Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3153/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-623/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə Mallar olaraq Windows 10 Home Proqram, Acer Kompüter satılmışdır.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1570,44 manat olan Windows 10 Home Proqram, Acer Kompüter üçün məhsul qaytarıldıqdan sonra 320,04 manat ödənilməmiş məbləğ, 32,96 manat cərimə olmaqla ümumilikdə 353 manat borcu vardır.
3. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə Windows 10 HOME Proqram üçün 320.04 manat ödənilməmiş hissə, 32.96 manat cərimə, ümumilikdə 353 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Windows 10 Home Proqram, Acer Kompüter almış və nəticədə 353 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1570.44 manat (12 ay x 130.87 manat + 0 manat ilkin ödəniş) Windows 10 Home Proqram, Acer Kompüter üçün 353 manat olmaqla, ondan, 320.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.96 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Acer Kompüterdən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 1240.5 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1250.4 manat, cəmi ödədiyi məbləğ 1250.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
6. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer Komputer və onun yaddaşına yazılmış Windows 10 Home Proqramını kreditlə almışdır. Cavabdehin həyat yoldaşı bunu bildikdən sonra, komputerin onların təqaüdünə görə baha qiymətə olması səbəbindən, imtina etmiş, əşyanın qaytarılmasını tələb etmişdir. Komputer "xxxx" MMC-nin satış mərkəzinə xx.xx.2022-ci il tarixdə qüsursuz tam şəkildə geri təhvil verilmişdir. "xxxx" MMCdən cavabdehə bildiriımişdir ki, komputerlə birlikdə satılmış proqram üçün 353 manat pul ödənilməlidir. Komputer və yaddaşa yazılmış proqram geri qaytarıldığından, cavabdehdə hər hansı əşya qalmamışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-623/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 442, 448.1, 448.2, 601.1, 601.2, 600.2-600.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və Cavabdeh ümumilikdə 353 manat və 30 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. Maddə 404.1 müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir.
15. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Maddə 601.1 əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
19. Maddə 601.2 hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
20. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-623/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə Mallar olaraq Windows 10 Home Proqram, Acer Kompüter satılmışdır.
31. Həmin müqavilənin 3.11–ci maddəsinə əsasən müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa hər hansı səbəbdən onları qaytararsa, və ya başqa növ model mala dəyişdirərsə, bu zaman güzəştli şərtlərlə (ödənişsiz) əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir.
32. İşin hallarından göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə əsasında almış olduğu “Accer” Komputeri yaddaşına yazılmış Windows 10 Home Proqramı ilə birlikdə xx.xx.2022-ci il tarixdə qüsursuz tam şəkildə geri təhvil verilmişdir. Bu hal iddiaçı tərəfindən də mübahisələndirilmir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlansa da, cavabdeh həmin müqavilə üzrə qəbul etdiyi malları, yəni Windows 10 Home Proqram və Accer markalı kompüteri iddiaçıya geri qaytardığından, iddiaçı tərəf cavabdehə satılmış kompüterdə yazılmış Windows 10 Home Proqramını ona göstərilmiş xidmət olduğuna istinad etməklə dəyərini tələb etməsi əsassızıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı hər hansı müddəa müəyyən edilmir.
34. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-623/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.