Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3159/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndələri və vəkilləri Vəkil4 və Vəkil3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı - cavabdehlər Cavabdeh1na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC şirkəti (VÖEN **********0) və İddiaçı (AZE 07902037 nömrəli şəxsiyyət vəsiqəsi) və İlqar Naıyev (AZE 07752250 nömrəli şəxsiyyət vəsiqəsi) arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi üzrə 21 iyul 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 27.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ilə Bakı şəhəri, Neftçilər prospekti 67, 6A ünvanında yerləşən Cavabdeh1 MMC şirkəti (VÖEN **********) arasında bağlanılmış PBR seriyalı, 090 nömrəli, 29 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən 901c nömrəli mənzilin satışı razılaşdırılmışdır. Əmlak üçün toplam alış qiyməti hissə-hissə ödənilməklə 387 500 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən əmlakın dəyəri dərhal ödənilməyə başlanılmışdır. Bundan sonra PBR seriyalı, 090 nömrəli, 29 dekabr 2010-cu il tarixli müqaviləyə dəyişiklik olunaraq avtomobil dayanacağının satışı razılaşdırılmış və ümumilikdə əmlakda daxil olmaqla toplam qiymət hissə-hissə ödənilməklə 415310 manat müəyyən edilmişdir. İddiaçı 29 dekabr 2010-cu il tarixdə Cavabdeh1 MMC şirkəti ilə PBR090 nömrəli podrat müqaviləsi imzalamışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən müqavilədə göstərilən şərtlərə riayət edərək podratçıya razılaşdırılmış muzdu tamamilə ödəmişdir. Əvvəllər qohumluq münasibətləri nəzərə alınaraq qeyd edilən mənzili Cavabdeh3lə arvadına əvəzsiz istifadəyə vermiş və indi də əmlakını mülkiyyətinə qaytarmaq niyyətindədir. Hesab edir ki, Cavabdeh3 ailəsinə əvəzsiz istifadəyə verilmiş mənzili qanunsuz yolla özəlləşdirərək çıxarış almışdır, buna görə də çıxarışın verilməsinə əsas olmuş sənədlər etibarsız hesab edilməli və çıxarış ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı iddianın əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə”nin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək, ləğv edilməsinə: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 27.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasının dəyişdirilməsinə dair ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. “Hüquqların ötürülməsi haqqında” müqavilə imzalanan zaman tərəflər arasında bağlanmış “Mənzil alqı-satqı müqaviləsi”nə dəyişiklik edilməli idi. Dəyişiklik edilməsinin tələb olunmadığı hal yalnız həmin maddənin ikinci hissəsində nəzərdə tutulan əqdlərə aiddir. “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə” imzalanan zaman iddiaçının Cavabdeh1 MTK qarşısında heç bir öhdəliyi qalmamışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilməklə ona təhvil verilmişdi. Cavabdeh1 MTK da həmin mənzili iddiaçıya təhvil verdiyi üçün sonuncunun da iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdı. Yəni mənzil artıq “tələb” formasında deyil, faktiki mülkiyyət statusunda iddiaçıya məxsus olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə” və Cavabdeh3 adına verilmiş 27.12.2019-cu il tarixli çıxarışın ləğv olunması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)-1087/2020 nömrəli qətnaməsinin qanunsuz, əsassız və ədalətsiz olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mübahisəli Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzili Cavabdeh3 və Lamiyə Nağıyevanın əvəzsiz istifadəsinə verdiyini iddia edir, hazırda bu müqavilənin və çıxarışın ləğvini tələb edir. Birincisi, iş materiallarından və qətnamədən görünür ki, İddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində mübahisəli müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı Cavabdeh1 MMC-yə və ya cavabdehə hər hansı müraciət etməmiş, bu barədə digər tərəfin imtinasını almamışdır. Məhkəmə isə bu hala hüquqi qiymət verməmiş və araşdırmamışdır. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuş, işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. İkincisi, Cavabdeh1 MMC-nin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbinə münasibətini bildirsə də, məhkəmə prosessual pozuntuya yol verərək, cavabdehin nümayəndəsinin izahatını qətnamədə göstərməmiş, sonuncunu guya üzürsüz səbəbdən məhkəməyə gəlməmiş kimi qeyd etmişdir. Halbuki, Cavabdeh1 MMCnin nümayəndəsi məhkəmədə izahat verərək iddiaya münasibətini bildirmişdir. Üçüncüsü, hakim hazırki qətnaməsi ilə iddia tələbini təmin etməklə yeni hüquq nəzəriyyəsinin əsasını qoymuş, iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaya aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, istinad etdiyi maddi hüquq normalarını yalnış təfsir etmiş, məhkəmə təcrübəsinə zidd olan belə bir əsassız və qanunsuz qətnamə qəbul etməklə Mülki Qanunverciliyin müddəalarını ayaq altına almışdır. Hakimin qeyd olunan mövqeyi tam olaraq əsassız olmaqla o, tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə bilməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, xüsusən də müqavilənin bağlanması anını və tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırki işin mübahisəsiz olan faktiki halları baxımından düzgün şərh edə bilməmişdir. Qanunvericiliyin tələbindən görünür ki, əgər əmlak əvəzsiz istifadəyə verilirsə buna dair iki tərəf arasında əvvəzsiz istifadə müqaviləsi bağlanır, əmlakdan istifadəyə dair şərtlər müəyyənləşir, əmlakın qaytarılma müddəti və s. hallar razılaşdırılır. Göründüyü kimi, iddia ərizəsinə İddiaçı Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzili Cavabdeh3 və Lamiyə Nağıyevanın əvəzsiz istifadəsinə verilməsinə dair hər hansı subut, yəni müqavilə və ya digər təsdiq edici sənəd əlavə edilməmişdir. Əksinə iddiaçının iddia ərizəsinə əlavə etdiyi və istinad etdiyi müqavilə 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilədir. Bu müqavilə məzmun və forma baxımından əvəzsiz istifadə müqaviləsi deyildir və iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilədən tamamən fərqlənir. Belə ki, 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, investor tərəfindən PBR 090 saylı müqaviləyə əsasən şirkətə ödənilmiş 415.310 manat məbləğ Vəkil olunan (yəni Cavabdeh3) tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaqdır. Göründüyü kimi, İddiaçı PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə aldığı mənzili Cavabdeh3 əvəzsiz deyil, mübahisəli mənzilin dəyəri İ.Nağyevin atası tərəfindən tam olaraq İddiaçı ödənildikdən sonra hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalamışdır. Əks halda İddiaçı belə bir müqavilə bağlaması və öz mənzilinin dəyərinin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsi barədə müqaviləni imzalaması ağlabatan deyildir. Bununla da aydın olur ki, iddia tələbi tam olaraq əsassızdır və iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Dördüncüsü, qanunvericiliyin tələbinə əsasən, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İşin mübahisə edilməyən hallarından və iş materiallarından görünür ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavabdeh1 MMC, İddiaçı və Cavabdeh3 arasında 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərindən aydın olur ki, qeyd olunan mənzilə dair İddiaçı PBR 090 saylı 29 dekabr 2010- cu il tarixli müqavilə üzrə bütün hüquq və öhdəliklərini könüllü olaraq Cavabdeh3 ötürmüş, əmlaka dair öz payından könüllü olaraq imtina etmişdir. Bu imtina nəticəsində Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə ləğv edilmişdir. Hazırda iddiaçı ləğv edilmiş müqavilə üzrə iddia irəli sürmüşdür. Həmçinin, müqavilənin 3-cü bəndinə əsasən İddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə edilmiş 415.310 manat məbləğində ödənişin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsini könüllü olaraq qəbul etmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavabdeh1 MMC, İddiaçı və Cavabdeh3 arasında 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə tərəflər arasında şərtləri razılşadırılmaqla azad surətdə heç bir məcburetmə olmadan bağlanmışdır. Beşincisi, iş üzrə iddia müddəti keçsə də, qətnamədə hakim tərəfindən bu məsələyə dair heç bir əsaslı münasibət bildirilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, Məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülməmişdir. Hakim qətnamədə iddia müddətinin ötürülmədiyini qeyd etsə də, müqavilənin bağlanmasından 7 il müddət keçməsinə baxmayaraq bu müddətin hansı səbəbdən ötürülmədiyi qənaətinə gəlməsinə dair heç bir əsaslandırma apara bilməmiş, sadəcə ümumi cümlələrdən istifadə etməklə maddi hüquq normalarını pozmuşdur. İşin faktiki hallarından da görünür ki, İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 və Vəkil3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Vəkil4 əlavə olaraq bildirdi ki, müqavilənin ləğv edilməsi ilə razı deyil. Mənzilə görə ödənilən pul vəsaiti Cavabdeh3 atası tərəfindən İddiaçı ödənilmişdir. Belə ki, İddiaçı özü tərəfindən imzalanmış 21 iyul 2013-cü il tarixli hüquq və vəzifələrin ötürülməsinə dair müqavilədə qeyd edilmişdir ki, ödənilmiş 415000 manat pul Cavabdeh3 tərəfindən ödənilmiş hesab edilsin. Bu onu göstərir ki, əgər pul ödənilməsəydi tərəf o cür müqaviləni imzalamazdı. Ödənilmə barədə qəbz yoxdur. İddiaçı özü imzaladığı müqavilədə bunu etiraf edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kooperativ də təsdiq edir ki, pul vəsaitlərini İddiaçı ödəmişdir. Bağlanımış müqavilə nə bağışlama, nə də ki, alqı-satqı hesab edilə bilməz. Həmin müqavilə əlamətlərinə görə əvəzsiz istifadə müqaviləsidir. Mübahisəli mənzillə bağlı pul vəsaitinin ödənilməsinə dair qarşı tərəf qeyd edir ki, həmin pul cavabdehin atası tərəfindən ödənilib. Bu hal isə sübut edə bilmir. Eyni zamanda kooperativ müqavilədə hüquq və vəzifələrin ötürülməsini qeyd edir. Hansı ki, bu müqavilədə vəzifə və ya öhdəliyə dair münasibətə xitam verilmişdir. Çünki mənzilin dəyəri MTK-ya iddiaçı tərəfindən tam ödənilmiş və MTK qarşısında heç bir öhdəlik qalmamışdır. Qarşı tərəfə isə yalnız hüquqlar keçmişdir. Yəni həmin müqavilənin forması öhdəliklərin də keçməsi ilə bağlı formadı. İddiaçının MTK qarşısında artlq hər hansı öhdəliyi yox idi. Qarşı tərəfə heç bir öhdəlik keçməyib. Mənzil üçün ödənilmiş məbləğin hazırki iddia üzrə ona görə əhəmiyyəti var ki, qarşı tərəf iddiaçıya pul ödədiyini qeyd edir. Bu halda dair isə məhkəməyə hər hansı sübut təqdim etmir. Hansı ki, hər bir tərəf özünün istinad etdiyi halları sübut etməlidir. Qarşı tərəf müqavilədə müddətin göstərilmədiyini bildirir. Əvəzsiz istifadə müqaviləsinə diqqət yetirdikdə görünür ki, bu müqavilədə müddət göstərilməyə də bilər. Müddət göstərilmədiyindən tərəflərdən hər biri istənilən vaxt müqavilənin ləğvi ilə bağlı iddia tələbi irəli sürülə bilər. Bu müqavilə əvəzsiz istifadə müqaviləsi kimi təfisir edilməklə ləğv edilməlidir. Müqavilədə göstərilən “ödənilmiş kimi hesab edilməsi” cümləsi mənzilin cavabdehin mülkiyyətinə verilməsi demək deyil. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndələri X6 və X1 izahat verərək bildirmişlər ki, “Hüquq və vəzifələrin ötürülməsinə” dair müqavilənin ləğvi ilə razı deyillər. Mübahisəli mənzilə dair ödəniş Cavabdeh1 MTK-ya İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil5 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1, üçüncü şəxs X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının sonuncu iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan 582398 nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi ev 128, 130, 132, 128B, 128A, mənzil 901C (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 130, M12, mənzil 1 Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 29.12.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə Şirkət (Cavabdeh1 MMC) sənədin 2-ci Əlavəsində daha geniş təsvir olunan binada yerləşən 901C saylı mənzili tikməyə və yaşayış məqsədləri üçün İnvestora ( İddiaçı) təqdim etməyə hazırlaşır və İnvestor həmin mənzili yaşayış məqsədləri üçün Şirkətdən qəbul etməyə razılıq verir. Müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, əmlak üçün toplam alış qiyməti 387.500 manat təşkil edir. Həmin müqaviləyə dəyişikliklərin 2-ci bəndinə əsasən, müqavilənin 1.6-cı bəndi aşağıdakı qaydada verilsin: “İnvestor üçün binanın zirzəmisinin mərtəbəsində yerləşən 150 nömrəli avtomobil dayanacağı sahəsi ayrılmalıdır”. İş materiallarında olan “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”yə əsasən İnvestor (İddiaçı) bununla Müqavilə PBR 090 ilə bağlı hüquq və öhdəliklərini Vəkil olunana ( Cavabdeh3) ötürmək niyyətindədir və Şirkət bu ötürməni qəbul edir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən İnvestor tərəfindən Müqavilə PBR 090 əsasən Şirkətə ödənilmiş 415,310 manat Vəkil olunan tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaq. İş materiallarında olan PBR 001443, PBR 001399, PBR 001594, PBR 002537, ********* və ********* saylı qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə müvafiq olaraq 210.000, 10.000, 15.574, 44.934, 44.943 və 44.934 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın üzvlərinin 28 oktyabr 2019-cu il tarixli ümumi yığıncağının protokolundan çıxarışında ünvan 5 ünvanında yerləşən müasir tipli yaşayış və ticarət kompleksinin yaşayış binasında Üzeyir Hacıbəyli küçəsi giriş130, mərtəbə-12-də yerləşən 4 otaqlı, 901C saylı mənzilin dəyərinin tam ödənildiyi və sənədlərin Cavabdeh3 ƏMDK yanında DƏDRX-ə təqdim etmək üçün verilməsi qeyd olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi giriş- 130, mərtəbə-12-də yerləşən 4 otaqlı, 901C saylı mənzili əldə etmək məqsədilə Cavabdeh1 MMC ilə müqavilə imzalamışdır. Müqavilə imzalandıqdan sonra mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və bundan sonra iddiaçının həmin mənzilin alqısatqısı ilə bağlı cavabdehə heç bir borcu qalmamışdır. İşin bu halları iş materiallarında olan 29.12.2010-cu il tarixli müqavilə və “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”nin 3-cü bəndi ilə öz təsdiqini tapır. İş materialları ilə həmçinin müəyyən edilir ki, iddiaçı bacısı qızı olan Lamiyə Nağıyevanın ailə həyatı qurması səbəbindən ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə sözügedən mənzili Cavabdeh3 əvəzsiz istifadəyə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” imzalansa da, həm həmin müqavilənin mətnindən, həm də işin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında faktiki olaraq əvəsiz istifadə müqaviləsi üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı sözügedən mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblənmiş və həmin mənzilin faktiki mülkiyyətçisi olmuşdur. Lakin Cavabdeh3 həmin mənzili iddiaçıdan əvəzsiz istifadəyə götürdükdən sonra podratçı şirkətdən şirkətə heç bir borcunun olmadığını əks etdirən maliyyə arayışı almış və həmin sənədlər əsasında sözügedən mənzilə Çıxarış əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə haqlı olaraq qeyd etmişdir ki, 21 iyul 2013cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilməli və ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Cavabdeh hazırkı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə haqlı olaraq ilk növbədə iddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh3 dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinin əsaslı olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Belə ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi məsələsinə hüquqi qiymət vermədən əvvəl ilk növbədə iddiaçının hüquqlarının pozulub-pozulmamasına və Cavabdeh3 bu pozuntunu edib-etməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci madd. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun-1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci m.). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəllənin 404.1-ci maddəsi müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hazırkı mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” ilə əlaqədar 2013-cü ildə tərəflər arasında olan münasibətlərə, onlar arasında olan danışıqlara və yaşayış sahəsinin dəyərinin kim tərəfindən ödənilməsinə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, mübahisəli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” mahiyyət etibarilə əvəzsiz istifadə müqaviləsi olmuşdur. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, mübahisəli yaşayış sahəsinin alınması ilə bağlı ödənilmiş pul məbləği Cavabdeh3 tərəfindən deyil, iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən alıcı aldığı əmlaka görə satıcıya pul ödəməlidir. Lakin tərəflərin həm birinci instansiya, həm də apelyasiya icraatı zamanı vermiş olduğu izahatlarından və iş materiallarından göründüyü kimi, mübahisəli mənzilin alınması ilə bağlı pul məbləği Cavabdeh3 tərəfindən deyil, iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbinin 27.12.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi hissəsi üzrə də haqlı olaraq hesab etmişdir ki, iddia tələbi ilkin hissədə təmin olunaraq 21 iyul 2013-cü il tarixli müqavilə ləğv olunduğundan Cavabdeh3 adına verilmiş 27.12.2019-cu il tarixli Çıxarış da ləğv edilməlidir. Məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi üzrə də haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəmədə çıxış etmək üçün iddia müddəti ötürülmədiyindən, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətlərində göstərilən dəlillə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərlə və iş materialları ilə təkzib edildiyindən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində ilkin olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində mübahisəli müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı Cavabdeh1 MMC-yə və ya cavabdehə hər hansı müraciət etməmiş, bu barədə digər tərəfin imtinasını almamışdır. Məhkəmə isə bu hala hüquqi qiymət verməmiş və araşdırmamışdır. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuş, işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, iddia ərizəsi MPM-nin 259.0.1-ci maddəsi ilə o halda baxılmamış saxlanılır ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması müqavilədə və ya həmin kateqoriya işlər üçün qanunda bu nəzərdə tutulmuş olsun. Cavabdeh həmçinin apelyasiya şikayətində məhkəmə tərəfindən tərəflər arasında yaranmış münasibətlərə tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən etmədiyi və hazırki işin mübahisəsiz olan faktiki halları baxımından düzgün şərh edə bilmədiyini və İddiaçı PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə aldığı mənzili Cavabdeh3 əvəzsiz deyil, mübahisəli mənzilin dəyəri İlqar Nağyevin atası tərəfindən tam olaraq İddiaçı ödənildikdən sonra hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzaladığını qeyd etmişdir. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir və qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Belə ki, alğı-satqı müqaviləsinin əsas şərtləri satıcı tərəfindən əşyanı alıcının mülkiyyətinə verilməsi, alıcı tərəfindən isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməkdir. Hazırki halda qəbul edilsə ki, İddiaçı mənzili Cavabdeh3 satmışdır, bu halda Cavabdeh3 sübut etməlidir ki, mənzilin dəyərini İddiaçı ödəmişdir. İş materiallarından və tərəflərin apelyasiya icraatı zamanı vermiş olduğu izahatlarından görünür ki, mübahisəli yaşayış sahəsinin alınması ilə bağlı Cavabdeh1 MTK-ya ödənilmiş pul məbləği Cavabdeh3 tərəfindən deyil, məhz iddiaçı tərəfindən ödənilmişdir. Bu hal mübahisələndirilmir. Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi kimi, mübahisəli mənzilin dəyərinin İlqar Nağyevin atası tərəfindən tam olaraq İddiaçı ödənilməsini təsdiq edəcək hər hansı sübutu isə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”sini düzgün olaraq əvəzsiz istifadə müqaviləsi kimi təfsir etmiş və qanunvericiliklə əvəzsiz istifadə müqaviləsinə aid normaları tərəflər arasındakı hazırki münasibətə tətbiq etməkdə haqlı olmuşdur. Cavabdeh həmçinin apelyasiya şikayətində qeyd etmişdir ki, iddia müddəti keçsə belə, qətnamədə bu məsələyə dair heç bir əsaslı münasibət bildirilməmişdir. Kollegiya apelyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırki mübahisə mülkiyyətçinin (və ya digər sahibin) onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında olduğundan, bu tələbə iddia müddəti şamil edilmir. Həmçinin hazırki müqavilə əvəzsiz istifadə müqaviləsi kimi qəbul edilməklə müddətsiz bağlanılmış hesab edildiyindən, iddia müddəti keçmiş hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3159/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3159/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver