Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3100/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vəsiyyətnamə, mirasda məcburi pay, vərəsəlik şəhadətnaməsi, preyudisiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (həyat yoldaşı) X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakda məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 məxsus olmuş, Azər Rəhmanov xx.xx.2012-ci il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə həmin evdə 2 otaq, mətbəx və şüşəbəndin yarı hissəsini oğlu Azər Rəhmanova, 2 otaq və şüşəbəndin yarı hissəsini qızı Cavabdeh2 vəsiyyət etmişdir.
2. Azər Rəhmanov xx.xx.2013-cü il tarixdə vəfat etmiş, vəfat etdiyi zaman onun qanun üzrə birinci dərəcədən 5 vərəsəsi – övladları Cavabdeh1, Cavabdeh2, İddiaçı və Nərminə Babayeva, habelə həyat yoldaşı Şirinbacı Cəlilova – olmuşdur.
3. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
4. Cavabdeh1 və Cavabdeh2 İddiaçı və X5 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi” tələbləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ataları X7 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi 92 saylı evə dair mirası qəbul etmələri faktının müəyyən edilməsi, həmin evə Cavabdeh1 ½, Cavabdeh2 ½ hissədə paylarının müəyyən edilməsi qət olunmuşdur.
5. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Azər Rəhmanovun vərəsələrindən Nərminə Babayeva və İddiaçı mirasın açıldığını bildikləri halda onu nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər.
6. Qeyd olunan qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu tərəfindən Arif və Şəlalət Rəhmanov(a)lara evə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.
7. Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və 0,04152 ha torpaq sahəsindən ona düşən hissəsini xx.xx.2021-ci il tarixli “miras payın bağışlanması müqaviləsi” əsasında Cavabdeh1 bağışlamışdır.
8. ünvan 2 ünvanında yerləşən ev tam payla xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, atası X6 miras qalmış Mərdəkan qəsəbəsi, 28 may küçəsi ev 92 ünvanında yerləşən miras mülkdən məcburi payının müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi atası Azər Rəhmanovun mülkiyyətində olmuş, atası 06 dekabr 2013-cü il tarixdə vəfat etmiş, ömrünün sonuna kimi həmin evdə yaşamışdır. O da əvvəllər sözügedən evdə yaşamış və ata yurdu olaraq anası sağ ikən evə gedib-gəlmişdir, anası dünyasını dəyişdikdən sonra isə cavabdehlərlə aralarında narazılıq olduğundan ata yurduna az getmişdir. Atasının qanun üzrə vərəsəsidir, uşaqlıqdan üçüncü qrup əlildir. Xəzər Rayon Məhkəməsinə cavabdeh kimi çağırıldıqdan sonra bilmişdir ki, atası dünyasını dəyişməzdən əvvəl vəsiyyətnamə yazmış və guya evi cavabdehlərə vəsiyyət etmişdir, amma bu vəsiyyətnaməni o hələ də görməmişdir. Məhkəmədə cavabdehlər tərəfindən miras payın onların xeyrinə ½ hissədə mülkiyyət hüquqlarının tanınması barədə iddia qaldırıldıqdan sonra bu məsələlər ona məlum olmuşdur. Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin ½ hissədə payları müəyyən olunmuş, qərtnamədən narazı qaldığı üçün apellyasıya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hesab edir ki, qanun üzrə vərəsə olduğu mülk üzərində edilmiş belə əməliyyatlar qanunsuz və əsassızdır, belə ki, o qanun üzrə vərəsədir, atası X6 miras qalmış əmlakdan onun məcburi payı ayrılaraq adına sənədləşdirilməlidir.
11. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında bildirmişlər ki, onlar 4 uşaq olublar, mərhum ataları İddiaçı bütün mülkünü onlara vəsiyyət etmiş, bacıları Nərminə öz payından imtina etmişdir.
12. Məhkəmənin 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. Mübahisəli əmlak olan ünvan 3 iddiaçının mərhum atası X7 adına dövlət qeydiyyatından keçib. X12 xx.xx.2013-cü il tarixdə ölmüş, mülkiyyətində olan əmlakı vəsiyyətnamə əsasında Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmiş, sonuncu da öz payını qardaşı Cavabdeh1 bağışlamışdır və hal-hazırda həmin əmlak onun adına dövlət qeydiyyatına alınmışdır. 13.2. Mərhumun digər övladı X4 məcburi pay hüququnun müəyyən olunmasına dair iddiası yoxdur, o qardaş və bacısının xeyrinə payından imtina etmişdir. 13.3. Həmçinin cavabdehlər miras əmlakı faktiki qəbul etmişlər, işin mübahisəsiz halıdır ki, cavabdehlər həmin mülkdə hal-hazırda da yaşayırlar. 13.4. Hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. 13.5. Göründüyü kimi, cavabdehlər qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmişlər. 13.6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı da mirasın açıldığını bildiyi halda qanunla müəyyən edilmiş müddətədə notariat orqanına müraciət etməmiş, o cümlədən həmin miras əmlak olan evdə yaşamamaqla mirası faktiki olaraq da qəbul etməmişdir. Cavabdehlər isə miras əmlak olan evdə daimi olaraq yaşamaqla miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başmışlar, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda həmin miras əmlak miras qoyan X10 tərəfindən Cavabdeh2 və Cavabdeh1 vəsiyyət edilmişdir. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməklə işin mübahissləndiriliməyən halıdır. 13.7. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi fərdi evin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən iddia təmin edilməməlidir.
14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1151.1-ci, 1151.2-ci, 1246-cı, 1248.1-ci, “Notariat haqqında” Qanunun 17-ci, 57-ci və 58ci maddələrinə istinad etmişdir.
15. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeləri nəzərə almadığını, əsassız olaraq onun miras əmlakı qəbul etmək üçün müəyyənləşdirilmiş müddəti ötürdüyü qənaətinə gəldiyini, ətraflı əraşdırma aparmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.
18. Məhkəmə iclasında iştirak edən cavabdehlər şikayətin əsassız olduğunu, iddiaçının miras əmlakı qəbul etmədiyini, atalarının ona ayrıca ev alıb verdiyini, hazırda da həmin evdə yaşadığını bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
19. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
26. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
29. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
30. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
31. Maddə 1177. Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.
32. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
33. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
34. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
35. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
36. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
37. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
38. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
41. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
42. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
43. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
44. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
46. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
50. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
58. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
59. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
60. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
61. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mərhum atasından miras qalmış və miras qoyan tərəfindən cavabdehlərə vəsiyyət olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə məcburi pay hüququ olsa da, notarius tərəfindən həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi verilərkən müvafiq hüququ nəzərə alınmamış, beləliklə də hüquqları pozulmuşdur.
62. Qeyd olunmalıdır ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin) qanunla məhdudlaşdırılmasıdır.
63. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
64. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
65. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
66. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.
67. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında “mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi” qiymətləndirmişdir.
68. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.
69. Lakin bu zaman nəzərə alınmalıdır ki, mülki qanunvericilik məcburi payın qəbul edilməsinin və ya ondan imtina olunmasının da mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli olduğunu təsbit etmişdir (§ 37).
70. Yuxarıda qeyd olunduğu kimi (§ 5), İddiaçı mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etmədiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.
71. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 50,53) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
72. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2019-cu il il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
73. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
74. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anasına münasibətdə də məcburi payının olmadığı qəbul edilməlidir; belə ki, X3 vəfat etdiyi tarixədək mübahisəsi gedən miras evdə yaşasa da, özünün məcburi payını tələb etmədiyindən, vəfat etdiyi zaman həmin ev ondan miras qalmış əmlak statusunda olmamışdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-307/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov