2. Nəticədə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə-arvada verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamələrə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı İddiaçı2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlak olan Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilə ½ hissəsədə payı rəsmiləşdirilmişdir. Bundan sonra, mərhum X3 qanun üzrə vərəsələri kimi onun arvadı X8 və qızı İddiaçı1 notariusa müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzildən ibarət mirası qəbul etdiklərinə dair iradə ifadələrini bildirmiş, nəticədə hər birinə qeyd edilən miras əmlaka hər birinin payı 1/10 hissə olmaqla Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmişdir. Miras əmlakın xx.xx.2022-ci il tarixdə açılmasına baxmayaraq qanun üzrə vərəsəlik üzrə 1-ci növbə vərəsə hesab edilən mərhumun birinci nikahından olan övladları cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bugünədək miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət etməmiş, nəticədə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzildən ibarət miras əmlakın 3/10 hissəsi açıq qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81, mənzil 14 ünvanındakı 54,59 kv.m yaşayış sahəsinin paylarına mütənasib şəkildə ayrılması, yəni – 1/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 6/10 hissədə İddiaçı2 xeyrinə ayrılması, ayrılma mümükün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun mülkiyyətin mülkiyyətçiləri kimi onların - /10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 6/10 hissədə X7 payına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, həm yaşayış sahəsinə, həm də qeyriyaşayış sahəsinə dair 1/10 hissədə İddiaçı1, 6/10 hissədə İddiaçı2, 3/10 hissədə isə mərhum X3 payı vardır. Mərhumun adına olan payın əsl sahibləri 3 cavabdehdir. Belə ki, cavabdehlərin hərəsinin 1/10 hissədə payı vardır ki, onlar paylarını qəbul etmədiklərinə görə payları açıq qalmış və mərhumun adına qeydiyyata alınmışdır. Hal-hazırda həmin mənzildə İddiaçı1 və İddiaçı2 yaşayır. Mənzil isə cəmi 54.59 kv.m-dir. Yəni həmin mənzildə bu qədər adamın birlikdə yaşaması mümkün deyil. Dəfələrlə cavabdehlərə mənzili və qeyri-yaşayış sahəsini satıb hər kəsin özü üçün ayrıca mənzil alıb rahat yaşamaqlarını təklif etmişdir. Onlar bununla qəti şəkildə razılaşmayaraq heç bir şəkildə danışığa gəlməmişlər. Bu səbəblə də onlar adlarına açıq saxlanılmış 3/10 hissədə payı qərəzli şəkildə qəbul etməmək üçün notariat kontoruna gəlməmişlər. Hal-hazırda cavabdehlər və onların ailələri ilə birlikdə onun və ailəsinin birlikdə yaşamasının qeyri-mümkün olması səbəbilə həmin əmlakın naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılaraq əldə edilmiş məbləğin paylara mütənasib surətdə bölüşdürülməsinə dair məhkəmə qətnaməsi çıxarılmalıdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin olunmuşdur.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirasdan imtina ilə bağlı qanunvericilkdə nəzərdə tutulmuş müddət ərzində mirasdan imtina etməmiş, habelə mirası qəbul etməklə bağlı rəsmi müraciət etməmişlər. Odur ki, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil üzərində AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1/10 hissədə Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi Cavabdeh3 payı müəyyən edilməlidir. Mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. İddiaçılar məhkəmə iclasında verdikləri izahatlarında cavabdehlərin qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları olmadığını, qeyriyaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya kimi Cavabdeh1 onlara verdiyi təkliflə razılaşmayaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yeni tikilidə 2 otaqlı, 60 kv.m mənzilin verilməsinə razı olmadıqlarını bildirmişlər. Habelə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaçıların qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları olmadığını bildirmişlər. Əmlakların paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220.3, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ögey anasıdır. İddiaçı2 ilə mərhum atası 1994-cü ildə ailə həyatı qurmuşlar. Sözügedən mübahisəli hesab olunan mənzil isə doğma anası X4 atası ilə evli olduğu, yəni birgə nikahda olduqları dövrdə əkiz uşaq dünyaya gətirdiyinə görə 1988-ci il tarixdə Həmkarlar İttifaqının rəyi əsasında verilmişdir. Lakin həmin dövrdə mübahisəli hesab olunan mənzilin anasının adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşmə prosesləri düzgün getməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10.Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. 12.İddiaçılar isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər. 13.Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14.Azərbaycan Respublikası Mülki Məcəllə
Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
16.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Apellyasiya baxışının hədləri
17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti verməsinə baxmayaraq, mübahisə predmeti bölünməz olduğundan (naturada bölgü, mənzlin və qeyri-yaşayış sahəsinin açıq hərracdan satışı) qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
21. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. 22.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. 23.Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. 24.Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 25.İş materiallarından müəyyən olunur ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümü ilə miras açılmışdır. X6 tərəfindən hər hansı vəsiyyətnamə qoyulmadığından onun sağ olan birinci növbə qanun üzrə vərəsələri ölənin uşaqları – İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və arvadı- İddiaçı2 qanun üzrə vərəsələri vərəsəliyə çağrılmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirasdan imtina ilə bağlı qanunvericilkdə nəzərdə tutulmuş müddət ərzində mirasdan imtina etməmiş, habelə mirası qəbul etməklə bağlı rəsmi müraciət etməmişlər. Odur ki, cavabdehin miras əmlak barədə susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Cavabdeh1 mirası qəbul etmiş sayılır. AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1/10 hissədə Cavabdeh1 payı müəyyən edilməlidir. 26.Mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. 28.Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. 29.Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə və qeyriyaşayış sahəsinə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasına dair xx.xx.2023-cü il tarixli ekspert rəyində mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Ekspert bu nəticəyə gələrkən mənzilin planlı yerləşməsini, o cümlədən həmin mənzilin 1 giriş-çıxış qapısının olduğunu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığını nəzərə almışdır. 30.Beləliklə, baxılan iş üzrə tərəflərinin payının naturada ayrılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. 31.Həmçinin, işin birinci instansiya baxışı zamanı iddiaçıların payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsinin mümkünlüyü barədə məsələni araşdırmaq məqsədilə tərəflərlə iddiaçılara kompensasiya ödənilməsi mümkünlüyü müzakirə edilmişdir. İddiaçılar məhkəmə iclasında verdikləri izahatlarında cavabdehlərin qeyriyaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları olmadığını, qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya kimi Cavabdeh1 onlara verdiyi təkliflə razılaşmayaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yeni tikilidə 2 otaqlı, 60 kv.m mənzilin verilməsinə razı olmadıqlarını bildirmişlər. Habelə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaçıların qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları olmadığını bildirmişlər. 32.Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. 33.Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. 34.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 35.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyator mübahisəli mənzilin anasına məxsus olduğunu bildirsə də, bu fakt işdə olan sənədlərlə öz təsdiqini tapmamış, mübahisəli miras əmlakların ½ hissəsinə İddiaçı2 adına notarius tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr məhkəmə qaydasında mübahisələndirilməmiş, şikayət formal mülahizələrdən ibarət olmaqla sübutlarla əsaslandırılmamışdır. 36.MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 37.Məhkəmə kollegiyası yuxarıda ifadə edilmiş mövqelərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. 38.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.