Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3165/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-341/2022 saylı, 02.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən ona hesablanmış 817,0 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Evin hüquq müəyyənedici sənədi yoxdur. Evə elektrik enerjisi sayğac vasitəsi ilə verilir. Sayğac həyətdən kənarda küçədə hasarda quraşdırılmışdır. 2021-ci ilin avqust ayında Sayğacda yaranmış nasazlıq ilə əlaqədar Azərişığın nümayəndələri gəlib sayğacı çıxarmış və başqası ilə əvəz etmişlər. Sayğacda yaranmış problemin onunla heç bir əlaqəsi olmamış, ondan yaranmış nasazlıqdan da məlumatı olmamışdır. O hər ay heç bir gecikmə olmadan istifadə etdiyi elektrik enerjisinə görə ödənişlərini etmiş, heç bir borcu olmamışdır. Sayğac başqası ilə əvəz ediləndən sonra onun abonent hesabına 817,0 manat məbləğində borc yerləşdirilmişdir. Bunun səbəbini soruşduqda həmin məbləğin sayğacın pulu olduğunu bildirmişlər. O buna etiraz edərək həmin borcun onunla əlaqəsinin olmaması və sazlığının qorunmasında məsuliyyətin cavabdeh qurumun üzərində olmasını bildirsə də heç bir faydası olmamışdır. Məlumatsız və hüquqi savadsız olmağı ucbatından cavabdehin qurumun nümayəndələri ona heç bir əsas olmadan 450 manat pul məbləği ödətdirmişlər. Hazırda verilən bildirişdə də borcun 450 manat olduğu göstərilir. Hesab edir kı, hesablanmış 817,0 manat borc məbləği əsassız olduğundan silinməli və ödədiyim 450 manat artıq məbləğ də hesabımda depozit şəklində saxlanılmalıdır. Hesabdan çıxarışdan gorünür ki, 13 avqust 2021-ci ıl tarixdə ödədiyim 117,39 manat hesabdan silinmiş, əlavə olaraq da 700,92 manat borc hesablanmışdır. Hesab edir ki, yazılmış bu borc əsassızdır və hesabdan silinməlidir. Bununla bağlı dəfələrlə "xxxx" ASC-nin Sabunçu rayonu ETSS-nin X1 əməkdaşları ilə danışıqlar aparmış, onlara yazılı müraciətlər edərək məsələnin araşdırılmasını xahiş etsə də bunun heç bir faydası olmamışdır. Hesabına borc kimi yazılmış 700,92 manat EİQ pozuntusu kimi nəzərdə tutulmuşdur. Hesab edir ki, bu tamamilə qanunsuz olmaqla müəssisə işçilərinin vəzifədən sui-istifadə etməsi kimi təfsir olunmalıdır. Sayğacdakı nasazlıqla onun əlaqəsi olmamış, tərəfindən elə bir pozuntuya yol verilməmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-341/2022 saylı, 02.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 817,0 manat məbləğində cərimənin İddiaçı abunə hesabından (abunə kodu: **********60001 olan) silinməsi qət edilmişdir (sədrlik edən: Emin Məmmədli).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abonent İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, S ovxoz sahəsində yerləşən fərdiyaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşlarıtərəfindən 14 iyun 2021-ci il tarixində aparılan baxış zamanı fərdi yaşayışevinin elektrik sayğacının yerində olmadığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu ağkar olunmuş faktla bağlımüvafiq akt tərtib olunmuşdur. 14 iyun 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Xəzərrayonu, Binə qəsəbəsi, S ovxoz sahəsində ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayışevinin elektrik sayğacının yerində olmadığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı tərəfimizdənNDM № 023164 saylı 14.06.2021-ci il tarixli akt tərtib edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satışsahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 8049 kvts. itirilmiş elektrik enerjisinin dəyəri818.31 manat məbləğində müəyyən edilməklə abonentin **********60001 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirik ki, qeyd edilən aktqanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 14 iyun 2021-ci il tarixli, akt NDM № 023164 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsi ünvana yoxlama keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacı yerində yoxdur. İşlədicilər şəbəkəyə birbaşa qoşumuşdur. Sayğc qutusunda yanıq izləri müşahidə olunur.
10. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 14 iyun 2021-ci il tarixli, akt NDM № 023164 saylı akt əsasında tərtib olunmuş 13.08.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsi ünvanına 818,31 manat borc hesablanmışdır.
11. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvana cəmi akt əsasında 818,31 manat məbləğində borc hesablanmışdır. Hüquqi dəyərləndirmə:
12. Kollegiya iş materialları əsasında qeyd edir ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən 13.08.2021-ci il tarixli akt əsasında 818,31 manat borc hesablanmışdır. Həmçinin işin hallarından görünür ki, istehlakçı tərəfindən sayğaca hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
14. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırki iddia tələbində borcun əsaslı olmasını sübutetmə yükü cavabdehin üzrəinə düşdüyündən cavabdeh həmin borcun əsaslı olaraq hesablanmasına dair sübutları məhkəməyə təqdim etməli idi. Lakin, iş materiallarında borcun əsaslı olmaraq hesablanmasını göstərən hər hansı sübut aşkar edilmir.
15. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır.
16. İşin hallarından görünür ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. 13.08.2021-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış cərimənin silinməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
17. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
18. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
20. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.
21. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
22. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə, kollegiya iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilərək, İddiaçı (abonent kodu: **********60001 olan) hesablanmış 817,0 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarna və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
23. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
24. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-341/2022 saylı, 02.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev