Məhkəmə qərarları › İş №2(103)-3094/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3094/2021

27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3094/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 prossesual hüquqi varisi X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması və istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(007)- 1126/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh2 arasında Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə mülkiyyət hüqüqunun tanınmaqla, maneəsiz istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasına dair qətramə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı 12 fevral 2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzili əldə etmişdir. Həmin mənzil üçün 283500 manat pul vəsaitini cavabdeh MMC-yə ödəmiş və pulun ödənilməsi barədə ona cavabdeh tərəfindən 12 fevral 2014-cü il tarixli kassa mədaxil orderi verilmişdir. 03 mart 2016-cı il tarixli razılaşmaya əsasən əldə etdiyi mənzil cavabdeh tərəfindən ona təhvil verilmiş və mənzilin giriş qapısının açarları təqdim edilmişdir. Bundan əlavə həmin mənzilə dair borcun olmaması barədə cavabdeh tərəfindən ona 07 mart 2016-cı il tarixli maliyyə arayışı təqdim edilmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 MMC həmin mənzili Cavabdeh2 satmışdır. Bu məsələ ilə bağlı "İdeal-İ İnşaat" və "xxxx" MMC-nin direktoru X3 və həmin Cəmiyyətlərin təsisçisi X10 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan Respublikası Baş prokuroru yarında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ibtidai araşdırma aparılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018ci il tarixli hökmü ilə X3 və X6 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 əldə etdiyi mənzil üçün heç bir pul vəsaiti ödəməmişdir. Belə ki, cinayət işinin materiallarından, həmin iş üzrə çıxarılmış hökmdən, təqsirləndirilən şəxslər Çingiz Məmmədov və İsa Məmmədovun ifadələrindən görünür ki, 2005-ci ildə "xxxx" MMC ilə "xxxx" MMC-nin arasında podrat müqaviləsi bağlanmış və "xxxx" MMC-yə Bakı şəhəri D.Əliyeva küçəsi 717-ci məhəllədə 1 bloklu hündür mərtəbəli binanın tikintisi həvalə edilmişdir. Həmin bina 17 mərtəbədən və 60 mənzildən ibarət olmuş, "İdeal-İ İnşaat" və "xxxx" MMC-lərin adından bağlanılmış bütün müqavilələri Çingiz Məmmədov imzalamış, Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. 2010-cu ildə Çingiz Məmmədov və Rasim Məmmədov arasında həmin binanın 14 mənzilinin 1 kvadrat metri 1900 manata olmaqla satılmasına dair müqavilə bağlanmış, həmin dövrdə Rasim Məmmədov tikinti işləri ilə məşğul olduğuna görə iki il müddətinə həmin mənzillərin pulunu ödəyəcəyinə söz vermişdir. Faktiki olaraq Rasim Məmmədov adına imzalanmış müqavilələr əsasında "xxxx" MMC-yə hər hansı məbləğdə pul ödəməmiş, Rasim Məmmədovun 13 nəfər şəxsə, o cümlədən Cavabdeh2 borcu olduğuna görə mənzillər qeyd edilən şəxslərin adlarına sənədləşdirilmişdir. MMC-nin direktoru Çingiz Məmmədov həmin 13 nəfər şəxsə, o cümlədən Cavabdeh2 kassa mədaxil qəbzləri vermiş, Rasim Məmmədov həmin mənzillərin, o cümlədən hazırkı iş üzrə mübahisəli mənzilin hər kv.m. üçün 1900 manat pul ödəyəcəyini vəd etsə də, mənzillərin dəyərini 2014-cü ilin noyabr ayınadək ödəməmişdir. Həmin 13 nəfər şəxsin, o cümlədən X4 adına mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilə bağlanılsa da, faktiki olaraq həmin şəxslər Cavabdeh1 MMC-nin kassasına pul ödəməmişlər. Rasim Məmmədov mənzilin pulunu ödəmədiyinə görə Çingiz Məmmədov mənzilləri 2013-cü ildən başlayaraq digər şəxslərə, o cümlədən iddiaçıya sataraq pulu MMC-nin kassasına mədaxil etmişdir. İddiaçı mübahisəli mənzilin payını tam ödəməklə, həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. İddiaçı öz tələblərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 178.8, 337.1, 337.2, 337.3-cü maddələri və Mənzil Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(007)- 1126/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, yalnız Cavabdeh2 xeyrinə olan dəlilləri nəzərə almış, iş materiallarında iddiaçının xeyrinə olan sübutları nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, mərhum Cavabdeh2 prossesual hüquqi varisi X1 nümayəndəsi X5 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(007)-1126/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan: - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 12 fevral 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzil İddiaçı satılmışdır. - Cavabdeh1 MMC-nin 12 fevral 2014-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı həmin tarixli müqavilə üzrə 283500 manat məbləğində ödəniş etmişdir. - Cavabdeh1 MMC tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı 12 fevral 2014-cü il tarixli müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. - - Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzil Cavabdeh2 satılmışdır. - Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzilə görə 143200 manat pul ödəmiş və onun 27 noyabr 2010-cu il tarixli müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 1(101)-150/2018 saylı hökmünün surətindən görünür ki, X3 Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləyərkən, Cəmiyyətin təsisçisi-faktiki rəhbəri X10 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni niyyətlə, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 210 kv.m. olan 10 №-li mənzilin Cavabdeh1 MMC ilə bağlanmış 27.11.2010-cu il tarixli müqavilə ilə 143200 manata Cavabdeh2 satıldığını bildiyi halda, göstərilən mənzili yenidən 12.02.2014-cü il tarixdə İddiaçı 283500 manata qanunsuz satıb, Cəmiyyətin qeyd olunan ünvandakı ofisində həmin pul vəsaitini alaraq, öz aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, sonuncuya məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra qanunsuz əməllərini davam etdirməklə həmin mənzilin İddiaçı adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri, yəni çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 12.02.2014-cü il tarixli 117 nömrəli müqavilə və 283500 manat ödəməyi barədə həmin tarixli AXU № 130 nömrəli mədaxil qəbzini tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, İddiaçı mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli törətməklə ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hökmlə həmçinin vurulmuş maddi ziyanın əvəzi kimi X3 tərəfindən ödənilmiş 668000 manat pul vəsaitinin 35480,5 manat hissəsi İddiaçı vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzil 27 noyabr 2010-cu il tarixli müqavilə əsasında Cavabdeh2, 12 fevral 2014-cü il tarixli müqavilə əsasında isə İddiaçı satılmışdır. İddiaçı həmin mənzilə görə Cavabdeh2 tərəfindən pul ödənilmədiyini, Cavabdeh1 MMC-yə pul ödəmədən 14 mənzil almış X8 Ağayevə borcu olduğuna görə 14 mənzildən biri olan 10 saylı mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyini bildirərək Cavabdeh2lə Cavabdeh1 MMC-nin arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmədə şahid qismində ifadə vermiş X11 Ağayevi tanımadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 isə ifadəsində ona məxsus mənzil 2010-cu ildə plana düşdüyünə görə dövlətdən aldığı kompensasiya hesabına həmin ildə Cavabdeh1 MMC-yə 143200 manat ekvivalentində 180000 ABŞ dolları məbləğində pul ödəyərək mənzil aldığını, bu barədə ona müqavilə və mədaxil qəbzi verildiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilə hal-hazırda qüvvədədir, mənzil İddiaçı əvvəl Cavabdeh2 satılmışdır. Həmin mənzilə dair təbii qaz, elektrik enerjisi və sudan istifadə üçün sayğacların quraşdırılması barədə Cavabdeh2lə müvafiq təşkilatlar arasında müqavilələr bağlanmışdır. Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən İddiaçı saxta müqavilə, mədaxil orderi və maliyyə arayışı verilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə də təsdiq olunmuşdur. Məhkəmə hökmünə əsasən, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi kimi 35480,5 manat pulun İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında "xxxx" MMC və Cavabdeh2 arasında Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı 210 kv.m. sahəsi olan 10 №-li mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarlılığını şübhə altına alan heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən yalnız Cavabdeh2 xeyrinə olan dəlillərin nəzərə alınması, iddiaçının xeyrinə olan sübutların nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(007)- 1126/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar