Məhkəmə qərarları › İş №2(125)-333/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-333/2025

02.05.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-333/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin ləğvi və vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və ödəniılmiş 420 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli müqavilənin ləğv edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 420 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı dəyəri 2.500 manat 02 qəpik olan «Samsung Galaxy Z Flıp» markalı mobil telefonu ilkin ödəniş 500 manat olmaqla, qalan məbləği 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Həmin mobil telefon bir müddət istifadə edildikdən sonra heç bir səbəb olmadan xx.xx.2024-cü il tarixdə telefonun ekranın içəridən iki hissəyə ayrılmışdır. Bu zaman telefonun xarici görünüşündə heç bir zədə mövcud olmamış, telefonda heç biz zahiri zədə izi müşahidə edilməmişdir. Həmin mobil telefonun ekran görüntüsündə olan nasazlıqla bağlı İddiaçı "xxxx" MMC-nin Gəncə şəhərində fəaliyyət göstərən filialına müraciət etmiş, bu zaman telefonda xarici heç bir qüsur, zədə olmadığına görə telefon iddiaçıdan təhvil alınmış, bununla bağlı hər hansı akt tərtib olunmamış, telefonda olan qüsurun istehsal qüsuru olduğu, telefonun yenisi ilə əvəz ediləcəyi ona bildirilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən telefonun xarici ekranında zədə olduğu, bununla bağlı 1.010 manat məbləğində pul vəsaiti ödənilməsi lazım olduğu ona izah edilmişdir. Lakin alqı-satqı predmeti olan mobil telefonda İddiaçı təqsiri ilə əlaqədar qüsurun yaranmasına dair sübut ona təqdim olunmamışdır. Hətta İddiaçı mobil telefonun "xxxx" MMC-yə təqdim edilməsi zamanı onun iştirakı ilə akt tərtib olunmadığı halda təhlükəsizlik kamerlarının görüntülərinin təqdim olunmasını tələbinə də "xxxx" MMC tərəfindən məhəl qoyulmamışdır Cavabdeh MMC-nin qüsurların texniki zədə ilə əlaqələndirməsi nəzərə alındıqda da məhsulun təhvil verilməsi zamanı texniki zədənin olmasını sübut etmə vəzifəsi cavabdehə aid olmalıdır. Bununla bağlı cavabdeh hər nə qədər müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirak etməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş etirazında cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, iddiaçının mobil cihazı ona saz vəziyyətdə təhvil verilmiş və 3 aya yaxın onun tərəfindən istifadə edilmişdir. Əgər cihaz saz vəziyyətdə olmasa 3 ay ərzində normal işləməz, elə aprel ayında cavabdehə müraciət olunardı. İddiaçı iyul ayında servisə müraciət etmiş, bu zaman məhsul servis mərkəzində müayinə edilmiş və onun mexaniki təsirə məruz qalması müəyyən edilmişdir. Yəni malda olan problem müştəridən asılı olan hallardan meydana gəlmişdir, mexaniki zədə ilə bağlıdır, istehsalla bağlı deyildir. Servis rəyinin «Samsung» şirkəti tərəfindən tanınması ilə bağlı sənəd olmur, texniki xidmət mərkəzi öz mütəxəssisləri tərəfindən mala baxış keçirir və bu qənaətə gəlir. Əgər şübhə varsa, məhsul digər «Samsung» servislərində yoxlanıla bilər. Hazırda cihaz müştəri tərəfindən qəbul edilmədiyi üçün Bakı şəhərində olan mərkəzi anbara göndərilmişdir. Bundan başqa malın servisə təhvil verilməsi zamanı akt tərtib edilməməsi və orada qüsur qeyd edilməməsi hissəsinə, bununla bağlı qeyd edilməlidir ki, malı qəbul edən servis mərkəzinin operatorlarıdır, usta, texnik və ya mütəxəssis deyildir, buna görə də, onlar malı qəbul edən zaman onda qüsur olub-olmamasını müəyyən edə bilməzlər. İddiaçının malı hərtərəfli müayinə edilmiş və yekunda verilən rəyə görə malda mexaniki təsir olmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilən əlavədən görünür ki, İddiaçı dəyəri 2.500 manat 02 qəpik olan «Samsung Galaxy Z Flıp» markalı mobil telefonu 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı «Samsung Galaxy Z Flıp» markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İşdə olan xx.xx.2024-cu il tarixli, 6462 nömrəli zəmanət talonundan görünür ki, «Texniki servis» aşağıda göstərilən hallarda «Zəmanət talonu» çərçivəsində xidməti ödənişsiz göstərir: müəyyən olsa ki, qüsur istehsalçı tərəfindən buraxılıb, müəyyən olmuş qüsur həmin malın zəmanət müddətində aşkarlanıb. Zəmanət talonunun tərtib olmadığı və təmirin ödənişli həyata keçirildiyi hallar: müəyyən olsa ki, malda qüsur istehlakçı tərəfindən yaranıb, yəni mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısı alınmaz qüvvələrin təsiri həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən malda təmir işləri aparma (müdaxilə olunma) nəticəsində, belə halda «Zəmanət talonu» tərtib olunmur və təmir ödənişli şəkildə həyata keçirilir, istehlakçı tərəfdən yaranan qüsura görə «Kontakt Home» heç bir məsuliyyət daşımır; malın üzərində və zəmanət talonunda qeyd olunan modelin, İMEİ kodlarının və seriya nömrələrinin uyğun gəlmədiyi, dəyişdirildiyi, silindiyi, zədələndiyi hallarda.Malın zəmanət müddəti 1 ildir. İş materiallarında olan «Reset Service» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aparılan işlər barədə çıxarışın surətindən görünür ki, «Samsung Galaxy Z Flıp» markalı mobil telefon xx.xx.2024-cü il tarixdə servisə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə diaqnostika yekunlaşdırılmışdır. Belə ki, «Samsung Galaxy Z Flıp» markalı mobil telefonda qüsur mexaniki təsir nəticəsində yaranmışdır. Ekran ödənişli əsaslarla dəyişdirilməlidir. İşdə olan təklif məktubundan görünür ki, İddiaçı müqavilədən imtina edərək, onun ləğv olunmasını tələb etmiş, "xxxx" MMC-yə mübahisənin 10 gün ərzində öz aralarında razılıqla həll olunmadığı halda məhkəməyə müraciət edəcəyi ilə bağlı məlumat vermiş və həmin təklif xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan «X4» tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 607785 nömrəli texniki rəyin surətindən görünür ki, «Samsung Galaxy Z Flıp» markalı mobil telefonda cızıqlar, zədələr və sınıq var. Ekranın orta hissəsi qırılıb. Mexaniki zədə var. Aşkar olunan qüsur istehsalçı tərəfindən deyil, zəmanətli təmirə yararsızdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı dəyəri 2.500 manat 02 qəpik olan «Samsung Galaxy Z Flıp» markalı mobil telefonu ilkin ödəniş 500 manat məbləğində olmaqla, 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Cavabdeh MMC-dən almışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı həmin mobil telefonda yaranmış qüsurla əlaqədar onu Cavabdeh MMC-yə təhvil vermiş və malın lazımi keyfiyyətlə malla əvəz olunmasını tələb etmişdir. Lakin Cavabdeh MMC tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsin predmeti olan mobil telefonda aşkar olunan qüsurun istehsalçı tərəfindən deyil, mexaniki xarici zədə nəticəsində yarandığını buna görə də malın yenisi ilə əvəz edilə bilməyəcəyini bildirmişdir. Bununla əlaqədar İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli müqavilənin ləğv edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 420 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cü maddəsinə uyğun olaraq, iddiaçının seçməsi əsası ilə müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə Gəncə Şəhər Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 624.1.1-624.1.4-cü maddələrinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki, keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. Həmin Məcəllənin 624.3-cü maddəsinə görə malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Həmin Məcəllənin 624.4-cü maddəsinə görə bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 7-ci maddəsinin 10-cu hissəsinə görə əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirmədiyi təqdirdə həmin qüsurlara görə istehlakçının qanunla müəyyən olunan hüquqlarını təmin etməlidir. Bunun əksinə, yəni maldakı qüsurların istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirdiyi təqdirdə həmin qüsura görə məsuliyyət daşımır. Beləliklə, maldakı qüsurların onun və ya istehsalçının təqsiri ilə əlaqədar olmamasını sübuta vəzifəsi satıcıya məxsusdur. Hazırki halda xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan «Samsung Galaxy Z Flıp» markalı mobil telefondakı qüsur, yəni telefonun ekranın qatlanan aşağı hissəsində görüntünün itməsi ilə «Reset Service» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və «X4» tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 607785 nömrəli mütəxəssis rəylərində istinad edilən mexaniki zədələr arasındakı səbəbli əlaqənin nədən ibarət olması Cavabdeh MMC tərəfindən bildirilməmiş və həmin halın həqiqiliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan «Samsung Galaxy Z Flıp» markalı mobil telefonun xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi işin mübahisəsiz halıdır. Lakin Cavabdeh MMC iddia tələbinə etirazının əsası kimi həmin mobil telefonda yaranmış qüsurun mexaniki zədə təsiri nəticəsində yaranmasına istinad etmiş, həmin halı təsdiq edən sübut qismində «Reset Service» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və «X4» tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 607785 nömrəli mütəxəssis rəylərini məhkəməyə təqdim etmişdir. Qeyd olunan rəylər məhkəmə iclasında tədqiq olunmuş, bu zaman həmin rəylərdə də qüsurların mobil telefonun ön kamerasının yuxarı küncündəki izlərlə əlaqələndirildiyi və vizual müşahidə ilə aşkar göründüyü müəyyən edilmişdir. Mübahisə predmeti olan mobil telefonun Cavabdeh MMC tərəfindən İddiaçı təhvil götürüldüyü və gözlə görünə bilən aşkar qüsurlara istinad edildiyi nəzərə alındıqda, mobil telefonun İddiaçı həmin qüsurlarla təhvil alındığını sübut etmə vəzifəsi Cavabdeh MMC-yə aid olmuşdur. Alıcı tərəfindən mal geri qaytarılarkən onun qüsurlu olmasını (vizual müşahidə ilə görünə bilən zədə, cızıq və s.) təsdiq edən sübutun (müvafiq akt, digər sənəd və s.) təqdim edilməsi mülki iş məhkəmədə tədqiq edilərkən xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli məktublarla Cavabdeh MMC-yə təklif edilsə də Cavabdeh MMC məhkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli müqavilənin ləğv edilməsinə dair hissədə əsaslı olsa da, vurulmuş mənəvi zərərin əvəzi qismində pul tələbinə dair hissədə mənəvi zərərin vurulması sübuta yetirilmədiyindən əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə görə tibb müəsissəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsi ləğv olunmuş hesab edilməli, İddiaçı iddiası qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13906462 nömrəli alqı-satqı müqaviləsi ləğv olunmuş hesab edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar