Məhkəmə qərarları › İş №2(103)-317/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-317/2023

14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-317/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, dəmir karkasının bir hissəsinin və beton səkinin əvvəlki vəziyyətdə bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(003)-39/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanında müvafiq sənədlər olmadan 2 mərtəbəli tikiliyə bitişik tikili inşa edilmişdir. İddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanında olan 2 mərtəbəli tikili (əmlak) xx.xx.2013-cü il tarixdə ölmüş atası X6 məxsus əmlakdan ibarətdir. Hazırda iddiaçı evinə bitişik tikilinin sökülməsini və əvvəlki vəziyyətin bərpa edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Kolxoz küçəsi 21 saylı evə bitişik inşa edilən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, həmin evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı səkinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətdə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1-də yerləşən 21 sayılı evin mülkiyyətçisi mərhum atası X7r. Həmin evdə o, 1971-ci ildən bu günə kimi yaşayır. Ev birmərtəbəli və ikimərtəbəli tikililərdən ibarətdir. İkimərtəbəli evin birinci mərtəbəsində yerləşən bir otağında o, azyaşlı oğlu və yaşlı anası ilə qalır. Otağın iki divarı evin içinə, bir divarı qonşu ilə ortaq divardır. Şimal tərəfdəki divar isə küçəyə baxır. Hər il o, imkan daxilində evində təmir işləri aparır. Ustalar küçə tərəfindən divara mala, bitum vurmuş, həm də evin dibinə su gəlməməsi üçün beton səki düzəltmişlər. Buna baxmayaraq, gonşuluqda Kolxoz küçəsi, döngə 1, ev 19 ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2, tikinti aparılması üçün heç bir layihə və müvafiq icra hakimiyyətinin məlumatlandırılması barədə qanuni sənədi olmadan özbaşına tikinti aparırlar. Qanunsuz tikinti isə tikinti norma və qaydalarının pozulması ilə aparılır. Belə ki, Qəribovlar köhnə hasarını söküb, BTİ-nin texniki planın sxemini pozaraq, həyətin sərhədini iki metrə qabaq keçərək, evinin divarını zəbt etmişlər. Bələdiyyəyə məxsus, ümumi istifadədə olan torpaqda və evinin divarına bitişik, heç bir ara məsafəsi saxlamadan, onun razılığı alınmadan qanunsuz olaraq ortaq divar tikmişlər. Evinin ikinci mərtəbəsinin dəmir karkasının bir hissəsi, qanunsuz tikilinin inşa edilməsində Qəribovlara mane olduğu üçün, onlar tərəfindən qəsdən kəsilib atılmışdır. Nəticədə evin daşıyıcı konstruksiyasına zərər dəymişdir. Cavabdehlər evinin altındakı beton səkini dağıtmiş, köhnə divarının təməlində yeni ev tikmişlər. Bununla da təmələ olan yükü artırımışlar. Cavabdehlər evinin navalçasını evinin dibinə buraxmışlar. Buna görə də evinin dibi yağan yağışlar nəticəsində su ilə dolmuşdur. Qonşuların qanunsuz hərəkətlərinə görə o, yaşlı anası, uşağı payız-qış aylarında nəm otaqda yaşamağa məcburlar. Divara hava, qün işığı dəyəndə hec olmasa divar quruyardı, hazırda isə qara ləkələr, nəmişlik əmələ gəlir. 1988-ci ildə cavabdehlərin yaşadığı evləri demək olar ki tamamilə yanmışdır. Yanmış ev uçmaq qorxusu altında olduğuna görə cavabdehlərə yaşayış üçün dövlət tərəfindən mənzili ayrılmışdır və onlar Kolxoz küçəsi, ev 19 ünvandan çıxarılaraq yeni mənzilə qeydiyyata alınmışlar. 1997-ci ildə Cavabdeh1 isə yenidən Kolxoz küçəsi 19 ünvanına uçurulmuş vəziyyətdə olan evə qeydiyyata alınır. Hansı sənədlər əsasında məlum deyil. Cavabdeh1 qeyri-qanuni uçmaq qorxusu altında olduğu evə qeydiyyata alınaraq, uzun müddət həmin ünvanda yaşayır. Cavabdehlər tərəfindən müntəzəm olaraq onların mülkiyyətinə müxtəlif mənfi təsirlər göstərilir. 2019-cu ildə özbaşına yaşayış sahəsinin yenidən qurulmasına və planlaşdırılmasına başlamışlar və onların evinin texniki pasportunda müəyyən edilən sərhədləri pozmuşlar. Tikinti qayda-qanunla aparılmalıdır və heç kimin maraqlarına toxunmamalıdır, insanların sağlamlığına ziyan vurulmamalıdır, heç kimin hüquqlarını pozmamalıdır. Cavabdehlər tərəfindən onların ailələrinin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən qanunsuz aparılan tikilinin dayandırılması və eyni zamanda sökülməsi barədə onun tərəfindən və ailə üzvləri tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına və hüquq mühafizə orqanlarına mütəmadi müraciətlər olmuşdur. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarla Cavabdeh2 barəsində toplanmış material cinayət işinin başlanması rədd edilmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Xəzər rayon Polis İdarəsinin təhqiqatçısı polis mayoru Vasif Həsənovun göstərilən bu qərarında iş üzrə cavabdehin apardığı tikintinin qanunsuz olması öz əksini tapmışdır. Onun tərəfindən Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göstərilən qanunsuz tikintinin dayandırılması və müvafiq hərəktələrin edilməsi barədə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli Xəzər rayon İcra Hakimiyyəti Başçısı cənab Elşən Salahova ünvanlanmış 03-Bİ/733 saylı məktubunda yenədə iş üzrə cavabdehin göstərilən ünvanda apardığı 2 mərtəbəli tikintinin qanunsuz əsaslarla aparıldığı və heç bir sənədə əsaslanmadığı bildirilmiş və «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 №-li Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi və nəticə barədə Komitənin, həmçinin müraciət müəllifinin məlumatlandırılması xahiş edilmişdir. Göründüyü kimi inşa edilən tikilinin qanunsuz və sənədsiz tikilməsi faktı həm icra orqanları və həmdə hüquq mühafizə orqanları tərəfindən təsdiqlənmişdir və göstərilən tikilinin dayandırılması ilə əlaqədar müvafiq orqanlar tərəfindən zəruri tədbirlər görülmüşdür. Bunlara baxmayaraq, cavabdehlər tərəfindən qanunsuz tikinti yenidən davam etdirilir.Bununla da onun və ailəsinin hüquqları pozulur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(003)-39/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə iddiaçı, ölmüş atası X4 vərəsəsi (qızı) olmaqla ondan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanında olan 2 mərtəbəli tikilini faktiki qəbul etmiş orada yaşamaqla sahiblik edir. İddiaçının həmin tikiliyə mülkiyyət hüquqları yaranmışdır. İddiaçı istifadəsində və sahibliyində olan tikiliyə müvafiq tikinti norma və qaydalarına riayət edilmədən və ara məsafəsi saxlanılmadan digər şəxs tərəfindən bitişik inşa edilmiş tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin tikilinin sökülməsi hissəsini qismən əsaslı hesab etməklə qeyd etmişdir ki, iddiaçının yaşadığı (atadan qalmış miras əmlak kimi faktiki istifadəsində olan) tikiliyə bitişik inşa edilmiş tikili qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazələr alınmadan və şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müəyyən edilmiş ara məsafəsi saxlanılmadan tikildiyindən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik hissəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2- 1-ci maddəsinə əsasən həmin tikilinin xarici divarının hündürlüyü ( yerində müayinə zamanı müəyyən edilmiş 6 metr) nəzərə alınmaqla 1.8 metr (6 x 0,3) məsafədə sökülməldir. Tikilinin inşa edilməsi yalnız iş üzrə Cavabdeh2 tərəfindən inşa edildiyi müəyyən edildiyindən, tikilinin həmin məsafədə sökülməsi onun hesabına aparılmalıdır. Tikilinin bütövlüklə sökülməsi məsələsinə münasibət isə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, həmin tikili ona məxsus torpaq sahəsində inşa edilməmiş, həmin tikilinin sökülməsi qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili, onun xarici divarının hündürlüyü nəzərə alınmaqla 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin Kolxoz küçəsi 21 saylı evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı beton səkinin sökülməsi hissəsinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri müəyyən olmaqla bərpa olunması tələb olunan dəmir karkasının və beton səkinin mövcüd olması müəyyən edilməməklə, cavabdehlər tərəfindən sökülməsi halı barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.8, 170.1, 170.2, 180.1, 180.4, 240.1, 240.3, 1243.2, 1243.3, və 1255-ci maddələri, Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 75 vı 80-ci maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-39/2022 saylı 12.05.202-ci il tarixli qətnaməsinin ünvan 2 ünvanda olan yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməsinə dair hissəsinin ləğv edilməsi, evinə uzuna və eninə bitişik olmuş səkidən məsafə hesablamaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına evinə bitişik bütün tikililərin sökülməsi və evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı beton səkinin onların hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi hissəsində iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən torpağa və üstündəki yaşayış evinə və onun evinə bitişik əlavə tikilililərə görə mülkiyyət, sahiblik hüquqlarını təsdiq edən heç bir sənədi təqdim etməmişlər. Həmçinin, arxadan iddiaçının evinin divarlarının zəbt edilərək tikilinin inşa edilməsi faktı təsdiq edilib. Lakin, tərəfindən verilmiş vəsatətlər və iddianın dədiqləşdirilməsinə dair ərizəsi hakim tərəfindən təmin edilməmişdir. Bunun imtina edilməsi səbəbi hüquqi cəhətdən qiymətləndirilməmişdir. Qətnamədə qeyd edilmiş ara məsafəsi heç bir mütəxəssis rəyi olmadan səhv hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci, 240.3cü maddələrinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci, 69.4-cü, 69.5.2-1-ci, 80.1-ci, 80.3-cü maddələrinin tələblərinə istinad edərək, “ünvan 3 ünvanda olan iddiaçının yaşadığı iki mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməsi” barədə nəticəyə gəlmişdir. Halbuki, həmin maddələrinin tələblərinə yalnız o halda istinad etmək olar ki, tikinti mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində aparılsın. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili, onun xarici divarının hündürlüyü nəzərə alınmaqla 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülməli, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin Kolxoz küçəsi 21 saylı evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı beton səkinin sökülməsi hissəsinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla bərpa olunması tələb olunan dəmir karkasının və beton səkinin mövcüd olması müəyyən edilməməklə, cavabdehlər tərəfindən sökülməsi halı barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşin materiallarında mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin təyinatı ilə bağlı və torpaq sahəsinin mülkiyyətçisi barədə heç bir məlumat yoxdur. Yəni, məhkəmə tərəfindən mübahisəyə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə) müəyyən edilməli idi. Hətta cavabdehlərin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Xəzər rayon İcra Hakimiyyətinə, Xəzər rayon 1-ci Polis Şöbəsinə, 4- cü ərazi X11 İdarəsinə təqdim edilmədiyi faktı təsdiq edilib. Əfsus, hakim bu sübutu işin hallarına əlavə etməyib. Həmçinin, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd (kadastr planı və ya BTİİ-nin sənədi) cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməyib. Əfsus məhkəmə tərəfindən isə həmin sərhədlər dəqiq müəyyən edilməyib. Məhkəmə tərəfindən onun torpağına və evinə dair mülikiyyət hüququnun olması və həmin ərazilərin və evin ölçüsü və sərhədləri müəyyən edilib. Lakin, hakim bu sərhədləri dəqiq müəyyən etmədən özü ehtimala əsaslanıb məsafə ölçüsü hesablayıb. Bu hal dövlət orqanları tərəfindən iddiaçıya göndərilən cavab məktubları ilə təsdiq olunur. Hətta Cavabdeh2 Polis İdarəsində özü də etiraf edib ki, “tikilinin inşa olunması barədə icra hakimiyyətindən icazə almamış və eskiz layihə çəkdirərək razılaşdırmamışdır”. Qanun bu tələbi cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Nə tikinti obyektlərinin layihəsini, nə də ümümiyyətlə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim etməmişlər. Məhkəmə tərəfindən bu fakta lazımınca diqqət yetirilməmişdir. Bu normalardan aydın olur ki, bu normaların hakim tərəfindən tətbiq edilməsi üçün yalnız fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı olduğu halda tətbiq edilə bilər. Qeyd edilən imperativ normalar cavabdehlər tərəfindən tam pozulduğundan bu normaları hakim tətbiq etməsi qanunsuzdur. Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin M-243- 151 saylı xx.xx.2019-cu il, M-303-151 saylı xx.xx.2019-cu il, M-243/2-151/2 saylı xx.xx.2020-ci il tarixli; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsinin03-Bİ/733 saylı, xx.xx.2019-cu il tarixli; X11 Xidməti 4-cü ərazi X11 İdarəsinin xx/xx-00834 nömrəli xx.xx.2021-ci il tarixli məktubları və Xəzər rayon Pİ-nin 1-ci PŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən, eləcə də görülən işlərə dair heç bir hüquqverici sənəd olmadan Kolxoz küçəsi, 21 saylı evə bitişik qeyri-qanuni tikili inşa edilib. Məhkəmə tərəfindən müəyyən edilib ki, ümumiyyətlə həmin tikililərin yerlədiyi sahənin rəsmi ünvanı yoxdur. Qeyd edilən ünvan müəyyən edilib ki, onun evi və üstündəki torpaq sahəsinə aiddir. Yəni, belə çıxır ki, qanunsuz tikililər onun sahəsində tikilib. Hakim qətnamədə isə qeyd edib ki, ünvan 4 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik Cavabdeh2 tərəfindən inşa edilmiş tikili 1,8 metr məsafədə Cavabdeh2 hesabına sökülsün. Digər Cavabdeh1 qarşı iddia tələbi rədd edilib. Lakin, sübut olunub ki, qanunsuz tikilidə o yaşayır. Onun evinə tikinti aparılan zaman ziyan vuran şəxslərdən biridir. Hakim ehtimala əsasən onu cavabdeh kimi prosesdən uzaqlaşdırıb və bunu hüquqi cəhətdən əsaslandırmayıb. Bu hal da işin nəticələrinə uyğun gəlmir ona görə qətnamə qeyd edilən hissədə mütləq ləğv edilməlidir. Cavabdehlərin hamısı qanunsuz tikililərin sökülməsi öhdəliyin icra etməlidirlər.İş materiallarından görünür ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzrə, mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər nə məhkəməyə nə də Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Xəzər rayonİcra Hakimiyyətinə, Xəzər rayon 1-ci Polis Şöbəsinə, 4-cü ərazi X11 İdarəsinə cavabdehlər tərəfindən təqdim edilməyib. Bu sübut da məhkəmə qətnaməsində qeyd edilməyib və buna hüquqi münasibət bildirilməyib. Hətta Cavabdeh2 Polis İdarəsində özü də etiraf etdi ki,“tikilinin inşa olunması barədə icra hakimiyyətindən icazə almamış və eskiz layihə çəkdirərək razılaşdırmamışdır”. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında “Xəzər rayonu ərazisində torpaq sahələrinin qanunsuz zəbt olunması, özbaşına tikilintilərin qarşısının alınması və bu sahədə qanuna uyğun tədbirlərin keçirilməsi” məqsədilə yaradılmış komissiya tərəfindən Kolxoz küçəsi ərazisinə baxış keçirilmiş, qanunsuz tikinti dayandırılmış və daimi nəzarətdə saxlanılır. Bununla əlaqədar o AR MPM-in 60-cı maddəsinə istinad edib vəsatətlə məhkəməyə müraciət edərək, Xəzər rayon İcra Hakimiyyətinin və Mərdəkan bələdiyyəsinin nümayəndələrinin qanunsuz tikinti barədə rəy verilməsi üçün məhkəmə iclasında iştirakını məhkəmə tərəfindən təmin edilməsini xahiş etdi. Vəsatət təmin olunmayıb. Bunun rədd edilməsinə dair əsaslandırılmış qərardad yoxdur və qətnamədə buna dair heç bir hüquqi münasibət bildirilməyib. xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən qeyri-qanuni tikililərin yerləşdiyi ərazi üzrə yerli baxış keçirilən zaman cavabdehlər tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsinin özbaşına hasarlanması və torpaq sahəsi üzərində Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 21, döngə 1 ünvanda yerləşən evinin divarlarına bitişik bir-neçə qanunsuz tikililərin inşa olunması aşkar edilib özbaşına tikinti işlərinin aparılması halları təsdiq edilib. Hətta cavadehlərin hərəkətlərində cinayət əməllərinin aşkar olunması ilə əlaqədar və AR MPM 265.4-cü maddəsinə əsasən xüsusi qərardadın çıxarılması barədə məhkəməyə vəsatətlə müraciət etmişdir. Əfsus bu Vəsatəti təmin olunmayıb və bundan imtina edilməsinə dair hüquqi əsaslandırlmış qərardad və ya münasibət heç yerdə qeyd edilməyib Göstərilən hallarla əlaqədar iddia ərizəsində qeyd etdiyi iddia tələblərini dəqiqləşdirilmək üçün «Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 5 ünvanda yerləşən evinə bitişik inşa edilən bir-neçə qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, ünvan 5 ünvanda evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı beton səkinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətdə bərpa olunması barədə qətnamə qəbul etməsi barədə xahiş etmişdi. Ərizə təmin olunmayıb və bundan imtina edilməsinə dair hüquqi əsaslandırlmış qərardad və ya münasibət heç yerdə qeyd edilməyib. Məhkəmə tərəfindən qət edilən 1.8 metr məsafədə tikililərin sökülməsi hissəsində təmin edilməsi əsassızdır. Belə ki, məhkəmə dəqiq müəyyən etməyib ki, ara məsafəsi hündürlüyə görə nə qədərdi? Yalnız qanunda qeyd edilən standart minimum həddi əsas götürüb və bu həddi tətbiq edib. Evinin uzununa doğru uzunluq sərhəddi və səkinin uzunluğuna doğru uzunluq sərhəddi müəyyən edilməyib. Qətnamədə yalnız 2 mərtəbə tikilinin 1.8 metr məsafədə sökülməsi qeyd edilib, lakin, evinə bitişik digər qanunsuz tikililərin sökülməsi qeyd edilməyib. Məhkəmə həmçinin, evinin yerləşmə trayektoritasını, günəşin düşmə bucağı, havalandırma, təbii rütubətlənmə, dağıntılar səbəbindən yağıntılardan hallarının olmasını müəyyən etməyib. Bunun üçün hətta ekspertizanın keçirilməsini təmin etməli idi. İddia ərizədə qeyd etdiyi kimi dövlətə məxsus, ümumi istifadədə olan torpaqda və evinin divarına bitişik, heç bir ara məsafəsi saxlamadan, onun razılığı alınmadan qanunsuz olaraq ortaq divar tikmişlər. Evinin ikinci mərtəbəsinin dəmir karkasının bir hissəsi, qanunsuz tikilinin inşa edilməsində Qəribovlara mane olduğu üçün, onlar tərəfindən qəsdən kəsilib atılıb. Nəticədə evin daşıyıcı konstruksiyasına zərər dəyib. Cavabdehlər evinin altındakı beton səkini dağıdıb, köhnə divarının təməlində yeni ev tikiblər. Bununla da təmələ olan yükü artırıblar, cavabdehlər evlərinin navalçasını (su axan dəmir hissə) evinin dibinə buraxmışlar. Buna görə də evinin dibi yağan yağışlar nəticəsində su ilə dolub. Yerli baxış vaxtı bunlar hamısı müəyyən edildi. Lakin, qətnamədə yazılıb ki, iddiaçı sübut təqdim etməyib. Gözlə görünən və aşkar bilinən hal dərk edilir və təsdiq edirsə, əlavə hansı sübutun təqdim edilməsindən söhbət gedir aydın deyil. İşin materialarından görünür ki, cavabdehlər tərəfindən qanunsuz tikililərə görə evinin konstruksiyasına vurulmuş maddi ziyanların edilmədiyini təsdiq edən heç bir mötəbər sübutlar məhkəməyə təqdim olunmayıb. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsin əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi (69.5.1), xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi (69.5.2), bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi (69.5.2-1) və yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (69.5.3) ilə müəyyən edilir. 69.7-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması (69.7.1.), torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü (69.7.2), layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü (69.7.3) və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü (69.7.4) nəzərə alınmalıdır. 69.8-ci maddəsinə əsasən ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayonu Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1-də istifadədə olan 0.06798 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 6 otaqlı 98.8 kv.m yaşayış, 326 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X4 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 589 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 645837 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZB 064436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X7r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İdarə tərəfindən müraciətlə bağlı yerində baxış zamanı Mərdəkan qəsəbəsi Kolxoz küçəsi döngə 1 ev 21 ünvanındakı yaşayış evinə bitişik 100 kv.m torpaq sahəsi hasarlanaraq orada 25 kv.m-ə yaxın sahədə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi tikintisi hazırda dayandırılmış olduğunun müəyyən edildiyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki, göstərilən ünvandakı torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən, eləcə də görülən işlərə dair heç bir hüquqverici sənəd təqdim edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti Başçısının 1 müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, icra hakimiyyətinə iddiaçı tərəfindən edilmiş müraciətlə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.2-ci bəndinə, eləcə də, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən torpaq sahələrinin qanunsuz zəbt edilməsi, özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, döngə 1, ev 21 ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda aparılan qeyri-qanuni tikinti işləri dayandırılmışdır. Hal-hazırda həmin ünvanda tikinti işlərinin aparılmaması ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında “Xəzər rayonu ərazisində torpaq sahələrinin qanunsuz zəbt olunması, özbaşına tikintilərin qarşısının alınması və bu sahədə qanunauyğun tədbirlərin həyata keçirilməsi” məqsədilə yaradılmış komissiya tərəfindən ərazi daimi nəzarətdə saxlanılır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti Başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, icra hakimiyyətinə iddiaçı tərəfindən edilmiş müraciətlə bağlı bildirilmişdir ki, sözügedən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, qonşusu Cavabdeh1 yaşadığı ünvanda qeyri-qanuni tikinti işləri aparır. Vətəndaş Cavabdeh1 tərəfindən aparılan tikinti işləri Nümayəndəlik tərəfindən dayandırılmış və hüquqmüəyyənedici sənədlər alınanadək tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda həmin ünvanda tikinti işləri dayandırılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1 ev 21 ünvanında qeydiyyatda olan və yaşayan X5 və qızı İddiaçı tərəfindən Mərdəkan qəsəbəsi Kolxoz küçəsi dalan 1 ev 19 ünvanında qonşuluqda yaşayan İbrahim Qəribov, Cavabdeh2 və Cavabdeh1 tərəfindən heç bir sənəd olmadan, icra hakimiyyətindən icazə almadan qanunsuz tikinti aparılması, tikinti zamanı inşa edilmiş tikilinin yan divarının təxminən 2 metrə qədər hissəsinin ara məsəfdən saxlamadan tikilməsi, bu səbəbdən evin konsturksiyasına ziyan vurması barədə aparılmış araşdırma zamanı tərəflərdən alınmış izahata, keçirilmiş baxış zamanı tərtib olunmuş protokola əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən eskiz layihə çəkdirmədən, icra hakimiyyətindən icazə alınmadan qanunsuz olaraq tikinti aparmışdır. Toplanmış material üzrə cinayət tərkibi müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən rədd edilmiş və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXMnin 395-ci maddəsilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, ünvan 10 ünvanında yaşayan Cavabdeh2 izahatında bildirmişdir ki, hal-hazırda yaşadığı ünvan ata-baba yurdudur və uzun illərdir həmin ünvanda yaşayırlar. Hal-hazırda həmin ünvanda atası İbrahim Qəribov və 4 bacısı ilə birlikdə yaşayır. Həm ailə vəziyyətı, həm də yeni ailə qurduğu zaman yaşaya biləcək otaq olmadığı üçün, evin arxa hissəsində sahəsi 22 kv metr olan köhnə qarajın üzərində eyni sahəli 1 otaqdan ibarət ev tikməyə başlamışdır. Lakin, tikintiyə 4 ay öncə başlamasına baxmayaraq maddi vəziyyəti ilə əlaqədar başa çatdıra bilməmişdir. İş üzrə verilmiş və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 10/5790 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1., 80.2., 80.3. bəndlərinə tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert Xəyyam İsgəndərov izahat verərək tərəfindən verilmiş ekspert rəyinin nəticə hissəsində texniki səhvə yol verdiyini göstərərək ekpsert rəyinin “ünvan 11 ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1., 80.2., 80.3. bəndlərinə tələblərinə uyğun inşa olunmadığı” kimi oxunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddiaçının iştirakı ilə mübahisə predmetinə daxil olan tikilinin məhkəmə tərəfindən yerində müayinəsi aparılmış və müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan tikili 2 mərtəbəli yarımtikilidən ibarət tikilidir. Həmin tikili iddiaçının yaşadığı iki mərtəbəli evə bitişik inşa olunmuşdur. Tikilinin damı və pəncərələri yerləşdirilməmiş, alt mərtəbəsi qaraj kimi nəzərdə tutulmuşdur. Tikili hündürlüyü 30 ədəd mişar daşı hündürlüyündə olmaqla 6 metrdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5869 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, 21 saylı evindən 10 sm aralı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikili inşa olunduğunu nəzərə alaraq, həmin tikili ilə iddiaçıya məxsus 21 saylı evin arasındakı boğluğa atmosfer çöküntülərinin axması səbəbindən 21 saylı evə ziyan dəydiyi müəyyən olunur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1-ci döngədə yerləşən, İddiaçı məxsus 21 saylı evin arxa hissəsində təqribən 0,8 m və 1,4 m uzunluğunda dəmir künclükdən olan çıxıntının kəsildiyi və 0,8 m enində beton səkinin bir hissəsinin söküldüyü müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İşə apellyasiya icraatı qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında təyin edilərək keçirilmiş məhkəmə ekspertizasının rəyi tədqiq olunarkən iddiaçı birinci instansiya məhkəməsinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik inşa edilmiş tikili 1,8 metr məsafədə sökülməsi hissəsini artıq mübahisələndirmədiyini bildirmiş, eyni zamanda göstərmişdir ki, həmin evə aid olan dəmir karkasının bir hissəsi və evin altındakı səkinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətdə bərpa olunması ilə bağlı iddiasının rədd olunmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyator şikayətində sökülməsini tələb etdiyi tikilinin qanunsuz olmaqla həmin tikililərə və torpaq sahəsinə heç bir sənədləri olmadığını qeyd etsə də, hazırki vəziyyətdə yaşadığı 2 mərtəbəli tikiliyə bitişik inşa edilmiş tikilinin yalnız 1,8 metr məsafədə sökülməsini tələb etdiyi üçün şikayətinin evinə bitişik bütün tikililərin sökülməsi, torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi, tikintinin aparılması üçün icra hakimiyyətindən icazə alınmaması və eskiz layihə çəkdirərək razılaşdırmaması kimi dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hər bir halda nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi tikili ona məxsus torpaq sahəsində inşa edilməmiş, həmin tikilinin bütünlüklə sökülməsi qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsi nəzərdə tutulmuşdur. Hazırda mövcud mübahisə qanunsuz inşa edilmiş tikilinin iddiaçının mülkiyyətində olan sahədə inşa edilmiş tikiliyə münasibətdə yaranmış maneələrin aradan qaldırılması ilə bağlıdır ki, iddiaçı hazırda bütün tikilinin deyil, yaşadığı 2 mərtəbəli tikiliyə bitişik inşa edilmiş tikilinin 1,8 metr məsafədə sökülməsi və evin aid olan dəmir karkasının bir hissəsi və evin altındakı səkinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətə qaytarılmasını tələb edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının yaşadığı (atadan qalmış miras əmlak kimi faktiki istifadəsində olan) tikiliyə bitişik inşa edilmiş tikili qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazələr alınmadan və şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müəyyən edilmiş ara məsafəsi saxlanılmadan tikildiyindən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda olan iddiaçının yaşadığı 2 mərtəbəli tikiliyə bitişik hissəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən həmin tikilinin xarici divarının hündürlüyü (yerində müayinə zamanı müəyyən edilmiş 6 metr) nəzərə alınmaqla 1.8 metr (6 x 0,3) məsafədə sökülməlidir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tikilinin inşa edilməsi yalnız iş üzrə Cavabdeh2 tərəfindən inşa edildiyi müəyyən edildiyindən, tikilinin həmin məsafədə sökülməsi onun hesabına aparılmalı olmasına dair nəticəsi ilə razılaşır. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanında olan 2 mərtəbəli tikiliyə bitişiki yalnız iş üzrə Cavabdeh2 tərəfindən müvafiq sənədlər olmadan tikili inşa edilmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin Kolxoz küçəsi 21 saylı evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı beton səkinin sökülməsi tələbinin qeyri-müəyyən olması əsası ilə rədd edilməsi nəticəsi ilə razılaşmır. Belə ki, məhkəmə bərpa olunması tələb olunan dəmir karkasının və beton səkinin mövcüd olmasının müəyyən edilməməsini göstərməklə cavabdehlər tərəfindən sökülməsi halı barədə hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini göstərsə də, iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, döngə 1, ev 21 ünvanda aparılmış tikinti işlərinin qanuni əsaslarla aparılıb-aparılmaması müəyyən etmək üçün ekspertiza təyin etməklə kifayətlənmiş, tələbin Kolxoz küçəsi 21 saylı evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı səkinin bərpa olunması ilə bağlı hissəsi üzrə tam araşdırma aparmayaraq səhv nəticəyə gəlmişdir. Halbuki, iş üzrə keçirilmiş növbəti ekspertiza zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1-ci döngədə yerləşən, İddiaçı məxsus 21 saylı evin arxa hissəsində təqribən 0,8 m və 1,4 m uzunluğunda dəmir künclükdən olan çıxıntının kəsildiyi və 0,8 m enində beton səkinin bir hissəsinin söküldüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və bu hissədə iddia qismən təmin edilməklə həmin evə aid olan dəmir karkasının bir hissəsinin, evin altındakı səkinin yalnız Cavabdeh2 tərəfindən əvvəlki vəziyyətdə bərpa olunmalıdır. Belə ki, işin araşdırılmış halları ilə tikilinin inşa edilməsinin yalnız iş üzrə Cavabdeh2 tərəfindən inşa edildiyi müəyyən edildiyindən və tikilinin həmin məsafədə sökülməsi onun hesabına aparılmalı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşdığından eyni zamanda kollegiya hesab edir ki, tələbin təmin edilmiş bu hissəsi üzrə də Cavabdeh1 cavabdehlik daşımır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, cavadehlərin hərəkətlərində cinayət əməllərinin aşkar olunması ilə əlaqədar və AR MPM 265.4-cü maddəsinə əsasən xüsusi qərardadın çıxarılmasına əsaslar müəyyən edilməmişdir. Kollegiya bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarla toplanmış material üzrə cinayət tərkibi müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(003)-39/2022 saylı qətnaməsi qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilsin və iddia həmin hissədə qismən təmin edilsin. İddiaçı məxsus Kolxoz küçəsi 21 saylı evin arxa hissəsində təqribən 0,8 m və 1,4 m uzunluğunda dəmir künclükdən olan kəsilmiş çıxıntı (dəmir karkas) və evin altındakı 0,8 m enində beton səki Cavabdeh2 tərəfindən əvvəlki vəziyyətdə bərpa olunsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar