Məhkəmə qərarları › İş №2(103)-3127/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3127/2023

06.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3127/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və xüsusi notarius X2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı tərəfindən Cavabdeh qarşı ilk dəfə verilmiş iddia ərizəsində göstərilmişdir ki, iddiaçının atası X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının anası X3 vəfat etdikdən bir qədər sonra, yəni xx.xx.2008-ci il tarixdə iddiaçının atası Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və sonuncu da iddiaçının atasının yaşadığı və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, bina 48/54-də yerləşən 137 saylı mənzilə köçərək onunla birlikdə yaşamışdır. Rusiya Federasiyasının vətəndaşı olan və Rusiyada yaşayan iddiaçı atası vəfat etdiyi vaxt Azərbaycanda olmamışdır. Cavabdeh bu halı iddiaçıdan və iddiaçının qardaşı (hazırki iş üzrə tərəf olmayan) Nazim Rəfiyevdən gizlətməyə çalışmış, sonradan onlar atalarının ölümü haqda məlumatı qohumlardan eşitmişlər. Atası yaşadığı evi və ölən günə kimi ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını iddiaçıya vəsiyyət etmiş və bu haqda vəsiyyətnamə də qoymuşdur. Lakin atasının vəfat etməsindən sonra iddiaçıya bəlli olmuşdur ki, ölməmişdən 1 il əvvəl atası 1 saylı “ASAN Xidmətin” Notariat Ofisinə müraciət edərək mənzili Cavabdeh bağışlamış və bu barədə nə iddiaçıya, nə də ki digər övladı Nazim Rəfiyevə məlumat verməmişdir. Hətta atasının vəfatından sonra Cavabdeh da mənzilin mərhum tərəfindən ona bağışlaması barədə iddiaçıya məlumat verməmiş, iddiaçı bu barədə mənzilə dair sənədləri əldə etdikdən sonra bilmişdir. Atasının ölümündən sonra ondan iki avtomaşın, 2020-ci ildə əldə olunmuş “Subaru Forester” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı və 2015-ci ildə əldə olunmuş “Toyota Prado” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar da miras olaraq qalmışdır. İddiaçının atası həmin avtomobilləri “Kapital Bankda” adına olan hesabdakı pullar hesabına almışdır. Buna baxmayaraq Cavabdeh onlardan özünün əmlakı kimi istifadə edir və etibarnamənin qüvvəsini itirməsinə baxmayaraq avtomaşını idarə etməkdə davam edir. İddiaçı, atasının vəfatından sonra “Kapital Banka” ərizə ilə müraciət etsə də, Bank tərəfindən iddiaçıya məlumat verilməsindən imtina edilmişdir. Bundan əlavə atasından 2 ədəd kondisioner, 2 ədəd soyuducu, 2 ədəd böyük televizor, 1 ədəd orta ölçülü televizor, paltaryuyan maşın 1 ədəd, mikrodalğalı soba 1 ədəd, 1 ədəd qaz sobası, elektrik sobası mebelə quraşdırılmış, nahar masası və 6 ədəd stul, qonaq otağı üçün divan, qonaq otağı üçün masa 6 ədəd stulla birlikdə, 1 ədəd qorka, yataq mebeli çarpayı, dolab, 2 ədəd tumba, trümo, mətbəx mebeli, anasından qalan servislər və “Bogema” firmasının istehsalı olan büllur qablar qalmışdır. İddiaçının atasının vəfat etməsi ilə bağlı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində vərəsəlik işi açılmışdır. İddiaçının atası daima yüksək vəzifələrdə işləmiş və qazancı yüksək səviyyədə olmuşdur. Cavabdeh iddiaçının atası ilə evləndikdən sonra işə düzəlmiş və aylıq 300 manat maaş almışdır. Burdan da görünür ki, Cavabdeh bu əmlakların alınmasında gəlirlərindən istifadə oluna bilməzdi. Çünki Cavabdeh sıravi müəllimə işləmiş və aldığı maaş da cüzi olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, vəfat etmiş atasından miras qalmış 2 avtomobilin, yuxarıda qeyd edilən məişət əşyalarının atasının əmlakı sayılmaqla vəsiyyətnamə üzrə onunla Cavabdeh arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş digər iddia ərizəsində əlavə olaraq göstərilmişdir ki, iddiaçının atası sağlığında qoyduğu vəsiyyətnamə ilə yaşadığı evi və ölən günə kimi ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hazırda da qüvvədədir. Lakin Cavabdeh iddiaçının atasının yaşlı və xəstə olmasından sui-istifadə edərək iddiaçının atasını məcbur etmişdir ki, sonuncu yaşadığı mənzili 1 saylı Bakı “ASAN Xidmətin” Notariat Ofisində qeydə alınmış müqavilə əsasında ona bağışlasın. İddiaçının atası mənzili Cavabdeh bağışlayarkən öz övladlarına bu barədə məlumat verməmişdir. Bu barədə Cavabdeh da onlara məlumat verməmişdir. İddiaçı bu barədə məlumatı atasının vəfatından sonra, mənzilə dair sənədləri əldə etdikməklə bilmişdir. Atasından miras qalmış hər 2 avtomobil də, faktiki olaraq Cavabdeh qanunsuz istifadəsində qalmışdır. Qonşuların dediklərinə görə, Cavabdeh avtomobilləri mərhumun adından çıxardaraq satmaq üçün yollar axtarır. Bundan əlavə iddiaçının atasının mənzilində 2 ədəd “Samsung” markalı soyuducu, 2 ədəd böyük dioqanallı “Samsung” markalı televizor, 1 ədəd orta ölçülü “LG” markalı televizor, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd “Bosch” markalı mikrodalğalı soba, 1 ədəd mebelə quraşdırılmış qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd nahar masası və 6 ədəd stul, qonaq otağı divanı qonaq otağı masası 6 ədəd stulları ilə birlikdə, 1 ədəd qorka, yataq mebeli, çarpayı, dolab, 2 ədəd tumba, trümo, mətbəx mebel dəsti, anasından qalan Çexiya Respublikası istehsalı olan servis və “Bogema” istehsalı olan büllur qablar qalmışdır. İddiaçı bildirir ki, onun atası daima yüksək vəzifələrdə işlədiyindən, qazancı yüksək səviyyədə olduğundan, “Kapital Bankda” mərhumun pul hesabı olduğundan, Cavabdeh aylıq maaşı 300 manat məbləğində olduğundan yuxarıda qeyd edilən əmlaklar atasının vəsaiti hesabına əldə olunmuş əmlaklar hesab edilməlidir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, atasının ölümündən sonra miras qalmış və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, bina 48/54-də yerləşən 137 saylı mənzil, yuxarıda qeyd edilən 2 avtomobil və mənzildə yerləşən (yuxarıda qeyd edilən) məişət əşyaları onun atasının əmlakı sayılmaqla onunla Cavabdeh arasında bölünməldir.

3. Daha sonra İddiaçı tərəfindən cavabdehlər Cavabdeh, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və həmin Ofisin xüsusi notariusu Oqtay Zərgərova qarşı irəli sürülmüş başqa bir iddia ərizəsində əlavə olaraq göstərilmişdir ki, iddiaçının anası Roza Rəfiyeva vəfat etdikdən sonra mərhumun övladları qonşuların məsləhəti ilə Cavabdeh dəvət etmişlər ki, o, dul qalmış yaşlı atalarının yanında gecəgündüz qalmaqla, hər ay veriləcək 350 manatın müqabilində atalarına qulluq etsin. Cavabdeh ilk əvvəllər buna razılıq verməsə də, təxminən 2 ay sonra ödəniləcək pul məbləğinin qaldırılması və el arasında söz-söhbət olmasın deyə onların ataları ilə formal nikaha daxil olması şərti ilə buna razılaşmışdır. İddiaçı və iddiaçının qardaşı Nazim Rəfiyev çarəsiz qalaraq bu şərt ilə razılaşmış və ataları ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bundan sonra onlar Cavabdeh hər ay 500 manat ödəmiş, Cavabdeh isə onların atasının yaşadığı mənzilə köçərək sonuncuya qulluq etməyə başlamışdır. Bunlara baxmayaraq Cavabdeh vəzifəsini lazımi qaydada görmürdü, iddiaçının atası mütəmadi olaraq yıxılır, xəsarət alırdı. İddiaçının atası sakitlik istəsə də, Cavabdeh qohumları tez-tez mənzilə gəlir, səs-küy yaradırdılar. Bu səbəbdən də iddiaçının atası Cavabdeh bir neçə dəfə mənzildən qovmuşdur. Rusiya Federasiyasının vətəndaşı olan və Rusiyada yaşayan iddiaçı atası vəfat etdiyi vaxt Azərbaycanda olmamışdır. Cavabdeh bu halı iddiaçıdan və iddiaçının qardaşı Nazim Rəfiyevdən gizlətməyə çalışmışdır. İddiaçı, Bakıda atasının evinə yaxın ərazidə yaşayan qohumları ilə əlaqə saxladıqdan sonra məlum olmuşdur ki, ataları vəfat etmişdir. Buna görə də onlar, Cavabdeh miras əmlakı ələ keçirməyə çalışması barədə şübhələnməyə başlamışlar. İddiaçının atası sağikən yaşadığı mənzili və adında olan bütün daşınar və daşınmaz əmlakları iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə bu günə kimi qüvvədədir. Buna baxmayaraq Cavabdeh yuxarıda qeyd edilən əmlakları (mənzili, mənzildə olan məişət əşyalarını və 2 avtomobili) qanunsuz olaraq ələ keçirmişdir. Halbuki, əvvəllər Cavabdeh onlara deyirdi ki, onlar atalarının yeganə vərəsələridir. Amma əslində, Cavabdeh atalarının yaşlı və xəstə olmasından istifadə edərək mənzilin 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərə Notariat Ofisində, xüsusi notarius Oqtay Zərgərovun və Notariat Ofisinin işçilərinin vasitəsi ilə onların atalarının adından bağışlama müqaviləsi ilə öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Cavabdeh bu barədə nə iddiaçıya, nə də iddiaçının qardaşı Nazim Rəfiyevə heç bir məlumat verməmişdir. İddiaçı bu barədə məlumatı atasının ölümündən sonra vəsiyyətnamə ilə bağlı notariat kontoruna müraciət etdiyi zaman almışdır. Göründüyü kimi, Cavabdeh mənzilə qanunsuz olaraq yiyələnmişidr. Atasından miras qalmış hər 2 avtomobil də, faktiki olaraq Cavabdeh qanunsuz istifadəsində qalmışdır. Qonşuların dediklərinə görə, Cavabdeh avtomobilləri mərhumun adından çıxardaraq satmaq üçün yollar axtarır. Bundan əlavə iddiaçının atasının mənzilində 2 ədəd “Samsung” markalı kondisioner, 2 ədəd “Samsung” markalı soyuducu, 2 ədəd böyük diaqonallı “Samsung” markalı televizor, 1 ədəd orta ölçülü “LG” markalı televizor, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd “Bosch” markalı mikrodalğalı soba, 1 ədəd mebelə quraşdırılmış qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd nahar masası və 6 ədəd stul, qonaq otağı divanı, qonaq otağı masası və 6 ədəd stulları ilə birlikdə, 1 ədəd qorka, yataq mebeli dəsti, çarpayı, dolab, iki ədəd tumba, trümo, mətbəx mebel dəsti, analarından qalan Çexiya Respublikası istehsalı olan servis və “Bogema” markalı büllur qablar da Cavabdeh qanunsuz sahibliyinə qalmışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu Oqtay Zərgərov və Notariat Ofisinin işçilərinin vasitəsilə mübahisəli mənzil ilə bağlı xx.xx.2019-cu il tarixdə bağlanmış və xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilməsi başa çatdırılmış, bu hərəkətlər nəticəsində sonradan mənzilin özgəninkiləşdirilməsinə şərait yaradılmış bağışlanma müqaviləsi ləğv edilməli və mərhum valideynlərinə məxsus olan bütün əmlaklarının qaldığı mübahisəli olan həmin mənzil onun mərhum atasının adına əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməlidir. b) işlərin bir icraatda birləşdirilməsi barədə məlumat

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə yuxarıda qeyd edilən hər 3 iddia ərizəsi əsasında icraatı başlanmış mülki işlər bir icraatda birləşdirilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələblərinin təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 1133.1, 1133.2, 1134.1, 1243; Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinadən iş üzrə gəldiyi iddia tələblərinin təmin edilməməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddiasının, onun atası Tofiq Rəfiyev ilə Cavabdeh arasında mübahisəli mənzilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış “Bağışlanması müqaviləsinin” ləğv edilməsi barədə hissəsi əsassızdır. Çünki hər hansı müqavilənin ləğv edilməsini həmin müqavilənin tərəfi olmuş şəxs tələb edə bilər, lakin iddiaçı həmin müqavilənin tərəfi olmamışdır. Mənzilində qalan ev əşyaların mərhum atasının əmlakları sayılmaqla iddiaçı ilə Cavabdeh arasında bölünməsi barədə tələbə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı, həmin əmlakların mərhum anasına məxsus olmasını bildirsə də, bu halı təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, bu tələb əsaslı hesab edilə bilməz. Mübahisəli avtomobillərə aid tələb ilə bağlı qeyd edilməlidir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasından verdiyi məlumata görə, “Subaru Forester” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010cu il tarixdən, “Toyota Prado” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2015-ci il tarixdən iddiaçının atası Tofiq Rəfiyevin adında qeydiyyatdadır. Belə olan halda qəbul edilməlidir ki, həmin avtomobillər Tofiq Rəfiyev ilə Cavabdeh birgə nikahları dövründə əldə etdikləri birgə əmlakdır. Bu baxımdan avtomobillərin yalnız 1/2 hissəsi mərhum Tofiq Rəfiyevin əmlakı sayıla və miras əmlakın aktivinə daxil ola bilər. Həmin 1/2 hissənin iddiaçının payına düşən hissəsinə isə iddiaçının vərəsəlik hüququnun tanınması üçün isə iddiaçı miras əmlakı qanun üzrə və ya faktiki olaraq qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməli idi. Lakin iddiaçı bunu etməmişdir. Buna görə də, bu tələb də əsaslı hesab edilə bilməz. İddianın “iddiaçıya vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə” hissəsi də, əsaslı hesab edilə bilməz, çünki iddiaçının mərhum atasının vərəsəsi olaraq adına vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanın üzərinə qoyulmasını xahiş etsə də, notariat orqanına müraciət edib-etməməsi, etdiyi təqdirdə bu barədə sübutları və ya həmin orqan tərəfindən həmin müraciət ilə bağlı imtina cavabının alıb-almaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də qəbul edilməlidir ki, iddiaçı, qanunla müəyyən edilmiş 6 ay müddətində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmiş və ya miras əmlakı faktiki surətdə qəbul etməmişdir. Halbuki iddiaçı atasının xx.xx.2021-ci il tarixdə vəfat etməsindən və atasına məxsus daşınar və daşınmaz əmlakdan xəbərdar olmuşdur. Belə olan halda isə iddia tələbi əsaslı hesab oluna bilməz. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərini bir icraatda birləşdirməkdə haqlı olmamışdır. Həmin iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılmalı idi, çünki onlar tamamilə ayrı-ayrı tələblərdi və Rayon Məhkəməsi həmin tələbləri birləşdirməklə sankı iddia tələblərinin bu tərzdə cavabdehin mənafeyi baxımından rədd olunmasına zəmin hazırlanmışdır. İşə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh mərhum Tofiq Rəfiyevin vəfat etmiş həyat yoldaşı Roza Rəfiyeva ilə nikahından iki övladının olmasını bilə-bilə mənzili və digər əmlakları ələ keçirməsini nəzərə almamış, Cavabdeh bu kimi hərəkətinə və Tofiq Rəfiyevin vəfat etməmişdən əvvəl xəstə olmasından istifadə etməsinə tənqidi münasibət bildirməmişdir. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, Tofiq Rəfiyev sağlığında, yəni xx.xx.2007-ci il tarixdə 42 saylı Dövlət Notariat Kontoruna müraciət edərək özünə məxsus əmlakları, o cümlədən mübahisəli mənzili övladı olan iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə heç bir orqan və mərhumun sağlığında ikən özü tərəfindən ləğv edilməmiş, hətta cavabdehin özü bu barədə məlumatlı olmuşdur. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman Cavabdeh nümayəndəsi verdiyi izahatı ilə iddia ərizəsində qeyd edilən əmlakların mərhum Tofiq Rəfiyevə məxsus olması, bəzilərinin isə Cavabdeh ilə birlikdə almaları və hətta qərəzli olaraq cavabdehin cehiz əşyalarına aid olduğu kimi ziddiyyətli izahatlar vermişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bu izahatlara tənqidi yanaşmamış, baxmayaraq ki, iddiaçı tərəf bu məsələni Rayon Məhkəməsinin diqqətinə çatdırmışdır. Bundan başqa qətnamədə iddiaçının təqdim etdiyi sübutlar formal olaraq yazılsa da iddiaçının əleyhinə olaraq təfsir edilmiş, mülki iddia tələbləri Cavabdeh mənafeyi baxımından qiymətləndirilərək əsaslı iddia tamamilə rədd edilmişdir. Daha sonra Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh yuxarıda qeyd edilən xx.xx.2007-ci il tarixli vəsiyyətnamədən xəbərdar olmuş və buna baxmayaraq Tofiq Rəfiyevin yaşlı və xəstə olmasından sui-istifadə edərək Tofiq Rəfiyevi məcbur etmişdir ki, mübahisəli mənzili ona bağışlasın. Belə ki, Cavabdeh mənzili ələ keçirmək məqsədi ilə öz qohumları vasitəsilə Tofiq Rəfiyevi xəstə xalda xx.xx.2019-cu il tarixdə Notariat Ofisinə aparmış və orada bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh olan Notariat Ofisinin nümayəndəsi Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi hazırlıq iclasında bildirmişdir ki, o, iş üçün əhəmiyyətli olan sənədləri iclasa gətirmişdir. Lakin Rayon Məhkəməsi həmin sənədləri götürməmiş və iddianı rədd edərkən iddiaçının notariat orqanına müraciət edib-etməməsi ilə bağlı sübutları təqdim edə bilməməsi kimi qiymətləndirmişdir. İddiaçı hesab edir ki, Rayon Məhkəməsinin bu kimi yanaşması qanunsuz və ədalətsiz olmuşdur. e) apellyasiya şikayətinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

9. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 tərəfindən verilmiş “apellyasiya şikayətinə etirazda” göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən verilmiş iddia ərizələrini bir icraatda birləşdirərək baxmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin bir icraatda birləşdirilməsi işə baxan hakimin prosessual hüququdur, çünki bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin məqsədi işə düzgün vaxtında və daha səmərəli baxılmasının və ədalətli məhkəmə qətnaməsi çıxarılmasının təmin edilməsindən ibarətdir. Bundan başqa nəzərə alınmalıdır ki, işə baxmış Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı, onun atası Tofiq Rəfiyev ilə Cavabdeh arasında mübahisəli mənzilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış “Bağışlanması müqaviləsinin” ləğv edilməsini tələb edə bilməz, çünki iddiaçı həmin müqavilənin tərəfi olmamışdır. Rayon Məhkəməsi həmçinin haqlı olaraq hesab etmişdir ki, ev əşyaların mərhum atasının əmlakları sayılmaqla iddiaçı ilə Cavabdeh arasında bölünməsi barədə tələb əsaslı hesab edilə bilməz, çünki iddiaçı, həmin əmlakların mərhum valideynlərinə məxsus olmasını bildirsə də, bu halı təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli avtomobillərə aid tələbi rədd edərkən Rayon Məhkəməsi hesab etmişdir ki, hər iki avtomobil mərhum Tofiq Rəfiyev ilə Cavabdeh birgə nikahları dövründə əldə etdikləri birgə əmlakdır. Bu baxımdan avtomobillərin yalnız 1/2 hissəsi mərhum Tofiq Rəfiyevin əmlakı sayıla və miras əmlakın aktivinə daxil ola bilər. Həmin 1/2 hissənin iddiaçının payına düşən hissəsinə isə iddiaçının vərəsəlik hüququnun tanınması üçün isə iddiaçı miras əmlakı qanun üzrə və ya faktiki olaraq qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməli idi. Lakin iddiaçı bunu etməmişdir. Göründüyü kimi, Rayon Məhkəməsinin bu tələbə aid mövqeyi də əsaslı olmuşdur. Bunda başqa Rayon Məhkəməsi iddianın “iddiaçıya vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə” hissəsini də, rədd etməklə iş üzrə qanuni nəticəyə gəlmişdir. Çünki iddiaçının mərhum atasının vərəsəsi olaraq adına vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanın üzərinə qoyulmasını xahiş etsə də, notariat orqanına müraciət edib-etməməsi, etdiyi təqdirdə bu barədə sübutları və ya həmin orqan tərəfindən həmin müraciət ilə bağlı imtina cavabının alıb-almaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı, miras əmlakı faktiki surətdə də qəbul etməmişdir.

10. İş üzrə digər cavabdehlər apellyasiya şikayətinə dair yazılı münasibətlərini bildirməmişlər. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

11. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı, vərəsəlik işinin açılması üçün xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət etmişdir. Bu hal həmin Notariat Ofisinin verdiyi xx.xx.2023-cü il tarixli, 809 nömrəli məktub ilə təsdiqlənir. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın rədd edilməsi üçün əsas götürdüyü hal aradan qalxmışdır.

12. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 809 nömrəli məktubunu Məhkəməyə təqdim etdi. Notariat Ofisinin Bakı Şəhəri 11 saylı Vəkil Bürosuna (iddiaçının vəkilinin (nümayəndəsinin işlədiyi Vəkil Bürosu) ünvanladığı həmin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Tofiq Rəfiyevin xx.xx.2021-ci il tarixdə vəfat etməsindən sonra vərəsəlik işinin açılması üçün mərhumun arvadı Cavabdeh xx.xx.2022-ci il tarixdə, mərhumun övladı İddiaçı isə xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət etmişlər. Vərəsəlik işi (№ V8-91) xx.xx.2022-ci il tarixdə açılmışdır.

13. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və yazılı surətdə verdiyi “apellyasiya şikayətinə etirazın” məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, apellyasiya baxışı zamanı iddiaçının vəkilinin (nümayəndəsinin) Məhkəməyə təqdim etdiyi notarius tərəfindən verilmiş məktub gecikmiş sübut kimi qiymətləndirilməli və sübut kimi nəzərə alınmamalıdır. Belə ki, həmin məktub işə baxmış Rayon Məhkəməsinə təqdim edilməmişdir, baxmayaraq ki, hakim iddiaçı tərəfə dəfələrlə təklif etmişdir ki, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət olunubsa, bunu təsdiq edə biləcək sübut ona təqdim edilsin. Lakin iddiaçı tərəf susmuş və notariusa müraciət etməsi barədə hakimə məlumat verməmişdir.

14. Cavabdeh Notariat Ofisinin nümayəndəsi və cavabdeh notarius işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq və MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən aşağıdakılar müəyyən edilir: 16.1. İddiaçı və (iş üzrə tərəf olmayan) Nazim Rəfiyev mərhum Tofiq Rəfiyevin övladlarıdır; 16.2. Tofiq Rəfiyevin mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 48/54-də yerləşən 137 saylı mənzil olmuşdur; 16.3. Namik və Nazim Rəfiyevlərin anaları, Tofiq Rəfiyevin isə arvadı Roza Rəfiyeva vəfat etdikdən sonra, yəni xx.xx.2008-ci il tarixdə Tofiq Rəfiyev hazırki iş üzrə Cavabdeh (Abbasova) ilə nikaha daxil olmuşdur; 16.4. Tofiq Rəfiyevin və Cavabdeh övladları yoxdur; 16.5. Tofiq Rəfiyevin adına xx.xx.2010-cu il tarixdə əldə olunmuş “Subaru Forester” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2015-ci il tarixdə əldə olunmuş “Toyota Prado” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatda alınmışdır. 16.6. Tofiq Rəfiyev xx.xx.2007-ci il tarixdə Bakı Şəhəri 42 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş və qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlakını, o cümlədən yuxarıda qeyd edilən mənzili övladına – iş üzrə İddiaçı vəsiyyət etmişdir; 16.7. bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə Tofiq Rəfiyev 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən rəsmiləşdirilmiş və qeydiyyata alınmış “Bağışlama müqaviləsi” ilə həmin mənzili arvadına – Cavabdeh bağışlamışdır. 16.8. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, həmin mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh adına reyestrdə qeydiyyata alınmışdır. 16.9. Tofiq Rəfiyev xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir; 16.10. "xxxx" ASC-si tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 49/1179 nömrəli məktubdan görünür ki, mərhum Tofiq Rəfiyevin cari tarixə Bankda olan hesabdakı qalıq məbləği 0,00 təşkil edir. 16.11. "xxxx" ASC-si tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhum X6 Mərkəzi filialının müştərisi olmuşdur. Onun adına ******************** saylı ABŞ dolları hesabı mövcuddur, lakin hesabın qalığı 0,00 ABŞ dolları təşkil edir.

17. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, İddiaçı, atası Tofiq Rəfiyevin onun xeyrinə qoyduğu xx.xx.2007-ci il tarixli vəsiyyətnaməyə əsaslanaraq atası ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə mənzilə dair bağlanmış “Bağışlama müqaviləsinin” ləğvi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə bildirir ki, bu tələb təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1224-ci maddəsinin mənasına görə, vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə vəsiyyətnamə qüvvədən düşmüş hesab edilir (maddə 1224.0.2.). Mülki Məcəllənin 421.1-ci maddəsinə görə isə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). İşin hallarından isə görünür ki, iddiaçı, qeyd edilən həmin müqavilənin tərəfi olmamışdır. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi iddiaçının müqavilə tərəfi olmaması əsası ilə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində göstərilən və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlillərin heç biri bu tələbin təmin edilməsi üçün əsas ola bilməz.

18. İddiaçının başqa bir tələbi onun, mərhum atasının vərəsəsi hesab edilməsi və bu barədə ona “vərəsəlik haqqında şəhadətnamənin” verilməsi barədədir. Məhkəmə bildirir ki, bu tələb əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246.). İşin hallarından müəyyən edilir ki, iddiaçı mirasa nə bütövlükdə nə də ki, bir hissəsinə faktik sahiblik etməmişdir. Halbuki, onun miras qalmış daşınar və daşınmaz əmlaklardan xəbəri olmuşdur. İşdə olan sənədlərdən görünür ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman, iddiaçı, mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində onun tərəfindən notariat orqanına müraciət etməsi ilə bağlı sübut təqdim etməmişdir. Bunları nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, atasının ölümündən sonra mirası nə bütövlükdə nə də ki, bir hissədə qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyindən iddia əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi qeyd edilən əsasla təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində göstərilən və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlillərin heç biri bu tələbin təmin edilməsi üçün əsas ola bilməz.

19. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı zamanı Məhkəməyə təqdim etdiyi, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 809 nömrəli məktubuna münasibətdə (bax: hazırki qətnamənin 11 və 12-ci bəndlərinə) Məhkəmə bildirir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.). İş materiallarından görünür ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı məhkəmə iclaslarında təmsil olunmuş, lakin hazırda təqdim edilən sübut (məktub) Rayon Məhkəməsinı təqdim edilməmişdir, baxmayaraq ki, işə baxmış hakim iddiaçı tərəfə təklif etmişdir ki, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət olunubsa, bunu təsdiq edə biləcək sübut ona təqdim edilsin. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəf həmin məktubun Rayon Məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 809 nömrəli məktubu gecikmiş sübut kimi qiymətləndirilməli və apellyasiya baxışı zamanı sübut kimi nəzərə alınmamalıdır.

20. İddiaçının digər tələbi atasına məxsus olmuş 2 avtomobilin və yuxarıda qeyd edilən mənzildəki məişət avadanlıqların, anasından miras qalmış Çexiya Respublikası istehsalı olan servis və “Bogema” büllur qabların atasının əmlakları sayılmaqla onunla Cavabdeh arasında bölünməsi barədədir. Məhkəmə bildirir ki, bu tələb əsassızdır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı, atasının ölümündən sonra mirası nə bütövlükdə nə də ki, bir hissədə qəbul etməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində göstərilən və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlillərin heç biri bu tələbin təmin edilməsi üçün əsas ola bilməz.

21. Apellyasiya şikayətində iddiaçı həmçinin bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərini bir icraatda birləşdirməkdə haqlı olmamışdır. Həmin iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılmalı idi, çünki onlar tamamilə ayrı-ayrı tələblərdir. Bununla bağlı olaraq Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən iddialar iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda verilsə də, iddiaların məzmunundan görünür ki, iddialar mərhum Tofiq Rəfiyevin ölümündən sonra miras qalmış əmlaklar üzərində iddiaçının vərəsəlik hüququnun əldə edilməsinə yönəlmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsasında icraatı başlanmış mülki işləri bir icraatda birləşdirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də, əsassızıdır. h) apellyasiya baxışının nəticəsi

22. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar