Məhkəmə qərarları › İş №2(103)-3124/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3124/2024

22.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3124/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: “miras əmlakın bölünməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X8 nümayəndəsi X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-327/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X10 ilə X20 xx.xx.1966-cı ildə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1958-ci ildə İddiaçı, xx.xx.1960-cı ildə X14, xx.xx.1965-ci ildə X15, xx.xx.1967-ci ildə X11, xx.xx.1969cu ildə X16 və xx.xx.1974-cü ildə X17 doğulmuşlar. X10 xx.xx.2015-ci ildə ölmüşdür.

2. İddiaçı mərhum atasından miras qalmış əmlakla bağlı Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli 157 nömrəli cavab məktubu ilə bildirmişdir ki, miras qalmış əmlaka dair vərəsəlik işinin icrası zamanı vərəsələr arasında mübahisə olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur.

3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-18-7/2-299- 2024 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun Tanrıverdiyev küçəsində yerləşən 21-ci evin 2-ci mənzilində qeydiyyatdadır və atası mərhum X10 ölən günə kimi həmin ünvanda aşağıdakı şəxslərlə birlikdə yaşamışdır:

1. X23 (xx.xx.1989-cu il);

2. X17 (xx.xx.1974-cü il);

3. X33 (xx.xx.1990-cı il);

4. X18 (xx.xx.2006-cı il);

5. X19 (xx.xx.2004-cü il);

6. X37 (xx.xx.2019-cu il);

7. X11 (xx.xx.2016-cı il);

8. X10 (xx.xx.1988-ci il);

9. X12 (xx.xx.1990-cı il);

10. X13 (xx.xx.1967-ci il);

11. X16 (xx.xx.1969-cu il).

4. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli 157 nömrəli məktubdan görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik işinin icrası zamanı vərəsələr arasında mübahisə olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Notariat Ofisinə qarşı atası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi barədə iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, atası X5 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxoz ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi vardır. Həmin torpaq sahəsində olan evdə qeydiyyatdadır, illərdir orada yaşayır. X10 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun 6 övladı olmuşdur. X3 xx.xx.2007-ci ildə, qardaşları X11 xx.xx.1999-cu ildə, X17 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. Hal-hazırda bütövlüklə miras əmlakı qəbul etmiş və faktiki idarə edir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024 cü il tarixli ayrıca qərardadına əsasən, iş üzrə icraata İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Notariat Ofisinə qarşı "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair hissədə xitam verilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-327/2024 saylı, 27 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə olan "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, daşınmaz əmlakın vərəsəlik üzrə keçməsi üçün həmin əmlaka mərhumun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində mərhumun sağlığında qeydiyyata alınmış olmalıdır. Əgər miras qoyan hüququnu qeydiyyata aldırmadan vəfat edərsə, mirasın rəsmiləşdirilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərilən qaydada həyata keçirilməlidir. Bu qayda ondan ibarətdir ki, vərəsə daşınmaz əmlakın dövlət reyestrini aparan qeydiyyat orqanına müraciət edərək daşınmaz əmlak, o cümlədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun miras qoyana məxsus olması haqqında arayış almalı və həmin arayışı notariat ofisinə təqdim etməlidir. İşdən görünür ki, iddia ərizəsində göstərilən 1000 kv.m həyətyanı torpaq sahəsinə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının miras əmlakla bağlı məhkəməyə təqdim etdiyi yeganə sənəd X2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 069246 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"dür. Sənəddə göstərilmişdir ki, həmin sənəd X5 adına Abşeron rayonu Pirşağı qəsəbəsində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008ci il tarixli 86 nömrəli qərarı əsasında tərtib edilmişdir. "Torpaq sahəsinin planı və ölçüsü" torpaq sahəsinin yalnız koordinatlarını və kadastr göstəricilərini əks etdirən sənəddir və mülkiyyət hüququnu təsdiq edən sənəd sayılmır. Həmin sənəd əsasında torpaq sahəsi miras əmlak kimi paylara bölünə bilməz. Mərhum X1 mülkiyyət hüququ qeydiyyata alınmadığına görə İddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrini aparan qeydiyyat orqanına müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması haqqında arayış ala və həmin arayışı notariat ofisinə təqdim edə bilərdi. Lakin o, bunu etməmişdir. Belə olan halda, 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın paylara bölünməsi barədə onun iddiası təmin edilməməlidir. İddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun qeyd olunan 22.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrini aparan qeydiyyat orqanına müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması haqqında arayış alaraq həmin arayışı notariat ofisinə təqdim edə bilər.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətində gösərir ki, məhkəmə iddiaçı olaraq təqdim etdiyi torpaq sahəsinin atası Mahmud Mustafayevə məxsus olması və onun adına dövlət qeydiyyatına alınmasına dair aşağıda qeyd olunan sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin torpaq sahəsinin atasına məxsus olmasını təsdiq edən dövlət tərəfindən verilən və zamanında mülkiyyət hüququnu təsdiq edən sənəd olan Dövlət Aktını məhkəmə nədənsə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış kimi qəbul edərək artıq qeydə alınmış hüququn yenidən ikinci dəfə dövlət qeydiyyatına alınmasını bildirərək iddia tələbini əsassız olaraq rədd etmişdir. "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsinə dair atasının hüquqları rəsmi dövlət qeydiyyatına alınmış və həmin dövrdə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd Dövlət Aktı verilmiş, bundan əlavə torpaq sahəsinin dəqiq kordinantları və yerləşmə yerini göstərən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 069246 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi də verilmişdir. “X32” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun tələbindən görünür ki, atasına məxsus olmuş torpaq sahəsi artıq qeydə alınmış hüquq olmuş və həmin dövrdə rəsmiləşdirmə sənədi olan Aqrar İslahat Komissiyasının qərarı, həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlər və Dövlət Aktı mövcud olmuşdur. Bu isə o deməkdir ki, mübahisəli torpaq sahəsinin atasına məxsus olması dövlət tərəfindən tanınan və rəsmi qeydə alınan hüquqdur, həmin dövrdə rəsmi qeydiyyat sənədi ilə rəsmiləşdirilərək hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə isə iddianın rədd edilməsi ilə bağlı belə nəticəyə gəlir ki, Mahmud Mustafayev öz hüquqqlarını rəsmi dövlət qeydiyyatına aldırmadan ölmüş, bu səbəbdən onun vərəsələri yəni o, hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış alıb, Mahmud Mustafayevin adına olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmalı və Çıxarış alandan sonra həmin əmlak miras əmlak sayıla bilər. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, Mahmud Mustafayevə məxsus hüquqlar artıq qeydə alınıb, onun təkrar qeydiyyata alınmasına ehtiyac yoxdur. Dövlət Aktı da həmin dövrdə mülkiyyət hüququnu təsdiq edən sənəd qismində çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 4-cü bəndinə görə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Nədənsə birinci instansiya məhkəməsi Aqrar İslahat Komissiyasının qərarı və həmin qərar əsasında verilmiş Dövlət Aktını və torpaq sahəsini Plan Ölçü sənədini mülkiyyət sənədi kimi qəbul etməmiş və iddianın rədd edilməsinin əsası kimi də bu yanaşma çıxış etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 22.2-ci maddəsinin tələbinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddi hüquq normasının tələbinə əsasən sərəncam, müqavilə, icarə və s. istifadə hüququnu ehtiva edən sənədlər əsasında şəxsin istifadəsinə verilmiş əmlaka dair hüquqlarını rəsmi dövlət qeydiyyatına aldırmadan şəxs ölərsə, onda onun vərəsələri onun adına həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq ölən şəxsin adına çıxarış alır. Lakin onların halında mərhum Mahmud Mustafayev sağlığında həmin dövrdə daşınmaz əmlaka dair hüquqları qeydə alan orqan tərəfindən mülkiyyət hüququ qeydə alınmışdır. Bu isə o deməkdir ki, qeydə alınmış hüuqu yenidən 22-ci maddə ilə təkrar qeydə alınması əsassızdır. Mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktı da həmin dövr üçün Çıxarışı əvəz edir. Belə olan halda Dövlət aktı Çıxarışla əvəzlənir və 22-ci maddənin tələbləri ilə əmlakın qeydiyyatı aparılmır. Mhkəmə maddi hüquq normasının tələbini düzgün təfsir etməmiş, düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsinə dair "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı və Dövlət Aktı barədə məlumatlar və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 069246 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilməsinə baxmayaraq məhkəmə həmin halları və sübutları araşdırmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, Çıxarış olmadığından mərhumun adına olan torpaq sahəsi miras əmlak sayıla bilməz və bu əsasla iddianı rədd edir. Lakin məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlardan və izahatlardan müəyyən olunur ki, miras əmlak mərhumun sağlığında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş inzibati akt əsasında onun adına rəsmiləşdirilməsi, bunu təsdiq edən həmin dövrdə mülkiyyət hüququnu təsdiq edən sənəd qismində çıxış edən Dövlət Aktı ilə rəsmiləşdirilməsinə və torpaq sahəsinin dəqiq yerini, ölçülərini müəyyən ediən Plan Ölçü sənədinin olmasına baxmayaraq məhkəmə işin hallarına uyğun olmayan qətnamə qəbul edir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Bakı şəhəri 39 saylı Notariat Ofisinin nümayəndəsi, eləcə də iş üzrə cəlb edilmiş müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmənin sonuncu iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin və 3-ü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Mülki iş apellyasiya icraatında olarkən Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququna dair dövlət aktının yaxud şəhadətnamənin verilib-verilməməsi ilə bağlı məlumat verilməsi, dövlət aktının yaxud şəhadətnamənin və ya çıxarışın verildiyi halda təsdiq olunmuş surətinin təqdim olunması üçün "xxxx" MMC-yə sorğular göndərilmişdir.

24. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 3-21-3-60/2-1312/2024 saylı, 10 iyun 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 nömrəli Qərarı aşkar edilməmişdir. Arxivdə saxlanılan Abşeron rayonu, Pirşağı qəsəbəsi ("2 nömrəli Sovxoz") üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X10 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışlar məhkəməyə təqdim edilmişdir.

25. Lakin məhkəmə sorğusu Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yaxud Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarələri yaxud digər qurumları tərəfindən torpağa mülkiyyət hüququna dair dövlət aktının, yaxud şəhadətnamənin və ya çıxarışın verilib-verilməməsi ilə bağlı olduğundan bu barədə məlumat verilməsi, dövlət aktının, yaxud şəhadətnamənin və ya çıxarışın verildiyi halda təsdiq olunmuş surətinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.

26. Ona görə də Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yaxud Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarələri yaxud digər qurumları tərəfindən mülkiyyət hüququna dair dövlət aktının yaxud şəhadətnamənin və ya çıxarışın verilib-verilməməsi ilə bağlı məlumat verilməsi, dövlət aktının yaxud şəhadətnamənin və ya çıxarışın verildiyi halda təsdiq olunmuş surətinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi üçün "xxxx" MMC-yə təkrarən, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Abşeron Rayon İcra Hakimiyyətinə ayrı- ayrılıqda sorğular göndərilmişdir.

27. Abşeron Rayon İcra Hakimiyyətini 5-29/2-20/2024 saylı, 15 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunanlar rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir.

28. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi ilə müştərək qaydada araşdırma aparılmışdır. Əldə edilən məlumatlara əsasən X5 adına keçmiş DTXK tərəfındən verilmiş AN 069246 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Plan və ölçü sənədinin qeydiyyatdan keçməsi ilə bağlı müvafiq ərazi idarəsində məlumat yoxdur.

29. Göründüyü kimi, apellyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən aidiyyəti üzrə dövlət orqanlarına müraciət edilsə də Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yaxud Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarələri yaxud digər qurumları tərəfindən mülkiyyət hüququna dair dövlət aktının yaxud şəhadətnamənin və ya çıxarışın verildiyi öz təsdiqini tapmamışdır. 30.İddiaçı qeyd olunan torpaq sahəsinə dair verilmiş Dövlət aktının məhkəmə tərəfindən nəzərə alınmadığını göstərsə də belə bir sənədi nə birinci, nədə dəfələrlə təklif olunmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Həqiqətən də belə bir sənəd iddiaçıda yaxud işdə iştirak etməyə cəlb edilmiş üçüncü şəxslərdə olmuşdursa məhkəməyə təqdim edə bilərdilər, ancaq etmədilər yaxud olmadığı üçün təqdim edə bilmədilər.

31. Məhkəmə tərkibi də razılaşır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Dövlət aktı yaxud şəhadətnamənin mövcud olduğu halda, mübahisəyə mahiyyəti üzrə baxılması mümkün idi. Çünki bu sənədlər də mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışlara bərabər tutulur. Ancaq bu cür sənədlərin olmaması iddianın mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Ona görə də iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mərhum Mahmud Mustafayevin hüquqlarının artıq qeydə alınmasını nəyə əsasən bəyan etməsi başadüşülən olmamışdır. Göründüyü kimi, şikayətdə göstərilən dəlillər apellyasiya baxışı zamanı hansısa sübutla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-327/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-327/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar