Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3096/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pul və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-242/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 19 iyul 1980-ci il tarixdə müvafiq qrafaları doldurulmağa (yazılmağa) başlanmış İT- İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı zəruri məlumatlar (işəgötürənlər, bağlanmış əmək müqavilələri və s.) əmək kitabçasında öz əksini tapmışdır.
2. 15 may 2019-cu il tarixli DR-19/032 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı «X5 Services LTD» Şirkətinin Azərbaycan Respublikasındakı filialında əsas iş yeri üzrə sürücü (dərəcə 1) vəzifəsinə işə qəbul olunmuşdur.
3. İşçinin idarə etdiyi maşının qət etdiyi yolun və istifadə olunan yanacağın miqdarına nəzarət etmək üçün doldurulan sənədlərdən («Bos Shelf» işarəli) görünür ki, qeyd edilən cədvəllər işçi İddiaçı tərəfindən doldurulmaqla imzalanmışdır.
4. İş vaxtının uçot tabellərindən/vaxt cədvəllərindən (time sheet) görünür ki, müvafiq proqram təminatı vasitəsi ilə işlənmiş cədvəllərdə işçi İddiaçı 2019, 2020, 2021, 2022, 2023-cü illər üzrə iş, istirahət, məzuniyyət günləri, bülletenləri, əlavə iş günləri və əlavə iş saatlarının qeydiyyatı aparılmışdır.
5. «Paşa Bank» ASc-nin xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00433-2024 saylı arayışdan görünür ki, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri aralığında İddiaçı həmin arayışa qoşmada qeyd edilən ödənişlər icra edilmişdir.
6. Əmək haqqının ödənilməsinə dair ödəniş sənədlərindən görünür ki, ödəniş sənədlərində qeyd edilən əmək haqqı məbləğləri imzalanmaqla qəbul olunmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 4/1678 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 91-ci vərəqəsində olan 31 may 2019-cu il tarixli, i/v 92-də olan 31 iyul 2019-cu il tarixli, i/v 93-də olan 29 fevral 2020-ci il tarixli, i/v 96-da olan 03 fevral 2021 -ci il tarixli, i/v 99-da olan 03 iyun 2021-ci il tarixli, i/v 100-də olan 03 avqust 2022-ci il tarixli, i/v 101-də olan 02 noyabr 2022-ci il tarixli ödəniş qəbzlərində «Signed as received and correct» («Alıb, düz olduğunu imzam ilə təsdiqləyirəm») qrafalarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur.
8. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 94-cü vərəqəsində olan 03 iyun 2020-ci il tarixli, i/v 95-də olan 04 noyabr 2020-ci il tarixli, i/v 97-də olan 03 aprel 2021ci il tarixli, i/v 98-də olan 05 may 2021-ci il tarixli, i/v 102-də olan 28 dekabr 2022-ci il tarixli ödəniş qəbzlərində «Signed as received and correct» («Alıb, düz olduğunu imzam ilə təsdiqləyirəm») qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. 06 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, işəgötürən tərəfindən işçiyə əmək müqaviləsinin müddətinin 04 noyabr 2023-cü il tarixdə bitdiyi və yenilənməyəcəyi, işlədiyi günlərin əmək haqqının, həmçinin istifadə etmədiyi əsas məzuniyyət günləri üçün pul əvəzinin ödəniləcəyi bildirilmiş, işinə görə təşəkkür edilmiş və uğurlar arzu olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. Fazil Fərqam oğlu cavabdeh Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqına görə 68.166 manat, əmək haqqının gecikdirilməsinə görə 27.567 manat və vurulmuş mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 105.733 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin iddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. İddiaçı 2019-cu ilin may ayından 2023-cü ilin noyabr ayına qədər Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-07:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, iddiaçıya əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçı şənbə günləri və iş vatxından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin sizə hər hansı verəcəyi qalmamışdır. İddiaçı Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialında 2019-cu ilin may ayından 2023-cü ilin noyabr ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddəti hesabladıqda, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 48.910 (4891 saat x 10 manat = 48910 manat) manat, qeyri-iş günlərinə görə 19256 (2019-cu il 50 gün, 2020-ci il 48 gün, 2021-ci il 47 gün, 2022-ci il 49 gün və 2023-cü il 38 gün qeyri iş günləri) manat olmaqla, ümumilikdə cavabdeh iddiaçıya 68.166 manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. Əmək Məcəlləsinin 9-cu maddəsinin «e» bəndinə əsasən işçinin hüququ vardır ki, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etsin. Maddədən də göründüyü kimi, İddiaçı iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqı ödənişini tələb etmiş, lakin «X4 Services LTD» şirkətinin filialı tərəfindən imtina edilmişdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxtda görülən işə görə əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 61.494 manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödənilməmişdir. Odur ki, əmək haqqı ilə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğ hesablanmaqla cəmi 24.597 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, iddiaçının əmək haqqı ödənilmədiyi üçün iddiaçı ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün iddiaçı uzun müddətdir ki psixoloji və mənəvi sarsıntı keçirmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
12. Cavabdeh Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialı iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, İddiaçı iddiası 2 hissədən ibarətdir. İddiaçının iddiasına görə onunla əmək müqaviləsi bağlanarkən gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmaqla beş günlük iş həftəsi müəyyən olunmuş, lakin o işlədiyi bütün müddət ərzində hər həftənin şənbə günü işləmişdir. Beləliklə, o, şənbə günlərinin qeyri-iş günü olduğunu, lakin həmin günlərdə işlədiyini iddia etməklə şənbə günləri üçün əlavə ödəniş tələb edir. 2. İddiaçı eyni zamanda iddia edir ki, guya o, səhər ona idarə etmək üçün verilmiş maşına oturub mühərriki işə saldığı andan işləməyə başlamış və günün sonunda həmin maşınla yaşadığı evə qayıdıb maşının mühərrikini söndürənə qədər olan zaman ərzində fasiləsiz olaraq işləmişdir, gündə 8 saat işləməli olduğu halda bundan xeyli çox saatlar işlədiyindən 8 saatdan artıq olan saatlara görə ona əlavə əmək haqqı hesablanıb ödənməlidir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti tamamilə əsassızdır. Şirkət iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlamışdır. İşlədiyi yerdə şəxs üçün yüksək səviyyədə əmək şəraiti yaradılmış, yüksək əmək haqqı ilə təmin olunmuşdur. Əmək haqqı rəsmi qaydada ödənilmiş, pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş lazımi tələblər yerinə yetirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.8-ci bəndinə əsasən işçi gündə 8 saatdan və həftədə 40 saatdan artıq olmayaraq işləyir. Müqavilənin 4.9-cu bəndinə əsasən əsas is vaxtı vəzifə təlimatına əsasən müəyyən olunur. Müqavilənin 4.10-cu bəndinə əsasən istirahət günləri vəzifə təlimatına əsasən müəyyən olunur. İddiaçı tərəfindən imzalanmış vəzifə təlimatına əsasən gündəlik is saatları 6 saat 40 dəqiqə, həmçinin istirahət günü həftədə bir gün müəyyən olunmuşdur. Beləliklə, buradan aydın və birmənalı göründüyü kimi müqavilənin şərtlərinə əsasən istirahət günü həflədə bir gün müəyyən edildiyindən həftənin şənbə günü iş günü kimi müəyyən edilmişdir. Buna görə də, şənbə günü qeyri-iş günü olmadığından həmin gün işlədiyinə görə iddiaçının əlavə əmək haqqıtələbi tamamilə qanunsuz və əsassızdır. İddiaçının əmək müqaviləsinə əlavədə qeyd olunur ki, iş vaxtının hesablanmasında iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmçinin gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İddiaçı gündə 6 saat 40 dəqiqə, həftədə isə 40 saatdan çox olmayaraq həftədə 6 gün işləmişdir. Beləliklə də, qanunvericiliyin bununla bağlı heç bir tələbi pozulmamışdır. İddiaçı tərəfindən imzalanmış əmək müqaviləsinə əlavənin şərtlərinə əsasən iş saatlarının hesablanmasında iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir, iş və istirahət vaxtları növbə cədvəlləri ilə tənzim olunur. İş materiallarında olan növbə cədvəllərindən (Shift plan) göründüyü kimi işçi səhər saat 07:00-dan 10:00-a qədər və günortadan sonra isə 15:40-dan 18:50-yə qədər işləməlidir. Bu zamanlar arasında olan müddət isə iş vaxtı hesab olunmur və işçinin sərbəst qeyri-iş saatlarıdır. Bu zamandan işçi sərbəst olaraq istifadə edir, o istədiyi təqdirdə evinə və ya başqa bir yerə gedə bilər və ya iş yerində yaradılmış istirahət zalında gözləyə bilər. Bu zaman işçilərə pulsuz yemək, isti və soyuq içkilər də verilir. Gözləmə zalında yaradılmış komfort şərait iş materiallarına əlavə edilmiş şəkillərdən aydın görünür. Əvvəllər işçilərə bu fasilə zamanı şirkətin onlara həvalə edilmiş maşınları ilə evə getməyə də icazə verilmiş, lakin sonradan sürücülərin şirkətin maşını ilə bu zaman kəsiyində taksi xidməti göstərdikləri aşkar edildiyindən buna qadağa qoyulmuş və fasilə zamanı ictimai nəqliyyat ilə evə gedib qayıtmağa icazə verilmişdir. Bu sürücülərin, o cümlədən iddiaçının yeganə işləri şirkətin əməkdaşlarının Bakı şəhərinin müxtəlif yerlərindən səhər dərin özüllər zavoduna aparmaq, axşam isə geriyə gətirməkdən ibarət olmuşdur. Bunun üçün səhər maksimum 1,5 saat, axşam da 1,5 saat vaxt sərf olunur. Qalan bütün müddət ərzində isə sürücülər boş qalır və heç bir iş görmürlər. Məhz buna görə də, müəssisədə iş vaxtının cəmlənmiş uçotu rejimi tətbiq edilməklə iş vaxtı ortada 5,7 saat fasilə müəyyən edilməklə iki hissəyə ayrılmışdır. Sürücülər isə gündə ən çoxu 3-4 saat işləyirlər. Bunu iddiaçinin özünün məhkəməyə təqdim etdiyi cədvəldə əks olunan idarə etdiyi maşının gündəlik qət eldiyi kilometrlərdən də aydın şəkildə görmək olar. İddiaçı gündəlik olaraq təqribən 70-120 kilometr məsafədə maşını idarə etmişdir, bunun üçün isə heç 1 saat da lazım deyil. Ona görə də, iddiaçının faktiki olaraq işlədiyi zaman gündəlik maksimum 3-4 saatdan artıq ola bilməz. Buna baxmayaraq işəgötürən işçiyə həftədə 40 saatlıq iş vaxt, müəyyən etmiş və ona aylıq tam məbləğdə maaş ödəmişdir. İşçinin işləməli olduğu saatlar, fasilə vaxtları, iş və istirahət günü müqavilənin şərtlərində göstərildiyi kimi növbə cədvəlləri ilə müəyyən edilmişdir. İş materiallarında hər ay üçün tərtib edilmiş növbə cədvəlləri mövcuddur. Həmin cədvəllərlə işçilər onların iş yerlərində asılmaqla əvvəlcədən tanış edilir. İddiaçı da bu cədvəllərlə tanış olmuş, iş vaxtının nə vaxt başladığını və nə zaman bitdiyini dəqiq bilmişdir. İşlədiyi uzun illər ərzində bir dəfə də olsun işə gecikmədiyi və buna görə barəsində iltizam tədbiri görülmədiyi bunun bariz sübutudur. Növbə cədvəllərindən (Shift plan) əlavə olaraq hər ay işçilərin işlədikləri əsas və əlavə iş vaxtlarını, bayram və istirahət günlərini özündə əks etdirən is vaxtı cədvəlləri (time sheet) tərtib edilir. Burada işçinin ayın hansı günü işlədiyi, hansı günü işləmədiyi, istirahət və ya bayram günləri işləyib-işləmədiyi, hansı gün iş vaxtından artıq saatlar işlədiyi, hansı gün xəstə olduğu, hansı gün məzuniyyətdə olduğu öz əksini tapmışdır. Hətta burada işçiyə idarə etdiyi maşını yaşadığı ərazidə park etmək üçün ona hansı günlərdə pul verilməli olması belə göstərilmişdir. Bundan sonra isə Növbə cədvəlləri (Shift plan) və iş vaxtı cədvəlləri (time sheet) əsasında hər ay əmək haqqının hesablanması sənədi tərtib edilir. Bu sənəddə işçinin hesablanmış əsas əmək haqqı, xəstəlik günləri üçün ödənişi, işlədiyi istirahət və ya bayram günləri üçün ödəniş, iş vaxtından artıq saatlar üçün ödəniş, tutulmalı olan vergilər, DSMF tutmalar, sığorta üçün ödənişlər və işçiyə həmin ay üçün ödənilməli olan məbləğ öz əksini tapmışdır. Həmin sənəd iki nüsxədən ibarətdir. Nüsxələrdən biri işçiyə verilir, digər nüsxə isə işəgötürəndə qalır. İşçi işəgötürəndə qalan nüsxədə imza edərək bu sənədin surətini aldığını və orada göstərilənlərin doğru olduğunu təsdiq edir. İşçi hansı ayda və gündə qeyri-iş günlərində və iş vaxtından artıq işləmişdirsə bu həmin sənədlərdə öz əksini tapmış və ödənilmişdir, işçi bu sənədi imzalamaqla burada göstərilənlərdən başqa digər qeyri-iş günlərində işləmədiyini və iş vaxtından artıq işləmədiyini özü təsdiq etmişdir. Buna baxmayaraq işçi isdən çıxdıqdan sonra hazırki iddiaları irəli sürmüşdür. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X7 LTD Limited şirkətində işçilərin əmək haqqının hesablanması və ödənilməsindən narazı olan işçilər üçün müraciət forması mövcuddur, bütün işçilərin də bu barədə məlumatı vardır. Hər hansı şikayəti olan işçilər bu müraciət formasını doldurub işəgötürənə müraciət edirlər və həmin işçilərə yazılı formada cavab verilərək müraciətlərinin əsaslı və ya əsassız olması barədə məlumat verilir. İşçilər tərəfindən edilən çox sayda müraciətlər iş materiallarına əlavə edilmişdir. Lakin iddiaçı 4-5 il bu şirkətdə işləməsinə baxmayaraq heç vaxt əmək haqqı ilə bağlı narazılığını bildirməmiş və bu barədə heç bir müraciəti olmamışdır. Bu da onun hazırkı iddiasının əsassız olmasını və uydurma iddialarla şirkətdən puİ qoparmaq niyyətində olduğunu sübut edir. İddiaçının öz iddiasını sübut etmək üçün məhkəməyə təqdim etdiyi yeganə sənəd onun yalnız öz imzası ilə təsdiq edilmiş cədvəldir. Bu cədvəl iddiaçının özü tərəfindən doldurulmuş və imzalanmışdır. Orada onun imzasından başqa heç kəsin imzası yoxdur. Əslində bu sənəd işçinin iş vaxtının hesablanması üçün deyil, onun idarə etdiyi maşının qət etdiyi yolun miqdarına və istifadə olunan yanacağın miqdarına nəzarət etmək üçün doldurulur. Bunun məqsədi sürücülər tərəfindən şirkətin maşınının şəxsi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaqdan, yanacaq sərfiyyatına nəzarət edilməsindən ibarətdir. Belə ki, həmin cədvəldə işçinin idarə etdiyi maşının səhərə olan spidometr göstəricisi, günün sonuna olan spidometr göstəricisi öz əksini tapmışdır. Eyni zamanda həmin cədvəldə gündəlik sürülən kilometrin qeyd olunduğu, doldurulan yanacağın göstərilməli olduğu, yağ dəyişdirilməsinin göstərilməli olduğu sütunlar mövcuddur. Əgər bu cədvəl işçinin iş saatlarının hesablanması üçündürsə, nəyə görə burada onun idarə etdiyi maşın barəsində bu qədər məlumat əks olunmuşdur. Digər tərəfdən, həmin cədvəlin sol yuxarı hissəsində «Bos Shelf» sözləri yazılmışdır ki, bu da işçinin idarə etdiyi maşının sahibi olan şirkətin adıdır və bunun X5 şirkətinə aidiyyatı yoxdur. Bu cədvəl yalnız həmin maşına texniki qulluq göstərilməsi, sürülən yol və sərf olunan yanacağa nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bu cədvəllərlə bağlı digər maraqlı bir nüans ondan ibarətdir ki, iddiaçı tərəfindən hər ay doldurularaq «Bos Shelf» şirkətinə verilən bu cədvəllərin əsilləri ilə məhkəməyə təqdim olunan surətləri arasında ciddi fərqlər mövcuddur. Belə ki, cədvəllərin əsillərində işçinin guya artıq işləməsi barəsində heç bir məlumat olmamasına baxmayaraq məhkəməyə təqdim edilmiş surətlərində işçinin özü tərəfindən guya iş vaxtından artıq işləməsi barəsində məlumatlar yazılmışdır. Ən maraqlısı isə ondan ibarətdir ki, iş vaxtından artıq iş vaxtlarının qeyd olunduğu məlumatlar gündəlik sürülən kilometrlər, doldurulan yanacaq və dəyişdirilən yağlar sütunlarında yazılmışdır, çünki bu cədvəllər işçinin iş vaxtının hesablanması üçün deyil maşına texniki nəzarət üçün nəzərdə tutulduğundan burada belə sütunlar mövcud deyildir. Bununla belə həmin cədvəldən də görünür ki, iddiaçı gün ərzində cəmi 70-120 km yol sürmüşdür. Bunun üçün isə ən çoxu 3-4 saat vaxt tələb olunur. Yəni, işçi faktiki olaraq cəmi 3-4 saat işləmişdir. Belə olan təqdirdə işçinin mütəmadi olaraq hər gün iş vaxtından artıq işə cəlb olunmasına heç bir səbəb və ehtiyac olmaması açıq-aşkar görünür. Bundan əlavə, iddiaçı xx.xx.2019 - xx.xx.2019-cu il tarixə qədər məzuniyyətdə olmasına baxmayaraq o vaxtlar ərzində işlədiyini, hətta iş vaxtından artıq işlərə cəlb olunduğunu bildirmişdir. Qeyd olunan cədvəldən başqa iddiaçı tərəfindən öz iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, iddia tam əsassızdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-242/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X3).
14. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfin izahatının özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının iddiasının əsaslı olmasına dair təqdim etdiyi yeganə sənəd olan, yalnız öz imzası ilə təsdiq edilmiş cədvəli sübut növü kimi qiymətləndirmir və qeyd edir ki, sənədin məzmununa diqqət yetirildikidə bu sənədin işçinin iş vaxtının hesablanması üçün deyil, onun idarə etdiyi maşının qət etdiyi yolun miqdarına və istifadə olunan yanacağın miqdarına nəzarət etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin cədvəldə işçinin idarə etdiyi maşının səhərə olan spidometr göstəricisi, günün sonuna olan spidometr göstəricisi öz əksini tapmışdır. Eyni zamanda həmin cədvəldə gündəlik sürülən kilometrin qeyd olunduğu, doldurulan yanacağın göstərilməli olduğu, yağ dəyişdirilməsinin göstərilməli olduğu sütunlar mövcuddur və göründüyü kimi, bu cədvəllər yalnız həmin maşına texniki qulluq göstərilməsi, sürülən yol və sərf olunan yanacağa nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən, həmin cədvəlin sol yuxarı hissəsində «Bos Shelf» sözləri yazılması ilə əlaqədar tərəflərin izahatlarında göstərdikləri kimi bu iddiaçının idarə etdiyi maşının sahibi olan şirkətin adıdır. Məhkəmə hesab etmişdir ki, bu sənədin X5 şirkətinə aidiyyatı olmasa da, iddiaçı tərəfindən hər ay doldurularaq «Bos Shelf» şirkətinə verilən bu cədvəllərin əsilləri ilə məhkəməyə təqdim olunan surətləri arasında ciddi fərqlər mövcuddur. Belə ki, cədvəllərin əsillərində işçinin artıq işləməsi barəsində heç bir məlumat olmamasına baxmayaraq məhkəməyə təqdim edilmiş surətlərində işçinin özü tərəfindən iş vaxtından artıq işləməsi barəsində məlumatlar yazılmışdır. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iş vaxtından artıq iş vaxtlarının qeyd olunduğu məlumatlar gündəlik sürülən kilometrlər, doldurulan yanacaq və dəyişdirilən yağlar sütunlarında yazılmışdır, halbuki, bu cədvəllər işçinin iş vaxtının hesablanması üçün deyil maşına texniki nəzarət üçün nəzərdə tutulduğundan burada belə sütunlar mövcud deyildir. Məhkəmə həmin cədvəldə iddiaçının gün ərzində cəmi 70-120 km yol sürməsinin qeyd edilməsi ilə bağlı qeyd edir ki, bunun üçün isə ən çoxu 3-4 saat vaxt tələb olunması işçinin faktiki olaraq cəmi 3-4 saat işləməməsinə dəlalət edir ki, bu hal da iddiaçının mütəmadi olaraq hər gün iş vaxtından artıq işə cəlb olunmasına dair dəlilləri təkzib edir. Lakin iddiaçı 2019-cu ilin may ayından 2023-cü ilin noyabr ayına qədər Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialında ardıcıl və davamlı olaraq iş vaxtından əlavə işlədiyini iddia etsə belə, cavabdehlə əmək münasibətində olan 4 il müddətində artıq işləməsi ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir. Yalnız əmək müqaviləsinə xitam verildikdən sonra belə bir müraciət etmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu, 165-ci, 172-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1ci, 82-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Əmək müfəttişliyində işçinin yəni iddiaçının şiakyəti əsasında araşdırma aparılmış və müəyyən olunmuşdur ki, bəzi illərdə iddiaçının əmək məzuniyyəti və işdən çıxan zaman son haqq hesab düzgün hesablanmamışdır. İddiaçının göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmiş və iş üzrə məhkəmə mühasibatlıq və xətşunaslıq ekspertizaların təyin edilməsi barədə vəsatətlər verilsə də, məhkəmə tərəfinndən vəsatətlər əsassız olaraq rədd edilmişdir. Müvafiq ekspertizalar təyin olunsaydı işin obyektiv və ədalətli həllinə zəmin yaradardı. Məhkəmə bilərəkdən bunu etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə nümayəndəinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin «e» bəndinə əsasən işçinin hüququ vardır ki, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etsin. 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxtda görülən işə görə əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin qeyd hissəsinə əsasən həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; e) Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, mütəxəssisin аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Hazırki işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023cü il tarixədək Böyük Britaniyanın «X5 Services LTD» Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, ona əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilmədiyinə görə, yəni, şənbə günləri və iş vaxtından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etmiş, imtina aldıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət edərək əmək haqqına görə 68.166 manat, əmək haqqının gecikdirilməsinə görə 27.567 manat və vurulmuş mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 105.733 manat pul vəsaitinin onun xeyrinə tutulmasını iddia etmişdir.
31. İddiaçı iddia ərizəsində qeyd etdiklərinə görə onunla əmək müqaviləsi bağlanarkən gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmaqla beş günlük iş həftəsi müəyyən olunsa da, o işlədiyi bütün müddət ərzində hər həftənin şənbə günü işləmiş, həmçinin də gündə 8 saat işləməli olduğu halda bundan xeyli çox saatlar işlədiyindən 8 saatdan artıq olan saatlara görə ona əlavə əmək haqqı ödənilməmişdir.
32. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.8-ci bəndinə əsasən işçi gündə 8 saatdan və həftədə 40 saatdan artıq olmayaraq işləyir. 4.9-cu bəndinə əsasən əsas iş vaxtı vəzifə təlimatına əsasən müəyyən olunur. 4.10-cu bəndinə əsasən istirahət günləri vəzifə təlimatına əsasən müəyyən olunur. İddiaçı tərəfindən imzalanmış vəzifə təlimatına əsasən gündəlik iş saatları 6 saat 40 dəqiqə, həmçinin istirahət günü həftədə bir gün müəyyən olunmuşdur.
33. Göründüyü kimi iddiaçı şənbə günlərinin qeyri-iş günü olduğunu, lakin həmin günlərdə işlədiyini iddia etməklə şənbə günləri üçün əlavə ödəniş tələb etsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən istirahət günü həflədə bir gün müəyyən edilmişdir. Yəni, həftənin şənbə günü iş günü kimi müəyyən edilmişdir. Buna görə də, şənbə günü qeyri-iş günü olmadığından həmin gün işlədiyinə görə iddiaçının əlavə əmək haqqı tələb etməsi əsassızdır.
34. İddiaçının iddiasının əsaslı olmasına dair təqdim etdiyi yeganə sənəd olan, yalnız öz imzası ilə təsdiq edilmiş cədvəli sübut növü kimi qiymətləndirmir və qeyd edir ki, sənədin məzmununa diqqət yetirildikidə bu sənədin işçinin iş vaxtının hesablanması üçün deyil, onun idarə etdiyi maşının qət etdiyi yolun miqdarına və istifadə olunan yanacağın miqdarına nəzarət etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin cədvəldə işçinin idarə etdiyi maşının səhərə olan spidometr göstəricisi, günün sonuna olan spidometr göstəricisi öz əksini tapmışdır. Eyni zamanda həmin cədvəldə gündəlik sürülən kilometrin qeyd olunduğu, doldurulan yanacağın göstərilməli olduğu, yağ dəyişdirilməsinin göstərilməli olduğu sütunlar mövcuddur və göründüyü kimi, bu cədvəllər yalnız həmin maşına texniki qulluq göstərilməsi, sürülən yol və sərf olunan yanacağa nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
35. Digər tərəfdən, həmin cədvəlin sol yuxarı hissəsində «Bos Shelf» sözləri yazılması ilə əlaqədar tərəflərin izahatlarında göstərdikləri kimi bu iddiaçının idarə etdiyi maşının sahibi olan şirkətin adıdır.
36. Bu sənədin X5 şirkətinə aidiyyatı olmasa da, iddiaçı tərəfindən hər ay doldurularaq «Bos Shelf» şirkətinə verilən bu cədvəllərin əsilləri ilə məhkəməyə təqdim olunan surətləri arasında ciddi fərqlər mövcuddur.
37. Belə ki, cədvəllərin əsillərində işçinin artıq işləməsi barəsində heç bir məlumat olmamasına baxmayaraq məhkəməyə təqdim edilmiş surətlərində işçinin özü tərəfindən iş vaxtından artıq işləməsi barəsində məlumatlar yazılmışdır.
38. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iş vaxtından artıq iş vaxtlarının qeyd olunduğu məlumatlar gündəlik sürülən kilometrlər, doldurulan yanacaq və dəyişdirilən yağlar sütunlarında yazılmışdır, halbuki, bu cədvəllər işçinin iş vaxtının hesablanması üçün deyil maşına texniki nəzarət üçün nəzərdə tutulduğundan burada belə sütunlar mövcud deyildir.
39. Məhkəmə həmin cədvəldə iddiaçının gün ərzində cəmi 70-120 km yol sürməsinin qeyd edilməsi ilə bağlı qeyd edir ki, bunun üçün isə ən çoxu 3-4 saat vaxt tələb olunması işçinin faktiki olaraq cəmi 3-4 saat işləməməsinə dəlalət edir ki, bu hal da iddiaçının mütəmadi olaraq hər gün iş vaxtından artıq işə cəlb olunmasına dair dəlilləri təkzib edir.
40. Həmçinin iş materiallarında olan ödəniş qəbzlərində bəzilərində «Signed as received and correct» («Alıb, düz olduğunu imzam ilə təsdiqləyirəm») qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunması, bəzilərində isə İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasına dair ekspertiza rəyinə də qiymət verərək hesab edir ki, bu halın mövcudluğu hazırki qaldırılmış iddianın əsaslı olmasına hüquqi təsir göstərmir. Belə ki, rəydən də göründüyü kimi, qəbzlərin əksəriyyətində imzalar iddiaçıya aiddir. Həmçinin məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçının hazırki tələbi işlədiyi dövrdə iş vaxtı üzrə verilmədiyi əmək haqqı deyil, iş vaxtından artıq işlədiyi və ödənilmədiyi əmək haqqı barədədir.
41. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı iş vaxtından əlavə olaraq əməyə cəlb edilməmiş, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq olmamış, gündə 6 saat 40 dəqiqə, həftədə isə 40 saatdan çox olmayaraq həftədə 6 gün işləmişdir. Beləliklə də, cavabdeh tərəfindən qanunvericiliyin bununla bağlı heç bir tələbi pozulmamışdır.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və yuxarıda qeyd edilənlərə əsasən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-242/2025 nömrəli 04 mart 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.