Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3144/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X3, nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamı ilə Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqənin mövcud ölçüsü daxilində İddiaçı adına sənədləşdirilməsi və mövcud ölçü daxilində təqdim edilmiş layihəyə əsasən yenidən daşla tikilməsinə icazə verilməsi qərara alınmışdır.
2. Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin 3-cü ərazi X8 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən kafenin VÖEN-i Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestr sisteminə daxil edilərək xx.xx.2021-ci il tarixli KY211699218 saylı çıxarış əsasında yanğın-tikinti müayinə keçirilmiş, yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar aşkar olunmuş nöqsanlarla bağlı kafenin icarədarı X4 barəsində vəzifəli şəxs qismində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və yoxlamanın nəticəsi barədə qərar təqdim edilərək mövcud nöqsanların aradan qaldırılması tələb olunmuşdur.
3. İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Xətai RPİ-nin 36-cı Polis Bölməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilmişdir.
4. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış Q-79- 151 nömrəli xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaşa tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı ilə sökülə bilər.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqənin sağ və sol tərəfində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt etmiş torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 208 saylı sərəncamına əsasən Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən 20 kv.m ölçülü məntəqənin mövcud ölçüsü daxilində onun adına sənədləşdirilməsi qərara alınmışdır və hazırda qeyd edilən məntəqə qanuni əsaslarla sahibliyində olmaqla tərəfindən istifadə edilir. Həmin obyektin sağ və sol hissəsində qanunsuz tikililər inşa edilmiş, torpaq sahəsi özbaşına tutularaq zəbt olunmuşdur, həmin tikililərin birində təkər balans və təmiri, digərində isə avtomobil elektriki və radiator təmiri sexi fəaliyyət göstərir. Qeyd edilən fəaliyyət növü birbaşa obyekti, habelə ətraf üçün yüksək təhlükə mənbəyidir, həmin obyektlərdə adi qısaqapanma nəticəsində yanğın baş verməsi qaçılmazdır, cavabdeh onlara müraciət edərək, ailəsini dolandırmaq - ticarət üçün həmin ərazini onlardan arendaya verilməsini istəmişdir, cavabdehə 10 il müddətinə həmin ərazini arendaya vermişdirlər, orada işləmişdir, bu müddət ərzində ona yardım da etmişdirlər, cavabdeh oranı kiçik bir mağaza kimi işlətmişdir, daha sonra borcları yaranmış, ödənişlər etməmişdir. Bu səbəblə 6-7 il sonra cavabdehdən həmin ərazidən çıxmasını tələb etmişdir, lakin cavabdeh imtina edərək, həmin sahənin onun olduğunu, tikib düzəltdiyini, xərc çəkdiyini, həmin obyekti arendaya verəcəyini bildirmişdir. Torpaq İcra Hakimiyyətinindir, ətrafından su və istilik xətləri keçir, cavabdehin heç bir hüquqi sənədi yoxdur, bunu cavabdeh də təqdim edə bilməz, çünki belə bir sənəd yoxdur, cavabdehin həmin sahədə tikdiyi obyekt ona məxsus tikiliyə işıq düşən pəncərələrin qarşısını kəsir. Obyekti təhlükəli vəziyyətdədir, ona külli miqdarda ziyan dəymişdir, mübahisə ilə bağlı İcra Hakimiyyətinə də müraciət etmiş, cavab məktubunda göstərilmişdir ki, obyektin sökülməsi yalnız məhkəmə qərarı ilə ola bilər.
7. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi Xətai rayon İcra Hakimiyyətinə məxsusdur, digər sahədə olan obyektlərə iddiaçının aidiyyəti yoxdur.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinə tapşırılmış, adı çəkilən Mərkəzin verdiyi xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 36 saylı evin şərqində yerləşən, faktiki sahəsi 24,38 kv.m olan qeyri-yaşayış sahəsinin sağ və sol hissəsində olan tikililərin, həmin tikilidən sərbəst isitifadəyə hər hansı maneəçilik yaratmadığı müəyyən edilmişdir, iddiaçıya məxsus tikilinin uzunluğu 5.30 metr, eni 4.60 metr olmaqla, sahəsi 24.38 m2 təşkil edir, tikilinin ayrıca giriş-çıxış qapısı mövcuddur, tikiliyə bitişik sağ və sol hissədə digər obyektlər yerləşir, həmin obyektlərə giriş-çıxış ayrıdır”.
9. Məhkəmənin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Konstitusiyasının 24-cü, Mülki Məcəllənin 5.3-cü, 16.1-ci, 18-ci, 157.2-ci, 180.1-ci, 180.2-ci, 180.4-cü, 560.1-ci, 560.3.3-cü, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci, 95.2-ci, 95.3-cü, 95.3-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına istinadla belə əsaslandırmışdır ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektlərinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir, ekspert rəyinə görə mübahisəli tikililər iddiaçının maraqlarına toxunmadığından onun tələbi ilə sökülə bilməz, ona görə də iddia tələbi rədd edilməlidir.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, natamam ekspert rəyinə istinad etdiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.
14. Apellyasiya baxışı zamanı şikayətin dəlilləri nəzərə alınmaqla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı məsələlərin həlli və suallar qoyulmuşdur: - Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində hər hansı tikili (tikililər) inşa edilmişdirmi? Əgər edilmişdirsə, bu tikilinin (tikililərin) inşa edilməsi üçün müvafiq icazə sənədləri (tikintiyə razılıq, layihə, şəhərsalma və tikintiyə dair normativ sənədlərə və s. uyğunluğu) vardırmı və onun (onların) inşası tikinti norma və qaydalarına uyğundurmu?
- Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində inşa edilmiş tikililər (əgər inşa edilmişdirsə) Təvəkül Quliyevin (iddiaçının), yaxud ona məxsus obyektdə olan şəxslərin həyat və sağlamlığı, yaxud digər əsaslı mənafeyi üçün təhlükə yaradırmı?
- Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində inşa edilmiş tikililər (əgər inşa edilmişdirsə) Təvəkül Quliyevin (iddiaçının) öz obyektindən səmərəli istifadəsi üçün hansı maneəni yarada bilər?
- Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində inşa edilmiş tikililər (əgər inşa edilmişdirsə) yanğın təhlükəsizliyi qaydalarının pozuntusuna yol aça bilərmi?
15. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində tikilililər inşa edilmişdir, lakin mülki işin materiallarında həmin tikililərin inşa edilməsinə dair hər hansı bir layihə sənədi olmadığından, tikililərin inşaat norma və qaydalarına uyğun inşa edilib-edilməməsi barədə tədqiqat aparılmamışdır; Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və X5 Xidmətinin mütəxəssislərinin rəyləri Mərkəzə təqdim olunmadığından, qərardadın ikinci və dördüncü sualları üzrə tədqiqat aparılmadı; Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində inşa edilmiş tikililər Təvəkül Quliyevin öz obyektindən istifadəsi üçün hər hansı maneə yaratmır”.
16. Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan 1 mərtəbəli qeyriyaşayış evinin sağ və sol tərəfinə bitişik fəaliyyət göstərən bir mərtəbəli qeyri-yaşayış obyektlərində yanğın-texniki müayinə keçirilmiş, müayinə zamanı yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar (obyektlərin elektrik naqillərinin X1 Qaydalarının tələblərinə uyğun quraşdırılmadığı, obyektlərin odsöndürən balonlarla təmin edilmədiyi, obyektlərin tavan hissələrinin lambrin materiallarla üzləndiyi, obyektlərin giriş-çıxış qapılarının hərəkət istiqamətində açılmadığı, obyektlərin istismarının X5 Xidməti ilə razılaşdırılmadığı) aşkar olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
24. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
29. Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
39. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
43. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
44. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
49. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
51. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
52. İddiaçı iddia tələbini, cavabdehin istifadəsində olan obyektin onun üçün təhlükə yaratdığı arqumenti ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.
53. İlkin və təkrar ekspertiza rəyləri əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 saylı evin şərqində yerləşən və İddiaçı istifadəsində olan obyektin (məntəqənin) sağ və sol tərəfində inşa edilmiş tikililər Təvəkül Quliyevin öz obyektindən istifadəsi üçün hər hansı maneə yaratmır.
54. Beləliklə iddiaçı, sökülməsini tələb etdiyi tikililərin onun mənafeyinə toxunduğunu sübut edə bilməmişdir və buna görə də Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” sayıla bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2023 saylı iş üzrə 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə