Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3106/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakları ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-612/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1990-1992-ci illərdə Ağdam, Şuşa, Xocalı uğrunda gedən döyüşlərdə özünümüdafiə batalyonunda hərbiçi-sanitar kimi iştirak etmişdir. 1992-ci ildə Xocalının işğalı zamanı girov götürülmüş, ona verilən işgəncələrdən sonra komaya düşmüş, ermənilər onun öldüyünü zənn edib atıb getmişlər. Sonradan onu döyüş yoldaşları tapıb Ağdam Hospitalına gətirmişlər. Uzun müddət müalicə almağına baxmayaraq müalicə bir nəticə verməmişdir. Nəticədə ona İ qrup əlillik dərəcəsi təyin etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, ona “müharibə veteranı” adı və vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3439/2021 nömrəli, 25.02.2021-ci il tarixli qərarına əsasən onun iddiası qismən təmin edilmiş, bədənində olan xəsarətlərin 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almağı barədə rəy verilməsi ilə bağlı müraciəti üzrə inzibati icraatın aparılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibbi müayinəsi aparılmış və bədən xəsarətlərinin təyininə dair K-263-2021-li müayinə aktı tərtib edilmişdir. Qeyd edilən aktda da onun bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsinin mümkün ola bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin 02.11.2021-ci il tarixli, 4/2- 1504 nömrəli məktubunda N №-li hərbi hissənin 1990-1992-ci il tarixli sənədlərinin Müdafiə Nazirlyi Katibliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma apara bilmədikləri qeyd edilmişdir. Ağdam RMX PHŞ-da tərtib edilmiş 16.09.2021-ci il tarixli 246 nömrəli məktubda 1993-cü ildə Ağdam rayonu işğal olunduğu üçün arxiv sənədləri işğal ərazisində qaldığından onun xəstəliyi ilə bağlı heç bir məlumat verə bilmədikləri qeyd olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-612/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. İşə baxan məhkəmə tərəfindən istinad olunan plenum qərarının 14-cü bəndində hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi bu xidmət keçmənin müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsinin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Başqa sözlə bu şərt qanunvericiliklə başqa qaydada müəyyən edilməsi dedikdə hərbi xidmət keçmə haqqında əsasnamənin və digər qanunvericilik aktlarına uyğun hərbi xidmət keçən şəxslərə aiddir. iddiaçı isə özü könüllü olaraq döyüşlərə qatılaraq Şuşanın özünümüdafiə batalyonunun tərkibində sanitar qismində hərbi xidmət keçmişdir. İşin bu halı iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X5 06.10.2021 -ci il tarixli k/263-2021 nömrəli rəyində əksini tapmış, Səfərbərlik və Hərbi Xidmətə çağırış Dövlət Xidmətinin Nəsimi rayon İdarəsində tərtib edilmiş 27.11.2019-cu il tarixli arayışı ilə tam təsdiqini tapır. Bundan başqa məhkəmə iş üzrə qanuni qüvvədə olan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3439/2021 -ci il tarixli 25.02.2021 -ci il tarixli qərarlarının hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə almamışdır. Belə ki, həmin normaya əsasan bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu normanın tətbiqi ilə bağlı mövqe ondan ibarətdir ki, MPM-in 82.3-cü maddəsində qeyd olunan "mülki iş" ifadəsinin yalnız mülki (və kommersiya) işlərini deyil, həmçinin inzibati işləri də ehtiva edir. Belə ki, həmin Məcəllənin qəbul edildiyi dövrdə hal- hazırda inzibati işlər kimi ayrıca icraatda baxılan işlərə - dövlət orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə mülki mühakimə icraatında xüsusi iddia icraatı qaydasında baxılırdı və həmin işlər də mülki işlər hesab edilirdi. Bu mənada hazırda inzibati işlərə ayrıca məhkəmə icraatında baxılması MPM-in 82.3-cü maddəsində nəzərdə tutulan "mülki iş" ifadəsinin ilkin mahiyyətinə uyğun olmayan məhdudlaşdırıcı təfsirinə əsas ola bilməz. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə ərizəçiyə “müharibə veteranı” adı və vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3439/2021 -ci il tarixli 25.02.2021 -ci il tarixli qərarı ilə isə iddiaçı X2 bədənində olan xəsarətlərin 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almağı barədə rəy verilməsi ilə bağlı müraciəti üzrə inzibati icraatın aparılması öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 üzərinə qoyulması qərara alınmışdır. Həmin məhkəmənin qərarı əsasında qəbul edilmiş 06.10.2021 -ci il tarixli K/263- 2021№li canlı şəxsin təkrar məhkəmə tibbi müayinəsi aktının rəy hissəsindən görünür ki, ərizəçinin bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsinin mümkün ola bilməsi göstərilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin 02.11.2021 -ci il tarixli, 4/2-1504 nömrəli məktubunda N №-li hərbi hissənin 1990- 1992-ci il tarixli sənədlərinin Müdafiə Nazirlyi Katibliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma apara bilmədikləri qeyd edilmişdir. Həmçinin Ağdam RMX PHŞ-da tərtib edilmiş 16.09.2021-ci il tarixli 246 nömrəli məktubda 1993-cü ildə Ağdam rayonu işğal olunduğu üçün arxiv sənədləri işğal ərazisində qaldığından onun xəstəliyi ilə bağlı heç bir məlumat verə bilmədikləri qeyd olunmuşdur. Göründüyü kimi ərizəçinin xidməti və xidmət zamanı xəsarətlar alması barədə araşdırma aparılması üçün tələb olunan lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən Plenum qərarının 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə nəzərə almamışdır ki, hazırda ərizəçi İ qrup əlil və müharibə veteranı statusuna malik olsa da, onun əlilliyinin 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçərkən baş və bədəninin müxtəlif nahiyələrindən aldığı xəsarətlər olmasının təsdiq edilməsi üçün hərbi xidmət keçmə faktının müəyyən edilməsi faktının müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı xəsarətlərlə bağlı verilən əlillik ilə nəzərdə tutulan güzəşt və imtiyazlar iddiaçının hazırki statususu ilə fərqlidir. Məhkəmə ərizəçinin müharibə veteranı statusunda olmaqla onun Azərbaycan Respublikasının bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair iş materiallarında olan sənədləri sadalmaqla kifayətlənmiş, ərizəçiyə hərbi qanunvericiliklə müəyyən edilmiş qaydada deyil, könüllü olaraq özünümüdafiə batalyolunun tərkibində xidmətdə olma faktının müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olmasına dair dəlillərini araşdırmamış, təqdim edilən sübutların iş üçün əhəmiyyətli olan hallar olmala dəlillərin əsaslı olmasının sübut edilməsinə düzgün qiymət verməmişdir. Məhkəmə ərizəçinin müharibə veteranı statusunda olmaqla onun Azərbaycan Respublikasının bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair iş materiallarında kifayət qədər sübut olduğu halda, həmçinin bununla bağlı preyudsiyal əhəmiyyət kəsb edən məhkəmə qərarlarının mövcudluğuna diqqət yetirməyərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndini də hazırki mübahisəyə düzgün tətbiq etmədiyi üçün qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, 1990- 1992-ci illərdə gedən döyüşlərdə özünümüdafiə batalyonunda hərbiçi-sanitar kimi iştirak etmişdir. 1992-ci ildə Xocalının işğalı zamanı girov götürülmüş, ona verilən işgəncələrdən sonra komaya düşmüş, sonradan döyüş yoldaşları onu tapmışdır. Hazırda ərizəçi barəsində tibbi müayinə aparılmış və bədən xəsarətlərinin təyininə dair aktı tərtib edilmişdir. Qeyd edilən aktda da onun bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsinin mümkün ola bilməsi göstərilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndini də hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 K/263 №-li müayinə aktına aktına əsasən şəxsin bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsinin mümkün ola bilməsi göstərilmişdir. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsindən verilən arayışda bildirilmişdir ki, Ərizəçi həqiqətən 13.11.2019-cu il tarixdən “Qarabağ müharibəsi” veteranıdır. Ərizəçi Azərbaycan Respublikası qanunvericiliyi ilə müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, ona “müharibə veteranı” adı və vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlara eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci isntansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir və 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində qeyd olunur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd etmək lazımdır ki, eyni zamanda hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizəçi hazırki ərizəsində 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qərara əsasən hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməz olması göstərilmişdir. Birinci instansiya məhkəməsi isə hazırki ərizəyə məhkəmə qaydasında baxılması yol verilməz olduğu halda mahiyyəti üzrə baxaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərara da istinad etməklə ərizəni rədd etmişdir. Halbuki birinci instansiya məhkəməsi ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə xitam verməli idi, belə ki, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi məhkəmə qaydasında baxılması yol verilməz olan ərizəyə mahiyyəti üzrə baxdığı üçün məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (387.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya şikayətinin mahiyyəti ərizənin təmin edilməsinə yönəldiyindən, hazırki ərizəyə isə məhkəmə icraatı qaydasında baxılması yol verilməz olduğundan apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmənin müəyyən edilməsi üçün müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-612/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi “1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3106/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3106/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver