Məhkəmə qərarları › İş №2(103)-3166/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3166/2021

06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3166/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-5656/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə (abunə kodu **********00002) cavabdeh tərəfindən hesablanmış 1000 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sayğaca hər hansı müdaxilə etmədikləri halda, cavabdeh təşkilatın nümayəndələri onun barəsində qanunsuz akt tərtib edərək 1000 manat cərimə yazmışlar. Cavabdeh “xxxx” ASC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, abonent İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının göstəricilərinin əks olunduğu abonent haqqında məlumata əsasən abonentin 27.06.1999-cu il tarixdən 26.08.2020-ci il tarixə kimi istifadə etdiyi elektrik enerjisinin dəyərinin 9652,20 manat təşkil etməsi, 10.06.2005-ci il tarixdən 02.10.2020-ci il tarixədək limitdən artıq sərfiyyata və aktlara görə hesablanmış 6021,60 manat borcun abonentin hesabından silinməsi, həmçinin abonent tərəfindən 22.07.2011-ci il tarixdən 19.01.2019-cu il tarixədək dövr ərzində 2435 manat məbləğində sərf edilmiş elektik enerjisinin dəyərinin ödənilməsi və 28.10.2020-ci il tarixə qalıq 1195,50 manat məbləğində borcun olması müəyyən olunmuşdur. Qeyd olunan borc məbləği abonentin **********00002 nömrəli abunə hesabına daxil edilmiş və ödənilməsi barədə yaşadığı ünvana müvafiq bildiriş göndərilmişdir. Qeyd olunanlardan aydın olur ki, borc iddiaçı tərəfindən istifadə etdiyi elektrik enerjisi nəticəsində yaranmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-5656/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abunə kodu **********00002) hesablanmış 789,56 manat məbləğində borcun silinməsi cavabdeh “xxxx” ASC-yə həvalə edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlardan görünür ki, 08.08.2020-ci il tarixli 019470 nömrəli aktla İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən evdə (abunə kodu **********00002) yoxlama zamanı elektrik sayğacının yerində olmadığı və elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu aşkar olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin 08.09.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçının yaşadığı ünvana hesabat dövrü 115 gün götürülməklə cəmi 932,23 manat borc hesablanmış, yeni sayğac quraşdırılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarından görünür ki, aktın tərtib olunması zamanı nə abonent, nə də hal şahidləri iştirak etməmişlər. Qeyd olunan hal aktın etibarsız hesab edilməsinə və həmin akt əsasında hesablanmış borcun silinməsinə əsas verir. İşin faktiki hallarından görünür ki, İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən evdə (abunə kodu **********00002) yoxlama zamanı elektrik sayğacının yerində olmadığı və elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu aşkar olunmuş və hesabat dövrü 115 gün götürülməklə cəmi 932,23 manat borc hesablanmış, əslində isə elektrik enerjisi sərfiyyatına görə 142,67 manat borc hesablanmalı idi. Bu məbləğ də akt üzrə hesablanmış borc məbləğindən çıxılmaqla fərqi 789,56 manat təşkil edir. Məhkəmə baxışında aktda qeyd olunan 932,23 manat məbləğində cərimənin hesablanmasının əsasları iddiaçı tərəfindən mübahisələndirilmiş, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gələrək iddia tələbini qismən təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-5656/2020 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-5656/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar