Məhkəmə qərarları › İş №2(103)-3154/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3154/2023

03.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3154/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, əmək haqqı və ona hesablanmış gecikmə faizlərinin, mənəvi zərərin ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, əmək haqqı və ona hesablanmış gecikmə faizlərinin, mənəvi zərərin ödənilməsi və sair tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, əmək haqqı və ona hesablanmış gecikmə faizlərinin, mənəvi zərərin ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində şöbə müdiri vəzifəsinə işə qəbul olunması ilə bağlı əmək müqaviləsi bağlanmışdır.

2. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, başqa işəgötürənlə əmək müqaviləsi bağladığına və yaşayış yerini dəyişdirdiyinə görə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.

3. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı iş yerini öz başına tərk etmişdir. Vəzifə borcu olduğu anbarın inventarlaşması başa çatdırıldıqdan sonra, ehtiyat hissələri anbarının təhvil-təslim aktını təqdim etdikdən sonra işdən azad olunacaq.

4. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün son dəfə xəbərdarlıq olunmuş, 3 iş günü ərzində Cavabdeh MMC-də olan öhdəliklərinin təhvil-təslim verilməsi xahiş olunmuş, əks halda AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə tutduğu vəzifədən azad olunacağı qeyd edilmişdir .

5. Cavabdeh MMC-nin nümayəndəsi, İpək yolu gömrük postunun inspektoru və postların işinin təşkili şöbəsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin ünvanına gəlmiş işlənmiş avto ehtiyat hissələri yükünə baxış keçirilmiş və baxış zamanı buraxılış ili 2013-cü il olan 48 kiloluq Nouscut - 1 ədəd, buraxılış ili 2006-cı il olan 54 kiloluq 1 ədəd arxa bufer və 10 kiloluq 1 ədəd kapotun ili düzgün bəyan olunmadığı müəyyən olunmuşdur. Eyni zamanda 41 ədəd (1998-2002) benzin mühərrik kimi bəyan olunanların içində 1 ədədinin 2003-cü il buraxılışlı və dizel mühərrik olduğu aşkar edilmişdir.

6. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrdən görünür ki, “İnzibati” bolmədə “Satış departamenti ehtiyat hissələri şöbə müdiri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”- “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

7. Cavabdeh MMC-nin arayışından görünür ki, İddiaçı şirkətdə işlədiyi dövrdə, 2021-ci ilin may-dekabr aylarında alacağı əmək haqqının miqdarı cəmi (ayda 250 manat olmaqla) 2000 manat təşkil edir. Həmin dövrdə İddiaçı öz imzaları ilə müxtəlif vaxtlarda götürdüyü borc pulların miqdarı isə 6500 manatdan çoxdur.

8. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə aylıq 350 manat əmək haqqı olmaqla işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində ona hesablanmış əmək haqqının və gecikdirilmə faizlərinin, ümumilikdə 12924,1 manat pulun, mənəvi zərər kimi 50000 manat məbləğin, şəxsi avtomibilinin arxa yük hissəsindən götürdükləri 3686 manat dəyərində olan avtomobil ehtiyat hissələrinin, 6 ədəd girov kimi saxlanılmış ev qapılarının, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv olunması və uzun müddətdir ki adına olan +99***-***-**-** və +99***-***-**-** şəxsi əmlakı olan telefon nömrələrinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2020-ci ilin oktyabr ayından Cavabdeh MMC-yə (VÖEN: **********) işə girmiş, qeyri-rəsmi işlədiyi müddət ərzində heç bir rəsmi əmək müqaviləsi bağlamadan Dubaya səfərə göndərilmişdir. xx.xx.2021-ci il tarixində onun ilə rəsmi əmək müqaviləsi bağlanmış, şöbə müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Rəsmi işə qəbul olunmağına baxmayaraq heç bir müqaviləyə imza etməmiş, əmək haqqı almaq üçün heç bir kart verilməmişdir. İşlədiyi dövrdə aldığı pul qeyri-rəsmi olaraq satışa görə hesablanmış faiz qismində verilmişdir ki, bu da cüzi miqdar təşkil etmişdir. Şəxsi əmlakı olan biznes telefon nömrələrini +99***-***-**-** və +99***-***-**-** Sahib Daşdəmirov və Samir Qəhramanov ona təzyiq göstərərək döymüşlər, hədə-qorxu gəlməklə telefon nömrələrini adından ərizə alaraq Cavabdeh MMC-nin adına keçirmişlər. Qeyd edilən telefon nömrələri onun 10 illərlə yığdığı müştərilərlə əlaqə saxladığı nömrələrdir. Bütün bunları hadisələrin şahidi Elxan adlı keçmiş ofis işçisi də təsdiq edə bilər. Bu nömrələrlə satış edib ailəsini saxlayırdı. İşlədiyi müddətdə əmək fəaliyyətində heç bir nöqsanı olmamışdır. Rəhbərlik tərəfindən AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinin, müəssisə daxili intizam qaydalarının pozuntularına yol verməmişdir. Rəhbərliyə ərizə yazmağına, şifahi olaraq dəfələrlə müraciət etməyinə baxmayaraq, onu işdən azad etmədilər. Yenidən xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsi ilə onun əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazıb göndərmişdir. Poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ərizə göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfındən ev ünvanına ehtiyat hissələri anbarının təhvil təslim aktını təqdim etdikdən sonra işdən azad olunacağı və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunacağı bildirilmişdir. Bundan sonra onunla heç bir əlaqə saxlanılmamışdır. İşlədiyi müddətdə anbarda hər hansı bir maddi öhdəliyə dair heç bir rəsmi tapşırıq almadığından anbarda aparılan hesabatlara və əməliyyatlara dair heç bir sənəd tərtib etməmiş və buna dair sənədlər ona aid olmamışdır. Adına heç bir anbar sənədi olmamış, hər hansı bir təhviltəslim sənədi təqdim edilməmişdir. Eyni zamanda işlədiyi müddətdə heç bir sənədlə mal qəbul etməmiş və təhvil-təslim etməyi barədə sənəd imzalamamışdır. Anbarın açarları özlərinin təyin etdiyi adamlarda olmuş, satışdan daxil olan gündəlik satış pulları özlərinin təyin etdiyi adamlara verilmişdir. O sadəcə olaraq öz şəxsi telefonu ilə müştərilərlə əlaqə saxlamış, onlara mal satmış və daxil olan məbləğləri özləri qəbul etmişdilər. Dəfələrlə zəng etməyinə və SMS yazmağına baxmayaraq və günlərlə "xxxx" ASC-nin və Cavabdeh MMCnin ofisinə gedib Sahib Daşdəmirov ilə görüşməyini bildirmiş, ofisdə yoxdur deyə cavab verilmişdir. Dəfələrlə onu şərlədilər, şəxsi maşınından özünə aid ehtiyat hissələrini götürdülər, şəxsi aldığı İpone XS max telefonunu əlindən aldılar. Təzyiq altında 3 nəfər ona hədə qorxu gəlməklə şəxsiyyətini alçaldaraq öldürməklə hədələməklə şəxsi olan avtomobilini (BMW 745 markalı) əlindən aldılar, müəyyən danışıqlardan sonra avtomobilini zor gücünə geri qaytara bilmiş və avtomibilinin arxa yük hissəsində olan 3686 manat dəyərində olan şəxsi əmlakına aid olan avtomobil ehtiyat hissələrini Şamil adlı şəxs vasitəsi ilə maşınından anbara daşıtdıraraq avtomobilini talan eləmişdilər. Avtomobilindən götürülən ehtiyat hissələri: 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 006, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekt, 25 ədəd 600 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenvar, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat təşkil edir. Azər, Sahib Qəhramanov və Bəhruz adlı şəxslər məcburən 5000 manat borcu olduğunu yazılı formada yazmağını tələb edirdilər. Borcu olmadığını dediyi üçün yazmaqdan imtina etmiş və borcunun olmağını rəsmi sübutla təsdiq etməklərini bildirmələrini xahiş etmiş, onlar heç bir sübut, nə də dəlil gətirə bilmədilər. Bununla bərabər olaraq anbara 6 ədəd köhnə işlənmiş ev üçün qapı qoymuş, bunu da anbardan götürməyinə icazə vermirlər. Halbuki onlara heç bir borcu yox idi. Yenidən fevral ayının ortalarında ofisə dəvət elədilər, orda yenə ofisdə Daşdəmirov Sahib, Qəhramanov Sahib və Bəhruz adlı idmançı ilə təzyiq edərək, hədəqorxu gələrək və ölümlə hədələyərək 5000 manat pul tələb edirdilər sübutsuz və dəlilsiz. Bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ona hədə-qorxu gəlinməyi barədə şikayətini bildirmiş və Bəhruz adlı idmançı İdarəyə dəvət edilərək günahkar olduğunu bilib, cinayət məsuliyyətinə cəlb olunacağından qorxaraq heç bir borcunun olmadığını bildirmişdir. İdarədə ifadəsində bildirmişdir ki, ofisdə Sahib Daşdəmirov və Sahib Qəhramanov təzyiq göstərərək ölümlə hədə qorxu gəldiklərini və səbəbsiz yerə təzyiq etdiklərini və özü bunun şahidi olduğunu şifahi bildirmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə mütəxəssis vəzifəsinə işə girmiş, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC sistemdə ona Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işinə xitam verilməsini görüb, öz ərizəsinə əsasən işdən azad olunmağı barədə ərizə verməyini xahiş etmişlər və o ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda işsizdir, 2 uşağı var, ailəsini dolandırmaq üçün heç bir gəliri yoxdur.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmri ləğv edilməsi, İddiaçı şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələrinin iddiaçıya qaytarılması, İddiaçı məxsus Cavabdeh MMC-də saxlanılan 6 ədəd ev qapıları Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış, eləcə də əmək müqaviləsi ləğv edilərkən ƏM-in 70-ci maddəsinin “ç” bəndinə istinad edilsə də, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasının hansı hərəkətlərdə və ya hərəkətsizlikdə ifadə olunmasını göstərməmiş və buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh-işəgötürən xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək anbarın təhvil-təslim aktını təqdim etdikdən sonra işdən azad olunacağını bildirmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyi üçün 70-ci maddə ilə əmək müqaviləsinin ləğv ediləcəyi barədə sonuncu dəfə xəbərdarlıq etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, işəgötürən anbar təhvil-təslim edilmədən işdən azad olunmasının qeyri-mümkünlüyünü bildirsə də, anbarın təhvil verilməsinin, ümumiyyətlə anbara nəzarət edilməsinin iddiaçının vəzifə dairəsinə daxil olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh etiraz ərizəsində iddiaçı tərəfindən anbardan malların götürüldüyünü, xarab mallarla dəyişdirildiyini, müəssisəyə ziyan vurulduğunu bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları izahatlarında bildirməklə kifayətlənmiş, bu halları təsdiq edən etibarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflərin izahatına əsasən anbarın açarları başqa şəxsdə olmuş, həmin ərazidə daimi video müşahidə aparılmışdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, ifadə vermiş şahidlər cavabdeh təşkilatla işçi-işəgötürən münasibətlərində olmuş şəxslər olduğundan onların ifadələri müvafiq məsələ üzrə “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Malların düzgün bəyan edilməməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akt isə iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlanmazdan əvvəl tərtib edilmiş aktdır. Eyni zamanda qeyd olunmalıdır ki, sonuncu xəbərdarlıqda işçinin işə üzrsüz səbəbdən gəlmədiyinə görə əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. Lakin nəzərə alınmamışdır ki, xx.xx.2022-ci il tarixdə işçi ərizə göndərərək öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmişdir. ƏM-in 69-cu maddəsinə uyğun olaraq, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda və digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, işçi işəgötürəni xəbərdar etməklə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək hüququna malikdir. Beləliklə, işçinin öz xahişi ilə işdən çıxması barədə ərizə verdiyi halda 4 ay sonra işəgötürən tərəfindən əmək müqaviləsinin üzrlü səbəb olmadan işə çıxmama əsası ilə ləğv edilməsi barədə xəbərdarlıq edilməsi onun qərəzli münasibətini nümayiş etdirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli əmr qanunsuz hesab edilməlidir. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsini tələb etmədiyindən məhkəmə həmin məsələyə münasibət bildirmir. İddianın 6 ədəd girov saxlanmış ev qapılarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh audio-video yazının aparıldığı məhkəmə iclasında verdiyi izahatında həmin qapıların iddiaçıya məxsus olduğunu, iddiaçı tərəfindən ofisə gətirildiyini, hazırda ofisdə olduğunu və onlara lazım olmadıqlarını bildirmişdir. İddianın şəxsi avtomobilinin arxa yük hissəsindən götürdükləri 3686 manat dəyərində avtomobil ehtiyat hissələrinin qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobildən həmin dəyərdə iddia ərizəsində sadalanan əşyaların götürüldüyünü cavabdehin nümayəndəsi və onlar tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahidlər təsdiq etmişlər. Lakin bildirmişlər ki, həmin ehtiyat hissələri onlara məxsus olmuş, iddiaçı tərəfindən onların ofisindən oğurlanmışdır. İddiaçı isə uzun illərdir ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, həmin əşyaların ona məxsus olduğunu, öz müştərilərinə tələbat olduqca işdən sonra satdığını bildirmişdir. Cavabdeh malların onlar tərəfindən alındığını təsdiq etmək üçün gömrük sənədlərini təqdim etmiş və şahidlər dəvət etmişdir. Lakin qeyd olunmalıdır ki, göstərilən məbləğdə oğurluq cinayət əməli hesab olunur, hər kəsin təqsirsizlik prezumpsiyası vardır və əksi qanunla müəyyən edilmiş qaydada sübut olunmayınca heç kəs cinayət törətməkdə təqsirləndirilə bilməz. Göstərilən malların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin malların dəyərini mübahisələndirməmiş, yalnız malların onlara məxsus olduğunu bildirmiş və verdiyi izahatlarında malların dəyərinin həmin civarda olduğunu qəbul etmişdir. Qeyd olunanlara, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadələrində həmin əşyaların götürülməsini və onların dəyərinin iddia ərizəsində göstərildiyi kimi olduğunu təsdiq etməsinə, əşyaların dəyərinin mübahisələndirilməməsinə əsaslanaraq məhkəmə əlavə araşdırma aparmadan hesab etmişdir ki, iddiaçının şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə qanunsuz əmrin qəbul edilməsi, onun xx.xx.2022-ci il tarixdə 350 manat əmək haqqı olan başqa işə düzəlməsi, lakin əvvəlki iş yerində əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi səbəbindən iki ay sonra işəgötürənin xahişi ilə öz ərizəsi əsasında işdən çıxmalı olması, hazırki dövrədək işsiz qalması və yuxarıda göstərilmiş digər hallar nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə, iddiaçının, tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini, mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.3, 76-cı maddəsinin 2-ci bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə və “Qeyd”inə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77, 106.1, 217.3, 216-220, 227, 233 və 360-cı maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini “İddiaçı şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat, dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri iddiaçıya qaytarılması və Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edib, iddiaçının iddia tələbinin həmin hissədə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-yə “İnzibati” bolmədə “Satış departamenti ehtiyat hissələri şöbə müdiri”vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə iddiaçının əsas əmək funksiyalarına Şirkətə aid malların sifarişi, qəbulu , müştərilərə çatırılması, anbara nəzarət, müştərilərlə öz mülahizəsinə uyğun qiyməti və müddəti təyin etmək kimi bir çox funksiyalar daxildir. Ona görə də Cavabdeh MMC-yə məxsus malların iddiaçıya aid avtonəqliyyat vasitəsinin arxa yük yerində olması ağlabatandır. Bu hal işə Birinci instansiya Məhkəməsinin icraatında baxıldığı zaman şahid ifadələri və tərəfimizdən Məhkəməyə təqdim olunmuş gömrük orqanları tərəfindən verilmiş sənədlərlər ilə də öz təsdiqini tapmışdır. İddiaçının isə uzun illərdir ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, həmin əşyaların ona məxsus olduğunu, öz müştərilərinə tələbat olduqca işdən sonra satdığını bildirməsi formal mülahizədir. Bu hal heç bir sübut ilə təsdiqlənmir. İddiaçıya məxsus avtomobilin arxa yük yerindən götürülmüş götürülmüş 1 ədəd ABS blok 007, 1 ədəd ABS blok 066, 1 ə d ə d N52 beyin komplekti, 25 ədəd Radar sensorları, 1 ədəd Pompa N62, 5 ədəd Babin, 1 ədəd Beyin MSV 70, 1 ədəd BeyinMSV 80, 7 ədəd Datcikler kollenval, 1 ədəd Ksenon blok iddiaçının iradəsinə zidd olmayaraq, ona güc tətbiq etməməklə, iddiaçının razılığı ilə götürlmüşdür. Əgər bu mallar iddiaçıya məxsus olsaydı və həmin mallar iddiaçının iradəsinə zidd şəkildə götürülsəydi cinayət qanunvericiliyinə görə bu cinayət əməli hesab olunacaq, iddiaçı bununla bağlı hüquq-mühavizə orqanlarına müraciət edə və bununla bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra yekun qərar veriləcəkdi. Hazırkı halda iddiaçı yuxarıda qeyd olunan hərəkətləri etmədən ən asan yolu, məhkəməyə müraciət etmək yolunu seçmiş, məhkəmə isə formal mülahizələrə əsaslanaraq "xxxx" MMC-yə məxsus yuxarıda qeyd olunan malların iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçının mənəvi zərərə məruz qaldığını sübut etmədiyi halda məhkəmə iddiaçının çəkdiyi mənəvi zərərə görə Cavabdeh MMC tərəfindən ona 2000 manat təzminatın ödənilməsini qət etmişdir. Göründüyü kimi qətnamənin yuxarıda qeyd olunan hissəsi heç bir mötəbər sübuta deyil formal mülahizələrə əsaslanmışdır. Ona görə də hesab edir ki, qətnamə bu hissədə ləğv olunmalı, iddiaçının iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Mülki qanunvericilikdə Qanunverici mənəvi zərərinin ödənilməsini istisina etmir, əksinə onun ödənilməsini zərərvuranın üzərinə vəzifə kimi qoyulması ilə bağlı bir çox hüquq normalarını müməyyən etmişdir. Lakin qanunverici mənəvi zərərin ödənilməsini o halda mümkün hesab edir ki, zərərin vurulması sübut olunsun. Hazırkı halda Cavabdeh MMC tərəfindən iddiaçının mənəvi iztirablara məruz qoyulmasını sübut edən hər hansı bir dəlil mövcud deyildir. Belə olduğu halda Cavabdeh MMC tərəfindən iddiaçıya mənəvi zərərin əvəzi kimi 2000 manat ödənilməsi nəinki ağlabatan deyil hətta qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qətnamə qəbul edərkən işdə olan sübutlara münasibət bildirməmiş, onlara hüquqi qiymət verməmişdir. Belə ki, tərəflərindən məhkəməyə təqdim olunuş Gömrük sənədləri və şahid ifadələri ilə iddiaçıya məxsus avtomobilin arxa yük yerində olan malların Cavabdeh MMC-yə məxsus olmasını sübuta yetirdiklərinə baxmayaraq məhkəmə həmin malların cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Bu isə mülki-prosessual qnunvericliyin tələblərinə ziddir. Məhkəmə qətnamədə malların qiymətləndirilməsi üçün müfafiq ekspertiza təyin etməmiş, iş üçün fundamental əhəmiyyət kəsb etməsinə baxmayaq ekspert rəyini almamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir kiMaşındakı mallar ona məxsus olmuşdur. Evində də maşına aid ehtiyat hissələr var. Məhkəmədə onların gətirdiyi şahid Azər etiraf etdi ki, Vüsalın maşınında şəxsi maşına aid hissələr olmuşdur. Həmçinin, Dubaydan aldıqları detallar 2006-2014-cü il tarixlərinə aiddir. Onun maşınındakı detallar isə 2008-2015-ci il tarixlərinə aiddir. Dubaydan aldıqları malların nömrəsi ilə maşınında olan nömrələr uyğun gəlmir. Malları maşında ona görə qoyurdu ki, müştəri istəyən zaman evə getməyib birbaşa satsın. Həmin mallar bu işə girməmişdən əvvəl aldığı mallardır. Hazırda sənədləri onda da yoxdur. O 8 ildir ki, BMWnin hissələrinin alğı-satqısı işi ilə məşğuldur. Onunla şərik işləyən dövrlərdə də, o daima öz mallarının satışını həyata keçirirdi. Həmin malların sənədləri yoxdur, çoxdan alıb, çünki, şahid Azər Qasımov da etiraf etdi ki, maşında Vüsalın malı həmişə olub. Onun evində də maşına aid hissələr var. Onunla Azərlə maaş almırdılar, ona siqaret pulu və s.verib. Azərə demişdilər ki,500 manat verəcəklər, amma vermədilər.Vahid heç onlarda işləmirdi, sexdə işləyirdi. Ona Sahibin qardaşı xahiş etmişdi ki, hazırki direktor olan Sahib kömək etmək üçün gəlsin. Onu keçən həftələrdə görüşə belə çağırmışdılar ki, işə qayıtsın. Ona dedilər ki, hazırkı direktor Sahib işi idarə edə bilmir, mallar batır. Ona təklif etdilər ki, rəsmi əmək müqaviləsi bağlasın, yenidən Dubaya mal almağa getsin. Əgər oğurluq etsəydi necə belə təklif edə bilərdilər? Daşdəmirov Sahib və Samir ona dedilər ki, ondan heç bir narazılıqları yoxdur. Səsyazmalar da var. O sadəcə razılaşmayıb. Direktor Sahib hazırda işi bərbad etdiyinə görə onu görüşə çağırdılar ki, yenidən işləsin. Onu hətta 3 dəfə çağırdılar ki, görüşsün. Yəni oğurluq etsə idi, ona şəriklik təklif edilməzdi. O öz mallarını maşında ona görə gəzdirirdi ki, anbara salsaydı, sübut edə bilməzdi ki, mallar onundur. Onlar hətta, onun maşınını da əlimdən alıblar. O onlarla əvvəl oktyabr ayından qeyri-rəsmi işləyib. Lakin, bunu sübut edə bilməyib.. Malları o alıb. O fevral ayının 18-i şərikinin yanına getmişdi. Ərizəni də təqdim edib. Poçtla da çatdırıb. Qəbzi də ondadır. 5 gün sonra onlar məktub yazdılar ki, iş yerini özbaşına tərk edib. Halbu ki, o ,3 dəfə onlarla görüşmüşdü. 3cü görüşdə ona hədə-qorxu gəlmişdilər, o bu barədə şikayət də etmişdi. Ondan 10 min istəmişdilər. O anbardar olmayıb ki, təhvil-təslim aktını təqdim etsin. O şöbə müdiri olub. əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarıblar. Ona məktub da 1 aydan sonra gəlmişdi. Yəni əsassız çıxarılıb. Anbarın içində 12 kamera var çöldə də 1 kamera var, əgər oğurluq etsəydi dərhal bunu üzə çıxardardılar. Maşınından ona məxsus malları götürən kimi şikayət etmişdi, onlar da şikayət edə bilərdilər. Onlar maşını da ondan almışdılar. Ona dəyən mənəvi zərər odur ki, 8 ildir qazandığı hörməti, müştəri bazasını itirdi. Onun maşınından şəxsi malları götürüblər. O 1 ay müalicə alıb, lakin, iş materiallarına əlavə edilməyib.

19. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin direktoru Sakhib Kakhramanov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar qətnamənin İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv olunması hissəsində də razılaşmırlar. İş materiallarına gömrük sənədləri əlavə edilib, nümayəndələri tərəfindən lazımlı yerlər işarələnmişdir. İddiaçıya mənəvi zərərin ödənilməsi ilə də razılaşmırlar. İddiaçı özbaşına işi tərk etmişdir. Hazırda vəkili xəstə olduğuna görə iştirak edə bilməmişdir. Mallar 2021-ci ildə gəlmişdir. Məhkəmə iclası təxirə salınsa vəkili gələ bilər. Vahid Vüsalın mallarını oğurlardığını görmüşdür. Sübut edən də o olmuşdur. Keçən dəfələrdə Vüsalla görüş ona görə olub ki, Vüsal pulu qaytarsın. Azəri Vüsal işdən çıxarmışdı və Azər baqajı açmışdı. Hətta Vüsal maşının oturacaqlarının çexollarını da götürmüşdü, sübutları da var. Onlara Vüsal dedi ki, özünündür. Hazırda sənədləri özü ilə gətirsə də dəqiq şəkildə deyə bilmir ki, hansı mallardır. Həmçinin, vəkili də xəstədir.

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində qismən ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verən cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qismən – 1) İddiaçı şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində BeyinMSV 70, 1 ədəd 600 manat, dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri iddiaçıya qaytarılması və 2) cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutulması hissəsində mübahisələndirmişdir.

29. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iddiaçıya məxsus avtomobilin arxa yük hissəsində olan ehtiyat hissələrinin cavabdehə məxsus olması ilə bağlı sənədlər təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan ehtiyyat hissələri iddiaçının şəxsi avtomobilində olmuş və cavabdeh şirkətin nümayəndələri tərəfindən götürülmüşdür. Cavabdeh bu əşyaların ona məxsus olmasını bildirsə həmin əşyaların iddiaçı tərəfindən qanunsuz götürülməsi ilə bağlı iddiaçının təqsiri sübuta yetirilməmişdir. O cümlədən cavabdeh tərfindən təqdim edilən sənədlərlə də iddia ərizəsində sadlanan əşyaların cavabdehə məxsus olması öz təsdiqini tapmamışdır.

31. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

32. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

33. Məhkəmə kollegiyası iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun cavabdehdən tutulmalı olması ilə bağlı mövqeyi ilə razılaşmır və qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

34. Belə olan halda məhkəmə kollegiyası mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 (min) manat məbləğində pulun tutulmalı olmasını ağlabatan və ədalətli hesab edir.

35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - “Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi 3686 manat dəyərində avtomobil ehtiyat hissələrinin iddiaçıya qaytarılması və mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutulması hissəsində mübahisələndirilmişdir. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək mənəvi zərərin məbləği azaldılaraq 1000 (min) manat müəyyən edildiyindən cavabdeh tərəfindən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki hazırda cavabdeh tərəfindən mübahisələndirilən hissədə iddianın qiyməti 4686 manat (3686 manat +1000 manat) təşkil edir.

37. İddiaçının da həmçinin hazırki qətnaməni mübahisələndirmək hüququ yoxdur. Çünki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin şikayətinə əsasən mənəvi zərərin məbləği hissəsində 1000 manat azaldılmışdır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - “Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar