Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3104/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-381/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsində yerləşən 1 nömrəli evin, 2 saylı mənzili İddiaçı mülkiyyətindədir. Onunla Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00020 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin mənzildə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), samovar (1/1), izolə edilmiş və xüsusi sahədə quraşdırılmış evləri qızdırmaq üçün su qızdırıcısından (1/1) istifadə edilir. xx.xx.2021-ci il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T Mexaniki” markalı sayğacla əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 36.720 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 4.429,22 manat məbləğində pulun İddiaçı tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun abonent hesabına hesablanmış (abonent kodu **********00020) 4.429,22 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, daimi əsaslarla Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayır. Şüvəlan qəsəbəsində yerləşən evini isə bağ evi kimi istifadə edir. Orada yaşayış yoxdur. Bir müddət əvvəl müəyyən etmişdir ki, həmin ünvan üzrə **********00020 nömrəli abonent hesabına 4.429,22 manat məbləğində borc yazılmışdır. Səbəbini araşdıranda ona bildirilmişdir ki, guya həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edilməsi halı aşkar edilmiş və buna görə cərimə yazılmışdır. Qeyd etdiyi məsələ ilə bağlı ona akt və fotoşəkillər təqdim edilmişdir. Həmin evdə yaşayış olmadığına görə təbii qazdan da istifadə edilməsinə zərurət yoxdur. Eyni zamanda, ünvanında sayğac var. Buna baxmayaraq, guya cavabdehin əməkdaşları xx.xx.2022-ci il tarixdə ünvana baxış keçirmişlər və təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə edilməsi halını aşkar etmişlər və bu barədə ******* nömrəli akt tərtib etmişlər. Bu hal həqiqəti əks etdirmir. Belə ki, həmin ünvanda təbii qazdan heç vaxt sayğacdan kənar xətt vasitəsilə istifadə edilməmişdir. Tərtib edilmiş akta əlavə edilmiş fotoşəkillərin isə onun ünvanı ilə heç bir əlaqəsi yoxdur. Fotoşəkillərdə olan ev başqa evdir. Bu səbəbdən hesab edir ki, akt əsassızdır və abonent hesabına yazılmış borc məbləği silinməlidir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-381/2023 nömrəli, 02 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00020) sayğaca qaz sərfinə görə hesablanmış 4.429,22 manat məbləğində borcun silinməsi, 64 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X7)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 4.429,22 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. İddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 4.429,22 manat məbləğində borc silinməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.2-ci, 217.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü, 1.4cü, 2.5-ci, 2.12-ci, 3.4-cü, 6.5-ci, 6.6-cı, 6.7-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq onların əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuş və heç bir nasazlıqdan söz açıla bilməz. Məhkəmə isə onlar tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxmamış və təqdim edilən sübutları nəzərə almamış, qəbul edilmiş qətnaməni lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Çünki abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuş və onlar tərəfindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürərək iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan evdə yaşayış yoxdur. İş materiallarında olan şəkillərin isə iddiaçıya məxsus olan evə ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
23. İddiaçı qanunsuz qoşulma halına yol vermədiyini bildirməklə yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdə əks olunmuş fərdi yaşayış evinin ümumiyyətlə ona məxsus olmadığını vurğulayır. Cavabdeh isə iddiaçıya məxsus olan fərdi yaşayış evində quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə edilməsinin təsdiqi olaraq iddiaçıya aid abonent saldosunu, həmin evin fotoşəkillərini, habelə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktı və akt əsasında qəbul edilmiş qərarı təqdim edir. Bununla belə, cavabdeh sayğacda hər hansı problemin olduğunu, o cümlədən plombun qırıldığını, habelə klapanın korroziyaya uğradığını bildirmir. Konkret olaraq, iddiaçının sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə etdiyini iddia edir. Lakin keçirilmiş yerində müayinə zamanı iş materiallarında olan fotoşəkillərdə əks olunmuş evin iddiaçıya məxsus olan ev olmadığı, iddiaçıya məxsus olan evin hasarın arxasında yerləşdiyi və bilavasitə yola çıxışının olmadığı, fotoşəkildə əks olunmuş pəncərənin isə həmin evin pəncərəsi olmadığı müəyyən edilmişdir. Bununla belə, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillər iddiaçıya məxsus fərdi yaşayış evi üzrə qaz sayğacından kənar təbii qazdan istifadə edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
24. Məhkəmə kollegiyası qanunsuz qoşulma halını təsdiq edən xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın və onun əsasında qəbul edilmiş qərarın özünə də müstəqil şəkildə (23-cü bənd üzrə qənaət nəzərə alınmadan) hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 3 cihazın göstərildiyi halda, xx.xx.2022-ci il tarixli aktda və qərarda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 4 cihaz üzrə hesablanmışdır. Lakin abonent saldosunda göstərilməyən iran sobasının da həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi aydın deyil. Aktda cavabdehin əməkdaşlarının evə baxış keçirildiyi barədə də hər hansı qeyd aparılmamışdır. Nəzərə alınmalıdır ki, hesablama 6 ay (xx.xx.2022 – xx.xx.2022) və 24 saat üzrə aparılmışdır. Lakin aktda olan qeyddən başqa bütün bu dövr üzrə qanunsuz qoşulma halına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilmir. Akta və qərara əsasən ilin nisbətən isti ayı hesab olunan may və sentyabr, habelə isti ayı hesab olunan iyun, iyul və avqust ayları üzrə bütün bu cihazların, xüsusilə də soyuq aylarda istifadə edilən dəmir və iran sobasının günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, kombi sistemi istisna olmaqla bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Göstərilən 6 aylıq dövrün 4 ayına yaxın hissəsinin konkret olaraq ilin isti, o cümlədən yay dövrünə təsadüf etməsi səbəbindən isə onların ödənişsiz əsaslarla belə istifadə edilməsinə hər hansı ehtiyac qalmır. Bu da öz növbəsində akt və onun əsasında qəbul edilmiş qərarda əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır.
25. Xüsusilə qeyd edilməlidir ki, iddiaçıya məxsus evə xx.xx.2021-ci il tarixdə mexaniki qaz sayğacı quraşdırılmışdır. Belə olan halda, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından cavabdehin əməkdaşlarının 6 ay ərzində bu ünvan barədə məlumatsız olması qeyri-mümkündür. Əks halda, belə qənaətə gəlmək olar ki, cavabdehin əməkdaşları öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş və hər ay istehlakçıya hesab təqdim etməmişdir (göndərməmişdir). Lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı məlumat təqdim edilmir. Bu baxımdan da 6 aylıq müddət ərzində həmin ünvan üzrə qaz sayğacından kənar qanunsuz qoşulma halına yol verilə bilməzdi. İddiaçıya aid abonent saldosuna əsasən xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərdə təbii qazın sərfiyyat göstəricilərinin sıfra bərabər olması da iddiaçı tərəfindən həmin dövrdə təbii qazdan sayğacdan kənar istifadə etməsi kimi qiymətləndirilə bilməz.
26. Bununla belə, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt və onun əsasında qəbul edilmiş eyni tarixli qərar hər hansı mötəbərliyə malik deyil və bu baxımdan iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bu da öz növbəsində həmin aktın və onun əsasında qəbul edilmiş qərarın etibarsız olduğunu təsdiq edir və bu sənədlər əsasında müəyyən edilmiş ziyan məbləğinin silinməsini şərtləndirir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-381/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.