Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3155/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə artıq ödənilmiş pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17189 nömrəli "xxxx"nə görə ASC, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci blokunun 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzili İddiaçı 58 152,37 manata satmağı, İddiaçı isə müqavilədə nəzərdə tutulmuş qaydada və razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ASC-nə ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndində mənzilin müəyyənləşdirilmiş dəyərinin müqavilə imzalandıqdan sonra 5 gün ərzində ödəniləcəyi razılaşdırılmışdır.
3. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışında göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci blokunun 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzilin 17189 nömrəli xx.xx.2013-cü il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Həmin maliyyə arayışında qeyd olunmuşdur ki, “tərtib olunan yeni arayış xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən verilmişdir”.
4. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17189 nömrəli "xxxx"nin 1.2-ci bəndində təsbit olunmuşdur ki, mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahələri, habelə yardımçı sahələr daxildir.
5. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 5, mənzil 169 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M17, m4) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, çıxarışda mənzilin ümumi sahəsinin 103,30 m2 olduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) "xxxx" ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsində, 5 saylı binanın 1-ci bloku, 16-cı mərtəbəsində yerləşən 153 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M-17, mənzil 4) mənzilə görə artıq ödənilən 5870,87 manatın, hüquqi yardım üçün ödədiyi 211 manatın və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 79 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağladığı xx.xx.2013-cü il tarixli 17189 nömrəli "xxxx"nə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, 5 saylı binanın 1-ci blokunun 16-cı mərtəbəsində 153 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.m olan mənzil 58 152,37 manata ona satılmış, beləliklə mənzilin 1 kv.metrinin qiyməti 506,11 manata razılaşdırılmışdır. Mənzilin dəyərini tam olaraq ödəmiş, bu barədə ona şirkət tərəfindən xx.xx.2020-ci il tarixli 0355 saylı maliyyə arayışı verilmişdir. Həmin arayışda 153 saylı mənzilin ünvanında dəyişiklik olduğu və yeni 169, bina 5, giriş 28, M17-m 4 saylı mənzil olduğu da qeyd edilmişdir. Sözügedən mənzilə dair daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020ci il tarixli texniki pasport almış, bu zaman məlum olmuşdur ki, həmin mənzilə dair cavabdehlə aralarında bağlanan müqavilədə mənzilin sahəsi 114,9 kv.metr qeyd olunsa da, əslində mənzilin sahəsi 103,3 kv.metrdir. Göründüyü kimi cavabdehin müqavilədə mənzilin sahəsini həqiqi ölçülərindən daha çox qeyd etməsi nəticəsində o artıq pul ödəmişdir. Belə ki, mənzilin şişirdilərək mövcud olmayan 11,6 kv.m sahəsinə görə 5870,87 manat artıq ödəniş etmişdir. Nəticədə cavabdeh ondan 5870,87 manat artıq pul almışdır. Ödədiyi artıq pulların geri qaytarılması üçün pretenziya qaydasına əməl edərək, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2013-cü il tarixli 17189 saylı alqı-satqı müqaviləsi əsasında mənzil (Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y. Əliyev küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 5, blok 1, mənzil 153, hazırkı nömrəsi 169)) almış, müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 58 152,37 manat müəyyən edilmişdir. Mənzil kv.metrlə deyil, vahid qiymətlə satılmış, müqavilənin 1.2-ci bəndində mənzilin ümumi sahəsinə divarların və arakəsmələrin sahəsinin, dəhliz və eyvanların sahəsinin, habelə yardımçı sahələrin də daxil olduğu göstərilmişdir. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir. Vahid qiymətlə satıldığı üçün mənzilin sahəsi bu günki qaydalarla hesablanaraq daha az müəyyən edilsəydi də, mənzilin qiyməti dəyişməyəcəkdi. Mənzil (bina) layihə əsasında inşa edilmiş, layihə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci ildə təsdiq olıunmuşdur. Mənzilin sahəsi həmin dövrdəki ölçmə qaydalarına uyğun hesablanaraq 112,32 kv.m. müəyyən edilmiş, bina layihəyə uyğun tikilərək müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh bir qayda olaraq mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzilin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Cavabdeh yeni qanunvericiliyin (Tikinti və Şəhərsalma Məcəlləsinin) qəbul olunacağını, mənzillərin sahəsinin ölçülməsinin yeni qaydalarla hesablanacağını qabaqcadan bilə bilməzdi. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmiş, sonradan mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri -0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqısatqı müqavilərində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmədiyinə görə cavabdehin satdığı mənzillərin sahələri də müqavilədəki qeyd olunan sahələrlə uyğun gəlmir. Hesab edir ki, iddiaçının tələbi tam əsassızdır.
9. Cavabdehin nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, mənzil iddiaçıya təhvil verilərkən iddiaçı təhviltəslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmasından 9 il keçdikdən sonra iddiaçının əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur.
10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/5393 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 2595, Yavər Əliyev küçəsində, 5 saylı binanın 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən 153 saylı (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 28, M 17, m 4) mənzilin ümumi sahəsi 103,3 kv.metr təşkil edir. Mənzilin ümumi sahəsi divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 114,90 kv.metr təşkil edir.
11. Birinci instansiya məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
12.1. xx.xx.2013-cü il tarixli, 17189 nömrəli mənzilin alqı-satqı müqaviləsindən də görünür ki, iddiaçı mənzil (Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə, Y Əliyev küçəsi küçəsi, Bakıxanov yaşayış kompleksi, bina 5, blok 1, mənzil 153 hazırkı nömrəsi 169) almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 58152,37 manat müəyyən edilmişdir. Mənzil kvadrat metrlə deyil, vahid qiymətlə satılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir. Müqavilə şərtlərindən görünür ki, cavabdehin iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 114,90 kv.metr göstərilmişdir. 12.2. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahə nəzərə alınmaqla) ümumi sahəsi 114,90 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 12.3. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 114,90 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 103,3 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 114,90 kv.m təşkil edir. 12.4. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, öhdəlik (müqavilə) münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. 12.5. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. 12.6. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir.
13. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 6-cı, 385.1-ci, 390-cı, 421.1-ci, 421.2-ci, 437.1-ci, 568.1-ci, 577.1-ci, 578.1-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
23. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
24. Maddə 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
25. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
26. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
27. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
30. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
31. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
32. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
33. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
34. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
46. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
48. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
49. İddiaçı, cavabdeh tərəfindən ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.
50. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 578.1, 581.1, 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 22, 23, 28, 29). Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.
51. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 35-38).
52. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
53. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, mənzilin sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablandığı zaman 103,3 kv.metr, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə hesablandığı zaman 114,90 kv.metr təşkil edir.
54. Kollegiya qeyd edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 32-34), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
55. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
56. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 1.2ci bəndində təsbit olunmuşdur ki, mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahələri, habelə yardımçı sahələr daxildir.
57. Kollegiya müqavilənin 1.2-ci bəndini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayılmalıdır.
58. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-133/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə