Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3151/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Quliyeva kamilə Şiraslan qızının iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Abşeron rayonu Xırdalan şəhəri 2 saylı notariat kontoru) qarşı «ipoteka müqaviləsinin və əlavə sazişin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6344/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Abşeron rayonu Xırdalan şəhəri 2 saylı notariat kontoru) qarşı «ipoteka müqaviləsinin və əlavə sazişin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, ona məxsus olan hərraca çıxarılmış Abşeron rayonu, Görədil kəndi, M.Müşfiq küçəsi, 20 saylı evin və 0,07 ha torpaq sahəsinin üzərinə özgəninkiləşdirilməsi qadağan edilməklə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6344/2020 saylı qərardadı ilə (hakim Günay Axundova) ərizə təmin olunmamışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, mübahisə predmeti barəsində məhkəmə mübahisələndirilməsi olmasına baxmayaraq əmlakın hərraca çıxarılması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmiş, əlavə olaraq göstərmişlər ki, tərəflər arasında qanuni qüvvədə olan məhkəmə qərarı mövcud deyildir, icra məhz notariat orqanının verdiyi icra qeydinə əsasən həyata keçirilir. İşə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinin tələbinə əsasən, qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). Qeyd edilməlidir ki, iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə ərizəni rədd edərkən bunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə maneə olması, dövlət adından qəbul edilmiş aktın həyata keçirilməsini qarşısını kəsməsi kimi əsaslandırmış, lakin nəzərə almamışdır ki, icra icraatı notariat orqanının verdiyi icra qeydinə əsasən başlanılmışdır (iddiaçı isə icra qeydinin verilməsinə əsas olmuş əqdi hazırki iddiada mübahisələndirmişdir) İşdə, tərəflər arasında qanuni qüvvədə olan hər hansı məhkəmə qərarı mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Abşeron rayonu Xırdalan şəhəri 2 saylı Notariat kontoru) qarşı «ipoteka müqaviləsinin və əlavə sazişin etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6344/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-6344/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddianın təmin olunması barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3151/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3151/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver