Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3110/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00000) İddiaçı 2023-cü ilin mart ayına hesablanmış 4.586,40 (dörd min yüz səksən altı manat qırx qəpik) manat məbləğində borcun silinməsi təmin edilməsi qət edilmişdir. Daha sonra Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır: “Mübahisələndirdiyimiz qətnamə Cavabdeh İB tərəfindən rəsmi qaydada alınsa da, Birliyin Xətai rayon məhkəməsində hüquqlarını təmsil etməyimə baxmayaraq iş yükünün çoxluğuyla əlaqədar apellyasiya şikayətini vaxtında verə bilməmişəm. Belə ki, cavabdeh təşkilat olaraq Cavabdeh hüquqi ünvanı Xətai rayonu ərazisinə aid olduğundan Respublika ərazisində yaşayan və Birliklə qazın təchizatı ilə əlaqədar müqavilə bağlayan bütün borclu istehlakçılar, öz borclarının obyektiv araşdırılması və məhkəmə müstəvisində həllinin tapılması məqsədilə iddiaları çox vaxt Xətai rayon məhkəməsinə verir. Məlum olduğu kimi Cavabdeh adından mənə təqdim edilmiş Etibarnamə ilə məhkəmədə cavabdehi təmsil etmək hüquqları mənə həvalə edilmişdir. Verilən çoxsaylı iddialar üzrə borcların araşdırılması, sənədlərin elektron və fiziki qaydada təqdim edilməsi, iddialara qarşı etiraz, vəsatət, qarşılıqlı iddia və apellyasiya şikayətlərinin hazırlanması, o cümlədən təyin edilmiş ekspertiza və yerli baxışlarda şəxsən iştirak etməyim iddiaçıların sayı kütləvilik daşıması xarakterindən asılı olaraq çıxarılmış yekun məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsində gecikmələrə səbəb olur. Bu səbəbdən də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət 1 ay 22 gün ötürülmüşdür” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh İB-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin qeyd edilən qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, mübahisələndirilən qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yüklənmişdir. Həmin gündən başlayaraq cavabdehin apellyasiya şikayəti ilə müraciət etməsi üçün 1 ay müddəti olmuşdur. Buna baxmayaraq, apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müddətin bərpasına dair ərizənin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, onlar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3110/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3110/2024
06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver