Məhkəmə qərarları › İş №2(103)-3131/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3131/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3131/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3496/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə, 416,41 manat borcun və 20 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 436,41 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə ödəniş etməmiş və nəticədə xx.xx.2020- ci il tarixinə abonentin 416.41 manat borcu qalmışdır. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə qismən ödəniş etmişdir. Abonent Cavabdeh ünvan 1 mənzil 507 ünvanına İddiaçı ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində 16034325 nömrəli su sayğacı quraşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3496/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 416.41 manat borc, 20 manat dövlət rüsumu üzrə xərc, cəmi 436.41 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ondan tələb olunan su pulu mülkiyyəlində olan mənzillə aid olsa da ona aid deyil. Çünki borc məbləği əvvəlki sahibinin borcudur və uzun müddətdir, burda yaşamasına baxmayaraq bu günə kimi İddiaçı ASC mənə bu borc barədə hər hansı yazılı bildiriş təqdim etməmiş və ya şifahi məlumat verməmişdir. Bununla yanaşı hesab edir ki, müddət keçdiyindən borcun tələb etmə müddəti də keçmişdir. Məhkəmə isə prossesual pozuntulara yol verərək mülki işə baxıb yekun məhkəmə aktı çıxartmışdır. Ədalət mühakiməsini həyata keçirən məhkəmə qanuni və düzgün qətnamə qəbul etmək üçün borcun kimə aid olduğunu müəyyən etməklə yanaşı müddətin keçməsi ilə bagh iddia tələbini rədd etməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh su təchizatı müqaviləsi üzrə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu iş materialları ilə təsdiqini tapdığından, iddia təmin edilməli və Cavabdeh İddiaçı ASC- nin xeyrinə 416.41 manat borc, 20 manat dövlət rüsumu üzrə xərc, cəmi 436.41 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ətraflı abonent kartına əsasən, **********070/1649309 saylı abonent kodu üzrə Süleyman Süleymanovun İddiaçı ASC-yə 416,41 manat borcu mövcuddur. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə Süleyman Süleymanovun ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2019-cu il tarixində yazılı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsində göstərilmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı hazırkı tələblə Süleyman Süleymanova qarşı məhkəməyə müraciət etməli olduğu halda, Cavabdeh qarşı müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif olunmalı olduğu halda, məhkəmə bunu etməmişdir. Belə olan halda, qeyd edilən prosessual normanı rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı mülki işə irəli sürülmüş tələblər üzrə baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edirki, iddiaçı hazırkı cavabdehə qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ilə tələb irəli sürmək hüququ olmayan şəxsdir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia tələbi iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından iddia tələbi əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3496/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3496/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar