Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3087/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2, Cavabdeh1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-448/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və S. İsmayılzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və İddiaçı1 adına yeni çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. (iddia tələbinin həcmi artırılmışdır.)
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-448/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim E.Vəliyeva) ilə iddia rədd edilmişdir.
3. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Hazırkı mülki işə apellyasiya qaydasında baxılarkən Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iclasında İddiaçı1, onun nümayəndəsi və və vəkili A.Əhmədzadə, digər İddiaçı2 ayrı-ayrılıqda ərizə verərək mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərini, iddiadan imtina edərək, ərizənin qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
8. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
9. Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
11. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.
12. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
13. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
14. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
15. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:
16. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı1 və qeyrisinin Cavabdeh1 və qeyrisinə (üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası üzrə iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. MPM-in 122.1-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərindən imtinası qəbul edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-448/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.