Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3087/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs «xxxxxx» X8 Təşkilatı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı «hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4367/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə qarşı «hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 170 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, protokola əsasən alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxxxx» BOKT ASC ilə onun arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2015/00061-01 saylı Kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 24776,83 ABŞ dolları, faiz borcu üzrə 3931,26 ABŞ dolları, cərimə borcu üzrə 172,80 ABŞ dolları, cəmi 28880,89 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi ondan tutularaq «xxxxxx» BOKT ASC-yə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi açıq hərracda satılması, yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən 28880,89 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaitinin «xxxxxx» BOKT ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdehə qaytarılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-48/2018 saylı icra vərəqəsi Abşeron rayon İcra Şöbəsinin icraatına daxil olmuş, ona bildiriş icraata başlama qərarının surəti təqdim edilmədən müxtəlif icra hərəkətləri aparılmış, xx.xx.2018-ci il tarixli, 17/75/23 saylı məktubla hərrac keçirilməsi barədə Cavabdeh2na sifariş verilmiş, 25% aşağı olan qiymətilə 25500 manat qiymətlə tələbkar eldə etmişdir. Bankla aralarında şifahi razılıq əsasında ona məxsus əmlak hərracda satılmalı deyildi. Bankın nümayəndəsi həmişə ona deyirdi ki, «sən hissə-hissə ödəmələr apar, biz də hərracda satışı dayandırmışıq». Halbuki, icra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi mənə təqdim olunmalı idi. Bir faktı da qeyd etmək istəyir ki, əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş «Qiymətləndirmə haqqında» Qanunun tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4367/2019 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək,birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçısına rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-48/2018 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(105)- 48/2018 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, iddiaçı «xxxxxx» BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2015/00061-01 saylı Kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 24776,83 ABŞ dolları, faiz borcu üzrə 3931,26 ABŞ dolları, cərimə borcu üzrə 172,80 ABŞ dolları, cəmi 28880,89 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı tutularaq «xxxxxx» BOKT ASC-yə ödənilməli, ödəmə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi açıq hərracda satılmalı, yaşayış evinin ilkin satış qiyməti 40000 manat müəyyən edilməli, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən 28880,89 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti «xxxxxx» BOKT ASC-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehə qaytarılmalıdır. İşdə olan Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, 170 nömrəli «hərracın yekunları barədə» protokolun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin icra vərəqəsi və Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/751/512318-4 saylı xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 40000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 15 faiz endirimlə 34000 manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 25500 manat qiymətlə əldə etmişdir. İşdə olan «Kaspi» qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. İşdə olan Cavabdeh2 MMC tərəfindən İddiaçı, Abşeron rayon icra və probasiya şöbəsinə, «xxxxxx» BOKT ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli № 05/192 nömrəli, xx.xx.2018-ci il tarixli, № 05/192-1 nömrəli bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin icra vərəqəsinin icrasına əsasən ipoteka qoyulan Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evi tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2018-ci il saat 11:00-da və xx.xx.2018-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı «xxxxxx» BOKT ASC-nin cavabdeh İddiaçı və Yaqubova Əfsanə məhəmməd qızına qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin olunmuş, cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və oradan əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçının dəlilləri ipoteka qoyulmuş mənzilinin düzgün qiymətləndirilməməsi və hərrac barədə məlumat verilməməsi ilə bağlı olmuşdur. Halbuki, işdə olan sübutlardan görünür ki, ipoteka qoyulmuş əmlakın hərracdan satılması zamanı, onun ilkin satış qiyməti (40000 manat) qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuş, əmlak məhz həmin qiymətlə hərraca çıxarılmış, lakin alıcı olmadığından qanunla müəyyən olunmuş faiz dərəcələri ilə aşağı salınmış, nəticədə sonda tələbkara təklif olunmuşdur. Göründüyü kimi, əmlakın dəyəri ilə bağlı iddiaçının bildirdikləri hərracın nəticələrinə təsir göstərə bilməz. Bununla yanaşı, işdə olan digər sübutlardan (bildirişlər, qəzet elanları, protokol, alqısatqı müqaviləsi və s.) aydın olur ki, hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildiriş göndərilmiş, qəzetdə elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2008-ci il tarixli qərarında (F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2018-ci ildə tələbkar «xxxxxx» BOKT ASC-yə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə baxışı zamanı hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 170 saylı Protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməməlidir. Göründüyükimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış evi üzrə keçirilmiş hərracın iddiaçının iddia etdiyi əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir.Bu səbəbdən,iddia qalan hissələrdə də əsasızdır. Göründüyü kimi,iddiaçı iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslarına və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X6 Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə qarşı «hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4367/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4367/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3087/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3087/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver