Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3112/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əşyanın qiymətinin və cərimənin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Bosch BBHMOVE5N” modelli tozsoranın qiyməti kimi 239 manat, cərimə kimi 125,10 manat, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, əşyanın qiyməti kimi 239 manat, cərimə kimi 30 manat, cəmi 269 manat, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (satıcı) ilə cavabehin (alıcının) arasında xx.xx.2020-ci il tarixli ONSK02059 nömrəli alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı üzərinə öhdəlik götürüb ki, “Bosch BBHMOVE5N” modelli tozsoranı cavabdehin mülkiyyətinə verəcək, cavabdeh isə üzərinə öhdəlik götürüb ki, tozsoranı qəbul edib əvəzində onun qiymətini – 239 manatı 12 ay ərzində hissə-hissə iddiaçıya ödəyəcək. İddiaçı xx.xx.2020-ci il tarixdə tozsoranı cavabdehə təhvil verilib. Cavabdeh xx.xx.2020-ci ildə tozsoranı geri qaytarıb. Cavabdeh izahatında bildirib ki, tozsoran qüsurlu olub, onun korpusunun üzərində 4 yerdə batıq var idi, bundan başqa, işləyərkən işığı sönür və dayanırdı. Malın qüsurlu olması barədə iddiaçıya məlumat verdikdə ona bildirmişlər ki, malı almaq üçün onlayn müraciət etdiyinə və malı onlayn əldə etdiyinə görə mal onlayn qaydada geri götürüləcək. Dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəsdən yubatdılar və malı xx.xx.2020-ci ildə iddiaçıya təhvil verə bildi. Ona verilən qəbzdə malın qüsurlu olması qeyd edilib. Hazırda həmin mal onda deyil və borcu yoxdur. İddiaçının verdiyi xx.xx.2020-ci il tarixli qəbzdən (iş v. 49) görünür ki, iddiaçı tozsoranı cavabdehdən təhvil alıb, təmir səbəbi “batıqlardan narazıdır, işləyərkən işığı sönür” kimi qeyd olunub. Göründüyü kimi, cavabdeh tozsoranın qüsurlu olduğunu bildirir. İddiaçı bunun əksini, yəni tozsoranın qüsursuz olduğunu təsdiq edən sübut təqdim etməyib. O cümlədən, apellyasiya icraatı zamanı 2 dəfə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçının nümayəndəsi izahat vermək üçün məhkəmə iclasına gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə də cavabdehin bildirdiyi məlumatlar əsasında tozsoranın qüsurlu olması müəyyən olunmuş hesab edilməlidir. Beləliklə, əşya (tozsoran) qüsurlu olduğuna görə məhkəmə Mülki Məcəllənin 587.2.1-ci maddəsinin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, cavabdeh (alıcı) alqısatqı müqaviləsinin icrasından (əşyanın qiymətini ödəməkdən) imtina etməyə haqlıdır. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı MMC-nin Cavabdeh qarşı “əşyanın qiymətinin və cərimənin ödənilməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3112/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3112/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver