Məhkəmə qərarları › İş №2(103)-3165/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3165/2025

04.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3165/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı notariat ofisi, Cavabdeh1, Cavabdeh4, Novruzova Gülnarə Qaraoğlan qızı, Cavabdeh5, Cavabdeh3 və X14 qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlaka bütünlüklə pay hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), İoğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı notariat ofisi, Cavabdeh1, Cavabdeh4, X6, Cavabdeh5, Cavabdeh3 və X14 qarşı “miras əmlaka bütünlüklə pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-103/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti, 10 saylı evin 1 saylı mənzilə dair X7 mülkiyyət hüququ xx.xx.1992-ci il tarixində 803 nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır.

2. X11 xx.xx.1993-cü il tarixdinə Bakı şəhərində 8 saylı dövlət notariat kontorunda təsdiq etdirdiyi vəsiyyətnamə ilə ünvan 1 ünvanda yaşayan qızı İddiaçı vəsiyyət etmişdir.

3. X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. İddiaçı, X18 və X8 (xx.xx.2022-ci il tarixdə vəfat etmişdir) X7 övladlarıdır.

5. X2 ailə üzvləri Cavabdeh3 (arvadı), Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5dır.

6. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X3 qalmış mirası qəbul etdiyini, özündən başqa İddiaçı da vərəsə olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras payını bacısı İddiaçı mülkiyyətinə vermişdir.

7. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə, xx.xx.2022-ci il tarixdə vəfat etmiş qayınanası X3 qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X4 çatası məcburi paydan imtina etmişdir. Cavabdeh3 xx.xx.2023də vəfat etmişdir.

8. Cavabdeh1 və Cavabdeh5 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələr ilə, xx.xx.2022-ci il tarixdə vəfat etmiş nənələri X3 qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş ataları X4 çatası məcburi paydan imtina etmişlər.

9. İddiaçi İddiaçı Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək vəsiyyətnamə qoyulan zaman – xx.xx.1993-cü il qüvvədə olmuş qanunvericiliyə əsasən tək ona bütövlükdə əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 259 nömrəli cavab məktubunda Mülki Məcəllənin 1146, 1194-cu maddələrinə istinad olunmaqla ona bildirilmişdir ki, vəsiyyətnamə qoyanın 2022-ci ildə vəfat etdiyi nəzərə alınaraq ərizəsinə vəsiyyətnamə qoyulan zaman qüvvədə olmuş qanun deyil, vərəsəlik açılan vaxt qüvvədə olan qanun tətbiq olunmalıdır.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı (Cavabdeh1, Cavabdeh4, X6, Cavabdeh5, Cavabdeh3, X18 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vəsiyyət üzrə vərəsəlik hüquququn tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzilindən ibarət daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzili və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsələrin məcburi pay hüquqları müəyyən edilmədən vəsiyyətnamə üzrə yalnız özünün vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə X1 Əminə Baloğlan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzilini vəsiyyət etmişdir. 2022-ci ilin yanvar ayının 29-da X11 vəfat etmişdir. İddiaçı notariusa vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli, 259 nömrəli məktubu ilə ona bildirmişdir ki, 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən İddiaçı iki qardaşı məcburi pay hüququna malikdirlər. İddiaçı hesab edir ki, notariusun mövqeyi yanlışdır. Çünki notarius tətbiq olunmayan maddi hüquq normasına istinad etmişdir. Vəsiyyətnamə 1993-cü ildə verildiyindən, vəsiyyət edən o vaxt qüvvədə olmuş qanuna uyğun olaraq öz iradəsini ifadə etmişdir. Ona görə də, bu gün qüvvədə olan qanun həmin vəsiyyətnamənin icrasına mane ola bilməz. Belə ki, onun qardaşları 1993-cü ildə mövcud olan qanuna əsasən məcburi pay hüququna malik deyillər. Yeni qanunun tətbiqi halında onun vərəsəlik hüququ pozulur.

13. Məhkəmə tərəfindən iddia ərizəsində müstəqil iddia tələbi irəli sürməyən şəxslər kimi göstərilən - Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, X18 cavabdeh kimi işə cəlb edilmişlər.

14. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 103/2025 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində vəsiyyətnamə üzrə 12/14 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh7 hər birinin Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində 1/14 hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, X11 2022-ci il yanvar ayının 29da vəfat etdikdə onun adına vəsiyyətnamə qoyduğu şəxslə birlikdə 7 vərəsəsi (iddiaçı və cavabdehlər) qalmışdır. Cavabdehlərin məcburi payları 1/14 nisbətində olmuşdur.

16. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, 2022-ci il yanvar ayının 29-da vəfat etmiş X3 miras qalmış əmlaka İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ və digər cavabdehlər Cavabdeh4 və Cavabdeh7 məcburi pay hüquqları vardır. Başqa vərəsələrin məcburi paylarını iddiaçıya bağışlaması və məcburi paylarından iddiaçının xeyrinə imtina etmələri nəticəsində iddiaçının miras əmlak üzərində payı 12/14, digər vərəsələr Cavabdeh4 və Cavabdeh7 hər birinin məcburi payı 1/14 hissə təşkil edir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin 537, 538-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1193, 1194, 1196, 1202.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iki qardaşı var idi. Qardaşı olan Cavabdeh2 İddiaçı xeyrinə vərəsəlikdən imtina etdikdə, 45-№li notarius paydan imtina etdiyi üçün qanunla müəyyən olunmuş iki ayın keçməsilə əlaqədar üçüncü ayına təsadüf etdiyindən onun məcburi payından yox, məcburi payın qəbul edilmiş kimi rəsmiləşdirərək İddiaçı xeyirinə 45 №-li Notariat ofisində payın bağışlaması kimi rəsmiləşdirmişdir. İddiaçı diqər qardaşı olan X9 anaları İddiaçı üçün bütün əmlaklarını vəsiyyət etdiyinə görə qanunla müəyyən etdiyi üç ay və ən axır altı ay ərzində mirası qəbulu üçün qanunla müəyyən olunmuş müddətində notariat ofisinə müraciət etməmişdir. Hətta vərəsəliyi faktiki olaraq qəbul etmək niyətində olmamışdır və Bakı şəhəri Kürdəxanı qəsəbəsində ailəsilə daima yaşayaraq xx.xx.2022 tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onun uşaqları və arvadı vərəsəliyin qəbulu ilə notariat ofisinə müraciət etməmiş, hətta arvadı Narxanım, qızları Elnarə və Gülnar notariusda təsdiq olunmuş şəkildə İddiaçı xeyirinə imtina ərizələrini yazmışdırlar. X5 arvadı Cavabdeh3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh1 anası və atası ilə Kürdaxanı qəsəbəsində yaşayırdı və hazırda yaşayır. Cavabdeh5ə 2009-cu ildə ərə qedərək Hacıqabul rayonun Rəncbəri kəndinə köçmüş və ailəsi ilə orda yaşayır. Notariat ofisinə vərəsəliklə bağlı müraciət etməmiş və niyyətində deyil. Novruzova (Babayeva) Gülnar 2023-cü ildə Kürdəxanı qəsəbəsindən ərə qetmiş, Tərtər rayona köçmüş və hazırda orda ailəsi ilə yaşayır. X5 oğlu Ramin ailəsi ilə Hacıqabul və diqər rayonda evində yaşayır. Notariat ofisə vərəsəliklə bağlı ərizə ilə müraciət etməmişdir. Bakı şəhəri, Sahil qəsəbəsi üzrə Bələdiyyənin arayışı ilə X5 ailəsi anası Babayeva Nənəbacının evində qeydiyyatda olsalar da, faktiki olaraq uzun müddətdir ki yaşamırlar. Həmin ünvanda İddiaçı ailəsi ilə yaşayır. Cavabdehlər Cavabdeh4 və Cavabdeh7 notariat ofisinə vərəsəliklə bağlı müraciət etməmişdir və faktiki orada yaşamırlar. Yəni nə faktiki, nə formal şəkildə mirası qəbul etməmişdirlər. Məhkəmə notariat orqanın səhvini təkrar etməklə 1 sentyabr 2000-ci ildə qanuni qüvvəsini almış yeni Mülki Məcəllənin müddəalarını tətbiq etməklə, qanunun tələblərinə əməl etmədən hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan və digər normativ hüquqi aktı tətbiq etməyib və həmin qanunu səhv təfsir etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı: Vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və iddiaçı apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi miras əmlak üzərində pay hüquqlarının müəyyən edilməsi ilə bağlı hissədə dəyişdirilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqeyinə əsasən miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Eyni zamanda, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olur.

30. O da qeyd olunmalıdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzili ilə bərabər həyətyanı torpaq sahəsinə də qanun üzrə vərəsələrin məcburi pay hüquqları müəyyən edilmədən vəsiyyətnamə üzrə yalnız özünün vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, işdən miras qoyanın mülkiyyətində həyətyanı torpaq sahəsinin də olduğu müəyyən edilmir. Beləliklə, miras aktivinə hər hansı torpaq sahəsi daxil olmadığından ona dair vərəsələrin hüquları tanına bilməz.

31. İşdən müəyyən olunur ki, mərhum X7 vərəsələri vəsiyyətnamə üzrə İddiaçı, qanun üzrə vərəsələri isə onunla bərabər X18 və X8 olmuş, Qaraoğlan Babayev xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən ona çatası məcburi pay hüququ vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh3 keçmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırda qüvvədə olan mülki qanunvericiliyin normalarını tədbiq etməklə vərəsələrin dairəsini düzgün müəyyən etsə də, miras əmlak üzərində pay hüquqları düzgün müəyyən olunmamışdır.

33. Belə ki, mülki qanunvericiliyin normalarına əsasən vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

34. Beləliklə, İddiaçı vəsiyyətnamə üzrə miras əmlakda payı 3/6, onun və qardaşları X18 və X2 hər birinin mirasda məcburi payı 1/6 olmuşdur. Cavabdeh2 öz payını iddiaçıya bağışladığı üçün və iddiaçının da məcburi payı nəzərə alındıqda onun mirasda payı 5/6 təşkil edir. X2 5 vərəsəsinin olduğu nəzərə alındıqda onların hər birinin mirasda payı 1/30 təşkil edir. Onlardan üçü (Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5) miras əmlakdan imtina etdikləri üçün iddiaçının miras əmlakda payı 28/30, digər vərəsələr Cavabdeh4 və Cavabdeh7 hər birinin məcburi payı isə 1/30 hissə təşkil edir.

35. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qardaşlarının mirasda məcburi payının olduğunu qardaşı Cavabdeh2 onun payını bağışlama müqaviləsi əsasında qəbul etməklə də təsdiq etmişdir. Qanunvericiliyə əsasən bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-103/2025 nömrəli qətnaməsi miras əmlak üzərində pay hüquqlarının müəyyən edilməsi ilə bağlı hissədə dəyişdirilsin. İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində 28/30 hissədə pay hüququ müəyyən edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh7 hər birinin Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində 1/30 hissədə məcburi pay hüquqları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar