Məhkəmə qərarları › İş №2(103)-3099/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3099/2021

07.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3099/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X8 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh X3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 saylı X12 (X4, X1 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş 11.000 manat birdəfəlik ödəmənin verilməsinə dair cavabdeh Bakı şəhəri 16 saylı X13 notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin Fərmanla müəyyən edilmiş oğlu Nəriman Allahverdiyevin şəhid olmasına görə verilən 11.000 manat birdəfəlik ödəməyə dair onun payının müəyyən edilməsi, həmin ödəmənin vərəsələr arasında bərabər bölünməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 manat xidmət haqqının və məhkəməyə ödədiyi 10 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan tələbini dəqiqləşdirərək, onun ¼ tələbini 11.000 manata dair müəyyən edərək yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 16 saylı Notariat Ofisinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, oğlu Nəriman Allahverdiyev xx.xx.1994-cu ildə şəhid olduqdan sonra anası kimi iddiaçı və arvadı Cavabdeh1 şəhid ailəsi kimi tanınmış və şəhid ailələri üçün müəyyən olunmuş müavinətin yarısı ona, yarısı arvadına ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanından göründüyü kimi, 11.000 manat birdəfəlik ödəmənin müharibədə həlak olmuş hərbi qulluqçuların Mülki Məcəlləyə əsasən müəyyən edilən vərəsələrinə ödənilməsi qərara alınmışdır. O isə, oğlu N.Allahverdiyevə münasibətdə nə vərəsəlik hüququndan, nə də şəhid ailəsi olmaq huququndan məhrum edilməmişdir. Oğlu xx.xx.1994-cu ildə şəhid olduqdan sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 42 saylı evin 20 saylı mənzilinə dair vərəsəliyi qəbul etməməsi və 1994-cü ildə yalnız Cavabdeh1 vərəsə kimi tanınması isə dövlət tərəfindən şəhid ailələrinə verilən 11.000 manat bir dəfəlik ödəmədən məhrum edilməsinə əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh Nubarcan Allahverdiyev və üçüncü şəxs Atatürk Allaverdiyev ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, Nəriman Allahverdiyev xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur, atası Məhərrəm Allahverdiyev, anası isə İddiaçıdır. Nəriman Allahverdiyev, xx.xx.1990-cı ildə ilə Cavabdeh1 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.1990-cu ildə Təvəkkül Allahverdiyev və xx.xx.1992-ci ildə isə Atatürk Allahverdiyev adlı uşaqları doğulmuşdur. Nəriman Allahverdiyev, xx.xx.1994-cü il tarixdə Füzuli bölgəsində Aşağı Seyidəhmədli kəndi uğrunda gedən vuruşmalarda həlak olmuşdur. Bakı şəhəri 16 saylı X14 tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 mərhumun vərəsəsi tanınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının 1ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Fərmanın 2-ci bəndində isə vurğulanır ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəkil Nümayəndə sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan Fərmana uyğun olaraq Bakı şəhəri 16 saylı X13 vərəsəlik haqqında arayşı əsasında şəhid X2 vərəsəsi Cavabdeh1 birdəfəlik ödəmə həyata keçirilmişdir. Hazırda iddiaçı, şəhid Nəriman Allahverdiyevin anası kimi vərəsəsi olduğunu, bu səbəbdən də onun ölümünə görə verilən 11.000 manat müavinə pay hüququnun olduğunu bildirərək, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və ona ¼ paya vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontorunun üzərinə qoyulmasını tələb edir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci və 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş və eyni zamanda vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1257-ci, 1272-ci və 1273-1-ci maddələrinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, o, mirasdan imtina etmiş hesab edilir. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi, qanunverici, vərəsənin miras əmlakı qəbul etməsinin yol verilənliyini altı aylıq müddətlə məhdudlaşdırmışdır ki, yalnız həmin müddət keçdikdən sonra mirasın qəbuluna, eyni zamanda hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Hazırkı işdən mübahisəsiz qaydada müəyyən olunur ki, mirasqoyan Nəriman Allahverdiyev xx.xx.1994-cü il tarixdə ölmüş və bundan sonra arvadı Cavabdeh1 xx.xx.1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və anası Zehra Allahverdiyeva mirasdan imtina etmişdir. Belə olan halda, Kollegiya mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini bu işin hallarına tətbiq edərək, hesab edir ki, iddiaçı oğlu Nəriman Allahverdiyevin ölümündən sonra açılmış vərəsəlik işi üzrə mirası qəbul etməkdən faktiki imtina etdiyindən, miras qoyana münasibətdə ümumilikdə mirasdan imtina etmiş sayılır. Ona görə də, oğlu N.Allahverdiyevin ölümündən sonra verilmiş birdəfəlik müavinətə iddia etməsinin heç bir hüquqi əsası yoxdur. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X5 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-707/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar