Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3117/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən (bundan sonra – mübahisəli mənzil) istifadə hüquqlarına kompensasiya verilmədən və Cavabdeh2 7200 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-379/21) iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı1 tərəfindən 7200 manat məbləğində kompensasiya verilməklə Cavabdeh2 mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçılar birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)- 9009/21 saylı qətnaməsi ilə (hakimlər – X.Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov, F.Babayev) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova-sədrlik edən və məruzəçi, Ə.Əliyev və İ.Xəlilov, iş № 2(102)-992/22) kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilərək mülki işin həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev miras əmlak olaraq iddiaçılar arasında 1/5 payla (yəni, bərabər) bölünmüşdür. İddiaçı1 övladları olan cavabdehlər həmin mənzildə doğulmuşlar, mənzil və mülki qanunvericiliyin müdəalarına görə mənzildən istifadə hüququna malikdirlər. Lakin hazırda evin mülkiyyətçiləri ilə cavabdehlərin ailə münasibətlərinə xitam verilmişdir. Son zamanlar iddiaçılar ilə cavabdehlərin birgə yaşaması qeyri-mümkün olmuşdur. Cavabdehlər onların mülkiyyət hüquqlarını məhdudlaşdırır, onlara hədə-qorxu gəlib mənzilə buraxmırlar. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində göstərilir ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman Cavabdeh1 adına başqa yaşayış sahəsi mövcud olmamış, lakin sonradan, işə məhkəmədə baxılan ərəfədə cavabdeh vərəsəlik üzrə mülkiyyətinə başqa yaşayış sahəsi əldə etmişdir. Cavabdeh1 adına Xəzər rayonunun eyni qəsəbəsində olan, lakin daha sərfəli ərazidə yerləşən və daha yaxşı şəraiti olan başqa yaşayış sahəsi vardır. Belə olan halda, mübahisəli mənzilə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. İddiaçı2 və nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında həm öz adından, həm də digər iddiaçıların adından apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər və apellyasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, Ali Məhkəmənin 08.02.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19.10.2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilərək mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bu baxımdan hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh1 qarşı iddia tələbinin rədd olunması hissəsi təşkil edir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, həmçinin Ali Məhkəmənin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 qarşı iddia tələbinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıların mübahisələndirilən hissədə tələbi Cavabdeh1 mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə əsassız sayaraq təmin etməmişdir. Məhkəmə bu qənaətə gələrkən mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etdiyindən və bununla da mübahisəli mənzildən istifadə hüququna malik olduğundan yalnız kompensasiya verilməklə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilə bilər. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2, 228.5, 262-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış mübahisəni düzgün həll etməmiş, məhkəmənin həmin hissədə gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir olunmamışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır İşin hallarından müəyyən edilir ki, mübahisəli mənzil 2017-ci ildən İddiaçı1 xüsusi mülkiyyətindədir. Mübahisəli evə dair iddiaçıların özlərinin arasında məhkəmə mübahisəsi olmuş və həmin mübahisə barışıq sazişi bağlamaqla nəticələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərardadı ilə təsdiq olunmuş həmin barışıq sazişinə görə İddiaçı1 digər iddiaçıların da hər birinin atalarından miras qalmış həmin mübahisəli evdən 1/5 hissədə pay almaq hüquqları olduğunu qəbul etmişdir. Cavabdeh1 İddiaçı1 oğludur və mübahisəli mənzildə qeydiyyatdadır. Lakin onun özünün adına başqa bir daşınmaz əmlak vardır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki 92/2 saylı evin 11-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Bu faktı cavabdehin özü də həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı izahat verərkən etiraf etmiş, lakin daşınmaz əmlakın onun mülkiyyətində olmasının formal xarakter daşımasını, həmin əmlakın dayısına məxsus olduğunu bildirmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan yeganə göstəriş də məhz yeni apellyasiya baxışı zamanı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın onun adına qeydiyyatının formallığının araşdırılmasından ibarət olduğundan, məhkəmə kollegiyası yeni apellyasiya baxışı zamanı bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu göndərmiş və həm həmin sorğuya verilən cavaba, həm də cavabdehin özünün izahatına əsasən müəyyən etmişdir ki, iddiaçının dayısına məxsus olduğu bildirilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 92/2, mənzil 11 ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmış, onun ölümü ilə əlaqədar olaraq 5 saylı notariat ofisi tərəfindən verilmiş 2V-335 reyestr nömrəli 07 oktyabr 2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının, yəni Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda da onun mülkiyyətindədir (i.v.118). Məhkəmə kollegiyası araşdırma nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki 92/2 saylı evin 11-ci mənzilinin iddiaçının adına formal qeydiyyatı ilə bağlı hər hansı hal müəyyən etmədi. Göründüyü kimi, cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarda gəldiyi nəticəyə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən, mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin. Yuxarıda qeyd olunduğu kimi, həqiqətən də Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi vardır və bu baxımdan onun mübahisəli evin yaşayış sahəsindən istifadəsinə ehtiyac aradan qalxmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə əsaslı sayılmaqla qətnamə həmin hissədə ləğv olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4-cü maddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 qarşı iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia təmin olunsun. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3117/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3117/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver