Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3131/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1965/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1965/2022 saylı 05 mart 2022ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmçinin iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməyə mane olmur. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi elektron məhkəmə vasitəsi ilə təqdim olunmuşdur, belə olan halda isə tərəflər barəsində qeydiyyatla bağlı məlumatlar, o cümlədən ünvanları avtomatik rejimdə sistem tərəfindən müəyyən olunur, yəni şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi əsasında həmin şəxsin kimliyi sistem tərəfindən müəyyən olunaraq ərizəyə daxil edilir. Telefon nömrəsi və s. məlumatlarla bağlı isə qeyd edilməlidir ki, həmin məlumatların ərizədə qeyd olunması imperativ qaydada tələb olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində şəxsin telefon nömrəsinin və digər məlumatların olduğu halda göstərilməli olması qeyd olunmuşdur. İddia ərizəsinin qeyd olunan səbəbdən geri qaytarılması şəxsin konstitusiya ilə müəyyən olunmuş məhkəmə müdafiə hüququnun məhdudlaşdırılmasına səbəb olur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1965/2022 saylı, 10 mart 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayət, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Hazırki iddia ərizəsində isə cavabdehlər barəsində məlumatlar tam göstərilməmişdir, yəni cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) qeyd edilməməklə iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır Göründüyü kimi iddia ərizəsində cavabdehlər barəsində məlumatlar tam qeyd edilməmişdir, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, iddiaçı şikayətində qeyd etmişdir ki,“iddia ərizəsi elektron məhkəmə vasitəsi ilə təqdim olunmuşdur, belə olan halda isə tərəflər barəsində qeydiyyatla bağlı məlumatlar, o cümlədən ünvanları avtomatik rejimdə sistem tərəfindən müəyyən olunur, yəni şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi əsasında həmin şəxsin kimliyi sistem tərəfindən müəyyən olunaraq ərizəyə daxil edilir”, halbuki iddia ərizəsinin forma və məzmunun müəyyən edildiyi Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində iddiaçının istinad etdiyi kimi cavabdehin ünvanının elektron sistem vasitəsi ilə müəyyən edilərək iddia ərizəsinə daxil edilməsi deyil, konkret olaraq cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanın iddia ərizəsində göstərilməli olması öz əksini tapmışdır. Hazırki vəziyyətdə isə iddiaçı tərəfindən həmin normanın tələblərinə əməl edilməmişdir. Şikayətə həmçinin cavabdehlərdən Cavabdeh1 ünvanı barədə qeyd olsa da həmin qeydlər məhz iddia ərizəsində göstərilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adları qeyd edilsə belə onların nə faktiki ünvanı, də rəsmi qeydə alındığı ünvanı göstərilməmiş, habelə şəxsiyyətini müəyyən edən hər hansı bir sənəd əlavə edilməmişdir. Belə olduğu halda İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi məhkəmə tərəfindən icraata götürüldüyü təqdirdə cavabdehlərə hansı qaydada təqdim ediləcəyi, hansı ünvana göndəriləcəyi sual doğurur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1965/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3131/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3131/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver