Məhkəmə qərarları › İş №2(103)-3095/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3095/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3095/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkətinə qarşı “siğorta pulunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1746/2022 saylı mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən e t d i: İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona səhəttilə əlaqədar olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi siğortası üzrə siğorta ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(006)-1746/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidenti tərəfindən 23 dekabr 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin güçləndirilməsi ilə bağlı tədbirlər haqqında” qəbul edilmiş Fərmanın 2.1-ci bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçının iddia tələbi mübahisə olduğu təqdirdə inzibati xarakterli iddiadır və qeyd olunan məbləğin iddiaçıya verilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir. İddiaçı şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1746/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadını ləğv edib, işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Mülki Prosesual Məcəllənin 267, 268, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, o, 08.01.2021-ci il tarixindən 25.09.2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçirmiş, 16.09.2021-ci il tarixində Müdafiə Nazirliyi Mərkəz Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin ikinci qrafası 26 c maddəsinə (AR NK-nın 20.02.2008-ci il tarixli 59 saylı qərarı) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək 25.09.2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır, tərəfindən cavabdehə müraciət olunaraq sığorta ödənişinin verilməsini xahiş etmiş, lakin cavabdeh 30 noyabr 2021-ci il tarixli 07-07-165 saylı məktubla ona sığorta ödənişinin verilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə vermək qərarına gəlmişdir. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, lakin onlara Nəsimi Rayon Məhkəməsinə müraciət edilməyi təklif olunaraq iddianı geri götürmək təklif edilmiş, ərizə verilərək mülki iş götürülərək Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1746/2022 saylı, 02.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385, 387-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş (səbəbləri düzgün əsaslandırılmamış) qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, birinci insrtansiya məhkəməsi tərəfindən istinad edilən Azərbaycan Respublikası Prezidenti tərəfindən 23 dekabr 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin güçləndirilməsi ilə bağlı tədbirlər haqqında” qəbul edilmiş Fərmanı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınmışdır. Hazırki iddia edilən mübahisə, yəni şəxsin xəstəliyi və hərbi xidmət keçmə dövrü 2021-ci il tarixini əhatə edir və cavabdehin imtinası bu əsasla olmamışdır. Qeyd edilən əsasla məhkəmənin iddianın icraata qəbul edilməsindən imtina barədə qənaəti yanlış olduğundan, icraata qəbulu məsələsinə yenidən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395 - 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1746/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar