Məhkəmə qərarları › İş №2(103)-3164/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3164/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3164/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(003)-313/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Epson” markalı printerə görə 10 ay ödəniş cədvəli üzrə hər ay 137 manat olmaqla cəmi 1368,50 manat ödəməyi öhdəsinə götürmüşdür. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 954,50 manat məbləğində əsas borcun, 143,10 manat cərimə olmaqla, cəmi 1097,60 manat məbləğində borcun və 30,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Epson” markalı printerə görə 10 ay ödəniş cədvəli üzrə hər ay 137 manat olmaqla cəmi 1368,50 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixində 140 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 954,50 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin xx.xx.2022-ci iltarixə "xxxx" MMC olanborcu 954,50 manat əsas, 143,10 manat cərimə, cəmi 1097,60 manat təşkil edir. 6.Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçıdan printer almış, lakin ona satılmış printer qüsurlu olmuşdur. Həmin qüsurun aradan qaldırılması üçün dəfələrlə iddiaçıya müraciət etmişdir. Lakin təmirdən sonra printer yenə də işləməmişdir. Ona görə də iddia tələbini qəbul etmir və yaranmış borcu da ödəməyə imkanı yoxdur. 7.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 yanvar 2023-cü il tarixli, 2(003)-313/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Xəzri Ramilə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 954,50 manat əsas borc, 95 manat cərimə, cəmi 1049,5 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30,98 manatın tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan xx.xx.2019-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 N-li əlavədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən “Epson” markalı printer, dəyəri ilkin 100,5 manat ödəniş edilməklə qalıq qalmış 1368,5 manat borcun 10 ay müddətinə ayda 137 manat olmaqla, hissə-hissə ödənilməsi şərti ilə satılmışdır. 9.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 954,50 manat məbləğində əsas borcu, 247 cərimə borcu yaranmışdır. 10.Məhkəmə işin halları ilə bağlı qeyd etmişdir ki, iş üzrə tərəflər arasında əşyanın nisyə satılması barədə alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə ilkin 100,5 manat ödəniş edilməklə qalıq qalmış 1368,5 manat borcun 10 ay müddətinə ayda 137 manat olmaqla, hissə-hissə ödənilməsi şərti ilə əşya satılmışdır. Cavabdeh tərəfindən həmin müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və onun iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. 11.Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı göstərilən nisyə alğı-satqı müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddiaçının xeyrinə cavabdehdən 954,50 manat məbləğində əsas borc tutulmalıdır. 12.Məhkəmə, iddia tələbinin 143,10 manat cərimənin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, 954,50 manat əsas borca münasibətdə 143,10 manat dəbbə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, Cavabdeh iddiaçının xeyrinə 95 manat cərimə tutulmalıdır. 13.Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh nisyə alğısatqı müqaviləsi üzrə ödənilməmiş 954,50 manat əsas borc, 95 manat cərimə, cəmi 1049,5 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,98 manat iddiaçının xeyrinə tutulmalıdır. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 600.1, 600.4 və 467; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, ona satılmış printer qüsurlu olmuş, həmin qüsurun aradan qaldırılması üçün iddiaçıya dəfələrlə müraciət etmiş, lakin təmirdən sonra printer yenə də işləməmişdir. Ona görə də qüsurlu əşyaya görə ondan pulun tutulmasına razı deyil. Məhkəmə işin faktiki hallarını tam araşdırmadığından zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə ala bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 oğlu apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 600.1Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 24.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 25.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 26.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 27.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 28.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29.Maddə 588.1.Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 30.Maddə 588.2.Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 31.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehin mülkiyyətinə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasından imtina etmiş və nəticədə iddiaçıya xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə üzrə əsas borca görə 954,50 manat borcu yaranmışdır. 38.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 39.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. 40.Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 588.1-ci maddəsinə uyğun olaraq cavabdeh aparatda olan qüsurun həmin aparatın alıcıya, yəni ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, həmin qüsurlara görə satıcının (iddiaçının) cavabdehlik daşımasının heç bir qanuni əsası yoxdur və bununla əlaqədar olaraq alıcının (cavabdehin) aparatın pulunu ödəməkdən imtina etməsi əsassızdır. 41.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Həmçinin məhkəmə tənasübsüz surətdə yüksək məbləğdə olan 143,10 manat cərimə borcunu azaldaraq, 95 manat cərimə borcu tutmaqla düzgün nəticəyə gəlmişdir. 43.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(003)-313/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar