Məhkəmə qərarları › İş №2(103)-3125/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3125/2021

10.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3125/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Əliağa oğlu və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız sayılması tələbi” barədə iddiasına, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və X3 qarşı “xxxxnin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnamədən Cavabdeh1, Cavabdeh2 MMC və Gülnarə Rəhmanovanın ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə dair mülki işə, iddiaçıların özlərinin, onların ümumi vəkili (nümayəndə) Vəkil1, Cavabdeh1, onun vəkili Vəkil2, üçüncü şəxs Gülnarə Rəhmanovanın vəkilləri (nümayəndələri) X4 və Vəkil3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və L.Mehdiyev cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv.m) qeyri-yaşayış sahəsinə dair cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin” bağlandığı andan etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçıların adlarına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin sentyabr ayında iddiaçılar gələcəkdə birlikdə işləmək niyyəti ilə Bakı şəhərində qeyri-yaşayış sahəsi almaq barədə razılığa gəlmiş və bu məqsədlə müəyyən qədər vəsait toplayaraq satılan qeyri-yaşayış sahələri ilə maraqlanmağa başlamış, cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən və satışa çıxarılmış, ümumi sahəsi 600 kv.m olan qeyriyaşayış sahəsinə baxış keçirdikdən sonra həmin qeyri-yaşayış sahəsini bəyəndikləri üçün həmin obyekti satın almaq istəmişlər. Həmin bina cavabdeh MMC tərəfindən inşa edilmiş və binanın satılmayan yaşayış və qeyri-yaşayış sahələri cavabdeh MMC-nin təsisçiləri olan (hazırki iş üzrə tərəf olmayan) X8 ilə X15 arasında pay bölgüsü üzrə bölünmüşdür. Bölgüyə əsasən mübahisəli qeyri-yaşayış sahəsi T.Yusifovun payına düşmüşdür. Odur ki, iddiaçılar, obyektin satın alınması ilə bağlı danışıqları T.Yusifov ilə aparmış və həmin obyektin dəyərinin 1.500.000 manata olması barə T.Tusifov ilə razılığı gəldikdən sonra iddiaçıların hər biri 500.000 manat olmaqla, cəmi 1.500.000 manatı T.Yusifova ödəmişlər. “xxxx” bağlanan zamanı İddiaçı2 MMC-nın təsisçisi olan T.Yusifova bildirmişdir ki, obyektə dair bağlanmalı olan müqavilədə öz adının yazılmasını istəmir və təklif etmişdir ki, müqavilə onun qaynı olan Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilsin. Həmin qeyriyaşayış sahəsinin Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilməsindən digər iddiaçıların xəbəri olmamışdır. İddiaçı2 qaynı Cavabdeh1 MMC-nin təsisçisi T.Yusifovun sürücüsü olmuş və elə bu obyektin satılması barədə məlumatı da iddiaçılar Cavabdeh1 almışlar. Bundan sonra, yəni 28.09.2009-cu il tarixdə obyektə dair müqavilə MMC ilə Cavabdeh1 arasında rəsmiləşdirilmişdir. Bir müddət əvvəl İddiaçı2 ilə arvadı (iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs) G.Rəhmanova arasında ailə münaqişəsi yaranmışdır. Bundan suiistifadə edən Cavabdeh1 bacısını müdafiə etmək bəhanəsi ilə İddiaçı2 qarşı kəskin mənfi münasibət göstərməyə başlamış, onunla əlaqəni kəsərək obyekti ondan alacağını bildirmiş və bu istiqamətdə konkret addımlar atmışdır. Belə ki, Cavabdeh1 notariusa gedərək obyektə dair İddiaçı2 adına verdiyi 17.06.2016-cı il tarixli etibarnaməni ləğv etmiş və mübahisəli obyektin guya ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilə” bağlandığı andan etibarsız hesab edilməli və həmin qeyri-yaşayış sahəsi bərabər əsaslarla onların adlarına rəsmiləşdirilməlidir. İddia ərizəsi baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra, üçüncü şəxs G.Rəhmanova cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və İddiaçı2 qarşı müstəqil iddia tələbi irəli sürərək, ilk iddianın qismən, müstəqil iddiasının isə tam təmin edilməsi, mübahisəli (ümumi sahəsi 600 kv.m olan) qeyri-yaşayış sahəsinə dair ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin” bağlandığı andan etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair onun və İddiaçı2 mülkiyyət hüquqlarının tanınması, həmin əmlaka dair 1/2 hissədə onun və 1/2 hissədə İddiaçı2 paylarının müəyyən edilməsi, həmin əmlakın onlara təhvil verilməsi, ilk iddianın iddiaçılar İddiaçı1 və L.Mehdiyevə aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. G.Rəhmanovanın müstəqil iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh1 arasında şərti olaraq bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin” predmeti olan qeyri-yaşayış sahəsi onunla cavabdeh İddiaçı2 birgə nikahları dövründə alınmış ümumi əmlakdır. Cavabdeh İddiaçı2 ilə 05.09.1978-ci il tarixdən nikahda olmuş, nikahları Nəsimi Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olduqları dövrdə İddiaçı2 2009-cu ildə şərikləri ilə birlikdə birgə biznes qurmağa qərar vermiş, bununla əlaqədar şərikləri ilə ümumi razılaşmalara əsasən İddiaçı2 kommandit ortaq qismində biznesi həyata keçirmək üçün zəruri qeyri-yaşayış sahəsi və ya daşınmaz əmlak alıb şəriklərinin həmin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üzrə onların müvəqqəti istifadəsinə verməyi, şəriklər isə öz növbəsində həmin biznesi həyata keçirmək üçün zəruri avadanlıq və s. əldə etməyi, cari texniki məsələləri həll etməyi öz üzərlərinə götürmüşlər. Alınan hər bir əmlak, avadanlıq və ya əşya ümumi biznesdə ümumi istifadədə olsa da, mülkiyyətçinin öz mülkiyyətində qalacaqdı. Həmin dövrdə hələ ailə-nikah münasibətləri davam etdiyindən İddiaçı2 satın almaq üçün əlverişli və quracaqları biznesin təyinatına uyğun obyekt axtarılması işini qohum kimi onun qardaşı Cavabdeh1 həvalə etmiş, sonuncu isə öz növbəsində yüksək mərtəbəli binaların tikintisi ilə məşğul olan (cavabdeh MMC-nin təsisçisi) T.Yusifov adlı sahibkarın sürücüsü işlədiyindən təxminən 2009-cu ilin sentyabr ayında İddiaçı2 müraciət edərək məhz onun tərəfindən tikilməkdə olan binaların birini, yəni Bakı şəhəri, keçmiş Hüsü Hacıyev küçəsində tikilən yeni tikilinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini tövsiyə etmiş, İddiaçı2 da öz növbəsində şərikləri ilə məsləhətləşərək təklif olunan qeyri-yaşayış sahəsinin quracaqları biznesin təyinatına müvafiq olduğunu müəyyən etdikdən sonra həmin qeyri-yaşayış sahəsini almaq qərarına gəlmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı2 və onun tərəfindən Cavabdeh1 alınmış borc hesabına MMC-yə ödənilmişdir. Cavabdeh1 alınmış borc İddiaçı2 tərəfindən onunla ümumi birgə nikah dövründə apardıqları ümumi birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsait hesabına tam ödənilmişdir. Təsadüfi deyildir ki, MMC adından çıxış edən T.Yusifov tərəfindən 08.01.2009-cu il tarixdə ona 100 il müddətinə etibarnamə verilmişdir. Həmin etibarnaməyə əsasən T.Yusifov ünvan 3 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən pay bölgüsü üzrə özünə aid olan hissədən 200 kv.m qeyriyaşayış sahəsini idarə etməyi, lazımi sənədləri toplamağı, özəlləşdirməyi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən (bundan sonra – DƏDRX) “Reyestrindən çıxarış” almağı, həbs və girov barədə arayış aldıqdan sonra sərəncam verməyi, almağı, bağışlamağı, dəyişməyi, buna dair ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Sonradan tərəflər arasında nikaha xitam verilərkən əmlak bölgüsü məsələsinin həlli zamanı o da sözügedən etibanaməyə arxayın olaraq həmin əmlakın bölgüsünü məhz əmlaka dair DƏDRX-dən çıxarış alındıqdan sonra aparılmasını məqsədəuyğun hesab edərək bölgüsünü təxirə salmış, həm də güman etmişdir ki, ər-arvadın ümumi birgə əmlakı kimi İddiaçı2 özü həmin əmlaka dair çıxarış alacaq və bununla bağlı xərcləri və məsrəfləri ödəmiş olacaq. Təsadüfi deyildir ki, birgə nikah dövründə əldə etdikləri və hələ DƏDRX-dən “Reyestrdən çıxarışın” alınmadığı digər əmlak - Bakı şəhəri, Xətai rayonu, M.Hadiküçəsi, 41 ünvanında tikilməkdə olan binanın 1ci mərtəbəsinin 4-cü blokunda yerləşən qeyri-yaşayış sahəsi də mövcud olmuş və o, həmin əmlaka dair çıxarış alınmadığından onun bölgüsü tələbini də irəli sürməmiş və bunu məhz İddiaçı2 tərəfindən həmin əmlaka çıxarış alındıqdan sonra tələb etməyi nəzərdə tutmuşdur. Başqa sözlə, hazırki iş üzrə mübahisəli əmlakla bağlı MMC-nin adından çıxış edən T.Yusifov tərəfindən ona 100 il müddətinə etibarnamə verildiyindən və vaxtaşırı İddiaçı2 həmin əmlakdan əldə etdiyi gəliri onunla böldüyündən onun əvvəlki rəftarına güvənərək, habelə onun həmin əmlakla bağlı çıxarışın alınması üçün zəruri xərcləri və məsrəflərini çəkəcəyinə arxayın olaraq həmin əmlakın bölgüsünü tələb etməmişdir. Lakin daha sonra, hadisələrin təsadüfi gedişində övladı Faiqlə söhbət zamanı qardaşı Cavabdeh1 ilə İddiaçı2 arasında münaqişə yarandığını öyrənmiş və bunun səbəblərini araşdırarkən ona məlum olmuşdur ki, tərəflər arasında münaqişənin predmeti sözügedən obyektdir və hətta bu münaqişə Yasamal Rayon Məhkəməsində əmlak mübahisəsi həddinə gəlib çatmışdır. Cavabdeh1 bu obyektin alınmasındakı rolunun yalnız onun satıcısını tövsiyə etməkdən ibarət olduğu halda, əmlaka dair tələb irəli sürməsi onda təəccüb doğurmuş, bununla bağlı İddiaçı2 ilə söhbət apararkən ona məlum olmuşdur ki, İddiaçı2 təşəbbüsü ilə xxxx müəyyən obyektiv səbəblərdən şərti olaraq, qohum olduğundan qarşılıqlı inam və etimad əsasında etibar etdiyi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 T.Yusifovun sürücüsü işlədiyindən və həmin ərazidə tez-tez olduğundan xxxxnin adına rəsmiləşdirilmiş şərti mülkiyyətçi kimi həmin obyektin təmirinə, kommunal, texniki işlərinə və digər cari məsələlərinə əmlak üzrə səlahiyyət verilmiş şəxs kimi daha operativ məşğul ola bilərdi. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı2 tərəfindən birgə nikah dövründə apardıqları ümumi birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsait hesabına alınmış və təmir edilmiş, əmlak faktiki olaraq ər-arvadın ümumi birgə mülkiyyəti olmuş, lakin şərti olaraq, görünüş üçün İddiaçı2 təşəbbüsü ilə onun xəbəri olmadan qohumu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra, aralarında faktiki olaraq ailə münasibətlərinə xitam verilməsi və nikahın məhkəmə qaydasında pozulması ilə müşayiət olunan münaqişəli vəziyyətdən sui-istifadə edərək Cavabdeh1 sözügedən əmlakı ələ keçirmişdir. Halbuki, Cavabdeh1 sürücü işlədiyindən və yalnız ailəsinin gündəlik zəruri ehtiyaclarını ödəməyə kifayət edəcək qədər məhdud məvacib və gəlirlə dolandığından onun belə bir əmlakı satın almağa kifayət edəcək pul vəsaiti olmamışdır. Həmçinin, həmin əmlak doğrudan da Cavabdeh1 şəxsi əmlakı olsaydı, İddiaçı2 heç vaxt həmin əmlakı təmir etməyə pul vəsaiti xərcləməzdi və bunda maraqlı da olmazdı. Həmçinin, yaranmış münaqişəli vəziyyət tərəfindən araşdırılarkən ona məlum olmuşdur ki, İddiaçı2 təşəbbüsü ilə şərti olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsinə və müqavilənin şərti olaraq onun adına bağlanmasına baxmayaraq, danışıqlarına müvafiq olaraq sonuncu tərəfindən əmlakın real faktiki və əsl mülkiyyətçisi olan İddiaçı2 17.06.2016-cı il tarixdə həmin əmlaka dair 30 il müddətinə baş etibarnamə verilmiş, İddiaçı2 isə yüngülfikirliliklə həmin etibarnaməyə arxayın olaraq və tərəflər arasındakı qarşılıqlı inam və etimada əsaslanaraq Cavabdeh1 sözügedən əmlakla bağlı gələcəkdə hər hansı tələb irəli sürməsi və bu yolla əsassız varlanma cəhdini ehtimal etməmiş, həmin etibarnamədə MMC ilə bağlanan 28.09.2009-cu il tarixli hazırki iş üzrə mübahisələndirilən müqaviləyə istinad edilmiş və mübahisəli qeyri-yaşayış sahəsinə dair bütün səlahiyyətlərin verildiyi dəqiq və aydın şəkildə ifadə olunmuşdur. Eyni zamanda, deməsinə görə MMC ilə bağlanan 28.09.2009-cu il tarixli müqavilənin və maliyyə arayışının əsli də məhz İddiaçı2 saxlancında olduğundan sonuncu, Cavabdeh1 hətta ən pis ehtimalla sözügedən əmlakın onun tərəfindən əsl mülkiyyətçinin xəbəri olmadan həmin sənədlərsiz özgəninkiləşdirilməsinin qeyri-mümkün olduğuna arxayın olmuşdur. Əgər doğrudan da, mübahisəli əmlak Cavabdeh1 məxsus olsaydı o, həmin əmlakın DƏDRX tərəfindən çıxarış verilməsi üçün əsas olan bu sənədləri məhz özündə saxlayardı. Müstəqil iddia ərizəsi ilk iddia ilə birlikdə baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.03.2020-ci il tarixli qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və L.Mehdiyevin birgə iddiasının təmin olunmasını, mübahisəli (ümumi sahəsi 600 kv.m olan) qeyri-yaşayış sahəsinə dair cavabdeh MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin” bağlandığı andan etibarsız hesab edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və L.Mehdiyevin adlarına rəsmiləşdirilməsini, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 20 manat məbləğində pulu cavabdehlər Cavabdeh1 və MMC-dən alınaraq birgə iddiaçılara ödənilməsini, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs G.Rəhmanovanın müstəqil iddia tələbinin qismən təmin olunmasını, mübahisəli qeyri-yaşayış sahəsinə dair cavabdeh MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin” bağlandığı andan etibarsız hesab edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin 1/3 hissəsindən 1/2 hissəsinə G.Rəhmanovanın və 1/2 hissəsinə İddiaçı2 payları müəyyən edilərək mülkiyyət hüquqlarının tanınmasını, həmin hissənin G.Rəhmanova ilə İddiaçı2 təhvil verilməsini, müstəqil iddia tələbinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, MMC və İddiaçı2 tutularaq G.Rəhmanovaya verilməsini, müstəqil iddia tələbinin qalan hissələrinin təmin olunmamasını qət etmişdir. Cavabdeh1, cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs G.Rəhmanova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İş üzrə üçüncü şəxs G.Rəhmanova tərəfindən verilmiş və əsasları müstəqil iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə mübahisəli qeyri-yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçıların adlarına rəsmiləşdirilməsi barədə hissədə ləğv edilməli və həmin əmlaka G.Rəhmanova ilə R.Rehmanovun bərabər hissələrdə payları müəyyən edilməlidir. Belə ki, digər iddiaçılar əmlakın alınmasına vəsait sərf etməmiş, onlar arasında razılıq avadanlıqların alınmasına dair olmuşdur. Bundan başqa, əmlaka dair dövlət reyestrindən çıxarış verilmədiyi üçün o, həmin əmlakın bölünməsini əvvəllər tələb etməmiş, hazırki mübahisə yarandığı üçün müstəqil iddianı irəli sürmək məcburiyyətində qalmışdır. Cavabdeh1 apellyasiya şikayəti və hər iki iddia tələbinə qarşı etirazı belə əsaslandırılmışdır ki, hər iki iddia əsassızıdır. Belə ki, İddiaçı2 dostları – digər iddiaçılar ilə birləşərək cavabdehlər arasında 28.09.2009-cu il tarixdə bağlanmış “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin” etibarsız hesab edilməsinin səbəbi, İddiaçı2 Cavabdeh1lə aralarında qohumluq (yeznə-qayın) münasibətlərinin pozulmasıdır. Məlum olduğu kimi, əhəmiyyətsiz əqdlərin tanınması tələbi ilə məhkəməyə müraciət etmək ümumi iddia müddəti olan 10 illik müddətin içərisində istənilən zaman mümkündür. Sözü gedən müqavilənin 28.09.2009-cu il tarixdə bağlanmasını və iddianın məhkəməyə 12.12.2019-cu il tarixdə verilməsi nəzərə alınarsa, iddiaçıların qurduğu ssenari üzrə hərəkət edərək ədalət mühakiməsini yanıltmağa cəhd etmələrini görməmək üçün kor olmaq lazımdır. Əhəmiyyətsiz əqd məhkəmənin etibarsız sayıb-saymamasından, bağlandığı andan etibarsız olmasına baxmayaraq, birgə iddiaçıların hazırkı işdə cavabdeh qoyduqları subyektlər arasında bağlanmış əqdin əhəmiyyətsizliyinin məhkəmədə tanınmasını istəmələri, məhz bu iddianın düşünülmüş ssenari olmasının bariz nümunəsidir. Hesab edir ki, birgə iddiaçılar tələblərinin ssenarisini formalaşdırarkən, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsızlığının mübahisələndirilə bilən əqd kimi deyil, əhəmiyyətsiz əqd kimi dəyərləndirərkən, müddətdən ehtiyat ediblər. Birgə iddiaçılar eyni zamanda, əhəmiyyətsiz əqd kimi dəyərləndirdikləri müqavilənin etibarsızlığını irəli sürərkən çox gözəl bilirdilər ki, Mülki Məcəllənin 354.1-ci maddəsində yer alan “əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər” cümləsinə məhkəmə praktikasında birmənalı yanaşılmır və vahid bir praktika yoxdur. Bu qeyd etdikləri o anlama gəlməməlidir ki, hazırkı işdə mübahisələndirilən əqdin etibarsızlığını etiraf edir. Əksinə, etibarsızlığın arxasına gizlənərək özlərinin olduğunu iddia etdikləri qeyri-yaşayış sahəsini kimə və neçəyə icarəyə verdiklərini bilməyən mülki hüquq subyektlərinin hüquqdan sui-istifadə etmələrinin qarşısını almaq üçün və mülki dövriyyənin sabitliyini qorumaq adına ədalət mühakiməsinə hakimə köməklik göstərir. Yuxarıda qeyd etdiyi kimi, məhkəməyə müraciət etmək hüququ heç kim tərəfındən məhdudlaşdırıla bilməz. Başqa sözlə ssenari quraraq, etibarsız əqdlərin digər bir növü olan əhəmiyyətsiz əqdin etibarsızlığının məhkəmə tərəfindən tanınması ilə bağlı müraciətin də qarşısını heç kim ala bilməz. Qanunvericinin ssenari qurub ümumi iddia müddəti olan 10 il keçdikdən sonra iddiaçıların məhkəməni məşğul etməsinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməklə qarşısını almasını, etibarsız əqdlərlə bağlı hakimin öz təşəbbüsü ilə müddəti tətbiq etməli olduğunu dərk edərək münasibətlərin yarandığı andan (bilinən və ya bilinməli) ümumi iddia müddəti olan 10 illik iddia müddətinin keçməsini əsas gətirib hazırkı ərizəni vermək məcburiyyətindədir. Cavabdeh1 bacısı – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs G.Rəhimova iddiaçı R.Rəhimov ilə əlbir olaraq Cavabdeh1 məxsus olan əmlakı ələ keçirmək istəyir. Həmçinin digər iddiaçıların da iddiaçı qismində işə qoşulması məhkəməni çaşdırmaq məqsədi daşıyır. Cavabdeh MMC-nin apellyasiya şikayəti və hər iki iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə, həmin müqavilənin tərəfi olmayan şəxslər üçün heç bir halda hüquqi nəticə yarada bilməz. Rayon Məhkəməsi birgə iddiaçıların onlara aidiyyəti olmayan, başqa subyektlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi nəticəsinə gəlsə də, əslində, həmin iddianın qaldırılması üçün onların subyektiv hüquqa malik olmadıqlarını nəzərə almamışdır. Bundan əlavə, Cavabdeh1 qeyri-yaşayış sahəsini aldıqdan sonra həmin sahəni 05.05.2010-cu il tarixdə “Mango” əmtəə nişanı adı altında geyim əşyaları satan “xxxx” MMC-yə 5 il 5 ay müddətinə aylıq 30.000 manata icarəyə vermiş və obyektin təmiri də razılıq əsasında icarəçi tərəfindən həyata keçirilmişdir. Təmir işlərinin “xxxx“ MMC tərəfindən həyata keçirilməsi nəzərə alınaraq, ilk beş ayın icarə haqqı onlardan alınmamışdır. Həmin vaxt “xxxx” MMC-nin əməkdaşları Avropadan memar və dizayner dəvət etmişlər. Bütün smeta, layihələndirmə və təmir xərcləri “xxxx” MMC tərəfindən çəkilmişdir. Həmin Şirkət 2014-cü ilə qədər Cavabdeh1 icarəçisi olmuşdur. “xxxx” MMC ilə icarə münasibətlərinə xitam verdikdən sonra mübahisəli obyekt tam olaraq 3 il müddətində icarəyə verilə bilməmişdir. Sonradan 07.07.2017-ci il tarixdə həmin obyekt Cavabdeh1 tərəfindən qab-qacaq satışı ilə məşğul olan X6 adlı şəxsə icarəyə verilmişdir. Həmin şəxs icarə haqqını ödəyə bilmədiyindən bir ili tamam olmamış icarə müqaviləsi ləğv olunmuşdur. 05.06.2018-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən geyim əşyaları satmaqla məşğul olan X7 adlı şəxsə icarəyə verilmiş və hazıradək həmin icarəçi qeyd olunan mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərməklə icarə haqqını vaxtı-vaxtında cavabdehə ödəməkdədir. Mübahisəli qeyriyaşayış sahəsi hər dəfə icarəyə verilərkən sonuncu icarəçi istisna olmaqla onlar tərəfindən təmir olunmuş, bu səbəbdən birgə iddiaçıların təmirlə bağlı qeyd etdikləri həqiqətə uyğun deyildir. İddiaçı2 verilmiş etibarnamə ilə bağlı qeyd olunur ki, Cavabdeh1 mübahisəli qeyriyaşayış sahəsini 2014-2016-cı illər ərzində icarəyə verə bilmədiyinə və ondan hər hansı gəlir əldə edə bilmədiyinə görə müəyyən maddi ehtiyacları yarandığından onun ikinci mərtəbəsini satıb nağd pula çevirmək qərarına gəlmiş və onun bu qərarından yeznəsi olan İddiaçı2 da xəbəri olmuşdur. 2016-cı ilin aprel və ya may aylarında İddiaçı2la həmin qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin hər kvadrat metrini 1.500 manat olmaqla, ümumilikdə 450.000 manata satılması barədə razılığa gəlmişlər. İlkin ödəniş kimi İddiaçı2 17.06.2016cı il tarixdə 15.000 ABŞ dolları versə də, sonradan pulun qalan hissəsini ödəyə bilməmişdir. Cavabdeh1 alğı-satqıdan imtina etdiyi üçün İddiaçı2 oğlu Faiq də daxil olmaqla onların arasında mübahisə yaranmış, bu mübahisə Cavabdeh1 hədə-qorxu ilə pul tələb edilməsi ilə müşayiət olunan münaqişəyə çevrilmiş, Cavabdeh1 müraciətindən sonra 23 saylı Polis Bölməsində araşdırma aparılmış, lakin sonradan barışdığı üçün cinayət işinin başlanmasının rədd olunması haqqında qərar çıxarılmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs G.Rəhmanovanın vəkilləri (nümayəndələri) apellyasiya baxışı iclasında iştirak edərək cavabdehlərin apellyasiya şikayətlərinə etiraz etdilər və təmsil etdikləri şəxsin apellyasiya şikayətini müdafiə edərək bu şikayətin və müstəqil iddia tələbinin məzmununa uyğun izahat verdilər. Cavabdeh1 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək üçüncü şəxs G.Rəhmanovanın verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, cavabdeh MMC və özləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verdilər. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışında iştirak edən iş üzrə iddiaçılar və onların birgə vəkilləri (nümayəndə) apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı R.Rəhimov əlavə olaraq bildirdi ki, müqavilənin Cavabdeh1 adına olmasından digər iddiaçıların xəbəri olmamışdır. Sonradan Cavabdeh1 ilə aralarında münasibətlər pisləşdikdən sonra bu barədə onlara məlumat vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olan keçmiş arvadı G.Rəhimova evdar xanım olmuş, nə müqavilənin Cavabdeh1 adına rəsmiləşdirilməsindən, nə də digər iddiaçıların mübahisəli əmlakdakı paylarından məlumatlı olmamışdır. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, (satıcı) Cavabdeh2 MMC ilə (alıcı) Cavabdeh1 arasında 28.09.2009-cu il tarixdə bağlanmış “xxxx” görünür ki, MMC, onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında (Tolstoy küçəsi ilə kəsişmə) inşa edilmiş 12 mərtəbəli, 1 bloklu yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahələrini bina istismara təhvil verildikdən sonra Cavabdeh1 təhvil verir, Cavabdeh1 isə qeyri-yaşayış sahələrinin müqavilə ilə razılaşdırılmış qiymətini MMC-yə ödəyir. MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixdə növbədənkənar keçirtdikləri ümumi yığıncağın protokolundan görünür ki, MMC-nın təsisçiləri razılığa gəlmişlər ki, onların payları naturada müəyyən edilməlidir və təsisçi X9 payına düşən (mübahisəli) qeyri yaşayış sahəsi onun özü tərəfindən bir gün əvvəl satılmışdır. 02.12.2009-cu il tarixli arayışdan görünür ki, qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti Cavabdeh1 tərəfindən MMC-nın təsisçisi T.Yusifova ödənilmişdir. 17.06.2016-cı il tarixli, 471726 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1, onunla MMC arasında bağlanmış 28.09.2009-cu il tarixli müqaviləyə əsasən əldə etdiyi qeyri-yaşayış sahələrinin addan ada keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatları, hüquqi və fıziki şəxsləri qarşısında, o cümlədən DƏDRX-nin müvafiq Ərazi İdarəsində, Cavabdeh2 MMC-də, notariat kontorunda, ASAN xidmət mərkəzində, MKİS-də onun nümayəndəsi olmağı, onun adından sənədləşmə işlərini aparmağı, həmin mənzili özəlləşdirməyi, sənədləri və arayışları toplamağı, təqdim etməyi və almağı, lazımi sənədlərdə imza etməyi, adından ərizə verməyi, ərizədə imza etməyi, rüsum ödəməyi, ona çatası sənədləri, reyestrdən çıxarış, texniki pasport, yüklülüyün olub-olmaması barədə arayış almağı, özəlləşdikdən sonra üzərində sərəncam verməyi, satmağı, yetirilməsi ilə əlaqədar bütün dövlət və digər təşkilatlarda sənədləri və arayışları toplamağı və təqdim etməyi, qanunla qadağan olunmayan bütün əqdləri və müqavilələri bağlamağı, adından ərizə verməyi, imza etməyi və bütün digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. Etibarnamə 17.06.2046-cı il tarixinədək verilmişdir. “Elektron Notariat” X1 götürülmüş 04.12.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 17.06.2016-cı il tarixli, 471726 saylı etibarnaməyə 22.08.2017-ci il tarixdə xitam vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsindən (İş № 2(004)-4018/2019) görünür ki, həmin qətnamə ilə İddiaçı2 ilə G.Rəhmanovanın arasında 05.09.1978-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İşə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 MMC-nin təsisçilərdən biri olmuşdur. O, payına düşən hissəni, yəni hazırki mülki iş üzrə mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsini 1.500.000 manata birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və L.Mehdiyevə satmışdır. Cavabdeh1 həmin vaxt onun yanında sürücü işləyirdi. Alğı-satqı zamanı iddiaçılar ilə əldə etdiyi razılığa əsasən iddiaçılar ona əvvəlcə 200.000-300.000 manat ödəmişlər. Daha sonra o, xaricə getmiş və qayıtdıqdan sonra iddiaçılar ona qalan məbləği ödəmişlər. Alğı-satqının rəsmiləşdirilməsi zamanı İddiaçı2 onda bildirmişdir ki, qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirmək istəmir və buna görə xahiş etmişdir ki, müqavilə qaynı Cavabdeh1 adına rəsmiləşdirilsin. Əslində isə Cavabdeh1 obyektə görə ona heç bir ödəniş etməyib, obyekt Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, İddiaçı2 keçmiş baldızı və Cavabdeh1 bacısıdır. Son vaxtlar İddiaçı2 ilə Cavabdeh1 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair narazılıq yaranmışdır. Bildiyinə görə qeyri-yaşayış sahəsi alınan zaman formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 heç zaman elə bir obyekt almağa imkanı olmayıb. Lakin İddiaçı2 elə bir obyekt almağa imkanı var idi. Cavabdeh1 əvvəllər maşın yuyurdu, sonra isə sürücü işləmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, xalası oğlu olan İddiaçı2 qaynı Cavabdeh1 ilə 4-5 ay öncə Bakı Metropoliteninin “Nəriman Nərimanov adına” stansiyasının yaxınlığında, “Mado” adlanan kafedə görüşmüş və Cavabdeh1 ona bildirmişdi ki, əgər İddiaçı2 ona 200.000 manat pul verərsə o, mübahisəli qeyri-yaşayış sahəsini İddiaçı2 adına rəsmiləşdirməsi üçün ona etibarnamə verə bilər. Hətta Cavabdeh1 həmin puldan ona da “hörmət” edəcəyini demişdir. Göstərilənlərə əsasən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Cavabdeh2 MMC-nin təsisçilərindən biri olan Tahir Yusifov onun payına düşən qeyri-yaşayış sahəsini ilk iddia üzrə birgə iddiaçılara 1.500.000 manata satmışdır. İddiaçıların hər biri əmlakın alınması üçün 500.000 manat ödəmişlər. İddiaçılardan biri olan İddiaçı2 xahişi ilə qeyri-yaşayış sahəsinə dair 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilədə” alıcı kimi İddiaçı2 qaynı, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 göstərilmişdir. Hazırda iddiaçılar mübahisəli əmlakın onlara məxsus olduğunu bildirir və əmlakın dəyərini bərabər hissələrdə ödəmələrinə, müqavilənin isə Cavabdeh1 adına formal rəsmiləşməsinə istinad edərək, müqavilənin etibarsızlığını tələb edirlər. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, MMC ilə onun arasında bağlanmış müqaviləni iddiaçıların mübahisələndirməyə subyektiv hüquqları yoxdur. Bundan başqa, iddiaçılar etibarsız əqdləri mübsahisələndirmək üçün qanunda nəzərdə tutulmuş kəsici müddəti də ötürmüşlər. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 28.09.2009-cu il tarixdə bağlanmış “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilə” etibarlı müqavilə deyil. Çünki nə MMC tərəfindən Cavabdeh1 qeyri-yaşayış sahəsi satılmış, nə də Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəmişdir. Belə ki, işə Rayon Məhkəməsində baxılan zaman şahid qismində dindirmiş T.Yusifov ifadəsində bildirmişdir ki, Cavabdeh1 əmlakın həqiqi sahibi deyil, həmin sahəni iddiaçılara satmış, lakin R.Rəhimovun xahişi ilə onu sürücüsü olmuş Cavabdeh1 adına rəsmiləşdirmişdir. Cavabdeh1 heç bir ödəniş etməmiş, əmlak formal olaraq onun adına rəsmiləşdirilmişdir. Şahid T.Yusifovun bildirdiyi hallar iş üzrə şahid qismində dindirlmiş digər şahidlərin ifadələrilə də təsdiq olunur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.3.). Mülki Məcəllənin 337-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüquqlarının olmaması barədə dəlil əsaslı deyil. Belə ki, iddiaçıların müqavilənin etibarsızlığı tələbi, qeyri-yaşayış sahəsinin dəyəri olan vəsaitə mülkiyyət hüquqlarına əsaslanır. Həmin müqavilə üzrə tərəf olmaması iddiaçıların həmin müqavilənin etibarsızlığını mübahisələndirməyə olan hüquqlarını istisna etmir. Çünki həmin müqavilə iddiaçıların hüquqlarına toxunur. Bu isə iddiaçılara hüquq verir ki, həmin müqavilənin etibarlılığını mübahisələndirsinlər. Hazırki iş üzrə tərəflər arasında mübahisə doğuran hallardan biri də etibarsız əqdləri mübahisələndirmək üçün qanunda nəzərdə tutulan kəsici müddətin ötürülübötürülməməsidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən 1 il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və kəsici müddətlər, onların ötürülməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar etibarsız əqdlərin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürməmişlər. Belə ki, əvvəllər iddiaçı R.Rəhimov ilə onun qaynı olan Cavabdeh1 arasında münasibətlər yaxşı olmuş, R.Rəhimovun xahişi ilə qeyri-yaşayış sahəsinə dair bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilə” Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmçinin Cavabdeh1 mübahisəli əmlakla bağlı bir sıra hərəkətlərin həyata keçirilməsi səlahiyyətini etibarnamə əsasında 17.06.2016-cı il tarixdə R.Rəhimova etibar etmişdir. Lakin sonradan tərəflər arasında münasibətlər pisləşmiş və kəskinləşmiş münasibətlər zəminində Cavabdeh1 04.12.2019-cu il tarixdə etibarnaməni ləğv etmişdir. Həmin vaxtdan R.Rəhimov hüquqlarının pozulduğunu müəyyən etmiş və etibarnamə ləğv olunduqdan bir neçə gün sonra – 13.12.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı R.Rəhimovun, müqavilənin 28.09.2009-cu il tarixdə bağlanmasını və həmin tarixdən müqavilənin əsl olmayan tərəfin adına rəsmiləşdirilməsini bilməsinə baxmayaraq uzun müddət sonra hətta 10 illik iddia müddətini belə ötürərək məhkəməyə müraciət etməsi dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, R.Rəhimov həmin tarixdən müqavilənin Cavabdeh1 adına rəsmiləşdirilməsini bilməsinə, hətta R.Rəhimovun özünün təşəbbüsü ilə belə bir vəziyyətin yaranmasına baxmayaraq, hazırki iş üzrə müddətin axımı həmin tarixdən hesablana bilməz. Belə ki, müqavilə formal olaraq Cavabdeh1 adına rəsmiləşsə də, həmin qeyri-yaşayış sahəsindən faydalanan şəxslər birgə iddiaçılar olmuşlar. R.Rəhimovdan başqa digər iddiaçılar İddiaçı1 və L.Mehdiyevin qeyri-yaşayış sahəsinın Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə məlumatlarının olması barədə sübutlar isə məhkəmələrə ümumiyyətlə təqdim edilməmişdir. Cavabdeh1 ilə iddiaçı R.Rəhimov arasında mübahisələr yarandıqdan sonra isə iddiaçıların həmin əmlaka dair hüquqları pozulmağa başlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün digər iddiaçılar İddiaçı1 və L.Mehdiyevin əmlaka dair məlumat almaq imkanları olmamış, onlar iddiaçı R.Rəhimova olan etimada əsasən qeyriyaşayış sahəsinin başqasının adına olmasını ehtimal etməmişlər. Daha sonra Cavabdeh1 ilə R.Rəhimov arasında mübahisələr yarandıqdan sonra mübahisələndirilən müqavilədən məlumatlı olmuşlar. Beləliklə, göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs G.Rəhimova qətnamənin müqavilənin etibarsızlığı barədə hissəsi ilə razılaşsa da, mübahisəli qeyriyaşayış sahəsinin 1/3 hissəsindən 1/2 hissəsinə onun hüququnun müəyyən edilməsi hissəsindən narazıdır və hesab edir ki, həmin əmlaka digər iddiaçıların hüquqlarının da müəyyən edilməsi hissəsində narazıdır. Hesab edir ki, mübahisəli əmlaka 1/2 hissədə onun, digər 1/2 hissədə isə iddiaçı R.Rəhimovun payı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlakın alınmasında digər iddiaçıların da iştirak etməsi işin sübuta yetirilmiş halı olduğu üçün G.Rəhimovanın apellyasiya şikayəti təmin oluna bilməz. İş materiallarına əlavə edilmiş R.Rəhimov tərəfindən MMC-yə ünvanlanmış 25.06.2016-cı il tarixli ərizənin sürətindən görünür ki, R.Rəhimov, 28.09.2009-cu il tarixli müqavilənin ləğv edilməsini və mübahisəli qeyri-yaşayış sahəsinin digər iddiaçıların M.Ələkbərovun və L.Mehdiyevin adına da rəsmiləşdiriılməsini xahiş etmişdir. Həmin vaxtı G.Rəhimova ilə R.Rəhimov arasında nikah münasibətləri pozulmamışdır. Tərəflərin nikahı 30.04.2019-cu il tarixli məhkəmə aktı ilə ləğv olunmuşdur. Odur ki, iddiaçı R.Rəhimovun dəlilləri birgə mülkiyyətdə payın artırılması kimi qiymətləndirilə bilməz. Çünki hələ tərəflər nikah münasibətlərində olduqları zaman iddiaçı R.Rəhimov digər iddiaçıların da paylarının rəsmiləşdirilməsi arsuzunda olmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, G.Rəhimovanın apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə digər iş üzrə digər cavabdeh olan MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandığı və hər iki cavabdehin tələbi eyni olduğu üçün yuxarıda qeyd olunanlara əsasən, MMC-nin apellyasiya şikayətinin dəlilləri üzrə təkrar dəyərləndirmə aparmır. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar