Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3154/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı X1, Cavabdeh X5 nümayəndəsi X2, İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(006)- 6956/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 2450 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 2480 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə kifayət qədər əhəmiyyət kəsb edən halları hər tərəfli araşdırmadan, iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət vermədən, yalnız cavabdehin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilənlərə istinad etməklə qeyri-obyektiv və qanunsuz qətnamə qəbul etmişdir. Bununla da. məhkəmənin 2(006)-6956/2019 saylı qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə çıxarıldığından, eləcə də aşağıda qeyd olunan hüquqi əsaslara görə ləğv edilməli və iş üzrə yenidən məhkəmə araşdırılması aparılaraq iddia tələbimin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il İ tarixli 125875-CNS-5121 saylı kredit müqaviləsinə əsasən həmin bankdan 36 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 12.800 ABŞ dolları məbləğində kredit almışdır. Kredit müqaviləsi üzrə ödnişləri vaxtı-vaxtında həyata keçirmişdir. xx.xx.2015-ci il tarixdə baş vermiş milli valyutanın ilk devalvasiyasından 6 gün sonra, xx.xx.2015-ci il tarixində Bankın Baş ofisinə yaxınlaşaraq həmin günə qalıq borcu olan 9.820 ABŞ dollarını ödəyərək borcunu tam bağlamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı kütvəli informasiya vasitələrində elan olunduqdan sonra fımsa.az saytı vasitəsilə adının siyahıda olub olmamasını yoxladıqda məlum olmuşdur ki. adı siyahıda yoxdur. Bununla bağlı Bankdan xx.xx.2019-cu il tarixdə hesabdan çıxarış əldə etmiş, hesabdan çıxarışla tanış olan zaman aşkar etmişdir ki, xx.xx.2015-ci il tarixində əsas borcunun azaldılması məqsədi ilə ödədiyi 1000 ABŞ dolları borcundan silinməmişdir və hesabda saxlanılaraq yalnız xx.xx.2015-ci il tarixdə borcundan silinmişdir. Nəticədə xx.xx.2015-ci il tarixində banka olan borcu 10000 ABŞ dollarından çox kimi hesablanmışdır və məhz buna görə də, müvafiq fərmanın təsir dairəsinə düşməmiş və həmin fərmanla müəyyən edilmiş kompensasiya məbləğini almaq hüququndan məhrum edilmişdir. Hesab edir ki. bankın əməkdaşları kobud səhlənkarlıq etməyərək onun xx.xx.2015-ci il tarixdə ödədiyi 1000 ABŞ dollarını vaxtında əsas borcundan silsəydilər, devalivasiya tarixinə əsas borcu 9800 ABŞ dolları təşkil edəcəkdi və xx.xx.2019-cu il tarixli fərmana müvafiq olaraq 2.450 manat məbləğində konpensasiya məbləği alacaqdı. Bank qanunsuz hərəkətlərinə, daha doğrusu hərəkətsizliyinə yalnız bir arqumentlə cavab verir ki, guya o, xx.xx.2015-ci il tarixdə 1000 ABŞ dollarını ödəyərkən, həmin məbləğin əsas borcdan silinməsi üçün müvafiq ərizə verməmişdir. Halbu ki, sözügedən ərizəni vermişdir. Məhkəmə də məhz buna, yəni ərizənin olmamasına əsaslanaraq iddianı rədd etmişdir və qərarında qeyd etmişdir ki. ərizənin verilməməsi sübüt edilmişdir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazını mötəbər sübüt qismində qəbul etmişdir. Həmin etiraz ərizəsi ona məhkəmə iclas zalında təqdim edilmişdir və onunla ətraflı tanış olub münasibət bildirməsi üçün ona heç bir şərait yaradılmamışdır. Etiraz ərizəsinin də tarixi xx.xx.2019-cu ildir, yəni qətnamənin qəbul edildiyi tarix.. Halbu ki, prossesual qanunvericiliyin tələblərinə əsasən, əgər tərəflərdən biri məhkəməyə hər hansı bir ərizə və ya sübüt əqdim edirsə, digər tərəfə bununla tanış olmaq və münasibət bildirmək üçün şərait yaradılmalıdır. Göründüyü kimi, məhkəmə prosesual hüquq normalarını kobud surətdə pozmuşdur. Həmçinin, məhkəmə prosesinin gedişatı zamanı məhkəməyə şifahi vəsatət verərək, ödənişi qəbul edən bank əməkdaşlarının vəzifə təlimatlarının təqdim edilməsini tələb etsə də, məhkəmə tərəfindən vəsatətinə heç bir münasibət bildirilməmişdir. Əmindir ki. sözügedən vəzifə təlimatlarında ondan tələb edilən ərizənin alınması bank əməkdaşların bir başa vəzifəsi kimi qeyd olunmuşdur. Ümumiyyətlə, məhkəmə iş üzrə yalnız bir məhkəmə iclası keçilməklə heç bir araşdırma aparmaq niyyətinin olmamasını nümayiş etdirmişdir. Cavabdehin israrla istinad etdiyi və məhkəmənin qərarını əsaslandırmağa çalışarkən əsas gətirdiyi yeganə arqument olan kredit müqaviləsinin 4.8-ci bəndində qeyd olunur ki, vaxtından əvvəl ödəniş kredit alanın yazılı ərizəsi əsasında aparılır. Vaxtından əvvəl edilmiş qismən ödəniş yeni ödəniş cədvəlinin rəsmiləşdirilməsi ilə müşayət olunur. Göründüyü kimi, həmin bənd vaxtından əvvəl ödəniş anlayışı ilə vaxtından əvvəl edilmiş qismən ödəniş anlayışını bir-birindən fərqləndirir və ikinci hal üçün ərizənin alınmasını vox, yeni ödəniş cədvəlinin rəsmiləşdirilməsini şərtləndirir. Bu isə onun vox, kredit müqaviləsinin 5.2.1 və 5.2.2-ci bəndlərinin tələblərinə əsasən bankın öhdəliklərinə aiddir. Buradan aydın olur ki. cababdeh kredit müqavilərindən irəli gələn vəzifələrini də lazımınca yerinə yetirməyərək ona maddi ziyan vurmuşdur. Beləliklə, hesab edir ki. məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, yalnız iddiaçı tərəfin etirazına əsaslanaraq, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir və bununla da səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh X5 nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək, onun əsassız olduğu üçün təmin edlməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 125875-CNS-5121 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən bank kredit alana 12 800 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 20 % faiz ödəməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə verilmişdir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən vaxtından əvvəl ödəniş kredit alanın yazılı ərizəsi ilə həyata keçirilir. Vaxtından əvvəl edilmiş qismən ödəniş yeni “Ödəniş cədvəli”nin rəsmiləşdirilməsi ilə müşayiət olunur. Bu zaman kredit alanın arzusu ilə ya ilkin kredit müddəti saxlanılmaqla annuitet ödəniş məbləği azaldılır, yaxud ilkin annuitet ödəniş məbləği saxlanılmaqla kreditin ödəniş müddəti qısaldılır. İşdə olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 7420 saylı, xx.xx.2019-cu il tarixli, 7815 saylı, xx.xx.2019-cu il tarixli, 8575 saylı məktublarda bildirilmişdir ki, onun xx xxxxxx 2015-ci il tarixinə olan əsas borcu 10572,71 ABŞ dolları təşkil etmişdir. Fərmana uyğun olaraq, vətəndaşların borcu 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq olan halda kompensasiya şamil olunmur. Həmçinin, kredit müqaviləsinin 4.8-ci maddəsinə əsasən vaxtından əvvəl ödəniş kredit alanın yazılı ərizəsi əsasında həyata keçirilir. İddiaçı tərəfindən müvafiq yazılı ərizə ilə müraciət edilməsi faktının təsdiq edilməməsi səbəbindən xx xxxxxx 2015-ci il tarixində vaxtından əvvəl ödənilmiş 1000 ABŞ dolları məbləği cari hesaba mədaxil edilərək müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəli”nə uyğun olaraq silinməli idi. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdeh Bankla bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 12800 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən edildikdən sonra iddiaçıya məlum olmuşdur ki, onun adı kompensasiya alacaq şəxslərin siyahısında yoxdur. Baxmayaraq ki, iddiaçı xx.xx.2015-ci il tarixdə banka 1000 ABŞ dollarıməbləğində pul ödəmiş, həmin məbləğ onun hesabından xx.xx.2015-ci il tarixdə silinmişdir. İddiaçı hazırda iddia edir ki, banka xx.xx.2015-ci il tarixdə ödədiyi 1000 ABŞ dolları onun hesabından gec silindiyinə görə Fərman ona tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324.1, 324.2, 324.4, 324.5, 390.1, 1096 və 1097.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı kredit müqaviləsinin şərtlərinə əsasən vaxtından əvvəl ödəniş üçün yazılı qaydada ərizə ilə müraciət etmədiyindən və onun əməllərində hüquqa zidd əlamətlər olmadığından iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusuna (deliktə) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl kimi (hərəkət və ya hərəkətsizlik) anlayış verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 4.8-ci maddəsi ilə kredit borcu üzrə vaxtından əvvəl ödəniş edilməsinin mütləq şərti kimi kredit alanın yazılı ərizəsinin olması göstərilmişdir. İşin halları isə buna dəlalət edir ki, kredit alan, yəni iddiaçı tərəfindən bu cür ərizə xx.xx.2015-ci il tarixdə banka təqdim edilməmişdir. Odur ki, iddiaçının apelyasiya şikayətində qeyd etdiyi kredit müqaviləsinin 4.8-ci bəndində vaxtından əvvəl ödəniş anlayışı ilə vaxtından əvvəl edilmiş qismən ödəniş anlayışının bir-birindən fərqlənməsi və ikinci hal üçün ərizənin alınması vox, yeni ödəniş cədvəlinin rəsmiləşdirilməsi, bunun da bankın öhdəliklərinə aid olması barədə dəlili əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-6956/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6956/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3154/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3154/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver