Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-315/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh - ləğv prosesindəki Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın ona qarşı tələb irəli sürərək guya onunla bank arasında xx xxxxxx 2016-cı il tarixdə 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsi bağlandığını və 153 143 ABŞ dolları kredit götürmüş olduğunu iddia etdiyini, halbuki həmin bankdan heç vaxt kredit almadığını və müqavilə bağlamadığını, bu barədə banka yazılı və ya şifahi qaydada müraciət etmədiyini, sözügedən müqaviləni nəzərdən keçirərkən müqavilədə olan imzanın ona məxsus olmadığını müəyyən etdiyini bildirmiş, buna görə həmin müqavilənin, həmçinin 20160224 saylı ödəniş tapşırığının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinin tamamilə uydurma əsaslarla irəli sürüldüyü, iş materiallarından Rəfael Bayramova hələ xx.xx.2014-cü il tarixdə plastik kart vasitəsilə 50 000 ABŞ dolları məbləğində kredit verildiyinin və sonradan bu məbləğin 140 000 ABŞ dollarına artırılmasının, iddiaçının həmin kart vasitəsilə dünyanın müxtəlif ölkələrində iri məbləğlərdə pullar xərclədiyinin, xx.xx.2016-cı il tarixli müqavilə əsasında ayrılmış 153 143 ABŞ dollarının isə sözügedən plastik kart üzrə yaranmış borcun ödənilməsinə yönəldildiyinin tam aydın olmasına baxmayaraq işi araşdırmadan və yalnız sənəd surəti əsasında aparılmış ekspertiza rəyinə əsaslanmaqla qanunsuz qətnamə çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh bankın ləğvedicisinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız və qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarındakı 100.LN.1604.240216.00001 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə və müqavilənin əlavəsi olan ödəmə qrafikinə görə, həmin müqavilə Cavabdeh ASC (bank) tərəfindən İddiaçı illik 12% ödəməsi şərtilə 153 143 ABŞ dolları kredit verilməsi barədə bağlanmış, iddiaçı da məhz sözügedən müqaviləni bağlamadığını, bu barədə banka yazılı və ya şifahi qaydada müraciət etmədiyini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Birinci instansiyası məhkəməsi, təyin etdiyi ekspertiza təyinatı əsasında tədqiqat aparan ekspertin mübahisələndirilən müqaviləni, habelə “Kredit məlumatlarının alınmasına dair razılıq ərizəsi” adlanan sənədin surətini tədqiq edərək gəldiyi nəticəni əsas götürmüş, sözügedən sənədlərdəki imzaların iddiaçı tərəfindən icra olunmadığının müəyyən edildiyini vurğulayaraq müvafiq qənaətə gəlmişdir; cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlərə görə isə, iddiaçı ilə bank arasında hələ xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış, iddiaçıya plastik kart vasitəsilə 140 000 ABŞ dolları kredit limiti ayrılmış, iddiaçı həmin kart vasitəsilə dünyanın müxtəlif ölkələrində iri məbləğlərdə pullar xərcləmiş, mübahisələndirilən xx.xx.2016-cı il tarixli müqavilə əsasında ayrılmış 153 143 ABŞ dolları isə sözügedən plastik kart üzrə yaranmış borcun ödənilməsinə yönəldilmişdir. İş materialları ilə iddiaçı və bank arasında digər müqavilənin mövcudluğu müəyyən edildiyindən, eləcə də cavabdehin arqumentlərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı kompleks məhkəmə-xətşünaslıq və mühasibatşünaslıq ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2002-ci il tarixli rəyində 100.LN.1604.240216.00001 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsində, müqavilənin əlavəsi olan ödəmə qrafikində və ödəniş tapşırığındakı “R.D. Bayramov” qrafasında olan imzaların İddiaçı tərəfindən icra olunmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilməklə digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu və ilkin rəydəki xüsusatların sonrakı rəylə də təsdiq edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. İddiaçı ilə daha əvvəllər bağlanmış müqavilə əsasında ona ayrılmış kredit hesabına çoxsaylı əməliyyatlar həyata keçirildiyi, xx.xx.2016-cı il tarixdə həmin müqavilə üzrə banka məhz 153 143 ABŞ dolları ödəniş həyata keçirilərək hesabın bağlandığı barədə apellyasiya şikayətində irəli sürülənlərlə bağlı kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığı barədədir və nə bu müqavilənin, nə də onunla bağlı digər sənədlərin iddiaçı tərəfindən imzalanığı müəyyən olunmamışdır; iddiaçının başqa müqavilə üzrə yaranmış kredit borcunun, imzalamadığı müqavilə əsasında ayrılmış vəsait hesabına ödənilmiş olması (əgər həqiqətən ödənilmişdirsə) isə, iddiaçının imzalamadığı müqavilənin etibarlı sayılması üçün deyil, ondan həmin pul vəsaitinin digər əsaslarla tələb edilməsinə əsas yarada bilər. Başqa sözlə, xx.xx.2016-cı il tarixdə iddiaçının digər hesabına pul köçürülmüş olması (əgər köçürülmüşdürsə), İddiaçı müqaviləni imzalamamış olması və onunla bank arasında xx.xx.2016-cı il tarixdə müqavilə münasibətlərinin yaranmadığı faktını dəyişdirmir. Kollegiya apellyasiya baxışı zamanı alınmış xx.xx.2020-ci il tarixli ekspert rəyinə də bu kontekstdə qiymət verir; çünkü həmin rəydə İddiaçı məxsus AZ90AZEG**********01 saylı hesaba xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək cəmi 2 013 141,85 ABŞ dolları mədaxil və 2 110 764,05 ABŞ dolları məbləğində məxaric edildiyi, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindəki imzanın İddiaçı tərəfindən icra olunmadığı müəyyən edildiyindən hesaba mədaxil olunan 153 143 ABŞ dollarının nəzərə alınmadığı göstərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4940/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun; ekspertiza tədqiqatlarının dəyəri olan 302 (üç yüz iki) manat isə ləğv prosesindəki Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Hesab № ******* Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-315/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-315/2021
18.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver