Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3106/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi 7 saylı Bakı "Asan xidmət" mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-757/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi 7 saylı Bakı "Asan xidmət" mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi 7 saylı Bakı "Asan xidmət" mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbi üzrə mülki işə xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda mübahisə predmeti olan məsələ, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mübahisə, Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirmişdir. Belə olan halda sözügedən Konstitusiya Məhkəməsinin Qərarı ilə mübahisəli hüquq münasibətinin mövcudluğu aradan qaldırıldığı üçün artıq icraata qəbul edilmiş bu iş üzrə icraata xitam verilməlidir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, icraatın təzələnməsi barədə qərardad və işin mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq onu mirası qəbul etmiş vərəsə hesab edərək mirasın qəbulu müddətinin bərpa olunması barədə qətnamə qəbul etməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(005)- 757/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbləri üzrə icraatın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı hazırki iddia ərizəsində mərhum anası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən evin tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göründüyü kimi Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüşdür. Bununla belə həmin qərardan görünür ki, həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayon məhkəməsinə daxil olmuş iddia ərizəsinin məzmunundan görünür ki, miras qoyan X2 07 avqust 2015-ci ildə ölmüşdür. Həmçinin iddiaçı bildirmişdir ki, 2015-ci ildən miras əmlaka faktiki sahiblik etməklə mirasın qəbul edilməsini şəksiz nümayiş etdirmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi faktiki mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarı edilən ərəfədə birinci instansiya məhkəməsinin icraatında olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas yaratmır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-757/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə olub-olmaması araşdırmalı və hazırda formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinin tələblərinə uyğun iddiaçının hüquqlarını izah etməklə araşdırma nəticəsində düzgün nəticəyə gəlməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-757/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi 7 saylı Bakı "Asan xidmət" mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2(103)-3106/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3106/2024
06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver