Məhkəmə qərarları › İş №2(103)-3121/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3121/2023

06.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3121/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, öhdəliyə xitam verilməsi, yaşayış sahəsinin yüklülükdən azad edilməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, öhdəliyə xitam verilməsi, yaşayış sahəsinin yüklülükdən azad edilməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2023cü il tarixli, 2(007)-346/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 may 2018-ci il tarixdə 50 saylı Notariat Ofisində bağlanmış kredit müqaviləsinə əsasən borc verən - Cavabdeh2 borc alan - İddiaçı 20000 ABŞ dolları məbləğində (manata olan məzənnə ilə 34000 manat) borc verir, sonuncu isə həmin borcu 19 iyul 2018-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürür.

2. 19 may 2018-ci il tarixdə 50 saylı Notariat Ofisində bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvandakı 22 nömrəli mənzilini Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə 19 may 2018-ci il tarixdə 20000 ABŞ dolları pul vəsaitinin borc şəkildə qeyd edildiyi, reyestrdə 3M- 441 nömrəsi ilə qeydə alınan kredit müqaviləsi və 19 may 2018-ci il tarixdə kredit müqaviləsinin təminatı xarakterli reyestrdə 3M-442 nömrəsi ilə qeydiyyata alınmış ipoteka müqaviləsində sonuncunun və notariat orqanının yalan olaraq qeyd etdiyi 8600 ABŞ dolları hissəsində etibarsız hesab edilməsi, borc alanın (iddiaçının) müqavilə üzrə öhdəliyinə xitam verilməsi və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi və iddiaçı (borc alan) tərəfindən artıq ödənilən 8620 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilən pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsinə dair qətnamə, cavabdeh və onunla bağlı şəxslər barəsində “xüsusi qərardad” qəbul edib, aidiyyəti üzrə prokurorluğa göndərilməsi barədə qərardad çıxarılması, qanunsuz saxta sənədləşmə ilə məşğul olmasına dair təqdimat yazıb Cavabdeh2 işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19 may 2018-ci il tarixində 20000 ABŞ dolları borc alınması ilə əlaqədar və reyestrdə 3M-441 nömrəsi ilə qeydə alınan kredit müqaviləsi, daha sonra 19 nömrəli 2018-ci il tarixində kredit müqaviləsinin təminatı xarakterli reyestrdə 3M-442 nömrəsi ilə qeydiyyata alınan ipoteka müqaviləsi imzalanıb. Borc müqaviləsində 20000 ABŞ dolları göstərilsə də, realda borc verən ona 11400 ABŞ dolları pul vəsaiti ödəyib. Lakin borc verən onun çətin vəziyyətimdən istifadə edərək qərəzli formada vermədiyi pulu qeyd etdirərək ona 11400 ABŞ dolları əvəzinə 20000 ABŞ dolları borcun qeyd edildiyi borc müqaviləsini imzaladıb. Tərəfindən bütün müddət ərzində 11000 manat və 10000 ABŞ dolları pul vəsaitinin ödənişi həyata keçirilib. Tərəfindən ümumilikdə borc verənə 8620 manat əlavə pul ödənişi ödənilib. Borcun, tərəfindən tam şəkildə ödənməsinə və tərəflər arasında yaranan öhdəliklərə tam xitam verilməsinə baxmayaraq, borc verən faiz olaraq əlavə pullar tələb etdiyi üçün borc müqaviləsi üzrə öhdəliyə xitam verilməsinə razı olmayıb və bu günə qədər ona hədə-qorxu gələrək əlavə pullar tələb edir. Bu səbəbdən də hal – hazıra kimi borc müqaviləsi və ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməyib və qanunsuz olaraq iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü qalıb.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(007)- 346/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Qətnamənin əsaslarına görə, iddiaçı əqdlərin etibarsız hesab olunaraq ləğv edilməsi hissəsində öz tələblərinin əsası kimi istinad etiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də həmin hissədə iddia təmin olunmamalıdır. Digər tələblər əqdlərin etibarsız hesab olunaraq ləğv edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan həmin hissədə də iddia təmin oluna bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 347,351, 354, 360, 374, 375-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bütün subutları təkzib etmiş, əksinə cavabdehin heç bir mötəbər sübutu ilə təsdiqlənməyən izahatına mötəbər sübut qismində qiymətləndirərək qanuna zidd qətnamə elan etmişdir. Məhkəmənin elan etdiyi qətnamənin təsviri, əsaslandırıcı hissəsi ilə və nəticə hissəsi, gəldiyi qənaət zidiyyət təşkil edir. Belə ki, cavabdehin nümayəndə və vəkilinin etirafı üzrə iddiaçı tərəfindən ödənilən 10000 ABŞ dolları və 11000 manat, ümumlikdə 28000 manat pul vəsaiti üzrə belə müqavilə öhdəliynə xitam verilməsini rədd edərək, mötəbər dəlillərə düzgün qiymət verilmədən sübutların qiymətlənmdirilməsinə dair prosessual qanunların tələbini kobud formada pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayətində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir; Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). ... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. ... Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İddianın kredit və ipoteka müqavilələrinin 8600 ABŞ dolları hissəsində etibarsız hesab edilməsi hissəsi onunla əsaslandırılır ki, müqavilədə məbləğ 20000 ABŞ dolları göstərilsə də, cavabdeh onun çətin vəziyyətindən istifadə edərək faktiki olaraq ona 11400 ABŞ dolları məbləğində pul vəsaiti borc vermişdir.

19. İddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 340-cı maddəsinə (yalan və uydurma əqdlər) istinad olunsa da, iddianın bu hissəsi cavabdehin onun çətin vəziyyətindən istifadə etməsi ilə əsaslandırıldığından hüquqi əsas kimi Mülki Məcəllənin 339-cü maddəsi çıxış edir.

20. İlkin olaraq onu qeyd etmək lazımdır ki, iddia cavabdehin onun çətin vəziyyətindən istifadə etməsi ilə əsaslandırılsa da, çətin vəziyyətin nədən ibarət olması, cavabdehin bu vəziyyətdən hansı formada istifadə etməsi əsaslandırılmamış və bu barədə hər hansı dəlil irəli sürülməmişdir.

21. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Hazırkı işdə isə əqdlərin etibarlılığını istisna edən halların heç biri mövcud deyil. Mübahisələndirilən əqd - 19 may 2018-ci il tarixli kredit müqaviləsi lazımi subyektlərin (borc verən və borc alan) iştirakı ilə bağlanmış, onların iradə ifadələri mövcud olmuş, əqdin forma və məzmununa dair şərtlərə əməl edilmişdir.

22. İddiaçının müqavilənin predmet barədə şərtinə - müqavilə bağlanarkən 8600 dollar məbləğdə pulun verilməməsi barədə şərtə əməl edilməməsi barədə dəlili də işin halları ilə sübuta yetirilə bilmir.

23. Halbui, mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

24. Digər tərəfdən iddiaçı özü müqavilə üzrə ödənişlər apardığını bildirməklə, bağlanmış müqaviləni təsdiq etmişdir.

25. Həmçinin, iddia əqdlərin etibarsızlığı üçün ümumi norma kimi nəzərdə tutulan Mülki Məcəllənin 337.1-ci maddəsi baxımından da əsaslandırılmamış, yəni, Məcəllədə müəyyənləşdirilmiş hər hansı şərtin pozulmasına istinad olunmamışdır.

26. Bundan əlavə, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən isə, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

27. Qeyd olunan konteksdə hazırkı işin halları üzrə o da müəyyən olunur ki, iddiaçı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti ötürməklə əqdi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi müqavilələr 19 may 2018-ci il tarixdə imzalanmış, həmin müqavilə bağlandığı vaxt müqavilənin predmeti olan pulun məbləği, iddiaçının müqaviləni mübahisələndirməkdə əsaslandığı hallar (borcun məbləği) ona məlum olmuşdur. Hazırkı iddia ilə isə 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir.

28. Həmçinin, iddiaçının ali hüquq təhsilli olması və hüquqşünaslıq fəaliyyəti ilə məşğul olması onun əqdin məzmunu barədə məlumatlı olmadığı qənaətinə gəlməyə də əsas vermir.

29. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın kredit və ipoteka müqavilələrinin 8600 ABŞ dolları hissəsində etibarsız hesab edilməsi hissəsinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı işdə əqdlərin etibarsızlığı ilə bağlı maddələrin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

31. İddianın digər - borc alanın (iddiaçının) müqavilə üzrə öhdəliyinə xitam verilməklə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi və onun tərəfindən artıq ödənilən 8620 manat pul vəsaitinin qaytarılması hissələri onunla əsaslandırılır ki, müqavilə bağlandıqdan sonra cavabdehə 11000 manat və 10000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.

32. İddianın bu hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə - hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.”

33. İddiaçı tərəfindən bu bəndin tələblərinin yerinə yetirilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmasa da, birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun hansı hissəsinin qaytarılması ilə bağlı aşağıdakı formada izahat verilmişdir: “Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, tərəflər arasında notarial qaydada borc və ipoteka müqaviləsi bağlanıb. Müqavilədə göstərilən 20000 ABŞ dolları vəsait iddiaçıya tam şəkildə ödənilib. Lakin iddiaçı həmin puldan bir dəfə 10000 ABŞ dolları bir dəfə də, 600 ABŞ dolları pul qaytarıb, müqavilə üzrə qalan borc hələdə ödənilməyib.Bundan başqa, iddiaçı 10000 manat da ayrıca ödəmişdir. Lakin həmin ödənilmiş vəsait onunla əlaqədardır ki, iddiaçı əlavə olaraq əldən ələ borc almışdır və həmin borcu qaytarıb. Həmin 10000 manat pulun, hazırki kredit və ipoteka müqaviləsində olan borca aidiyyəti yoxdur. Onlar iddiaçının mənzilini qaytarmağa etiraz etmirlər, lakin qalan borcu ödəməsi şərti ilə.”

34. Qeyd olunan xüsusata apellyasiya şikayətinin əsası kimi də istinad olunmuşdur ki, cavabdehin nümayəndəsinin etirafı üzrə iddiaçı tərəfindən ödənilən 10000 ABŞ dolları və 11000 manat, ümumlikdə 28000 manat pul vəsaitinin ödənilməsinə qiymət verilməmişdir.

35. Bu xüsusatla bağlı onu qeyd etmək lazımdır ki, cavabdehin nümayəndəsi həqiqətən də müqavilə üzrə 10000 və 600 ABŞ dolları olmaqla ümumilikdə 10600 ABŞ dollarının ödənilməsini, bundan başqa iddiaçı tərəfindən 10000 manat məbləğində ödəniş aparılsa da, həmin ödənişin başqa borc münasibətləri üzrə apapıldığını bildirir və bu halda əlavə aparılmış 10000 manat məbləğində ödənişin hansı borc münasibətinə görə ödənilməsini və mübahisə predmeti olan müqavilə üzrə ödənilməməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin məhkəmə tərəfindən həmin pul vəsaitinin bu borc müqaviləsi üzrə aparılması qənaətinə gəlinsə belə, yenə də ödənilmiş ümumi vəsaitin məbləği borcun tam ödənilməsini təsdiq etmir. Belə ki, bu zaman ABŞ dollarının Azərbaycan manatına olan hazırkı məzənnəsi nəzərə alınmaqla ödənilən ümumi məbləğ 28020 manat (10600 x 1,7 =18020 + 10000 = 28020) təşkil edir, lakin müqavilə üzrə ödənilməli olan borc 34000 manatdır. Yəni, istənilən halda borc müqaviləsi üzrə ödəniş tam aparılmadığından borc alanın müqavilə üzrə öhdəliyinə xitam verilməklə mülkiyyətində olan mənzilin ipoteka yüklülüyündən azad edilməsi üçün əsaslar mövcud deyildir və iddianın bu hissələrdə də rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür.

36. İddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan digər xahişlər - cavabdeh və onunla bağlı şəxslər barəsində “xüsusi qərardad” qəbul edib, aidiyyəti üzrə prokurorluğa göndərilməsi barədə qərardad çıxarılması, qanunsuz saxta sənədləşmə ilə məşğul olmasına dair təqdimat yazıb Cavabdeh2 işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilməsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, işin halları ilə cavabdehin hərəkətlərində cinayətin əlamətləri, ərizədə qeyd olunduğu kimi qanunsuz saxta sənədləşmə faktları aşkar olunmur.

37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(007)-346/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(007)-346/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar