Məhkəmə qərarları › İş №2(103)-3127/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3127/2020

17.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3127/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri 2-ci Zabrat qəsəbəsi N.Aslanov küçəsi 18A saylı mənzilə dair yazılmış xx.xx.2016-cı il tarixli SN 044496 saylı və xx.xx.2018-ci il tarixli SN 079187 saylı aktların etibarsız hesab edilməsi və 8023,95 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri 2-ci Zabrat qəsəbəsi N.Aslanov küçəsi 18A saylı mənzilə dair elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli SN 044496 saylı və xx.xx.2018-ci il tarixli SN 079187 saylı aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2016-cı il tarixli SN 044496 Nli akt guya iddiaçının atası Alim Əzizovun iştirakı ilə tərtib edilmişdir. Halbuki, onun atası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Həmin aktda yoxlama zamanı sayğacın bayırda quraşdırılması, sayğacın işləməməsi və ekran tablosunun oxunmaması qeyd olunmuşdur. İddiaçının iştirakı olmadan tərtib olunmuş xx.xx.2018-ci il tarixli SN 079187 saylı aktda isə yalandan iddiaçının iştirakı qeyd olunmuşdur. Onun yaşadığı həmin ünvanda sayğaca heç bir müdaxilə olunmamış, aktda yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Aktı tərtib edən nəzarətçilər aktı sonradan işlədikləri idarədə tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın bir sıra tələbləri pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)- 3976/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, “xxxx” ASC-də **********A0001 nömrəli kod altında abonent X5 qeydiyyatdan keçmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilən prosessual hüquq pozuntusu nəzərə alınmadan iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına davam edilmiş və nəticə etibarilə prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-1600/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinin 7-ci hissəsinə əsasən, xüsusi yaşayış evlərində məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı da məişət abonenti (əhali) sayılır. Həmin Qaydaların 8.15-ci bəndinə görə, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Buna görə də apelyasiya instansiyası məhkəməsi İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə səhv nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-10739/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-366/2020 saylı qərarı ilə qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissəsində ləğv edilərək həmin hissədə mülki işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə əsasən həmin aktlar hal şahidlərinin iştirakı olmadan tərtib edildiyindən etibarsız hesab edilməsi əsaslıdır. Lakin məhkəmə tərəfindən 8023,95 manat borcun hansı hissəsinin cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmasını, hansı hissəsinin iddiaçı tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə hesablandığını müəyyən etməmiş, ümumilikdə borcun silinməsi barədə düzgün nəticəyə gəlinməmiş və apelyasiya instansiyası məhkəməsi də bu hala əhəmiyyət verməmişdir. Buna görə də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsini qismən, 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissəsində ləğv edərək həmin hissədə mülki işə yenidən baxılması üçün apelyasiya instansiyasına göndərmiş, qətnamə aktların etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, hal-hazırda İddiaçı tərtib edilmiş aktlardan kənar onun tərəfindən ödənilmiş 507 manat pul çıxıldıqdan sonra elektik enerjisindən istifadə etdiyinə görə 5641,74 manat məbləğində ödənilməmiş borcu vardır. Bunu iddiaçının atası Alim Əzizovun adına qeydiyyata alınmış**********A0001 saylı kod üzrə abunə haqqında arayışdan da görmək olar. Buna görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, sözügedən evin abonenti mərhum atası olmuşdur. Yəni həmin borclar atasının elektrik enerjisindən istifadəsi zamanı yaranmışdır, həmin borcların onunla bir əlaqəsi yoxdur. Borcların hansı qaydada hesablanması aydın deyil. Bundan əlavə sonrakı dövr üçün hesablanmış borc məbləği də həddən artıq şişirdilmişdir. Onun yaşadığı evdə elektrik enerjisindən istifadəyə görə borclar hesablansa da, uzun müddət bu borclar onun atasından və ya ondan tələb olunmamışdır. Onun elektrik enerjisindən istifadəyə görə borcu olmasını etiraf edir. Lakin borc 5641,74 manat məbləğində ola bilməz. Bu məsələnin daha da uzanmaması üçün son 3 ilin borcunu, yəni 774,13 qəpik borcu qəbul edir və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin borcu ödəyəcəkdir. Buna görə də qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və məhkəmə kollegiyasından ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İşdə olan sübutlardan görünür ki, iddiaçı Bakı şəhəri İİ Zabrat N.Aslanov küçəsi 18 “A” saylı evdə yaşayır, xx xxxxxx 2008-ci ildən həmin evdə daimi qeydiyyatdadır. Evə xidmət göstərən sayğacın **********A0001 saylı abonent kodu iddiaçının atası Alim Əzizovun adına qeydiyyatdan keçmiş və sonuncu xx xxxxxxx 2013-cü ildə vəfat etmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin evdə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair xx xxxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2018-ci il tarixli aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən həmin abonentə 8023,95 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, 8023,95 manat borcun 5641,74 manat hissəsi sayğac oxunması üzrə, 2814,21 manat hissəsi isə tərtib olunmuş aktlar üzrə hesablanmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərtib olunmuş aktları etibarsız hesab etmiş, apelyasiya və kassasiya instansiyası məhkəmələri həmin nəticə ilə razılaşmışlar. Ona görə də hal-hazırda apelyasiya baxışının predmeti abonentə sayğac göstəricilərinə görə hesablanmış 5641,74 manat borcun düzgün olub-olmaması ilə bağlıdır. Apelyasiya icraatı zamanı məhkəmə kollegiyası cavabdehin nümayəndəsinə borcun hansı qaydada hesablanması və buna dair sübutlar təqdim etməyi təklif etmişdir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi “xxxx” ASC-nin **********A0001 nömrəli kod altında qeydiyyatdan keçmiş abonent X5 barəsində abunə haqqında arayışından görünür ki, abonentə xx.xx.2016-cı il tarixinə 4856,52 manat, xx.xx.2016-cı il tarixinə 749,70 manat, xx.xx.2017-ci il tarixinə 24,43 manat, cəmi 5641,74 manat borc hesablanmışdır. Abonentə sayğac üzrə 5641,74 manat, aktlar üzrə 2814,21 manat borc hesablanmış, həmin borcdan 857 manat ödənilmiş, 7598,95 manat borc qalıq qalmışdır. İddiaçı həmin borcun (749,70+24,43=774,13) 774,13 manat hissəsini qəbul etdiyini və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin məbləği ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-cı il tarixinə hesablanmış 4856,52 manat borcun yaranma səbəbləri və hesablanma qaydası barədə “xxxx” ASC tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığına görə qanunsuz tərtib olunmuş aktlara görə hesablanmış 2814,21 manat borcla yanaşı, 4856,52 manat borc da abonentin hesabından silinməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə alır ki, 4856,52 manat borc xx.xx.2016-cı il tarixinə hesablansa da, ötən müddət ərzində həmin borc cavabdeh təşkilat tərəfindən abonentdən tələb olunmamış, borc ödənilmədiyi halda, məhkəməyə müraciət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.17-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Eyni Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə 774,13 manat borcu qaldığından, qalan 4856,52+2814,21=7670,73 manat əsassız hesablanmış borc abonentin hesabından silinməlidir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında şərh olunan göstərişləri də nəzərə alır. Azərbaycan Respublikası MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində borcun tam silinməsi barədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-3976/2018 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-3976/2018 saylı qətnaməsi qismən ləğv olunsun. İddia qismən təmin olunsun. Bakı şəhəri İİ Zabrat qəsəbəsi N.Aslanov küçəsi 18 A saylı mənzilə dair xx.xx.2016cı il tarixli SN 044496 saylı və xx.xx.2018-ci il tarixli SN 079187 saylı aktlara əsasən hesablanmış 2814,21 manat və sayğacın göstəricilərinə əsasən hesablanmış 4856,52 manat, cəmi 7670,73 manat məbləğində borcun silinməsi “xxxx” ASC-yə həvalə olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin, qalan 5 manat pul iddiaçının özünə aid edilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar