Məhkəmə qərarları › İş №2(103)-3101/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3101/2023

08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3101/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-581/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı aid olan abonentin saldosundan və Gasrep proqramından çıxarışda verilən qaz xətti üzrə **********02080 sayla qeydiyyata alınmış abonent koduna 798,5 manat qaz sərfiyyatına görə borc mövcuddur.

2. xx.xx.2022-ci il tarixli yanğın haqqında akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları ünvanında yerləşən fərdi evdə xx.xx.2022-ci il tarixdə yanğın baş vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 798,5 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, Cavabdeh tərəfindən onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları ünvanında yerləşən fərdi evə (abonent kodu **********02080) əsassız olaraq 2021-ci ilin dekabr ayına 798,5 manat borc yazılmışdır. Cavabdeh əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və həmin qaz sayğacına kənar müdaxilə olduğu bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və müdaxilə edilməsi barədə xəbəri olmamışdır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-581/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********02080) hesablanmış 798,5 (yeddi yüz doxsan səkkiz manat, əlli qəpik) manat borcun silinməsi və 30,0 (otuz) manatın cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 798,5 manat məbləğində borc dəyəri iddiaçıdan tələb edilmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 798,5 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edərək göstərir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Abonent yəni iddiaçı əslində təbii qazdan istifadə edərək yaranmış borcu bu günə qədər ödəməyib. Məhkəmə bu halları nəzərə almayaraq iddianın təmin olunmasına dair qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə evində baş vermiş yanğına dair akt təqdim etmiş, məhkəmə isə bunun müqabilində iddianı təmin etmişdir. Baş vermiş hər hansı yanğın abonent sərf etdiyi qazın pulunu ödəməkdən azad etməməyinə baxmayaraq məhkəmə qətnaməsi ilə iddiaçını bu vəzifədən nədənsə əsassız olaraq azad etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.

22. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində aktların qanunvericiliyin tələblərinə uyğun hazırlandığı, bir nüsxəsi abonentə təqdim edildiyi, abonentin həmin aktları imza etməkdən imtina etdiyini, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcudluğunu göstərsə də buna dair iş materialında hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.

23. Sayğac üzrə saldo cavabdeh tərəfindən tərtib olunub, onda hansısa məbləğin göstərilməsi hələ onun həqiqi olması demək deyildir. İşdə hansısa fotoşəkil yaxud qanunsuz qoşulmanı təsdiq edən aktlar da mövcud deyildir. Ona görə də cavabdeh məhkəmənin konkret hansı sübutu nəzərə almalı olduğunu göstərməli və həmin sübutu təqdim etməli idi. İddiaçı tərəfindən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlərin məhkəməyə təqdim edilməməsi dəlili də açıq-aşkar əsassız hesab olunur. Çünki, iddiaçının qanunsuz qoşulmamasını sübut etmək vəzifəsi yoxdur. Qanunsuz qoşulma olmuşdursa, bunu cavabdeh sübuta yetirməli idi. Göründüyü kimi, cavabdehin bu dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.

24. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək də mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə cavabdehə zərər vurması da inandırıcı və ağlabatan görünmür. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir.

25. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 581/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-581/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar