Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3111/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1534/2025 nömrəli qərardadından üçüncü şəxs X1 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 156-da yerləşən 36 nömrəli mənzilə dair xx.xx.2018-ci il tarixli vərəsəlik şəhadətnamələri etibarsız hesab edilsin, həmin şəhadətnamələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin, nikah dövründə əldə edilmiş mənzildə iddiaçının payı 1/4 hissə, mənzilin qalan 3/4 hissəsində iddiaçının 3/16 hissə, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 hər birinin 3/16 hissə miras payı müəyyən edilsin. 2.Cavabdehlərdən biri olan Cavabdeh4 xx.xx.2023-cü ildə ölüb. 3.Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə icraat Cavabdeh4 hüquq varisi müəyyən edilənədək dayandırılsın. Dayandırmanın hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə istinad olunub. Həmin maddədən görünür ki, işdə tərəf olan şəxs öldükdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, iş üzrə icraat dayandırılmalıdır. 4.Üçüncü şəxs Nelli Jukovanın şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. 5.Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.İş üzrə icraatın dayandırılması qanunsuzdur. MPM-in 254.1.1-ci maddəsində “işdə tərəf olan şəxs öldükdə” ifadəsindən istifadə olunub, yəni ölən şəxs tərəf olduğu halda icraat dayandırılmalıdır. Cavabdeh4 işdə tərəf – cavabdeh deyil. Cavabdeh iddia tələbinin yönəldiyi fiziki və ya hüquqi şəxsdir (MPM, maddə 50.3). Göründüyü kimi, hər hansı şəxsin cavabdeh sayılması üçün o, iki əlamətə malik olmalıdır: birinci, ona qarşı iddia tələbi yönəlməlidir; ikinci, o, fiziki və ya hüquqi şəxs statusuna malik olmalıdır. İddianın verildiyi zaman Cavabdeh4 fiziki şəxs statusuna malik olmayıb. 7.Belə ki, Cavabdeh4 iddianın verildiyi tarixdən (xx.xx.2025-ci ildən) 1 il 11 ay 28 gün əvvəl (xx.xx.2023-cü ildə) ölüb. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir (Mülki Məcəllə, maddə 24.1). Fiziki şəxs ölümündən sonra insan fərdi sayılmır. Ölən fiziki şəxs sağlığında prosessual-hüquqi statusa (iddiaçı, cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Şəxs iddia verilənə qədər ölübsə, o, prosessual hüquqi statusa malik olmur. Ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Prosessual hüquq varisliyi o zaman mümkündür ki, ölüm iş üzrə icraat zamanı baş versin. MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. 8.Ölmüş şəxs cavabdeh sayılmadığına görə, ona qarşı verilmiş iddiaya məhkəmə qaydasında baxılmalı deyil. İş məhkəmədə baxılmalı deyildirsə icraata xitam verilir (MPM, maddə 261.0.1). Odur ki, birinci instansiya məhkəməsi iş üzrə icraata ölmüş şəxsə aid hissədə xitam verməli, qalan hissədə işə baxmalıdır. 9.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1534/2025 nömrəli qərardadı ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3111/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3111/2025
02.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver