Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3102/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (Bank "xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: sığorta ödənişinin verilməsi və zərərin ödənilməsi X2 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndələri İsmayılova Leili və X12 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (Bank "xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sığorta ödənişinin verilməsi və zərərin ödənilməsi” tələbinə iddia mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-625/2025 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə X16 arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 45.000 manat məbləğində ipoteka krediti götürülmüş, daha sonra müvafiq ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC ilə X16 arasında xx.xx.2016-cı il tarixdə MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanmış və xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalan X16 həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. xx.xx.2016-cı il tarixli, MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” X1 tərəfindən imzalanmamış, həmin Şəhadətnamə üzrə aylıq nəzərdə tutulmuş sığorta haqqları ödənilərək, qeyd edilən müqavilə üzrə iradə ifadəsi bəyan edilmişdir. X16 xx.xx.2023-cü il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı xəstəliyindən ölmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş hadisə üzrə onun öhdəliyinin yaranmadığına istinad edərək, xx.xx.2023-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina etmişdir. 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək cəmi 6.736,86 manat kredit ödənişi edilmişdir. “Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən "xxxx" ASC ilə X16 arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən ipoteka krediti üzrə ümumi borcu 30.161,25 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (Bank "xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun mərhum əri X16 ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, MLİ-ZB-0000820 saylı “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsinin şərtlərinə uyğun olararaq ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixə 30.567,88 manat kredit borcunun əvəzinin cavabdehdən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, habelə sığorta hadisəsindən sonra onun tərəfindən ödəniş cəvəlinə əsasən banka ödənilən 5.565 manat pulun və 198,40 manat dövlət rüsumunun, ümumilikdə 5.763,40 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək, onunla əsaslandırmışdır ki, cavabdeh öz şəxsi mülahizələrini bildirirək sığorta ödənişi verilməsindən imtina etmiş və imtina məktubunda qeyd etmişdir ki, guya onun qəsdən yalnış məlumat verməsi nəticəsində sığorta şirkəti riski qiymətləndirə bilməmiş, həmçinin sığorta hadisəsinin səbəblərini, dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Lakin baş vermiş hadisə üzrə öhdəliyinin yaranmamasına istinad etdiyi halları sübut edən hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən verilən xx.xx.2023-cü il tarixli Ölüm haqqında tibbi şəhadətnaməsindən görünür ki, onun mərhum ərinin ipoteka və kredit müqavilələrinin bağladığı müddətdə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətindən itirilməsi hallarından sığortası” Qaydaların 4.3. bəndində göstərilmiş hər hansı xəstəliyi mövcud olmamışdır.
4. Cavabdeh Sığorta Şirkəti ASC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X16 arasında xx.xx.2016-cə il tarixli, MLİ-BTB-M-0000820 nömrəli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası müqaviləsi bağlanmış və həmin müqavilə üzrə ağır xroniki xəstəliklər istisna olmaqla bütün növ xəstəliklər və onların nəticələri səbəbindən ölüm və 1-ci qrup əlilliyə təminat verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2023-cü il tarixində kəskin və yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. Sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər Poliklinikasına tərəflərindən xx.xx.2023-cü il tarixli, 0332-23 nömrəli məktub göndərilmişdir. X7 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixdə laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin xəstəxanada stasionar müalicə almış, ona “HCY-yə bağlı qaraciyər sirrozu. Dekompensasiya mərhələsi” diaqnozu qoyulmuşdur. Müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Həmin Poliklinika tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 145 saylı məktuba əlavə olunan X26 tərəfindən verilən patohistoloji istək formasından görünür ki, H.Hüseynova xx.xx.2014-cü il tarixdə “kəskin daşlı xolesistit, qaraciyər postnekrotik sirroz (Hepatit C)” diaqnozu qoyulmuşdur. Həmçinin, X7 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixdə laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həmin xəstəxanada stasionar müalicə almış, müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Bundan başqa ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, H.Hüseynov kəskin və ya yarımkəskin qaraciyər çatmazlığından vəfat etmişdir. Göründüyü kimi, H.Hüseynovun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi xx.xx.2016-cı il tarixli, MLİ-ZB0000820 nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf edir. H.Hüseynov xx.xx.2016-cı il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, həyat sığortası üzrə tibbi məlumatda göstərilənlər bəyan olunmamışdır. Halbuki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X16 arasında bağlanan xx.xx.2016-cı il tarixli, MLİ-ZB- 0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman H.Hüseynov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Qeyd edilənləri nəzərə alınması və iddianın təmin edilməməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 625/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, MLİ-ZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən 30.161,25 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Bank "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, Cavabdeh Sığorta Şirkəti ASC-dən 5.565 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198,40 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X13).
6. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə mərhum X16 tərəfindən doldurulmuş həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim edilməmişdir. Həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavədən (tibbi məlumat) görünür ki, həmin blankda həyat sığortası üzrə ərizə ilə müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklər sadalanmışdır. X6 tərəfindən belə bir blank doldurulmamışdır. Cavabdeh Sığorta Şirkəti ASC mövcud faktı təkzib edə biləcək blankı təqdim edə bilməmişdir. Cavabdeh Sığorta Şirkəti ASC o halda sığorta ödənişi ödəməkdən imtina edə bilərdi ki, X16 tərəfindən həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı olan blankda onun tərəfindən yanlış məlumatlar qeyd edilərdi. Həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavədən (tibbi məlumat) görünür ki, hər bir variantın qarşısında bəli, xeyr xanaları vardır. Mövcud blankın doldurulmaması şəxsdə müvafiq bəndlərdə qeyd edilənlərin olmamasına dair onun iradə ifadəsi kimi qiymətləndirilə bilməz. X3 mövcud blankın “c” bəndində göstərilən xəstəliyin yəni hepatit xəstəliyinin qarşısındakı xeyr xanasını qeyd etsə idi, bu həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış məlumatın təqdim olunması kimi qiymətləndirilə bilər və sığorta ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilərdi. Lakin hazırki halda mövcud vəziyyət onu deməyə əsas verir ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) X14 təqdim olunmamış və nəticədə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunmasının sığorta hadisəsi baş verən zaman sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas ola biləcəyi izah olunmamışdır. Hazırki halda X16 tərəfindən sığorta müqaviləsi bağlanan zaman həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunması öz təsdiqini tapmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsindən imtina edilə bilməz. Belə ki, müvafiq blankın doldurulmaması orada qeyd edilən xəstəliklərin heç birinin X10 olmamasına dair X11 iradə ifadəsi kimi qəbul edilməməli, əksinə həmin blankın doldurulmamasının riskini Cavabdeh Sığorta Şirkəti ASC özü daşımalı və hazırki halda sığorta ödənişini həyata keçirməlidir. Cavabdeh Sığorta Şirkəti ASC həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) doldurulmadığı halda sığorta müqaviləsini bağlamaqdan imtina edə bilərdi. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırki halda həyat sığortası müqaviləsi bağlanması ilə bağlı müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərə dair məlumatların təqdim edilməsinə dair prosedur qaydasına əməl olunmamasının riskini sığortalı deyil, sığortaçı daşımalıdır.
7. Məhkəmə kredit borcunun əvəzi olaraq ödənilməli məbləğ münasibətdə qeyd etmişdir ki, qalıq borc üzrə sığorta ödənişi iddiaçının öz iddia ərizəsində qeyd etdiyi 30.567,88 manat məbləğində deyil, 30.161,25 manat məbləğində həyata keçirilməlidir. İş materiallarında olan Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, "xxxx" ASC ilə X16 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 45.000 manat məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. X11 xx.xx.2025-ci il tarixə həmin ipoteka krediti üzrə ümumi borcu 30.161,25 manat təşkil edir. Bu baxımdan sığorta ödənişinin bank tərəfdən təqdim edilmiş arayışa əsasən sığortaçı tərəfindən banka ödənilməsi qanuni və əsaslıdır.
8. Məhkəmə iddiaçının banka ödədiyi pulun əvəzinin cavabdehdən alınmasına münasibətdə qeyd etmişdir ki, mərhum X16 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra onun vərəsəsi kimi hazırki iş üzrə İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək cəmi 6.736,86 manat kredit ödənişi edilmişdir. Sözügedən məbləğ də Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən MLİ- ZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan sığorta ödənişinin məbləğinə daxil olsa da, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi etməkdən əsassız olaraq imtina edildiyindən mərhum X11 vərəsəsi İddiaçı tərəfindən məhkəməyə müraciət edənədək banka ödənilmiş və heç bir gecikmə edilməmişdir. Bu baxımdan iddiaçı eyni zamanda həmin ödənişin də cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə bir məsələni qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin məbləğ iddia tələbi həcmində tutulmalı, yəni Cavabdeh Sığorta Şirkəti ASC-dən 5.565 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
9. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini münasibətdə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198,40 manat pul da Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 883-885-ci, 901-ci, 914-cü, 922-ci, 926-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi X17 xx.xx.2024-cü il tarixli, 20/4 saylı Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın 5-7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Sığorta Şirkəti ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan X26 tərəfindən verilən patohistoloji istək formasında sığortalı H.Hüseynovun sığorta müqaviləsi bağlanmamışdan öncə “qaraciyər postnekrotik sirroz (Hepatit C) diaqnozuyəni xroniki xəstəlik” diaqnozu qoyulması öz təsdiqini tapmasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi həmin sübuta hüquqi qiymət verməmiş, sığortalıya sorğu-anket formasının verilməməsini əsas gətirməklə qeyd edilən maddi hüquq normalarını tətbiq etməmişdir. Sığortalı Hepatit C xəstəliyini sığortaçıdan gizlətməklə xəstəliyi barədə məlumat verilməsində tam təqsirli olmuş, nəticə etibarilə cavabdehin ödənişdən imtinası sığorta qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına düzgün münasibət bildirməmiş, mərhum sığortalı H.Hüseynovun xəstəliyi ilə bağlı iradə ifadəsinin təsdiqini yalnız həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavənin (tibbi məlumat) doldurulmasının zəruriliyi ilə əlaqələndirməyə çalışmışdır. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, MLİ-ZB-0000820saylı sığorta şəhadətnaməsinin bağlanması və sığortalı H.Hüseynovun vəfat etdiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi X17 xx.xx.2014-cü il tarixli, Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” qüvvədə olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə həmin vaxt qüvvədə olmayan Azərbaycan Respublikası Mərkəzi X17xx.xx.2024-cü il tarixli, 20/4 saylı Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın 7.2-ci bəndini tətbiq etmişdir. Halbuki məhkəmənin əsaslandırmasında istinad etdiyi sözügedən Qaydanın 7.2ci bəndində qeyd olunan müddəalar 2014-cü il tarixli, Q-21 saylı Qaydalarda mövcud olmamışdır. Sığorta müqaviləsi bağlanarkən sığorta riski hazırda qüvvədən düşmüş xx.xx.2014-cü il tarixli, Q-21 saylı Qərarla təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na əsasən müəyyən edilmiş və həmin risklərə müvafiq olaraq sığorta haqqı nəzərdə tutumuşdur. Sığortalı H.Hüseynov sığorta haqqını ödəməklə (sığorta haqlarının ödənilməsi barədə cədvəl iş materiallarına əlavə edilib) həm sığorta şəhadətnaməsinin şərtlərini (xroniki xəstəliklərdən ölümün sığorta təminatına alınmadığını), həm də “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” ilə tanış olduğunu təsdiq etmişdir. Həmin Qaydalara əsasən sığortalı müqavilə bağlanarkən müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Sığorta müqaviləsi bağlanmamışdan öncə H.Hüseynova “qaraciyər postnekrotik sirroz (Hepatit C)” diaqnozu - yəni xroniki xəstəlik diaqnozu qoyulduğundan və həmin xəstəliyinin bilavasitə nəticəsi olaraq kəskin və yarımkəskin qaraciyər çatışmazlığı yarandığından H.Hüseynov həmin xəstəlikdən vəfat etmiş və beləliklə cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi H.Hüseynovun ölümünə səbəb olan xəstəliyin xroniki xəstəlik olub-olmamasını, həmin xəstəlikdən ölüm halının sığorta təminatına düşüb-düşmədiyini müəyyən etməmişdir. Sığorta ödənişi məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmiş, ümumiyyətlə həmin məbləğin necə hesablanacağına məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Belə ki, Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş 04-Nov-2010-cu il tarixli, 103/ZBGF nömrəli kredit müqaviləsinə Əlavə - Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən H.Hüseynovun vəfat etdiyi xx.xx.2023-cü il tarixindən sonra ödənilməli qalıq borc məbləği 32.610,26 manat təşkil edir. Həmçinin Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, MXD-2023/3139 nömrəli məktubdan görünür ki, həmin tarixə ipoteka krediti üzrı qalıq borc 32.842,1 manatdır. Göründüyü kimi, sığorta hadisəsi baş verdikdə sığortaçı tərəfindən hadisə baş verdiyi tarixdən sonrakı tarixə qalıq borc məbləği həddində sığorta ödənişi verilir və yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən sığortaçı tərəfindən verilməli sığorta ödənişi 32.610,26 manat ola bilərdi, həmin məbləğ İddiaçı banka ödədiyi bütün məbləği əhatə edəcəkdi. Lakin işə baxan birinci instansiya məhkəməsinin 30.161,25 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Bank "xxxx" ASC-yə və 5.565 manat məbləğində pulun İddiaçı ödənilməsinə dair mövqeyi düzgün olmamış, qanunvericiliyin tələbinə zidd olmaqla cavabdehin üzərinə bir iş üzrə iki dəfə ayrılıqda sığorta ödənişinin verilməsi öhdəliyi qoyulmuşdur. Bundan başqa işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, cavabdehin digər nümayəndəsi həkim-ekspert vəzifəsində çalışan X12 məhkəmə iclaslarında çıxış edərək hazırkı iş üzrə tibbi məsələlərə dair izahat verməsinə baxmayaraq qətnamədə izahatları və nümayəndə qismində iştirak etməsi ilə bağlı ümumiyyətlə qeyd aparılmamışdır. Görünür işə baxan hakım iddianın təmin edilməsində birbaşa maraqlı olmuş, nəinki həkim ekspertin çıxışlarını nəzərə almamış, eyni zamanda işin obyektiv həlli üçün öz təşəbbüsü ilə ekspertizanın keçirilməsinə də cəhd etməmişdir. Hazırkı iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı hansı səbəbdən iddia ərizəsində qeyd edilən həddə sığorta ödənişinin verilməsini tələb etdiyini əsaslandıra bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Absurd hesab edilməli hal bundan ibarətdir ki, cavabdeh sığorta məbləğnin verilməsindən imtina məktubuna iddiaçının vəfat edən ərinin ərizə formasını və həmin formaya 1 saylı Əlavənin (tibbi məlumatın) imzalaması barədə hər hansı bir sənəd (sübut) əlavə etməmişdir. Cavabdeh sığorta hadisəsı baş verməsi nəticəsində sığorta ödənişini faydalanan şəxsə ödənməsindən rəsmi imtina məktubuna boş blankları (qeydsiz, imzasız) əlavə etmiş, məntiqsiz olaraq həmin boş blank formalarına əsaslanmışdır. Həyat sığirtası üzrə müqaviləni imzaladığı anda (2016-cı ildə ) H.Hüseynovun heç bir xəstəliyi olmayıb, həyat sığortası üzrə ərizə formasına 1 saylı Əlavədə (tibbi məlumatda) xəstəliyinin olub-olmaması barədə cavabdehə hər hansı bir yanlış məlumat verməyib, ümumiyyətlə, belə bir sənəd cavabdeh tərəfindən imzalanması üçün ona təqdim edilməyibdir. İş materiallarında onun mərhum ərinin yanlış məlumat verib təqsirli olması ilə bağlı heç bir sübut movcud deyildir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydaların qüvvədən düşməsi dəlili ilə bağlı bildirirk ki, AR Mərkəzi X17 xx.xx.2024-cü il Qərarı ilə təsdiq edilmiş Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydasının “Sığorta müqaviləsinin bağlanması” adlı 7-ci bəndi, qüvvədən düşmüş Qaydaların 6-ci bəndinin şərtləri ilə eynilik təşkil edir, mahiyyət dəyişmir. Məhkəmə digər hər hansı sübut təqdim etmədən mübahisə üzrə haqlı olmasının əsaslandırmağa cəhd etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin həkim-ekspert olan digər nümayəndəsi məhkəməyə fərqli izahat verməmişdir. Həmin izahat cavabdehin sığorta ödənişinin verilməsinə rəsmi imtina məktubunda qeyd olunanlarla, habelə iddia ərizəsinə etirazın əsassız dəllilləri ilə eynilik təşkil etmişdir. Məhkəmənin hazırki işdə baş vermiş sığorta hadisəsi ilə bağlı (sığortalının ölümü fakti) hansı hallar üzrə, hansı suallarla ekspertiza keçirməli olduğu anlaşılan deyildir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndələri İsmayılova Leili və X15 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etmişlər və apellyasiya şikayətinin, habelə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
15. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin, habelə apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs Bank "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 884.2-ci maddəsinə əsasən sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir; 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; 884.6-ci maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır; 884.6-2-ci maddəsinə əsasən şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır; 885.1-ci maddəsinə əsasən sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür; 885.2-ci maddəsinə əsasən həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir; 885.3-cü maddəsinə əsasən həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir; 903.7-ci maddəsinə əsasən elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir; 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir; 917.2-ci maddəsinə əsasən sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir; 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir; 935.2-ci maddəsinə əsasən bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Cavabdeh Sığorta Şirkəti ASC ilə X16 arasında “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın: 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; İ və İİ qrup əlillər; narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr; 4.4-cü bəndinə əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: sığorta olunanın ölməsi; sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması; 6.7-ci bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər; 13.6-cı bəndinə əsasən sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir: kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində; kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində; 18.1.3-cü maddəsinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; 18.2-ci maddəsinə əsasən bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunması xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə tam və ya qismən ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edərək qeyd edir ki, "xxxx" ASC ilə iddiaçının əri X16 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən bank tərəfindən sonuncuya 45.000 manat məbləğində ipoteka krediti verilmişdir. Sonradan "xxxx" ASC ləğv edildiyindən həmin müqavilənin icrası "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC ilə X16 arasında xx.xx.2016-cı il tarixli, MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalan X16 xx.xx.2016-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. X16 xx.xx.2023-cü il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı xəstəliyindən ölmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş hadisə üzrə onun öhdəliyinin yaranmamasına istinad edərək, xx.xx.2023-cü il tarixdə faydalanan şəxs Bank BTB” ASC-yə sığorta ödənişinin verilməsindən imtina etmişdir.
25. Hazırda iddiaçı həmin hallara istinad edərək mərhum ərinin qalıq kredit borcunun (sığorta ödənişinin) cavabdeh sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin, ərinin ölümündən sonra onun tərəfindən ərinin kredit borcu kimi ödədiyi kredit ödənişinin isə onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçının mərhum ərinin kəskin və ya yarımkəskin qaraciyər çatışmazlığından vəfat etməsinə, onun sığorta müqaviləsi bağlanmamışdan əvvəl “kəskin daşlı xolesistit, qaraciyər postnekrotik sirroz (hepatit C)” xəstəliyindən əziyyət çəkməsinə, o cümlədən xx.xx.2014-cü il tarixdə laparoskopik xolesistektomiya əməliyyatı keçərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək xəstəxanada stasionar müalicə almasına, ona “HCY-yə bağlı qaraciyər sirrozu. Dekompensasiya mərhələsi” diaqnozunun qoyulmasına və sığorta müqaviləsi bağlanarkən bu barədə sığortaçıya məlumat verilməməsinə, nəticədə sığorta şirkətinin sığorta riskini qiymətləndirmək hüququndan məhrum olmasına istinad edərək iddia tələbinin əsassız olduğunu bildirir və öz mövqeyinin təsdiqi kimi AR Bakı şəhər Baş Səhiyyə Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-ci tarixli məktuba əlavə edilmiş xəstəlik kağızlarına istinad edir.
26. Bununla bağlı məhkəmə kollegiyası hazırki mübahisə üzrə sığortaçının qeyd edilən hal üzrə sığorta ödənişindən imtina etməsinin qanuni olub-olmamasına qiymət verilməsini zəruri hesab edir.
27. Bu konteksdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2016-ci il tarixli sığorta müqaviləsində iddiaçının ərinin (sığortalının) imzası olmasa da, bu hal mübahisələndirilmədiyindən və sığortalı tərəfindən sığorta haqqı ödənildiyindən AR Mülki Məcəlləsinin 903.7-ci maddəsi də nəzərə alınmaqla həmin hissədə əlavə araşdırılma aparılmasına zərurət yoxdur.
28. Cavabdeh sığorta ödənişindən imtinanın əsası kimi iddiaçının əri tərəfindən sığorta müqaviləsi bağlanarkən xəstəliyi ilə bağlı yanlış məlumat (bu barədə məlumat verməməsinə) verməsinə istinad edir.
29. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq qeyd edir ki, qanunvericilikdə sığortalının sığortaçıya sığorta predmeti, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halı sığorta ödənişinin verilməsinin əsaslarından biri kimi müəyyən edilmiş, lakin bununla belə bu yanlışlıq sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslanması imperativ qaydada qadağan edilmişdir.
30. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh qeyd edilən hala istinad etsə də, sığortalının xəstəliyi ilə bağlı yalnış məlumat verməsi (xəstə olması barədə məlumat verməməsi) halını və bunun nəticəsində sığorta riskini qiymətləndirilməsindən məhrum olmasını sübuta yetirməli idi. Belə ki, sığorta qanunvericiliyində sığorta ödənişindən imtinanın əsası kimi yanlız sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsi halı nəzərdə tutulmuşdur.
31. Lakin araşdırma zamanı xx.xx.2016-ci il tarixli sığorta müqaviləsinin tərkib hissəsi olan ərizə formasının və tibbi məlumatın iddiaçının əri tərəfindən doldurulmadığı müəyyən edilmişdir. Halbuki, Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçının mərhum əri X16 arasında “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanan zaman qüvvədə olan qanunvericilikdə də bu sənədlərin doldurulması (sığorta riskinin qiymətləndirilməsi və sair məqsədlər üçün) proseduru müəyyən edilmişdir (mövcud olmuşdur). Bu da onu deməyə əsas verir ki, sığorta şirkəti sığorta müqaviləsi bağlanarkən müqavilənin rəsmiləşdirilməsi proseduruna riayət etməmişdir. Sığortaçı tərəfindən ərizə forması və tibbi məlumat blankı təqdim edilmədiyi və sığortalı tərəfindən tibbi məlumat vərəqəsi doldurulmadığı halda, cavabdehin sığortalının qəsdən yanlış məlumat verməsinə istinad edərək sığorta ödənişindən imtina etməsi yolverilməzdir, xüsusilə də bu sənədlərin doldurulmamasına (bu barədə məlumatların tələb edilməməsinə) baxmayaraq, sonradan sığorta müqaviləsinin bağlandığı və sığorta haqqının ödənildiyi bir halda. Bu məsələ qüvvədə olan mülki qanunvericiliklə yanaşı, Cavabdeh Sığorta Şirkəti ASC ilə X16 arasında “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarında təsbit edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu qəbildən olan dəlilləri əsassızdır.
32. Digər tərəfdən qanunvericilikdə həyat sığortası sahəsində sığorta müqavilələri bağlanarkən sığortalının məlumat vermək vəzifəsini icra etməməsinə istinad edərək sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi ilə bağlı 5 illik kəsici müddət (müqaviləsi bağlandığı tarixdən hesablanmaqla) nəzərdə tutulmuşdur. Başqa sözlə, həyat sığortası sahəsində bu hala əsaslanmaqla (sığortalının məlumat verməməsi) sığortaçının sığorta ödənişindən imtina etməsi 5 illik müddətlə məhdudlaşdırılmış və bu müddətin axımı sığorta müqaviləsinin bağlanması tarixindən hesablanmış, sonrakı zaman kəsimində bu hala istinad edərək sığorta ödənişindən imtina edilməsi yolverilməz hesab edilmişdir.
33. Hazırki mübahisə üzrə məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlansa da, sığortaçı bundan 7 il sonra sığortalının (hazırki halda iddiaçının ərinin) xəstəliyi barədə məlumat verməməsinə əsaslanaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh imtinanın əsası kimi çıxış edən bu hala istinad edərək sığorta ödənişinin verilməsindən imtina etməklə qanunvericilikdə nəzərədə tutulmuş 5 illik müddəti ötürdüyündən onun qeyd edilən sığorta hadisəsi üzrə sığorta ödənişindən imtinası qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, sığortalının (xx.xx.2023-cü il tarixdə ölmüş X16) xəstəliyi ilə bağlı məlumat vermək vəzifəsini qəsdən icra etməməsi də müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası sığorta ödənişin məbləğinə münasibətdə qeyd edir ki, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”na əsasən sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla 2 formada müəyyən edilə bilər: 1) kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində; 2) kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində. Hazırda mübahisə predmetini təşkil edən sığorta müqaviləsində azalan sığorta məbləği nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq “Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən qalıq borcun 30.161,25 manat təşkil etdiyini nəzərə alaraq "xxxx" ASC-yə sığorta ödənişi kimi məhz 30.161,25 manat məbləğin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
35. Məhkəmə kollegiyası iddiaçıya ödənilməli məbləğə münasibətdə qeyd edir ki, bu hissədə cavabdehin əsas dəlili sığorta ödənişinin qalıq borcdan çox olması istimaqətindədir. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının əri xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bank tərəfindən müvafiq sənədlər əlavə edilməklə sığorta ödənişinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə sığorta tələbi ilə cavabdehə müraciət edilmiş və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilmişdir (sonuncu sənədin xx.xx.2023-cü il tarixdə daxil olduğu nəzərə alınmaqla sığorta ödənişindən imtina edilməsinin qaydalarla müəyyənləşdirilmiş 7 iş günü ötürülməklə). Məhkəmə kollegiyası sığortaçı tərəfindən imtinanın əsassız və qanunsuz olaraq verildiyini nəzərə alaraq hesab edir ki, kredit borcuna görə iddiaçının ərinin ölümündən sonra sığorta ödənişi ilə qalıq kredit borcu bağlanılmalı olduğundan, lakin sığorta şirkəti tərəfindən imtina verildiyindən, iddiaçı da bundan qaynaqlanaraq kredit borcu üzrə ödənişləri davam etdiyindən, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə o halı da qeyd edir ki, hər bir halda iddiaçının kredit borcunu ödəmək vəzifəsi olmamış, lakin sığorta şirkəti tərəfndən əsassız imtina verildiyi üçün ödənişlərin icra edilməsi onun üzərində qalmışdır. Məhkəmə kollegiyası bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən borcun qrafik üzrə vaxtında ödənilməməsi nəticəsində yaranmış faizlərin də əvəzi cavabdehdən tutulmalıdır. Bununla bağlı məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayına olan zaman kəsimində iddiaçı tərəfindən reallıqda 6.736,86 manat ödəniş edilmiş, lakin iddiaçı iddia ərizəsində 5.565 manat tələb etdiyindən birinci instansiya məhkəməsi də haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə iddia tələbi həcmində pul tutmuşdur. Başqa sözlə, cavabdehdən iddiaçının ödədiyi məbləğdən də az vəsait tutulmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası müəyyən edilmiş məbləğlərlə bağlı müvafiq ekspertizanın keçirilməsi üçün də hər hansı əsas müəyyən etməmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin həkim-ekspert kimi məhkəmə iclasında iştirak edən nümayəndəsinin birinci instansiya məhkəməsində izahatına yer verilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanl X12 izahatı dinlənilmiş və nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayəti müdafiə etmişdir.
38. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun məbləği ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-625/2025 nömrəli qətnaməsi Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.