Məhkəmə qərarları › İş №2(103)-3092/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3092/2024

23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3092/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2209/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsində yerləşən 69 saylı fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 01 ədəd samovar (1/1), 1 ədəd qızdırıcı radiator peçi (1/1) istifadə edilir. Evə quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixdə yenisi (ZENNER G4T SMART markalı) ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni olaraq, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 17.280 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 2.073,60 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən itirilmiş qaz sərfiyyatının bərpası üçün hesablanmış 2.073,60 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, həmin ünvanda fasilərlə yaşayır. Yaşadığı müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq, cavabdehin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan guya təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı akt tərtib etmiş, bununla da ona əsassız olaraq 2.073,60 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Cavabdehin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnanədə) ona məxsus ünvanda istifadədə olan qaz cihazlarının görə istifadə edilmiş qazın həcmi qaz sayğacının nominal qaz sərfi 4 kub metr, orta günlük iş rejimi 12 saat olmaqla hesabat 360 gün üçün aparılmışdır. Hər hansı bir qaz cihazının 360 gün ərzində 12 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Digər tərəfdən isə sözügedən ünvanda 360 gün ərzində eyni həcmdə qaz sərfıyyatının olması heç bir halda ağlabatan deyildir. Belə ki, bütöv bir il ərzində qaz cihazlarından eyni qaydada istifadə etmək zərurəti olmur. Çünki 360 günün böyük əksəriyyəti ilin isti vaxtlarına düşdüyü üçün həmin dövrlərdə istilik cihazlarından istifadə etmək zərurəti yaranmır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2209/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi, 69 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair İddiaçı hesablanmış 2.073,60 manat məbləğində borcun silinməsi, 40,73 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X5)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

6. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.2ci, 217.4-cü, “Qaz təchizatı” Azərbaycan Respublikası Qanununun 8-1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci, 4.8-ci, 5.2-ci, 6.5-ci, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 2.073,60 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır; 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır; 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə etməsi əsası ilə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İddiaçı da bu akta razılaşmayaraq, onları mübahisələndirmiş və akt, habelə onun əsasında qəbul edilmiş qərar üzrə hesablanmış cərimə məbləğinin silinməsini tələb etmişdir.

22. Məhkəmə kollegiyası vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır.

23. Eyni zamanda, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

24. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktın bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Aşkar edilmiş pozuntuların texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması da təmin edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

25. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin, habelə “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci bəndininin tələblərinə riayət edilməmişdir. Belə ki, hesablama qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (xx.xx.2022-ci – xx.xx.2023-cü il) üzrə aparılmış və nəticə etibarı ilə iddiaçının istifadə etdiyi qaz qurğularının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və sair nəzərə alınmamışdır. Hər bir halda, hamıya məlumdur ki, ilin isti ayları olan iyul, iyul, avqust, nisbətən isti ayları hesab olunan may və sentyabr ayları üzrə kombinin (qış rejimində), habelə qızdırıcı radiatorun nəinki günlük iş rejiminin 12 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir.

26. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından istehlakçıya məlumat verməklə ildə bir dəfə (hər il noyabr ayının 1dək) müayinə keçirmək və nəticələrinə dair akt tərtib edərək, bir surətini istehlakçıya təqdim etmək vəzifəsi daşıyan cavabdehin əməkdaşlarının 12 ay (360 gün) ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Həmin maddəyə bu məzmunlu dəyişiklik xx.xx.2022-ci il tarixdə edilmiş, xx.xx.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə akt həmin dəyişiklik qüvvəyə mindikdən təxminən 1 il 6 ay sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində akt tərtib edilənədək belə bir müayinənin aparılmadığını təsdiq edir və bu baxımdan da hesablamanın müddət etibarı ilə 1 il üzrə aparılmasını əsassız edir.

27. Məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsinə istinadən o halı da qeyd edir ki, qaz paylayıcı tərəfindən qaz xəttində pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq təkrar müayinə aparılmalıdır. Belə bir müraciətin edilməsi üçün də ilk növbədə istehlakçının müayinənin keçirilməsi və aktın tərtib edilməsi (həmçinin, qanunsuz qoşulma ilə bağlı aktın) barədə məlumatı olmalıdır. Aktın vaxtında istehlakçıya təqdim edilməməsi, istehlakçını, bu hüququndan da məhrum edir.

28. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq həm bununla bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, o cümlədən pozuntuların texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması təmin edilməmiş, cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2209/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar