Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3174/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov X1 Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23.08.2019-cu il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi tələbinə dair»iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2019-cu il tarixli 6449 saylı ekspertiza rəyinin məlumatlarını qismən əsas tutaraq, Müstəqilliyin 20 illiyi ev 9 ünvanına aid tikilillər istisna olmaqla, tikintiyə heç sənəd olmadan, qanunsuz dövlətin balansında olan torpaq sahəsini, həmçinin ümumi avtomobil yolunu zəbt edərək onun və ailəsinin həyətdən maşınla çıxmasına maneələr yaradan ümumi istifadədə olan torpaq və avtomobil yolunda Cavabdeh eni 4,4 m uzunluğu 6 m olan tikilisinin sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23.08.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 9B; yeni qaydalarla Bakı şəhəri, ünvan 1 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün, ünvan 2 ünvanına aid tikilillər istisna olmaqla, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikili həmin cavabdehin hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-167/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Həmin qətnamədən hazırda maraqlarına toxunan şəxs Maraqlı şəxs 01 mart 2022-ci ildə apellyasiya şikayəti vermiş, Suraxanı rayon məhkəməsinin 30.11.2021-ci il tarixli 2(010)-3677/2019 saylı qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin 2(103)-167/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23.08.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, şikayəti təmin edilməmiş və mübahisələndirilən qətnamə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Qüvvədə olan prosessual qanunvericilikdə isə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir. Bundan əlavə, Məhkəmə kollegiyası qeyd edir ki, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır... Həmin işdə Konstitusiya Məhkəməsi apellyasiya məhkəməsi tərəfindən bölünməz predmetə dair artıq bir dəfə baxılmış və qanuni qüvvədə olan məhkəmə aktı olduğu halda həmin işə yenidən baxılmasının məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi baxımından yolverilməz olduğunu göstərmişdir. Kollegiya qeyd edir ki, hazırkı işdə də mübahisənin predmetinin bölünməz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir (62-ci bənd). Qeyd olunanlara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında tam yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-167/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23.08.2019-cu il tarixli qətnaməsi tam yoxlanıldığından və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanıldığından, bu hal işə yenidən apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, 23.08.2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3174/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3174/2022
18.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver