Məhkəmə qərarları › İş №2(103)-3087/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3087/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3087/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “sığorta və məhkəmə xərclərinin ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı X4 cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4943 manat məbləğində sığorta ödənişinin, habelə 70 manat dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı, vəkilin göstərdiyi hüququ yardıma görə ödənilmiş 170 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 manat, cəmi: 257 manat 65 qəpik məhkəmə xərclərinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı qızna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan və faktiki yaşadığı, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 43.1 kv.m., köməkçi sahəsi 54,64 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən sığortalanmış və bu barədə RXA********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığorta məbləği 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. 06 iyul 2023-cü il tarixdə axşam saat 20:23 radələrində evdə yanğın baş vermişdir. Yanğın baş verən zaman ailə üzvləri evdə olmamışlar. Yanğın barədə qonşular yanğın söndürmə xidmətinə məlumat vermişlər və yanğın söndürmə xidmətinin əməkdaşları yanğını söndürmüşlər. Amma söndürülənə qədər evin bir hissəsi tam yararsız vəziyyətə düşmüş və yanğın nəticəsində iddiaçıya xeyli məbləğdə ziyan dəymişdir. Yanğın barədə Fövqəlada Hallar Nazirliyinin X8 Xidməti tərəfindən 13 iyul 2023-cü il tarixli akt tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, evin tavanından çəkilmiş elektrik xətlərində baş vermiş qəza yanğına səbəb olmuşdur. Yanğınla əlaqədar əvvəlcə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsində təhqiqat aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsində təhqiqat aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli qərar qəbul etmişdilər. Təhqiqatın gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən yanğın nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 4943 manat təşkil edir. Amma "xxxx" ASC-nin 21 iyul 2023cü il tarixli elektron bildirişlə dəymiş ziyanın 2357 manat məbləğində qiymətləndirildiyi barədə məlumat verilmişdir. İddiaçı 27 oktyabr 2023-cü il tarixli ərizə ilə "xxxx" ASC-nin Sığorta hadisələrinin Tənzimlənməsi İdarəsinin müdiri Mahir İsmayılova müraciət edərək, yanğın nəticəsində dəymiş 4943 manat məbləğində zərərin tam məbləğdə ödənilməsini xahiş etmişdir. Həmin müraciətə "xxxx" ASC İdarə Heyətinin 03 noyabr 2023-cü il tarixli xx/xx-1753 saylı məktubla sığorta məbləğinin ödənilməsindən tamamilə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya faydalanan şəxsin yanğın hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər hadisəyə səbəb olmuşdur və bu da sığorta hadisəsi hesab edilmir. Halbuki yanğın hadisəsinin baş verməsində iddiaçının heç bir qəsdi və ya digər formada təqsiri olmamışdır. Tərtib edilmiş aktda və təhqiqat materiallarında iddiaçının hadisənin baş verməsinə yönəldilmiş hər hansı qəsdi müəyyən edilməmişdir. Ona görə də, sığorta ödənişindən imtina tamamilə əsassız və qeyriqanunidir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" X6 4693 (dörd min altı yüz doxsan üç) manat sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 170 (yüz yetmiş) manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 4950,65 (dörd min doqquz yüz əlli manat altmış beş qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

4. İdddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5652 nömrəli məhkəmə tikinti texniki ekspert rəyi və AR FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarı ilə yanğın hadisəsinin baş verməsində iddiaçının təqsirinin olması birbaşa olaraq sübuta yetirilir. Belə ki, iddiaçı tərəfindən “X2”na riayət edilməməsi əvvəlcədən yanğın hadisəsinin qarşısını almaq üçün lazımi tədbirlər görməməsi (elektrik sisteminə mütəmadi baxış və texniki qulluq, təhlükəsiz elektrik cihazlarından istifadə və s) və X2na əməl etməməsi yanğının baş verməsinə səbəb olmuşdur. Buna görə də, həmin yanğın hadisəsi sığorta hadisəsi hesab edilmir və cavabdeh ilə bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı hüquqi əsaslar mövcud deyil. Rayon məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən qəsdən X2nı riayət edilməməsinə görə yaranan yanğın hadisəsi sığorta hadisəsi hesab olunmur. Bununla da məlum olur ki, iddiaçı X2na riayət etməyərək onun zərərli nəticələr verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu təqdirdə görməmişdir. Əgər vaxtlıvaxtında iddiaçı bu qaydalara əməl etsə idi, xüsusilə profilaktik baxışları keçirsə idi, bu təqdirdə belə hadisə baş verməzdi. Bundan başqa cavabdehin sığorta ödənişi ödəmək öhdəliyi daşımadığı vəziyyətdə iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı xərcləri – vəkil xidmət haqqını, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş məbləği, həmçinin dövlət rüsumunu cavabdehdən tələb etməsi absurddur. Tərəflərin izahatı:

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli olmasını bildirməklə, məhkəmə iclasınının onun iştirakı olmadan keçirilməsi, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri Xidməti yanında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, döngə 1-də istifadədə olan 0.01417 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.1 kv.m vaşayış, 54.64 kv.m köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam nülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 5294 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. BB seriyalı 879887 nömrəli daşınmaz əmlakın icbari sığortası şahadətnaməsinin surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi 31 may 2023-cü il tarixdən 31 may 2024cü il tarixinədək 25000 manat məbləğində sığorta olunmuşdur. 250 manat azad olunma məbləği müəyyən edilmişdir. Fövqəlada Hallar Nazirliyinin X8 Xidməti tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli “yanğın haqqında akta” əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tavanından çəkilmiş elektrik xətlərində baş vermiş qəza yanğına səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5652 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən, yanğın nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı qızna məxsus fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə, baş vermiş yanğının mənbəyi, evin yataq otağının tavan hissəsində olmuşdur. Yanğın, iş materiallarında göstərildiyi kimi yəni, mənbə zonasının yaxınlığında olan elektrik xəttlərində yaranmış qəza (qısa qapanma, artıq yüklənmə, yüksəd keçid müqaviməti) halından baş verməsi üçün xarakterikdir. Yanğın, elektrik xəttlərində yaranmış qəza (qısa qapanma, artıq yüklənmə, yüksəd keçid müqaviməti) halından baş verdiyi halda, baş vermiş hadisə ilə əlaqədar “X2” (YTQ 02-2002) 1.2, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayıs evləri və inzibati binaları üçün X2”nın (YTQ 02- 2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri pozulmuşdur. “X2” (YTQ 02-2002) 1.2 bəndində əsasən fərdi yaşayıs evinin elektik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, bas vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binaları üçün X2”nın (YTQ 02-2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri fərdi vaşayış evinin sahibi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, yanğın nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı qızna məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 4943 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 06 iyul 2023-cü il tarixdə, saat 21 radələrində, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" X9 tərəfindən 03 noyabr 2023-cü il tarixli X3 ünvanlanmış məktubda göstərilmişdir ki, iddiaçı tərəfindən X2na riayət edilməməsi nəticəsində yanğın hadisəsinin baş verməsində birbaşa təqsiri olduğu üçün şirkət tərəfindən bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı hüquqi əsaslar mövcud deyildir. Bakı şəhəri 6 saylı vəkil bürosu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ******************** nömrəli hesaba 170 (yüz yetmiş) manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı X4 tərəfindən 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir. 09 dekabr 2023-cü il tarixli AR-İİİ seriyalı 211062 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Meybulla Həbi oğluna 3 (üç) il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək etibarnamə verilmişdir. Bu etibarnamə Bakı şəhəri 50 saylı Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə reyestrdə 7E 24979 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş, 17,25 manat haqq tutulmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.

13. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

14. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

15. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

16. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

17. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun:

22. 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

23. 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

24. 36.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma;

25. 36.3.1-ci maddəsinə əsasən, əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası mülki iş materialları, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5652 nömrəli məhkəmə tikinti texniki ekspert rəyi və AR FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarı ilə yanğın hadisəsinin baş verməsində iddiaçının təqsirinin olması birbaşa olaraq sübuta yetirilir. Belə ki, iddiaçı tərəfindən “X2”na riayət edilməməsi əvvəlcədən yanğın hadisəsinin qarşısını almaq üçün lazımi tədbirlər görməməsi (elektrik sisteminə mütəmadi baxış və texniki qulluq, təhlükəsiz elektrik cihazlarından istifadə və s) və X2na əməl etməməsi yanğının baş verməsinə səbəb olmuşdur. Buna görə də, həmin yanğın hadisəsi sığorta hadisəsi hesab edilmir və cavabdeh ilə bağlanmış icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı hüquqi əsaslar mövcud deyil.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, baş vermiş yanğın hadisəsində iddiaçının hadisənin baş verməsinə yönəldilmiş qəsdən hər hansı hərəkətin edilməsi müəyyən edilməmişdir.

42. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan və faktiki yaşadığı, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 43.1 kvm., köməkçi sahəsi 54,64 kvm. olan 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən sığortalanmış və bu barədə RXA********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta məbləği 25000 (iyirmi beş min) manat müəyyən edilmişdir. 06 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən mənzildə yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5653 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, “X2” (YTQ 02-2002) 1.2 bəndində əsasən fərdi yaşayıs evinin elektik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləcə də elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri-nominal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binaları üçün X2”nın (YTQ 02-2002) 2.3.3.1, 2.3.3.2, 2.3.5 bəndlərinin tələbləri fərdi vaşayış evinin sahibi tərəfindən pozulmuşdur.

43. Həmçinin iş materiallarında olan Fövqəlada Hallar Nazirliyinin X8 Xidməti tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli “yanğın haqqında akta” əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tavanından çəkilmiş elektrik xətlərində baş vermiş qəza yanğına səbəb olmuşdur.

44. Göründüyü kimi cavabdehin sözügedən hadisəni sığorta hadisəsi hesab etməyərək, sığorta ödənişinin edilməsindən imtinası əsaslı olmamışdır.

45. Eyni zamanda cavabdeh tərəf baş vermiş yanğın hadisəsi zamanı məhz iddiaçının təqsirinin olması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.

46. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Beləliklə, baş vermiş yanğın hadisəsində iddiaçının hadisənin baş verməsinə yönəldilmiş qəsdən hər hansı hərəkətin edilməsi müəyyən edilmədiyindən cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

48. MPM-in 115-ci maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxilidir.

49. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara istinadən qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 170 (yüz yetmiş) manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat, 0,40 (qırx qəpik) manat bank xidmət haqqına dair qəbzlər əlavə edildiyindən, həmin məbləğlərin də cavabdehdən iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Nəticə:

51. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

55. Bundan başqa apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh "xxxx" X7 özünə aid edilməlidir.

56. Mübahisəndirilən hissədə iddianın qiyməti 4950,65 (dörd min doqquz yüz əlli manat altmış beş qəpik) manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" X7 özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar