Məhkəmə qərarları › İş №2(103)-3100/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3100/2024

21.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3100/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Malik oğluna qarşı “özbaşına tikintilərin sökülməsi, binanın yan hissəsində açılmış qapı yerinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Malik oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının ərazisində cavabdehlərə məxsus olan qanunsuz tikilmiş özbaşına tikililərin sökülərək tam şəkildə ərazidən çıxarılması və Cavabdeh2 Malik oğlu tərəfindən binanın yan hissəsində açılmış qapı yerinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsində 2 mərtəbəli, çoxmənzilli, bir girişli 44 nömrəli yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binanın 7 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi Cavabdeh1dır. Binanın ərazisində Cavabdeh1 məxsus olduğunu iddia etdiyi özbaşına tikinti işləri müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Sakinlərin müraciətinə əsasən də həmin tikinti istifadə olunmur və təhlükə, antisanitariya və digər pozuntu hallarının yaranma mənbəyidir və həmin tikilinin sökülməsini tələb edirlər. Eyni zamanda, nə Cavabdeh1, nə də digər şəxslər həmin ünvanda mənzildə uzun illərdir ki, yaşamırlar və istifadə etmirlər. Yaşayış olmadığından mənzilin qaz təchizatı da uzun müddət dayandırılmışdır. Binanın 3 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi Cavabdeh2 Malik oğludur. Binanın ərazisində Cavabdeh2 Malik oğluna məxsus olduğunu iddia etdiyi özbaşına tikinti və hasarlama işləri, həmçinin binanın yan hissəsində qapı yerinin açılması müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Həmçinin cavabdehlər olan qonşular arasında qarşılıqlı mübahisə vardır. Belə ki, Cavabdeh1 tələbi Cavabdeh2 Malik oğluna məxsus qanunsuz tikililərin, Cavabdeh2 Malik oğlunun tələbi isə X6 məxsus qanunsuz tikililərin sökülməsidir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının həyətyanı sahəsində cavabdehlər X6 və Cavabdeh2 Malik oğluna məxsus olan tikililərin onlar tərəfindən sökülərək ərazidən çıxarılmaları, Bakı şəhəri, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının yan hissəsində Cavabdeh2 Malik oğlu tərəfindən açılmış qapı yerinin əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manatın cavabdehlər X7 və Cavabdeh2 Malik oğlundan tutulub X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Z.Əlizadənin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatlı yaşayır. 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 Malik oğlu ünvan 2 ünvanında qeydiyyatlı yaşayır. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Pirallahı qəsəbəsi, Yavər Əliyev (keçmiş Əzizbəyov) küçəsi, 44 nömrəli yaşayış binasının 7 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi Cavabdeh1dır. Binanın ərazisində Z.Əlizadəyə məxsus olduğunu iddia etdiyi özbaşına tikinti işləri müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Sakinlərin müraciətinə əsasən də həmin tikinti istifadə olunmur və təhlükə, antisanitariya və digər pozuntu hallarının yaranma mənbəyidir. Eyni zamanda, nə cavabdeh, nə də digər şəxslər həmin ünvanda uzun illərdir yaşamırlar və istifadə etmirlər. Yaşayış olmadığından mənzilin qaz təchizatı da uzun müddət dayandırılmışdır. Binanın 3 nömrəli mənzili 3 yaşayış otağından və müvafiq köməkçi sahələrdən ibarətdir. Həmin mənzilin sahibi Cavabdeh2 Malik oğludur. Binanın ərazisində Cavabdeh2 Malik oğluna məxsus olduğunu iddia etdiyi özbaşına tikinti və hasarlama işləri, həmçinin binanın yan hissəsində qapı yerinin açılması müəyyən vaxtlarda qanunsuz olaraq aparılmışdır. Həmçinin, cavabdehlər qonşular arasında qarşılıqlı mübahisə vardır. Belə ki, X5 tələbi Cavabdeh2 Malik oğluna məxsus qanunsuz tikililərin, Cavabdeh2 Malik oğlunun tələbi isə X6 məxsus qanunsuz tikililərin sökülməsidir. Həmin qanunsuz tikilmiş özbaşına tikililərin sökülərək tam şəkildə ərazidən çıxarılması və binanın yan hissəsində açılmış qapı yerinin əvvəlki vəziyyətə qaytarılması təklif olunur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 152 saylı sərəncamına əsasən Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmışdır. Həmin sərəncama əlavə edilmiş təhvil-təslim aktına əsasən 3 saylı XT MKTB-nin balansında olan Pirallahı qəsəbəsində 153 saylı MKİS-in xidməti ərazi dairəsinə daxil olan yaşayış, qeyri-yaşayış, digər vəsaitlərin siyahısı və s. Pirallahı MKTB-nə təhvil verilmişdir. Məhkəmə ekspertizasının xx.xx.2023 tarixli 10/3060 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan, 2 mərtəbədən ibarət yaşayış binasının ön hissəsində ölçüləri 4.4 metr x 3.6 metr olmaqla mişar daşından inşa edilmiş tikilinin mövcud olduğu, həmçinin qeyd olunan yaşayış binasının girişə nisbətdə sol hissəsində əlavə olaraq giriş-çıxış qapısının açıldığı müəyyən olunur. Lakin qeyd olunan tikinti-quraşdırma işlərinin qanunsuz olubolmamasının müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizası çərçivəsində həll olunan məsələlər dairəsinə aid deyildir. Azərbaycan Respublikasının Fövqəlarə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-11269/2023 nömrəli məktubundan görünür ki, iş həcminin böyük olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X4 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün mütəxəssis ayrılması imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Məcllənin 95.2-ci maddəsinə görə Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 95.3-cü maddəsinə görə Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məcəllənin 95.3-1-ci maddəsinə görə Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 95.4-cü maddəsinə görə Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. Məcəllənin 95.5-ci maddəsinə görə sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarda göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Qərarın 10.3-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4-cü bəndinə görə ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qanunvercilik müddəalarından görünür ki, müvafiq iddia tələbini irəli sürmək səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmişdir və həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-7/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah olunsun ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilər. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar