Məhkəmə qərarları › İş №2(103)-3155/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3155/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3155/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(006)-169/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 16 yanvar 2021-ci il tarixli, MAS- 3177 nömrəli Daxili lizinq müqaviləsinə əsasən iddiaçı “Khazar SD” markalı, NVAW01HHFME320079 ban, qara rəngli avtomobili illik 19 % olmaqla 48 aylıq müddətə hər ay 397,67 manat sabit məbləğ olmaqla, ümumilikdə 22488 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil etmişdir.

2. 16 yanvar 2021-ci il tarixli Təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən mülkiyyətində olan “Khazar SD” markalı avtomobil Cavabdeh təhvil verilmişdir.

3. İddiaçı MMC Servis tərəfindən verilən qüsur aktında qeyd olunur ki, “Khazar SD” markalı, **-PN-*** dövlət nömrə nişanlı minik avtomobilinə servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobilə vurulmuş ziyan ümumi xidmət haqqı, ehtiyat hissələrinin ümumi dəyəri daxil olmaqla ümumilikdə 8838,46 manat məbləğində müəyyən edilir.

4. “Khazar SD” minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh verilən 29 yanvar 2022-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə 29 yanvar 2022-ci il tarixdən 16 fevral 2022ci il tarixi daxil olmaqla etibarlı olmuşdur.

6. İddiaçı MMC tərəfindən Cavabdeh verilən 14 oktyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixi daxil olmaqla etibarlı olmuşdur.

7. İnzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta haqqında protokoldan görünür ki, 16 oktyabr 2022-ci il tarixdə “Khazar SD” minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobili idarə edən X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

8. 23 may 2023-cü il tarixli, 1431 nömrəli maliyyə arayışından görünür ki, Cavabdehney 16 yanvar 2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC-yə 12 yanvar 2023-cü il tarixə əsas borcu 780,69 manat, mükafat borcu 354,78 manat, cərimə 532,76 manat, cəmi 1668,23 manat təşkil edir.

9. 09 yanvar 2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh borcunun olması, ödəmədiyi halda cərimənin hesablanacağı, eyni zamanda avtomobilin idarə edilməsinə görə verilən etibarnamənin müddətinin bitməsi, bu halların aradan qaldırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3177 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 yanvar 2023-cü il tarixə 780,69 manat gecikdirilmiş əsas, 354,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 532,76 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8838,46 manat olmaqla ümumilikdə 10506,69 manat pul vəsaiti və ödənilmiş 121,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3177 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən şirkətə “Daxili lizinq” müqaviləsi üzrə sonuncu ödəniş 14 oktyabr 2022-ci il tarixdə 860 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 8838,46 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 16 yanvar 2021-ci il tarixli, MAS-3177 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 yanvar 2023-cü il tarixə ümumilikdə 1668,23 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 9/7748-9/7825 nömrəli Ekspert rəyinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-dən alınmış lizinq vəsaiti üzrə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə-əsas borc üzrə 7844,48 manat, mükafat borcu üzrə 8,28 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışlı mühərrik həcmi 1650 sm3 , “Khazar” markalı, “SD” model, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7921 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-4501 manat Təmir-bərpa işlərinin qiyməti - 3420 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7402 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3982,20 manat. Təmir-bərpa işlərinin qiyməti – 3420 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2020-ci il buraxılışlı mühərrik həcmi 1650 sm3 , “Khazar” markalı, “SD” model, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(006)- 2805/2023 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(006)- 169/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

14. Qətnamənin əsaslarına görə, iddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3177 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsində tələb əsassızdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə pretenziya məktubları ilə müraciət edərək, öz iradə ifadəsi əsasında aralarında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsini cavabdehə bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023- cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddia tələbinin xx.xx.2023-cü il tarixə olan 780,69 manat əsas borc, 354,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 532,76 manat dəbbə pulunun cavabdehdən tutulması hissəsi də əsassızdır. Belə ki, hazırda iddiaçı müqavilə müddətinin sonuna olan tarixə qədər yaranmış borcun tutulmasını tələb edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş qəza nəticəsində avtomobilə ziyan vurulmuş, avtomobil istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir, yəni avtomobil həmin tarixdən cavabdehin sahiblik və istifadəsindən çıxmışdır. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iş üzrə keçirilmiş ekspertiza nəticəsində tərtib edilən ekspert rəyində qeyd edilən məbləğin tərəflər arasında bağlanmış müqavilə müddətinin sonunadək hesablanmış məbləğ olduğunu, hadisə baş verdiyi tarixə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər isə cavabdehin borcunun olmadığını, sadəcə cavabdehin idarəetmə hüququ olmadan (etibarnamənin müddəti bitmişdir) avtomobili idarə etdiyini etiraf etmişdir. Eyni zamanda, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 300 manat və xx.xx.2022-ci il tarixdə isə 860 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hadisə baş verdikdən sonra avtomobil cavabdehin sahiblik və istifadəsindən çıxdığından, lizinq münasibətləri isə istifadə ilə bağlı oldiğundan və cavabdehin hadisə baş verdiyi tarixə qədər borcunun olmaması iddiaçının nümayəndəsi tərəfindən etiraf edildiyindən iddia tələbi müqavilə üzrə yaranmış borcun tutulması hissəsində təmin edilə bilməz. Hazırki iş üzrə göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı üçüncü şəxs X2 (avtomaşını idarə etməyə sürücülük vəsiqəsi olan şəxs) yüksək təhlükə mənbəyi olan «Khazar SD» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan (sürücülük vəsiqəsi əsasında) idarə etmişdir. İş üzrə cavabdeh olan Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Bundan başqa etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti ilə məşğul olan şəxsləri də buna aid etmək olar.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 421.2, 424.5, 427.3, 442, 447, 448.1, 747.1, 748-1.12, 748-2.1, 748-10.1, 748-10.2, 1097, 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apelyasiya şikayətinin dəlillərinə görə, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Qətnamənin 35 və 36-cı bəndlərində qeyd edilmişdir ki, iddiaçı müqavilə müddətinin sonuna qədər olan borcun tutulmasını tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında hadisə tarixinə yəni 16 oktyabr 2022-ci il tarixə borcunun olmadığını və tələb olunan məbləğin müqavilə müddətinin sonuna hesablandığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hadisə baş verdikdən sonra avtomobil cavabdehin sahiblik və istifadəsindən çıxdığından iddia tələbi üzrə yaranmış borcun tutulması hissəsində tələb edilə bilməz. İddia ərizəsindən və əlavə olunmuş sənədlərin surətindən də göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin bitmə tarixi 16 yanvar 2025-ci il tarixidir. Yəni lizinq alan iddia ərizəsində qeyd edilmiş 12 yanvar 2023-cü il tarixə hesablanmış əsas, mükafat və dəbbə pulundan başqa müqavilə müddətinin başa çatma tarixinədək (24 ay) hər ay sabit məbləğ olmaqla 397,67 manat lizinq ödənişləri aparmalı idi. İddia ərizəsi və maliyyə arayışından görüdüyü kimi tələb olunan məbləğ lizinq obyektinin lizinq verənə təhvil verildiyi müddətədək olan gecikdirilmiş lizinq ödənişləridir. Yəni borc avtomobilin lizinq şirkətinin duracağına yerləşdirildiyi 12 yanvar 2023-cü il tarixə hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən başqa məhkəmə iclasında ekspert rəyinin natamam olduğu nümayəndə tərəfindən bildirilmişdir. İş materialalrında olan hesabdan çıxarışa nəzər saldıqda müqavilənin 7.3-cü bəndinə əsasən tətbiq edilmiş cərimə məbləği və dəbbə pulu ekspert tərəfindən hesablanma aparılarkən nəzrə alınmamış, həmin ödənişlər əsas və mükafat məbləğinə silinmiş kimi göstərilmişdir. Bununla da ekspert məhkəməyə yalnış rəy təqdim etmişdir. Lakin, məhkəmə qeyd edilənləri nəzəra almadan, araşdırmanı ekspertin rəyinə uyğun aparmış və yekunda yanlış nəticəyə gəlmişdir. Məhkəmə lizinq obyekti olan avtomobilə dəymiş zərərin tutulması ilə bağlı iddia tələbinə münasibətdə qətnamənin 40-cı bəndində qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi vaxtıX2 avtomobili idarə etdiyindən Cavabdeh tələbi üzrə cavabdehlik daşımasıməhkəmə tərəfindən müəyyən edilmir. Məhkəmə Mülki Məcəllənin 748-1.8-ci, 748-7.1-ci maddələrini və “Daxili Lizinq” müqaviləsinin 4.4.1- ci, 4.4.2-ci, 5.1-ci, 10.5-ci bəndlərinin tələbini nəzərə almamışdır. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir. Bununla da, Nəsimi Rayon Məhkəməsi gecikdirilmiş lizinq ödənişlərini və avtomobilə dəymiş zərəri təmin etməməklə yalnış nəticəyə gəlmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, borc məbləği müqavilənin sonuna hesablandığından və hadisə tarixinə gecikdirilmiş borc olmadığından, həmçinin yol-nəqliyyat hadisəsi vaxtı avtomobili idarə edən üçüncü şəxs olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə tələb olunan borcun ümumi və ya gecikdirilmiş olmasını, həmçinin cavabdehin istifadəsinə verilmiş avtomobili hansı vəziyyətdə şirkətə qaytarılmalı olduğunu araşdırmadan yekun nəticəyə gəlmiş, Mülki Məcəllənin 748-1.8-ci, 748-7.1-cimaddələrini və “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci, 4.4.2-ci, 5.1- ci, 10.5-ci bəndlərinin tələbini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Tələbin əsaslarından birini müqavilə üzrə ödənilməli olan borcun 16 oktyabr 2022-ci il tarixədək tam ödənilməməsi təşkil etdiyindən qeyd olunan xüsusatın araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024cü il tarixli, 2(103)-3155/2024 nömrəli qərardadına əsasən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.

22. AR Ədliyyə Nazirlyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/6930/2024 saylı rəyi ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən MMCyə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16 yanvar 2021-ci il tarixli, MAS-3177 lizinq müqaviləsi və 3 saylı Əlavə şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-cü il tarixədək (sualda göstərilən tarix) MMC-yə olan borcunun olmadığı və 686,93 manat məbləğində artıq ödənişinin olması müəyyən edilir. Həmçinin Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli, MAS- 3177 saylı "Daxili Lizinq” müqaviləsinin şərtlərinə və həmin müqaviləyə 3 saylı əlavədə nəzərdə tutulmuş qrafikə əsasən Cavabdeh tərəfindən 16 oktyabr 2022-ci il tarixədək aparılmış ödənişlər və onların tarixləri göstərilməklə (gecikmələrdə) cədvəl məlumatlarında öz əksini tapır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 447. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 747.1. Lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Maddə 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişlər hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəməkvəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddianın müqavilənin ləğvi və lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması hissələrinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

27. Belə ki, müqavilənin 9.1-ci bəndində lizinq verənin birtərəfli qaydada müqaviləyə xitam verməsi hüququ nəzərdə tutulmuş, lizinq verən də bu bəndin tələbinə müvafiq olaraq 09 yanvar 2023 və 28 aprel 2023-cü il tarixlərdə xəbərdarlıq məktubu göndərərək müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini, borcun və zərərin məhkəmə qaydasında ondan tutulacağını bildirmişdir. Mulki Məcəllənin 748-1.8-ci bəndinə əsasən lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhz bu normanın və bu barədə müqavilə şərtinin pozulması lizinq verənə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermiş və müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

28. İddianın zərərin əvəzinin ödənilməsi barədə hissəsini rədd edərkən birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandrmışdır ki, yol-nəqliyyat hadisəsi vaxtı üçüncü şəxs X2 (avtomaşını idarə etməyə sürücülük vəsiqəsi olan şəxs) yüksək təhlükə mənbəyi olan «Khazar SD» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan (sürücülük vəsiqəsi əsasında) idarə etmişdir. İş üzrə cavabdeh olan Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4.2-ci bəndində lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, 4.4.3-cü bəndində lizinq obyektindən faktiki istifadə olunmasından asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək, 5.1-ci bəndində bütün risklərin lizinq alanın üzərində olduğu qeyd edilir.

30. Mülki Məcəllənin 748-1.8-ci maddəsində də qeyd olunur ki, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

31. Göründüyü kimi istər müqavilə şərtlərinə, istərsə də mülki qanunvericilik normalarına əsasən lizinq obyektini lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarması vəzifəsi lizinq alanın üzərindədir. Müqavilə əsasında lizinq alana təhvil verilmiş avtomobilin ayıq sürücüyə təhvil verilməsi və ayıq sürücü tərəfindən törədilmiş yol – nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərəri həmin şəxsdən tələb etmək öhdəliyi lizinq verənin üzərinə qoyula bilməz. Çünki tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən öhdəliklərin, o cümlədən lizinq obyektini lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarması öhdəliyinin daşıyıcısı lizinq alandır. Müqavilənin 5.1-ci bəndi hazırkı situasiyada mübahisənin həllini bir qədər də konkretləşdirərək bütün risklərin lizinq alanın üzərində olduğunu şərtləndirir.

32. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 9/7748-9/7825 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7921 manat, qiymətə aşınma tətbiq edilməklə 7402 manat təşkil edir.

34. Mülki Məcəllənin 748-1.8-ci bəndinə əsasən lizinq alanın lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarması nəzərdə tutulduğundan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, zərərin məbləği müəyyənləşdirilərkən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə müəyyən olunmuş məbləğ (7402,2 manat) əsas götürülərək həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zərərin əvəzinin ödənilməsi barədə hissəsinin rədd edildiyi hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(006)-169/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(006)-169/2024 nömrəli qətnaməsi qismən - iddianın zərərin əvəzi olaraq 8836,46 manat məbləğində pul vəsaitinin tutulmasının rədd edildiyi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. 7402,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(006)-169/2024 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60,76 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ekspertizanın keçirilməsi ilə bağlı 60 manat məbləğində pul vəsaitinin 42 manat məbləğində hissəsi Cavabdeh, 18 manat məbləğində hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar