Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3107/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-338/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3695 manat əsas, 66.95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını və İddiaçı ASC-nin mülkiyyətindəki “Lada-Granta” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 338/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-yə məxsus lizinq obyekti olan “Lada-Granta” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil (rəng qara, buraxılış ili 2019-cu il, mühərrik 4086843, ban XTA219020K0611104) Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılması, Cavabdeh 26 iyul 2019-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən 3695 (üç min altı yüz doxsan beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 56.95 (əlli altı manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hazırda hər iki tərəfin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, mülki mübahisənin barışıq yolu ilə həll edilməsi haqqında tərəflərin razılığa gəlindiyini bildirərək, tərəflər arasında bağlanan 08 avqust 2025-ci il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahatında bildirdi ki, mübahisəyə dair iddiaçı tərəflə razılığa gəlinmiş və bu barədə barışıq sazişi də bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, tərəflər arasında bağlanmış sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-338/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Bu Sazişi imzalamaqla cavabdeh X3 onunla İddiaçı ASC arasında bağlanmış 2019-cu il 26 iyul tarixli lizinq müqaviləsinə əsasən qalıq borc məbləği olan 3695 (üç min altı yüz doxsan beş) manat pulun 52 (əlli iki) ay müddətində 70 (yetmiş) manat, 53-cü ay üçün isə 52 (əlli) iki manat olmaqla hər ayın 15-indən gec olmayaraq ödəməyi öz öhdəsinə götürür və həmin tələblə bağlı nə indi, nə də gələcəkdə ondan doğacaq hər hansı digər tələblə çıxış etməyəcəkdir.
2. İddiaçı ASC bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini əsas götürərək öz iddia tələbinin “Lada-Granta” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin qaytarılması hissəsindən imtina edir və həmin tələblə bağlı nə indi, nə də gələcəkdə ondan doğacaq hər hansı digər tələblə çıxış etməyəcəkdir.
3. Cavabdeh X3 tərəfindən “Lada-Granta” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin axtarılması istiqamətində müvafiq hüquq mühafizə orqanına müraciət edilmişdir və həmin axtarışın gedişatında cavabdeh ona məlum olan hər bir hal barəsində müvafiq hüquq-mühafizə orqanına məlumat verməyi, o cümlədən araşdırma üçün təhqiqat orqanı tərəfindən lazım olan zəruri hərəkətləri etməyi öz öhdəsinə götürür.
4. Bu mülki iş üzrə tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.
3. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
5. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərilərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
6. Tərəflər bu Sazişlə üzərilərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
7. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.
8. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
9. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə